Bəhruz Quliyev: “Azərbaycanın UNESKO ilə əməkdaşlığı təqdirəlayiq haldır”

 

"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi tarixi bir hadisədir. Bu, Azərbaycan diplomatiyasının, xarici siyasətinin uğurudur və ölkə mədəniyyətinin beynəlxalq aləmdə təbliğatının nəticəsidir". Bunu fikirləri Olaylar.az -a SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

 

Media Qrupunun rəhbərinin sözlərinə görə, Şəki ilə bağlı qərarın verilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər mühüm rol oynayıb: "Bilirsiniz ki, Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiridir, həmin təşkilatla sıx işləyir. Şəki artıq bəşəriyyətin irsi sayılır, ona görə də oraya diqqət daha da artırılacaq. Bu, ölkə üçün çox əhəmiyyət daşıyır".

 

B.Quliyev bildirib ki, buna qədər Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu daxil edilib. Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilib: "Bütün bunlar Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda bir daha etirafıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi növbəti uğurdur".

 

Bu nailiyyət münasibətlə xalqımıza səmimi təbriklərini çatdıran baş redaktor deyib ki, Azərbaycanın UNESKO ilə çoxtərəfli əməkdaşlığı təqdirəlayiq haldır. Bu əməkdaşlıqda Heydər Əliyev Fondunun gözəl bir ənənə yaratdığını diqqətə çatdıran B.Quliyev əminliklə bildirib ki, tezliklə Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq və işğal altından azad olunan Azərbaycan torpaqlarındakı abidələr də UNESKO tərəfindən yüksək dəyərini alacaqdır.

 

Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına daxil edilib.

 

Olaylar.-2019.-9-10 iyul.-S.6.