Yunus Oğuz - tarixi romanın müasir ustası

 

Azərbaycan ədəbiyyatında tarixi roman janrının təşəkkülünün çox zəngin  ideya- estetik qaynaqlara əsaslandığı barədə kifayət qədər aydın, müfəssəl elmi qənaət mövcuddur. Həmin qənaətin mahiyyətinə gəldikdə onu deyə bilərik ki, Azərbaycan mədəni- ictimai fikrində Tarix həmişə möhtəşəm epik vüsəti ilə iştirak edib və öz mükəmməl süjetləri, çoxsaylı motivləri və epoxal qəhrəmanları ilə elə bir ciddi etnoqrafik yaddaş struktur- sisteminə çevrilib ki, tarixi romançı əlinə qələm almaq fikrinə düşəndə ilk növbədə həmin yaddaş struktur- sistemi ilə hesablaşmağa məcburdur. Və ən asan yol tarixi mövcud kütləvi təsəvvürlər (və etnoqrafik yaddaş!) miqyasında "köçürmək"dən ibarətdir ki, bu zaman yazıçının uğurunu (və romanın populyarlığını) təmin edən əsas cəhət müəllifin "təhkiyeyi- kəlam"ı, başqa sözlə, dil-üslub maneralarıdır. Fikrimizcə, Azərbaycan tarixi romanlarında bu istiqamət həmişə aparıcı olsa da, daha bir neçə yaradıcılıq "təmayül"ü də mövcuddur ki, buraya ilk növbədə aşağıdakılar aiddir:

 

elmi- analitik, siyasi- ideoloji və fəlsəfi "təmayül"lər.

 

  Yazıçı Yunus Oğuzun bu günə qədər nəşr olunmuş tarixi romanlarında həmin yaradıcılıq-  üslub "təmayül"lərinin, demək olar ki, hamısına təsadüf edilir, lakin müəllif daha çox fəlsəfi ümumiləşdirməyə-  tarixin fəlsəfi dərkinə çalışır. Və yazıçının tarix fəlsəfəsinin məğzində  "tarixdə bu günü, bu gündə tarixi axtarmaq" kimi kifayət qədər əsaslı bir metod dayanır ki, bu metod Yunus Oğuzun ümumən yaradıcı təfəkkürünü dəyərləndirmək baxımından olduqca səciyyəvi sayıla bilər.

 

  Mərhum tənqidçi-ədəbiyyatşünas Sabir Bəşirov "Yunus Oğuz: elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" kitabında yazır:

 

"Milli azadlıq hərəkatının yetirmələrindən, fəal iştirakçılarından biri də Yunus Oğuzdur. Ancaq yaxşı ki, o, siyasət bataqlığına girmədi, siyasət oyunlarında iştirak etmədi, elmi araşdırmalarının arasını kəsmədi. Bu gün biz Yunus Oğuzu iki cəhətdən qiymətləndiririk: ümumtürk və onun tərkib hissəsi kimi Azərbaycan tarixinin ciddi araşdırıcısı, tarixin qaranlıq məqamlarını, mübahisəli məsələlərini tədqiq edən, yeni fikir söyləyən ciddi tədqiqatçı- tarixçi- türkoloq və çox istedadlı yazıçı kimi..."

 

   O, tarixi romana "Nadir şah"la gəldi... Ancaq ilk povesti olan "Qadın ulduzu"nda da həm tarix, həm bu gün, həm də gələcək vardı: "...Meydan guruldayırdı. Deməli, özünüdərketmə başlayırdı. Heç kim bilmirdi sabah nə olacaq. Meydan guruldayırdı. Qabaqda isə hələ sabah vardı..." Ümumiyyətlə, "Nadir şah"a qədər qələmə aldığı əsərlər - şeirlər, "Attila" dramı, eləcə də "Türkün tarixinə yeni bir baxış" və s. Yunus Oğuz yaradıcılığının "tarixəqədərki mərhələ"sidir. Və heç şübhəsiz, janr axtarışları ilə zəngin olan bu mərhələ olmasaydı, görünür, "tarixi mərhələ"də istər ideya- məzmun, istərsə də üslub- forma baxımından bu qədər məhsuldar olmazdı.

 

Yunus Oğuzun Azərbaycan, ümumən türk tarixinə fəlsəfi- analitik baxışı "Nadir şah" romanında nəinki aydın, hətta çox parlaq bir şəkildə əks olunub, Nadir şahın dövrü, xüsusilə xalq arasından çıxmış son dərəcədə istedadlı bir şəxsiyyəti hakimiyyət zirvəsinə gətirib çıxaran tarixi şərait, eləcə də Nadir şahdan sonra Azərbaycanın düşdüyü sosial- siyasi vəziyyət dərindən təhlil edilib.

 

Müqayisənin nə qədər yerinə düşüb- düşmədiyi üzərində mübahisə etmək üçün hər cür əsas olsa da, demək istərdik ki, "Nadir şah"la Azərbaycan tarixi romanşünaslığının korifeyi M. S. Ordubadinin əsərləri arasında müəyyən yaxınlıq, sələf-xələf münasibəti var. Və hətta bizə elə gəlir ki, Yunus Oğuz bir sıra baxımlardan öz böyük sələfinin unudulmaqda olan yaradıcılıq maneralarını dirçəldir. Əsas odur ki, M. S. Ordubadi kimi Yunus Oğuz da dövrün tarixini bir tədqiqatçı olaraq öyrəndikdən sonra əlinə qələm alıb. Yəni hər iki halda məqsəd o deyil ki, öz "tarix fəlsəfə"ni tarixə "sırıyasan" (bu elə tarixi "köçürmək"kimi  bir şeydir) , əksinə, M. S. Ordubadinin  yaradıcılıq təcrübəsində tarix (onun hansısa dövrü) danışmağa, öz "yaddaş"ını qurdalamağa məcbur edilir ki, Yunus Oğuz da bu yolla gedir... "Nadir şah" müəllifi yaxşı bilir ki, onun hökmdar qəhrəmanının- Nadir şahın daimi, ardıcıl, davamlı oturduğu stabil paytaxtı olmayıb, onun oturduğu yer at beli idi. Odur ki, Nadir şah Azərbaycanın coğrafiyasının hər yerinə paytaxt kimi baxırdı.Və onu Şah İsmayıl Xətaidən sonrakı Səfəvi hökmdarlarından fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri də bu idi...Hətta Şah İsmayıl Xətainin də paytaxtı vardı, ancaq şərti səciyyə daşıyırdı. Çünki Azərbaycan Səfəvi dövlətinin yaradıcısı hökmünü xalqının tarixən məskunlaşdığı bütün coğrafiyaya yaymaq istəyirdi. Və bunu bacarmışdı.

 

Nadir şah Səfəvi nəslinə mənsub deyildi, lakin o, Şah İsmayılı xatırladır. Hətta romanın ideya- estetik əhvali-ruhiyyəsindən hiss edilir ki, Nadir şah bəzi sahələrdə  öz dahi sələfindən də üstündür... Bu günə qədər bizim elə bir tarixi romanımız olmamışdır ki, orada bu qədər toponimik materiala müraciət edilsin. Bunu yalnız müəllifin erudisiyası ilə bağlamaq düzgün olmazdı. Heç şübhəsiz, ilk növbədə, romanın qəhrəmanının "xidmətidir" ki, Azərbaycanın tarixi coğrafiyası  həmin müfəssəliklə xatırlanır. Və Nadir şahı səciyyələndirən özünəməxsus bir obrazlılıq mühiti yaradır... Yeri gəlmişkən deməliyik ki, bu özünəməxsus obrazlılıq çox vacibdir: bu gün hər bir azərbaycanlının təsəvvüründə Vətənin tarixi coğrafiyası bütün miqyası ilə əks olunmalı,  hər bir məntəqəsi barədə aydın məlumat öz əksini tapmalıdır. Əks təqdirdə illər boyu Azərbaycan insanının beyninə yeridilmiş Vətən coğrafiyasının məhdudluğu sindromu həmişə olduğu kimi gələcəkdə də öz işinə görə, Vətənin tarixi miqyası barədəki məlumat məhdudluğu ümumən Vətən barədəki təsəvvür məhdudluğuna çevrilə bilər...

 

M. S. Ordubadidən gələn bir romançılıq ənənəsi də ondan ibarətdir ki, hadisələrin təsvirində macəraçılığa geniş yer verilir. Və fikrimizcə, buna həm ona görə ehtiyac var ki, əsər maraqla oxunsun, həm də saray mühitinin özü bu cür macəraçılığı zəruri edir...

 

"Nadir şah" romanında  hakimiyyət və xalq problemi dövrün xarakterini  açan konkret detallarla işlənib. Xüsusilə ordu, yaxud vergi yığılması məsələləri üzərində dayanan müəllif Azərbaycan cəmiyyətinin həmin öhdəliklərlə bağlı reaksiyasına ayrıca diqqət yetirib ki, bu, romana, siyasi- ideoloji məzmun- mündərəcə gətirməklə onun tarixilik dəyərini xeyli yüksəldib. Yunus Oğuzun "Nadir şah" ının ən üstün cəhətlərindən biri  Nadir şah hökmranlığının tarixinin Azərbaycanın ümumi tarixi fonunda təqdim edilməsidir.

Elə tarixçilər var ki, onlar Nadiri Səfəvi xanədanını devirməkdə, hakimiyyəti qeyri-qanuni ələ keçirməkdə günahlandırırlar, ancaq Yunus Oğuz Səfəvilərin  son hökmdarı Təhmasib şahın həyat tərzini, məişətini, ümumən Səfəvilərin son dövrlərdə  gəlib düşdüyü siyasi, mənəvi-ruhi vəziyyəti dərindən təhlil- təsvir etməklə, nəinki xalqdan, hətta babalarının qoyduğu ənənələrdən uzaqlaşdıqlarını xatırlatmaqla,  Nadirin hakimiyyət iddialarına haqq qazandırır. Əlbəttə, Səfəvilər Azərbaycan tarixində heç bir xanədanla müqayisə olunmayacaq qədər möhtəşəm (və xalqın taleyi baxımından mütərəqqi) rol oynamışlar. Lakin tədricən paytaxtın İranın içərilərinə çəkilməsi, farsların saraya ayaq açaraq idarəçilikdə təmsil olunmaları, nəticə etibarilə, Azərbaycan dövlətinin mahiyyətcə İran dövlətinə çevrilməsinə səbəb oldu. Və belə bir vəziyyətdə Avşar tayfasından çıxmış Nadirin hakimiyyətə yiyələnməsi bir uzurpatorluq, xalqın (və tarixin!) ziddinə bir hərəkət deyildi... Ancaq Yunus Oğuz bütün hallarda obyektiv tarixçidir: nəzərdən qaçırmır ki, Nadir şahın gücü milli bir dövlət qurmağa çatsa da, onu idarə etməyə, zəruri dövlət təsisatlarını yaradıb  təkmilləşdirməyə, kifayət qədər mükəmməl təcrübəyə dayanıb yeni dövlətçilik ənənələri yaratmağa çatmadı. O hər məsələyə hərbi-strateji mövqedən yanaşırdı, ölkənin sülh şəraitində yaşamasını təmin etmək onun işi deyildi. Odur ki, apardığı müharibələrdə fasilə əmələ gələn kimi Nadir şah dərhal yeni müharibə barədə düşünməyə, tədbir tökməyə başlayırdı. Və bunun nəticəsi idi ki, Hindistana hücum etdi,  Rusiyaya təzyiq göstərmək üçün Orta Asiyaya müdaxilə elədi...

 

Romanın üstün cəhətidir ki, müəllif təsvir etdiyi hadisələrdə yalnız təfərrüata varmaqla bədii-estetik effekt yaratmaq məqsədi güdmür, daha çox bu maraqlı, oxunaqlı, hətta ibrətamiz təfərrüat kontekstində öz qəhrəmanının - dahi sərkərdənin xarakterinin təfsilatlarına diqqəti çəkməklə onun haqqındakı təsəvvürü ustalıqla tamamlamış olur.

 

Yazıçı-tarixçi haqlıdır ki, Nadir şahın faciəsi artıq köhnəlmiş, yeni dövrün tələblərinə cavab verməyən dövlət idarəçilik üsulunun bataqlığından çıxa bilməməsində idi. Və təsadüfü deyil ki, Səfəvilərin düşdükləri intriqalı, macəralı  saray mühiti axırda Nadir şahı da öz ağuşuna alır.

 

Yunus Oğuz Nadir şah obrazını tarixi həqiqətləri zədələmədən, təhrif eləmədən, intellektual məsuliyyətlə, eyni zamanda vətəndaşlıq qüruru ilə, sevə-sevə, fəxr edə-edə yaradıb. Bu ondan da görünür ki, müəllif Nadir şahın simasında Azərbaycan xalqının yüksəlişinə az və ya çox dərəcədə xidmət etmiş, demək olar ki, bütün tarixi şəxsiyyətlərin fəaliyyətlərindəki, mübarizələrindəki (eləcə də səhvlərindəki!)  xarakterik cəhətləri epik bir vüsətlə  birləşdirib ifadə etməyə çalışır.

 

"Nadir şah" tarixi coğrafiyası nə qədər genişliyi ilə əhatə olunsa da, yalnız Azərbaycan miqyaslı bir əsər deyil. XVIII əsrin birinci yarısında  Azərbaycanın siyasi taleyinə təsir edən beynəlxalq münasibətlər romanda həm tarixi sənəd dəqiqliyi, həm də ideya- estetik ümumiləşdirmələrlə əks etdirilir. Osmanlı hökmdarlarının,  sərkərdələrinin, Rusiya çar sarayının, Avropa diplomatiyasının Azərbaycanda baş verən hadisələrə öz siyasi maraqları mövqeyindən müdaxilələri, eləcə də Nadir şahın həmin müdaxilələrə münasibəti, bəzən olduqca emosional reaksiyaları, yaxud istehzaları istər tarixi fakt, istərsə də bədii detal olaraq maraq doğurur. Nadir şah əmindir ki, Osmanlılarla əlaqələrin qaydaya salınması, əbədi sülhün, qardaşlıq inam- etibarının bərqərar edirlməsi nəinki zəruridir, həm də bu münasibət elə olmalıdır ki, nə Rusiya, nə də Qərbi Avropa dövlətləri həmin münasibətə müdaxilə etmək iddiasına düşməkdən çəkinməsinlər.

 

XVII, xüsusilə XVIII əsr Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin, ümumən mədəniyyətinin İntibah dövrüdür. Romanda dövrün bu səciyyəvi xüsusiyyəti də əks olunub. Məsələn, Nadir şahın oğlunun  toyunda Xəstə Qasım iştirak edir, qaval daş dilləndirilir və s. Əslində, romanın bədii intonasiyasına  da bir dastançılıq, epos ruhu hakimdir. Və orası da maraqlıdır ki, əsərin baş qəhrəmanı mifikləşdirilir, onun adi adam olmadığı, qədim türk ərənləri kimi məhz Boz Qurdun himayəsi altında hərəkət etdiyi göstərilir...  Bununla belə, "Nadir şah"  ciddi tarixci düşüncəsinin, daha doğrusu, tarixə fəlsəfi baxışın məhsulu olaraq qalır. Və Yunus Oğuz "Nadir şah"da  bizə xalqımızın tarixini təfsilatı ilə danışmağa  başladığını (və bunu istedadla bacardığını) göstərir.

 

Nizami Cəfərov, akademik, millət vəkili

 

Olaylar.-2019.-11-12 iyul.S.9