Ömrünün qalan
hissəsini xalqına bağışladı...
Və müstəqil Azərbaycan
yaratdı
Milli qurtuluş fəlsəfəsi
sözün əsil mənasında Azərbaycanın
mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti
olan müstəqilliyini təmin etməyə qadir oldu.
Xalqın təkid və tələbi ilə hakimiyyətə
gələn ümumilli lider Heydər Əliyev böyük
risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını
cəsarətlə öz üzərinə götürdü.
Bununla da ölkədə uzun illər davam edən gərginlik
və qarşıdurma səngidi, respublikamız vətəndaş
müharibəsindən və parçalanma təhlükəsindən
xilas oldu.
Məlumat
üçün qeyd edək ki, 1993-cü ilin ortalarına
doğru hakimiyyət böhranı getdikcə daha kəskin
xarakter alırdı. Bu dövrdə
hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri
ilə Azərbaycanın müstəqilliyi üçün
ciddi təhlükə yaratmışdılar. Həmin
dövrdə ölkədə acınacaqlı vəziyyət
heç şübhəsiz ki, AXC Musavat hakimiyyətinin səriştəsizliyi
və fəaliyyətsizliyi nəticəsində
yaranmışdı. Vəziyyət o həddə
çatmışdı ki, ölkədə anarxiya və
özbaşnalıq hökm sürürdü. Yaranmış
vəziyətdən isə işğalçı dövlət
olan Ermənistanla yanaşı, maraqlı dövlətlər maksimum istifadə etmək niyyətlərinini
ortaya qoymuşdular. Belə bir vəziyyətdə Heydər
Əliyev dühasının xidmətləri olan nailiyyətlər
Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi
daimi, əbədi, sarsılmaz, dönməz etdi. Daha dəqiq,
1993-cü ildə xalqın xahiş və tələbi ilə
ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışından sonra ölkədə baş
vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin
möhkəmləndirilməsində, sivil dünyaya sıx
inteqrasiya prosesinə qoşulmasında və
xalqımızın strateji mənafelərini təmin edən
modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
1993-cü ildə "olum, ya ölüm" ayrıcında
qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti
nəticəsində gələcəyə inamla baxan qüdrətli
bir dövlətə çevrildi. Lakin faktdır ki,
AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər
Əliyevin uğurlarını qısqanclıqla
qarşılayıb ona mane olmağa çalışdı.
Bütün cəhdlərə baxmayaraq Milli Məclisin
1993-cü il iyunun 15-də keçirilən iclasındakı
çıxışında Ulu Öndər Azərbaycan
dövlətçiliyinin gələcək inkişaf
strategiyasını elan etdi və sonrakı illərdə onu həyata
keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt
idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək
idi və bu, Ümummilli Liderin iradəsi sayəsində
reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin
konsepsiyasını yaratdı. Bütün maneələrə
baxmayaraq ən qısa müddətdə ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyətinin
təzyiqlərinə baxmayaraq vəziyyətdən səbirlə
çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə
xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması məqsədilə
yerli və xarici jurnalistlər üçün brifinq
keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin
diplomatları ilə görüşdü. Bu sahədə
yürüdülən siyasət respublikanı informasiya
blokadasından çıxardı. Dünyada ölkəmizlə
bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi.
Məhz belə bir mürəkkəb siyasi şəraitdə
Heydər Əliyevin böyük potensialı Azərbaycanın
müstəqilliyinin qarantına çevrildi. Sonralar Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin
bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan
böyük təhlükə qarşısında idi.
Çünki Azərbaycanın müstəqil
yaşamasının əleyhinə olan həm daxildəki
qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin
təbii sərvətlərə malik olan ölkənin tam
müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın Azərbaycana
etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın
zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi
1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri
bir ildən sonra hakimiyyətdən saldı, xalq özü
saldı".
Beləliklə
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli
Qurtuluş günü kimi daxil oldu. Sonralar ölkənin ali
qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin
arzu və istəklərini nəzərə alaraq Heydər
Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun
gününü əbədiləşdirdi. 15 iyun -
Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı
ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin
həmin tarixi qərarında deyilir: "Azərbaycan
xalqının azadlığının, müstəqil
dövlətçiliyinin müqəddəratının həll
edildiyi ən ağır günlərdə Heydər
Əliyevin öz xalqının iradəsinə tabe olaraq
ölkə rəhbərliyinə qayıtması, əslində,
onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan
xalqını, milli azadlıq hərəkatında
qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan
xilas etmək kimi çox çətin və şərəfli
bir missiyanı könüllü olaraq öz üzərinə
götürməsi idi. Bu, sözün əsl mənasında,
"ömrümün qalan hissəsini də xalqıma qurban
verirəm" deyib meydana atılan böyük ürəkli Vətən
oğlunun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi". Həmin
vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun
gününü əziz bayram kimi qeyd edir və Azərbaycan
dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.
Ötən illərdə ümummilli liderimizin həyata
keçirdiyi şərəfli xilaskarlıq missiyası
xalqımızın və bütün dünyanın
gözü qarşısında cərəyan etmiş, Azərbaycan
məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə
inamla baxan güclü bir dövlətə
çevrilmişdir.
Belə ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması qurtuluş deməkdir.
Nurlan
Olaylar.- 2019.- 13-14 iyun.- S.9.