Əmək müqaviləsinin
üstünlükləri
hansılardır?
Müqaviləsiz
çalışan işçilər hansı hüquqlardan məhrum olurlar?
Azərbaycan
Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq
Sərəncamı ilə minimum əmək
haqqının cari il
martın 1-dən orta hesabla
40 faiz artrılması, qeyri-leqal
məşğulluğun leqallaşmasına yönələn
stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta
güzəştlərinin
tətbiqi əmək müqavilələrinin sayında
ardıcıl artıma imkan yaradıb. Məhz
atılan addaımların nəticəsidir ki,
ölkədə əmək müqavilələrinin
sayında artım müşahidə olunur.
Rəsmi statistik məlumata əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb. Həmin əmək müqavilələrindən 66268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb. Lakin hələ də bi çox idarə və müəssisələrdə əmək müqaviləsiz çalışan işçilərin sayı kifayət qədərdir. Bu halda əmək müqaviləsinin üstünlüklərinin izahatına ciddi ehtiyac yaranır. Daha doğrusu, əmək müqaviləsiz çalışan işçilər hansı hüquqlardan məhrum olurlar?
Qeyd edək ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir işçi özünün firavan gələcəyini indidən düşünmüş olur. Unutmayın ki, ödənilən rəsmi əmək haqları - sabah üçün işçinin sabit sosial təminatının təməlini indidən qoymuş olur.
Əmək
münasibətlərinin tərəfləri kimlərdir?
Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir. İşəgötürən- tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmak müqaviləs - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək
müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?
Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s. Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlərdən aşağıdakılar qeyd edilə bilər: Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır. Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur. Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir. Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır. Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətlərin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Əmək müqaviləsi bağlandığı halda işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülki-hüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur. Sadalanan fərqlərdən də göründüyü kimi əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.
Əmək
müqaviləsi hüquqi qüvvəyə
minməsi
İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün "Əmək müqaviləsi Bildirişi" məlumatları "Elektron Hökumət" portalı (https://www.e-gov.az/) üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsi ilə qeydiyyata alınmalıdır. Əmək müqaviləsi bildirişi-əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir.
Alim
Olaylar.- 2019.- 13-14 iyun.- S.13.