Xalqın
xilaskarına
çevrilmiş dahi şəxsiyyət
Soltan Hadıyev: "Uzun
illər keçməsinə baxmayaraq Azəbaycan
xalqı Heydər Əliyevin xidmətlərini unutmur
və bundan sonra da unutmayacaq, onu dərin hörmət və ehtiramla
yad edəcək"
Müstəqil Azərbaycanın
məhv olma, parçalanma
təhlükəsindən, bir çox xarici və daxili güclərin arzusunda
olan vətəndaş müharibəsindən
sovuşmasından tam 26 il
keçir.
1993-cü ilin iyun ayının 15-də, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində bütün qeyd etdiyimiz mənfi tendensiyaların qısa müddətdə aradan qaldırılması bu günkü müstəqil Azərbaycanın inkişafına zəmin yaratdı, onun təməlini qoymuş oldu. Haqlı olaraq bu gün hər kəs söyləyir ki, əgər 1993-cü il, iyun ayının 15-də Heydər Əliyev Bakıya qayıtmasaydı, bu günkü müstəqil Azərbaycandan danışmaq qeyri-mümkün olardı. Çünki həmin ərəfədə ölkədə inqilab.qiyam təşkil edən bir sıra xarici güclər və onların daxildəki əlaltıları artıq Azərbaycanı necə parçalamaq, hansı vilayətlərə bölmək ssenarisini də hazırlamışdılar. Lakin ulu öndərin hakimiyyətə qayıdışı bütün bu planları alt-üst etdi və ölkə parçalanmaq təhlükəsindən xılas oldu. Həmin ərəfədə, eləcə də müstəqillik əldə etdiyimiz dövrə qədər cərəyan edən proseslər, Azərbaycanda qiyamın baş vermə səbəblərinə diqqət çəkən həmin illərin ictimai-siyasi fəalı, vaxtı ilə fəal iqtidaryönlü siyasi təşkilat kimi tanınan Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) rəsmisi, "Bizim Gənclik" İctimai Birliyinin sədr müavini Soltan Hadıyev deyir ki, 1988-90-cı illərdə keçmiş Sovet respublikalarında baş qaldıran milli azadlıq hərəkatları, müstəqillik çağırışları Azərbaycandan da yan keçmədi. Onun sözlərinə görə, qısa bir müddət ərzində bu proseslərin əsas diqqət mərkəzinə çevrilən Azərbaycan nəhayət ki, uzun məhrumiyyət və acılardan sonra 1991-ci ilin oktyabrında tarixində ikinci dəfə müstəqillik əldə etdi: "Lakin uzun illərin Sovet idarəçiliyindən çıxan bir ölkəni müstəqil şəkildə idarə etmək, onu irəli aparmaq heç də asan məsələ deyildi. Əsasən də bu illərdə səriştəsiz və siyasi təcrübəsi az olan insanların hakimiyyətə gəlməsi ölkədə çoxsaylı problemlərin meydana çıxmasına səbəb olurdu. Getdikcə ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Bütün bunlar iqtisadi inkişafa da öz mənfi təsirini göstərirdi. Digər bir tərəfdən orduda fərarilik hallarının artması, erməni təcavüzünün daha geniş şəkildə davam etməsi torpaqlarımızın işğalı ilı nəticələnirdi. Artıq mərkəzi hakimiyyətdən narazı olan xalq özünə yeni bir lider axtarışında idi. Xalqın axtarışına çıxdığı lider isə təbii ki, o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən Heydər Əliyev idi. Beləliklə, 1993-cü ilin iyun ayında ölkənin tamamilə parçalanma və onun müstəqillyinə son qoyulma təhlükəsini aradan qaldırmaq üçün xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya, siyasi hakimiyyətə dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi. Bakıya gəldiyi ilk günlərdən Azərbaycanı düşmüş olduğu böhranlı vəziyyətdən çıxarmağa çalışan Heydər Əliyev qısa müddət ərzində buna nail ola bildi". Soltan Hadıyev deyib ki, ölkədə silahlı hakimiyyət çevrilişinə başlamış keçmiş döyüşçü Surət Hüseynovla görüşmək kifayət qədər risqli olmasına baxmayaraq Gəncəyə gedən Heydər Əliyev bu müdrik gedişi ilə ölkədə baş qaldıran vətəndaş müharibəsinin qarşısını almağa müvəffəq oldu: "1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, qeyd edilən istiqamətlərdə mövcud olan problemlər tədricən aradan qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması prosesi başladı".
Soltan Hadıyev deyib ki. növbəti mərhələdə ölkədəki siyasi sabitliyin davamlı xarakter alması istiqamətində addımlar atmaq, iqtisadiyyatı inkişaf etdirmək dururdu və Heydər Əliyev siyasi təcrübəsinə əsaslanaraq bunun da öhdəsindən gələ bildi: "Beləliklə, Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bununla da Azərbaycanın iqtisadi inkişafı istiqamətində ilk uğurlu addım atıldı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratdı. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil edirdi". Soltan Hadıyevin sözlərinə görə, ümummilli lider 1993-cü ilin iyun ayında xalqın xilaskarına çevrildiyindən və ölkəni məhv olmaq təhlükəsindən xilas etdiyindən uzun illər keçməsinə baxmayaraq Azəbaycan xalqı Heydər Əliyevin xidmətlərini unutmur və bundan sonra da unutmayacaq, onu dərin hörmət və ehtiramla yad edəcək.
Məhəmməd
Olaylar.- 2019.- 15-18 iyun.- S.9.