15 iyun-dövlətçilik
tariximizin şanlı səhifəsi
Azərbaycan daha bir tarixi hadisənin
ildönümü ərəfəsindədir. Söhbət
tariximizə qızıl həriflərlə
yazılmış Qurtuluş
Günündən gedir. Hansı ki, 26 il əvvəl həmin
tarixdən etibarən Azərbaycanımız parçalanmaqdan,
vətəndaş müharibəsindən, məhv olmaqdan qurtuldu. Hansı ki, həmin tarixdən etibarən müstəqil
Azərbaycan etibarlı əllərdə oldu,
sürətli inkişafının təməli qoyuldu.
Yaşlı və orta nəsil yaxşı xatırlayır həmin günləri, xalqın, millətin ciddi təlaş keçirdiyi, qardaşın-qardaşla qarşı-qarşıya dayandığı iyun hadisələrini. Eyni zamanda xalqımız onu da yaxşı bilir və bu gün də böyük qürur və fəxrlə qeyd edir ki, həmin günlərdə Azərbaycanı mümkün təhlükə və bəlalardan məhz ümummilli lider Heydər Əliyev xilas etdi. Məhz Heydər Əliyevin xalq tərəfindən Bakıya, siyasi hakimiyyətə dəvət edilməsindən sonra ölkədə yaranmış xaos, anarxiya aradan qalxdı. Həmin günlərə nəzər salan Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev deyir ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixlərdən birini, 15 İyun - Milli Qurtuluş Gününü növbəti dəfə məhz onun azadlıq ideallarının işığında, müstəqil dövlətin vətəndaşlıq qüruru və fərəhi ilə qeyd edir. Onun sözlərinə görə, 1993-сü ilin əvvəllərindən o vaxtkı hakimiyyətin səriştəsizliyi, ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı: "İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün xalq Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edildi". Fərrux Haqverdiyev qeyd edir ki, "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm" deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı: "Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına maneə törədən daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Çünki cəmiyyəti sağlam qüvvələr hesabına möhkəmləndirmədən islahatları həyata keçirmək mümkün deyildi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişi cəhdlərinin qətiyyətlə dəf edilməsi bir həqiqəti sübuta yetirdi ki, Azərbaycan xalqı öz siyasi liderinin ətrafında sıx birləşib. Ziyalılar, sənət adamları, təsərrüfat işçiləri, sadə insanlar, bir sözlə, hamı Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli dövlət xadimi müstəqil Azərbaycanı gözlənə bilən bütün təhlükələrdən xilas etməyə qadirdir. Bu gün uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası da məhz Ulu Öndərimizin bizlərə qoyduğu siyasi irsin tərkib hissəsidir. Əbəs deyil ki, əldə edilən hər bir uğurlarda YAP-ın da müstəsna rolunun olduğunu vurğulanır. "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir" fikrini söyləyən dahi rəhbər, əslində, hələ ötən əsrin 70-80-ci illərində, Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu bir zamanda xalqımızın böyük gələcəyinə hesablanmış islahatlara imza atmışdı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan indiki Hərbi liseyin məhz həmin dövrdə yaradılması Heydər Əliyevin müdrikliyindən və uzaqgörənliyindən xəbər verdi. Belə bir təhsil müəssisəsinin Azərbaycanda yaradılmasına nail olmaq hər rəhbərə nəsib olan iş deyildi. Yalnız qətiyyətli, riskli addım atmağı bacaran, ən başlıcası xalqı üçün ömrünü şam kimi əridən bir rəhbər belə vacib vəzifənin öhdəsindən gəlməyi bacarardı. Müasir Azərbaycan Ordusunun formalaşmasında, milli zabit kadrların hazırlanmasında həmin təhsil müəssisəsinin müstəsna rolu vardır". O. bildirib ki, Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, həqiqətən də, çox mürəkkəb, çətin bir şəraitə təsadüf etdi: "Həmin dönəmdə müstəqil dövlətçiliyimiz həlledici bir dövrünü yaşayırdı. Amma müdrik rəhbərin vaxtında həyata keçirdiyi strateji inkişaf strategiyası müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Və bu strateji xəttin əsas istiqamətlərindən biri də vahid komandanlıqdan idarə edilən nizami ordunun yaradılması idi. Axı müstəqilliyimizin ilk illərində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı, Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmişdi. Belə çətin şəraitdə, döyüşlər getdiyi bir vaxtda nizami ordunun yaradılması olduqca çətin idi. Amma uzaqgörən siyasətçi çox qısa vaxt ərzində bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. Bu gün fəxrlə deyirik ki, müasir müstəqil Azərbaycan, həmçinin Silahlı Qüvvələrimiz ulu öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir. 1993-cü ilin 15 iyun günü tariximizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Məhz həmin gün ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qədəm qoyan Ulu Öndərimiz öz qayıdışı ilə qurtuluşa nail oldu, Azərbaycan xalqına müasir müstəqil dövlətçiliyimizi yadigar qoydu. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu, siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalandı. Bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin imzalanması bir tərəfdən ölkədə yaranmış uzunmüddətli ictimai-siyasi sabitliyin göstəricisi idisə, digər tərəfdən beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi. Ümummilli Liderin önəm verdiyi bütün məsələlər yalnız bir məqsədə - gənc müstəqil dövlətin hərtərəfli inkişafının təmin edilməsinə hesablanmışdı. Azərbaycanda elə bir sahə yox idi ki, diqqətdən kənar qalsın. Aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir".
S. İsmayılbəyli
Olaylar.- 2019.- 15-18 iyun.- S.8.