İlham Əliyevdən sosial sahədə

növbəti inqilabi addım

 

Prezident əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi

 

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində bir tərəfdən ölkənin iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması sahəsində  etibarlı bazanın yaradılması təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımları yeni uğurlu islahatlar mərhələsinə keçidi şərtləndirib. Xüsusən, dövlət başçısının cari ilin əvvəllərindən başlayaraq imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu gündən ölkəmizdə minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb. Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edib ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım edilib. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ay ərzində 335 milyon manat əlavə vəsait nəzərdə tutulub. Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edib. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz  s. artımlar edilib.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli Sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır. Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılıb. Həmçinin, Sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutub. Beləliklə, I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək. Bu da hazırkı müvafiq məbləğlə müqayisədə 145 manatya 93,5 faiz çoxdur. Eyni zamanda, Sərəncama əsasən, həmin vaxtdan sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılıb. Sözügedən sərəncamın əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır. Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılıb. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunub.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün  ödənilən vəsait  2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə  200 manat təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamı ilə mart ayının 1-dən minimum aylıq əməkhaqqı 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib. 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib. 19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq minimum əmək haqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əmək haqqının artımı özünü göstərir.

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlar ölkədə sosial islahatların davamlı olduğunu bir daha sübut etmiş olur. Ekspertlər heab edirlər ki, ölkə başçısı tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin vətəndaş üçün olduğunu bir daha əyani şəkildə göstərir. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılmışdır ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial  təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2,0 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

 

Zəka

 

Olaylar.- 2019.- 20-21 iyun.- S.5.