Bahooo ! İşə düşmədik?
Felyeton
Deməli,
dırnaqarası gözəl dostlarımız var. Bir nazir
müavini vardı, məni görəndə nazir dostuma
görə az qalırdı hər tərəfimi yalasın:
"Qardaş (qardaşa bax e...), burda oturma, orda otur". Bir
gün nazir dostumu (vəzifə əbədi deyil) işdən
çıxartdılar. Bir müddətdən sonra işim düşdü bu müavinə.
Getdim yanına. Yenə öpüşdük,
görüşdük. Xahişim də millət məsələsi
idi. Özüm haqqında kimsəyə heç zaman heç
nə xahiş etməmişəm. Gördüm bunun burnu yerlə
gedir. Dedi ki, məndən heç nə xahiş etmə! Sular
dəyişib, axar dəyişib, indi başqa nazir gəlib.
Cavab verdim ki, sular dəyişə bilər, amma bu suyun nə
mənbəyi, nə də mənsəbi dəyişib.
Dövlət həmən dövlətdir, prezident həmən
prezidentdir. Üzümə təəccüblə baxdı və
susdu. Yəni, "mənlik deyil".
İşə düşmədik... bahooo...
Sən demə, bu dırnaqarası dostumu heç tanımamışam ki? Təzə nazir gəldi, müavin bu dəfə ona yarınmağa başladı. Təzə nazir də mənim əski dostum. Bir dəfə mənə zəng etdi ki, hardasan? Dur gəl filan yerə. O dırnaqarası dostum- müavin hələ bilmir ki, biz köhnə-təzə nazirlə dostuq.
Əlqərəz, görüşdük, öpüşdük, ordan-burdan söhbət etdik. Söz gəldi çıxdı bu müavinin üstünə. Nazir məndən rəy soruşdu.
Dedim:
Bahooo! Nə gözəl bahooolarımız var.
Nazir sarkazmı başa düşdü. Dedi ki, sabah saat on birdə kabinetimdə gözləyirəm. "Xeyir olsun"un sualıma cavab vermədi. Dedi ki, gələrsən, görərsən.
Düz on birə beş dəqiqə qalmış kabinetinin ağzındaydım. Katibə məni görən kimi ayağa durdu və əzilə-büzülə dedi ki, keçin içəri cənab nazir sizi gözləyir.
Şəstlə qapını açdım. Nazir məni görən kimi ayağa durdu (hörmətə bax e..!)
Əleykdən sonra oturdum.
Təzə nazirə "Bahoo"nun mənasını anlatmışdım. Xoş-beşdən sonra əlini selektora atıb birinci müavini çağırdı:
Gəl təcili yanıma!
Beş dəqiqədən sonra əvvəlcə müavinin başı, daha sonra əzəmətli gövdəsi göründü:
Çağırmısız, cənab nazir? -
Müticəsinə dilləndi. Elə bil həmin adam deyildi.
Gəl, gəl,
- nazir gülümsünüb onu içəri dəvət
etdi.
Adam məni
görəndə tamam özünü itirdi. Məni duz kimi
yalamağa başladı. "Ə, sənə qurban olum, necəsən?"
dedi. Doğrusu, mən də özümü itirdim. Mil
durmuşam, nə etmək istədiyimi bilmirəm. Vəziyyətdən
məni nazir çıxartdı. Müavininə
""Bahooo" , gəl otur"-söylədi.
Müavin
"Bahooo" sözündən heç nə anlamadı.
Bağışlayın,
cənab nazir! - Dedi.
Nazir isə
gülümsünüb söylədi.
Mən
Mirzə ilə köhnənin dostuyam. Əgər, o bahooo
sözünü deyirsə, deməli hökmən "mənbə"
və "mənsəb" məsələsini də
ortalığa ata bilər. Yəqin ki, sənlə bu söhbət
olub, eləmi?
Məmur-müavin
başını aşağı salıb susdu...
İndi
bu məmur məni harda görür, duz kimi yalayır, keyfimi
elə soruşur ki, elə bil səhərə qədər
onunla yeyib içmişəm. Özü də elə
yalayır ki, sanki üzüm arağın üstündən
onun üçün duzlu limondur.
Mən də
hər onu görəndə gülümsünüb deyirəm:
Bahooo!
İşə düşmədik?. Yəni mənbə və
mənsəb məsələsi var.
Ümumiyyətlə
bu bahooolar bir neçə dəfə məni işə
salıb. Məsələn, bilirəm ki, xalqım istedadlı
xalqdır. Hər şeydən və hər zaddan pul
qazanmağı bacarır. Bunu məzə üçün
demirəm ha.. Söylədiyim tüm doğrudur. Arada maliyyəmiz
imkan verəndə, yaxud xaricə dəvət alanda dostlardan
soruşduğum sözlərdən biri də bu olur ki,
buradakı azərbaycanlılardan fəhlə işləyən
var? Demək olar ki, yox dərəcəsindədir. Amma,
hamısı vətəndəki əqrabalarına para göndərir.
Deməli pul qazanmaq istedadı var xalqımın. İmkan versələr,
vallah kosmosdan pul qazanar. Buna nə var ki? Aydan, Marsdan, lap
lazım gəlsə Yupiterdən yer satar. Hansısa ulduza sənin
adını verdirər. Gedib yoxlatdırmaq imkanın da yoxdur.
Görürsən nə istedadlarımız mövcuddur?! Amma
bir sahədə bizimkilər pul qazana bilmirlər - FUTBOLDA.
Meydançalarda milyonlar fırlanır. Bizimkilərsə hər
dəfə mərifətli və qəşəng-qəşəng
uduzurlar. Bəlkə də bu milyonlara yaxın
düşüblər, ona görə uduzurlar. Futbolun da o qədər
lotu-potusu, mərci-dartışması var ki... Bir yerdə konkret olaraq dedim ki, bizdə
futboldan pul qazanmaq istedadı yoxdur.
Bahooo,
işə düşmədik?
Üstümə
elə daraşdılar ki, sanki stadiona tökülən
pulları mən yığıb harasa çuvallarla
daşımışam. Dilim-dilim olasan dilim!
Bu silsilədən
birini də deyim, ta bəsdir!
Deməli,
bir dostum xaricdən gəlmişdi, özü də Avropadan.
Burdakı qiymətləri bilmirdi, həm də
hallı-kallı idi. Şəhərdə gəzirdik.
Küçə ticarətilə məşğul bir
qadından iki portağal almaq
istədi, hərəmizə bir dənəsini. Dostum Qeyrət
çıxardıb arvada on dollar verdi və soruşdu:
- Xala, bu
bəs edər?
Mən də
onunla məzələndim:
-Beydulla,
on dollara beş kilo portağal almaq olar. Neynirsən?
Bahooo!
İşə düşmədik?
Arvad
üstümə düşdü, nə düşdü;
- Beydulla
qardaş özü bilər. (Elə bilib adı
Beydulladır). Sənin pulunu vermir ki, öz pulunu verir.
Qəşş
edib oradan ayrıldıq.
Bu silsilədən
gördüklərim və xatirələrim çoxdur, amma
qorxuram işə düşərik.
Bahooo..!
Daha yazmıram, qələmim də işə düşər.
19.06.19
Yunus Oğuz
Olaylar.- 2019.- 22-24 iyun.- S.9.