Eşşək otaran
Felyeton
Deyirəm "eşşək" ismindən "ş" hərfinin birini götürsək, söz "eş" və "ək" felinə çevriləcək. Torpağı eş, sonra isə ək. Yəni, bu bir tarlaya arpa, buğda, qarabaşaq əkmək deyil ha! Buralarda əvvəl şumlayırsan, sonra torpağa səpirsən, əkirsən. Görün nə gözəl dilimiz var. Zənginlik içində itib-batır. Pulumuz olmasa da, dilimiz var-dövlətimizdir. Ona görə də sənətkarlar sözü sözdən, tükü tükdən seçir, yumurtadan yun qırxırlar. "Eş" və "ək" bir növ heyvani anlamdadır, instinkt onlarda, şəhvət də insanlardadır. Özünüz başa düşdünüz də.., daha dərinə getmirəm. Bütün canlılarda bu var, amma nədənsə biz bunu "eş" ...ş... "ək" ə şamil etmişik. "Eş və ək", nəslini artır, çoxalt, yəni eşşək. Ondan başqa bir şey haqqında fikirləşmə: Ye, iç, çoxal, "eş" və "ək"...
Girişi nəyə görə bu qədər uzatdım? Mən yazım, siz də oxuyun.
Deməli, varlı-kallı bir
dostum var, özü də məmurdur. Məmur işindən
savayı nə işlə deyirsən məşğul olur. Arada deyirəm ki, get biznesinlə məşğul
ol, qoy bir
yer boşalsın. Sənin
yerinə can atanlar qoy dövlət imtahanı verib o BOŞ yeri tutsunlar. Gülə-gülə deyir
ki, ay-hay! O BOŞ yerə
heç kim
imtahan verib keçə bilməz. Müqəddəs yerlər Boş
qalmır. Belə yerlər
mənimkimilər üçündür.
Birdə ki, mənim biznesim elə məmur olmağımdadır...
Xülasə, bir gün əl
telefonuma zəng gəldi. Nömrəyə baxdım, biznesmen
məmur dostum idi.
-Mirzə, salam!
- Əleykdən sonra keçdi mətləbə. - Mirzə,
məmurlara yaman sataşırsan, ha! Arada ad çəkmədən
mənə də söz şilləsi çəkirsən. And olsun oxuduğum kitaba (bilmədim hansı kitabı deyir, çünki o, puldan başqa heç nə oxumur. Bəlkə də sayıb kitab halına gətirdiyi qat-qat paraları nəzərdə tutur) mənə ləzzət eləyir, amma ona görə zəng etməmişəm.
- Buyur, eşidirəm! - Səsim bir az quru çıxsa da, dostum sözün tonuna fikir vermədən
dilləndi:
- Mirzə, körpüdən
keçən tanış ortağım
var.
Termin mənə qəribə gəldi - "körpüdən
keçən"
Soruşdum:
- Nə işlə məşğul olur o körpüdən keçən
tanış ortağın?
- Eşşək başıdır.
Düşündüm ki, yəqin bu mənimlə məzələnir. Keçdim zarafata:
- Yəqin sizləri də qatıb qabağına otarır, -
dedim.
- Ə, canınçün zarafat etmirəm, eşşək başıdır,
yəni eşşək
ferması var. Özü
də böyük ferma. Mən də arada-sırada
ondan eşşək südü alıram.
Bir oğlu var, instituta (belə də dedi) girmək istəyir. Dedim mənim bir Mirzə dostum var, qoy onunla
söhbət etsin, görək başında
nə var, nə yox?
Day məzələnmək damarım
tutmuşdu deyə atmacamı atdım:
- Öz başını eşşək sürüsünə
bağlamısan, məni
də yanına həmtay aparırsan?
- Yox, canınçün, düz sözümdür,
qoy yanına gəlsin, bir az söhbət
elə, sonra fikrini deyərsən.
Əlimə yaxşı girəvə
düşmüşdü, fürsəti qaçırsaydım,
Mirzə olmazdım ki, "Gəlsin" dedim.
İki saatdan sonra yanıma cılız, günəşin
altında yanan, amma gözlərindən cin yağan, kömür kimi bir qarabala gənc
gəldi.
Bilmirəm bu millətə nə olub (getdikcə
cırlaşır. Mənim boyum
bir səksəndir, amma mən atalarımızın
yanında cırtdan sayılırdım. Köhnə
kişilər hər mənada nəhəng
idilər. İndi mən bunların
yanında nəhəng
görünürəm. Hamısı elə bil standart doğulur- bir əllidən bir altmış beşə qədər. Bunların geni nədən dəyişir, qoy baş doxtorumuz və
ərzaq təhlükəsizliyinə
cavabdeh olan kişi açıqlasın.
Əlqərəz, bu gəncə
yer göstərib soruşdum:
Oxuduğun bir şey varmı,
yaxud dil bilirsənmi? İndi dil bilmək
çox vacibdir.
Bunsuz karyera qurmaq mümkün deyil. (Elə danışıram
ki, elə bil fəlsəfə elmləri namizədi ilə söhbət eləyirəm)
Bu vələdizna irişə-irişə,
özü də parıldayan gözlərini
məndən çəkmədən
nə desə yaxşıdır?
Müəllim, düz on dörd ildir eşşək otarıram. İndi iyirmi dörd
yaşım var. Heç
əsgərlikdə də
olmamışam. Atam
o zaman nazirliyə dörd-beş eşşək
verdi, adımı
hərbiyyə yazdılar,
özümsə eşşək
otarırdım. Hərbidə eşşəklər çox
qiymətlidir Bilirsən
də? Qaldı dilə, eşşək
dilindən başqa heç bir dil bilmirəm.
Bahoo, işə düşmədik!
Düşündüm bunun dalınca
deyəcək ki, atam instituta da beş-on eşşək verib diplom alar. İnsafən demədi.
Yaxşı, bir halda ki,
eşşəklərin dilini
bilirsən, o zaman sənə elə onlardan bir neçə
sual verəcəm, görüm qabiliyyətin
nəyə çatır.
Gədə qulaqlarını şəkləyib
sualı gözlədi.
De görüm, iki
eşşəyin arpasını
bölə bilərsənmi?
Bundan asan nə var ki,
müəllim? - Pəncəyinin
cibindən on kiloluq əl tərəzisi çıxartdı. - Bununla
elə bölürəm
ki, bir artıq
arpa o birisinə keçmir. Atam da, mən də razı, o iki eşşək bizdən daha çox razı.
Ürəyimdə "bərəkallah" deyib
ikinci sualı verdim:
Yaxşı, "get anqır tayını
tap" nə deməkdir?
Gədənin qara üzünə
işıq gəldi:
Anqırmaq daha çox erkək eşşəklərdə
olur. Dişi eşşəklə cütləşmək istəyəndə...
müəllim, göstərim?
Mən elə anqıra bilirəm. - Az qaldı əlini qulağının
dibinə atsın.
Adə,
bizi biabır eləmə! Saxla görək! Bura çöllük deyil. Onu güclə sakitləşdirdim.
Allah, bu cılız
qarabalanın içində
nələr varmış? Eşşək
haqqında nələr
bilirmiş... Daha çox danışmağa
qoymadım, soruşdum:
A bala, səndəki
bu keyfiyyətlər var, daha oxumağı
neynirsən, elə atanın eşşək işini davam etdir də.
Sıxılaraq cavab verdi:
Müəllim, eşşəklərin bir gözəl işi də var. Girdiyi palçığa ikinci dəfə öldür, girməzlər. İndi mən oxumaqla o qoduqluqdan çıxmaq istəyirəm.
İstədim deyəm ki, a bala, Quran oxumaqla donuzu samanlıqdan çıxartmaq olmaz. Gərəkdir ki, onu kötəkləyib çıxarasan, elə eşşəyi çırpdığın kimi. Daha heç nə demədim. Bu eşşəyi birtəhər yola saldım.
Səhərisi gün dostum mənə telefon açdı:
-Nətəhərdi, bir işə yarayar?
Deyəsən mən də eşşək dilini əxz etməyə başlamışdım:
Get anqır, tayını tap,
eşşək otaran!
Telefonda
onun yalnız qəhqəhəsini eşitdim...
27. 06. 19
YUNUS OĞUZ
Olaylar.- 2019.- 29 iyun-1 iyul.- S.9.