Regional proqramlar Daşkəsənin

hərtərəfli inkişafına zəmin yaradıb

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızın bütün bölgələrində uğurla həyata keçirilib və səmərəli nəticələr əldə edilib. İstər Aran, istərsə də dağ rayonlarında regional proqramlar çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib, işlər görülüb.

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edildiyi rayonlardan biri də Daşkəsən rayonudur. Ucqar dağ rayonu olmasına baxmayaraq regional proqramlar çərçivəsində bu rayonda həyatın bütün sahələrində uğurlar əldə edilib, məqsədyönlü tədbirlər həyata keçirilib. Elə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də Daşkəsən rayonunda çoxsaylə tədbirlər təşkil edilib, infrastruktur yaradılıb, yeni iş yerləri açılıb, əhalinin kommunal problemlərinin həlli istiqamətində işlər görülüb. Elə statistik göstəricilərə də diqqət yetirdikdə bunu aydın görmək olur.

Belə ki, 2018-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 191 milyon 918 min manat olub, əvvəlki ilə nisbətən 0,1 faiz, bəzi sahələr üzrə isə  xeyli  artıb. Ümumi məhsul buraxılışında 2018-ci ildə tikinti üzrə 30476,4 min manat (2017-ci illə müqayisədə 3,2 dəfə çox), nəqliyyat üzrə 3181,7 min manat (2017-ci illə müqayisədə 2,2% çox) olub. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib.

Dövlət Proqramları çərçivəsində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir.

Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən   maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının   yaxşılaşdırılmasına   dair   əlavə   tədbirlər  haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında  dəyişiklik edilməsi barədə Sərəncam  imzalayıb, həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin  içməli  su  ilə  təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunub və həmin sahə üzrə müəyyən işlər görülüb. Güneykənd kənd tam,  Daşkəsən  qəsəbə,   Almalı və Şahvələdli kənd  ümumi   orta məktəblərində   yeni  modul tipli məktəb binaları tikilərək istifadəyə verilib,  Gurbulaq kənd  ümumi orta məktəbində isə  modul tipli məktəb binasında tikinti  işləri davam etdirilir.

Daşkəsən şəhər  İ. Nəsimi adına 1 saylı, A. Mürsəlov adına 2 saylı, S.Vurğun adına 4 saylı, Alunitdağ qəsəbə, Qabaqtəpə kənd, Mollahəsənli kənd, Qazaxyolçular kənd tam orta və Tapan kənd ümumi orta məktəblərində, Uşaq Gənclər İdman Şahmat və Uşaq Yaradıcılıq məktəblərində, Xoşbulaq, Yuxarı Daşkəsən və Bayan kənd həkim məntəqələrində təmir işləri aparılıb.

Dövlət Proqramları çərçivəsində rayona kifayət qədər investisiyalar da yatırılıb. Belə ki,  Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 2018-ci il ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülüb. Rayona  investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunub.

İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilmiş, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılmış, bu sahədə  bir sıra layihələr həyata keçirilib. 1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək rayonda müxtəlif sahələrə 7 sahibkar  tərəfindən özəl investisiya qoyulmaqla  layihələrin həyata keçirilməsi üçün  640 min manat investisiya cəlb edilib. Rayona investorların cəlb olunması üçün yerli resursları  nəzərə almaqla  digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə "Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdi. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə  tutulub. Ümumiyyətlə, Dövlət Proqramının icrası bütün rayonlarda  olduğu kini Daşkəsən rayonunun inkişafına böyük təkan verib, Dövlət Proqramında  Daşkəsən rayonu üzrə  həyata keçirilməsi nəzərdə tutulan  tədbirlər  yerinə yetirilib.

Azərbaycan  Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramının həyata keçirildiyi son 15 ildə rayon üzrə ümumi daxili məhsulun həcmi pulla ifadədə 16,3 dəfə artıb.

Dövlət Proqramları çərçivəsində rayonda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra işlər görülüb. Belə ki, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin  15  fevral 2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına  görə   dövlət   tərəfindən  buğda  üçün   hər hektar əkin sahəsinə 90 manat, digər əkinlər üçün isə 50 manat hesabı ilə 2018-ci il ərzində aparılmış əkinlərlə bağlı rayon üzrə 12 nəfərə 482,65 ha əkin üçün 32417 manat məbləğində subsidiya verilib. Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı  fəaliyyət göstərir. Toxumçuluq  təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.

2018-ci  ilin məhsulu üçün 305 hektar sahədə buğda əkilmiş 763 ton məhsul, 59 hektar sahədə isə arpa əkilərək 118 ton məhsul götürülüb.

2018-ci il ərzində rayon ərazisində 1200  hektar sahədə kartof, 59 hektar sahədə kələm, 66 hektar sahədə lobya,  45 hektar sahədə tərəvəz və 101 hektar sahədə yonca əkilib. Əkilmiş sahələrdən 11020 ton kartof, 950 ton kələm,  172 ton lobya və 6 ton tərəvəz bitkiləri istehsal olunub.  Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə  2018-ci il ərzində 269 baş iribuynuzlu  heyvan süni mayalandırılmışdır. Mayalandırılmış heyvanlardan 165 baş bala alınıb. 

"Arıçılıq haqqında" qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq  2018-ci il ərzində də arıçılığın inkişafı üçün  tədbirlər davam  etdirilib. Rayon ərazisində 7791 arı ailəsi vardır. Həmin arı ailələrindən 2018-ci il ərzində 12 ton bal istehsal olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş hər arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 174 nəfər olmaqla 4141 arı ailəsi kodlaşdırılaraq aidiyyəti üzrə sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. Hesabat ilində rayon ərazisində meşə mühafizəsi bərpası və yaşıllaşdırma sahələri üzrə 0,3 ha tinglik sahəsində səpin işləri aparılmış, 4000 ədəd bəzək və gül kolları əkilib.

Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyətinin işə salınması əsas vəzifə kimi qarşıya durur. Bütün bu məsələlərin həlli vəziyyəti Rayon İcra Hakimiyyətinin daimi nəzarətində saxlanılır. "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyətinin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi həll ediləcək və digər qonşu rayonlardan da burada işləməyə gələnlər olacaq. Keçən il  Çovdar Qızıl emalı sahəsi öz fəaliyyətini  aidiyyəti üzrə yeni texnologiyaların  tətbiqi ilə davam etdirib. 2018-ci il 26 dekabr tarixində  həmin sahənin daxil olduğu "AzerGold" QSC-nin rəhbər və işçi heyətinin iştirakı ilə əlvan metalların hasilatı haqqında geniş təqdimat keçirilib. Təqdimat çərçivəsində dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin geologiya və dağ-mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları tərəfindən aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, 2018-ci ildə 45490 unsiya qızıl və 77340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin filiz emal etmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30 faiz azaldılaraq hasilatda keçən ilə nisbətən 33 faiz artıma nail olunub. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.

Hesabat ilində Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də  fəaliyyət göstərərək əhəng daşı istehsalını təmin etdirib. 2018-ci il ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 259900 manat həcmində rabitə xidməti göstərilib.

Zəylik, Qaraqullar, Əhmədli, Yuxarı Daşkəsən, Quşçu, Bayan və Dəstəfur  kənd ATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülüb.

Regional proqramlarım icrası müddətində Daşkəsən rayonunda yol infrastrukturu da da xeyli yaxşılaşdırılıb. Belə ki,  2018-ci il ərzində "31 nömrəli Yol İstismarı" MMC tərəfindən bir sıra işlər görülüb. Belə ki,  yolların  saxlanması və təmiri üzrə 975,4 min manatlıq iş görülüb.  Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulmasında son tamamlama işləri aparılır.

2019-cu ildə Gəncə-Daşkəsən avtomobil yolunun 27 km-dən ayrılan 20 km uzunluğunda Quşçu qəsəbəsi-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 1 mart.- S.15.