“Şor göl”ün döyüşləri

 

1914-1915-ci  illərdə  I Dünya müharibəsi illərində  Rusiya imperatoru II Nikolay (1868-1918) Rusiya  Nazirlər  Şurası tərəfindən (hökumət başçısı İ.L.Qoremıkinin (1839-1917) dövründə)   azərbaycanlı  xeyriyyəçi və Bakı neft milyonçusu,  əslən Əmircan kəndindən olan Ağa Murtuza Muxtar oğlu  Muxtarovdan (1857-1920) çar  ordunun  təminatı üçün maddi yardım istənildikdə o qəti eziraz edir:

- Mən sağ əlimlə pul verib, sol qolumu vurdura bilmərəm...

Və bunula da Azərbaycan xalqının və Azərbaycan dövlətinin  Osmanlı Türkiyəsinin  cahanşümul varlığının qorunmasında göstərdiyi səmimi qardaşlıq münasibətinin ifadəsi kimi ərgən mövqeyini sərgiləmişdir. Məhz bu və bu kimi minlərlə qardaş can yanğısının (və əsirgəməməyin) nəticəsində 1918-1920-ci illərdə mənfur düşmən qüvvələrinin xalqımıza və dövlətimizə qarşı törətdikləri soyqırım-qətliam faciələrinə biganə qalmayan Osnmanlı Türkiyəsinin 3 mindən artıq əsgər və zabit heyəti də öz sinələri ilə Vətənimizin  yaralarına məlhəm olmuşlar.

1918-1920-ci illərdə bolşevik Rusiyasının  daşnak-hay, rus və ingilis-firəng silahlı quldurlarının qüvvəsi ilə Azərbaycanda həyata keçirdikləri qətliam-soyqırım qırğınlarının  (bu siyasət hay-daşnak və kilsə sürüsünün istəyinə uyğun olduğundan onlar əsas qüvvə kimi çıxış edirdilər) qarşısının alınmasında yerli imkanlı şəxsiyyətlərin, din xadimlərinin, el ağsaqqallarının və yerli müdafiə dəstələrinin zəhməti də az olmayıb. Yuxarıda adını çəkdiyimiz A.M.Muxtarov öz vəsaiti hesabına nəinki yerli müdafiəçiləri silah-sursat və digər ləvazimatlarla təmin edib, hətta Böyük Zirə adasında saxlanılan və Qafqaz cəbhəsində əsir düşmüş Osmanlı Türkiyəsinin  əsgər və zabit heyəti üzvlərinin, dinc sakinlərinin əsirlikdən azad edilməsində, yerli müdafiə dəstələrinin hərbi təlimlərində onlardan istifadə olunmasında, uşaqların və qadınların həyat şəraitinin yaxşılaşdırılmasında, daha sonra onların bir hissəsinin Qafqaz cəbhəsinə  göndərilməsində böyük zəhmət çəkmişdir.

Bir cəhəti qeyd edək ki, o illərdə Bakı şəhərində və onun ətraf  kəndlərində yaşayan imkanlı şəxslər nəinki öz  əraziləri ilə kifayətlənmiş, əksinə bölgənin bütün yerlərində müdafiə cəbhəsinin yaranmasına, ümumilikdə bütöv Azərbaycan naminə ümumxalq tədbirlərinin (müdafiə olunmalarının və döyüşlərin təmin edilməsində)  yaxından iştirak etmişlər. Təsadüfi deyil ki, 1905-ci ildə H.Z.Tağıyevin (1838-1924) təşəbbüsü ilə yaradılmış "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" bu sahədə böyük işlər görmüşdür. Eləcə də bu baxımdan Suraxanı kəndində yaşayan Şeyx Əlibəndə, əmircanlı Aslan Kərbəlayi Qədir oğlu (1800-1925), Mirzə Abu Turab Axundzadə (1817-1908), Hacı Salam Əli Heydər oğlu (1855-1960), Məşədi Məhəmmədəli Paşa oğlu (1888-1965), Cəbrayıl və İsrafil Hacı İbrahim oğulları, Hacı  İbrahim  Abbasqulu oğlu (1853-1938), Axund Məhəmməd Hənifə (1870-1931), Mirzə Şəmsi oğlu Əsədullayev (1875-1938)... və başqalarının  ümumxalq səyləri  indi də hörmətlə  yad edilir.

Həmin illərdə yaradılmış Bakı Sovetinin  millətçi quldur S.Şaumyanın rəhbərliyi ilə daşnak haylardan ibarət azğın silahlılarının törətdiyi Əmircan kəndinin (qədim Xilə kəndinin) qətliamları paytaxtdan 12-15 km şərqdə, Şor gölün ətrafında baş vermişdir.  O dövrdə bu kənddə 1000 nəfərədək əhali yaşayır və 100-120 ev vardı.  Əhalisi əsasən əkinçiliklə, heyvandarlıqla, xırda sənətkarlıq və ticarətlə məşğul olub. Bu kəndin cənub və cənub-şərq hissəsində  o vaxtlar  "Mədən yeri" (indiki  "20 yanvar" şəhidləri Zahid  Əliyevin, Şahin  Məmmədovun    Hasil Bayramovun adlarını daşıyan küçələr) adlanan hissədə XIX əsrin əvvəllərində Qarabağdan, XIX əsrin sonlarında Cənubi Azərbaycandan köçürülən 50-yə qədər hay-daşnak ailəsi yaşayırdı(onların sayı sonrakı illərdə 5 minə qədər artmışdır). Onlar  əsasən sənətkarlıqla məşğul olduqlarından və Ş.Əsədullayevin (1840-1913), A.M.Muxtarovun neft mədənlərində işlədiklərindən  Bakı Sovetinin etibarlı kəşfiyyat məlumatları mənbəyi, əlaltıları  rolunu  oynayırdı. Məhz onların məlumatları əsasında həm Əmircan kəndinə, həm də Balaxanı-Suraxanı neft mədənlərinə hücumlar olmuşdur. Daha sonra, hay-daşnak ailələrinin yaşadığı evlər  Mirzə Abu Turab Axundzadənin dini ocağının ətrafında olmuşdur.

Deyilənə görə, quldurlar kəndə daxil olduqda evlərin birində  bir qoca qadınla rastlaşırlar və ondan  soruşurlar:

   -Bəs bizdən qorxmursan ki, evdən getməmisən?

O isə cavabında deyib:

    -Mən bircə Allahdan qorxuram...

Quldurların hücumundan sığınmaq üçün  aprel-may aylarında dinc əhali 15-20 km  aralıdakı Mərəkan bağlarına köçməyə məcbur olmuşdur.

O illəri və hadisələri yaşayan  Ahiyə Xocabəy qızının (1876-1972) dediyinə görə bağa köçən camaat qət etmişdi ki, əgər haylar ora da gəlib çıxsaydı, əsir düşməmək üçün hamı özünü dənizə atacaqdı...

Əmircan kəndinin üstündəki  "Əkin yeri"ndə, "Şor gölü"n üstündə (bu göl sonralar  "Bülbülə gölü"  adlanıb, sahəsi 300 hektardan çoxdur), kənddən 1,5-2 km aralıda  quraşdırılan düşmən toplarınnın atəşi, silahlı quldurların hücumu 100 nəfərədək dinc sakinin amansızlıqla qətlə yetirilməsinə, "Dərə məhəllədə"ki Qoşa minarəli məscidin (A.M.Muxtarovun vəsaiti hesabına 1908-ci ildə məşhur memar Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873-1925) tərəfindən usta Kərbəlayi Əhməd tərəfindən tikilmişdir,  imamı Axund Məhəmməd Hənifə idi) zədələnməsinə, köhnə Xilə kəndində XIV əsrdə Əmir Nizaməddin Fəxrəddin oğlu tərəfindən 1329-1330-cu illərdə tikdirilmiş "Nizaməddin məscidi"nin dağıdılmasına, Ş.Əsədullayevin tikdirdiyi məscidin isə yerlə-yeksan edilməsinə səbəb olub.

Kəndin bu hissəsində, məscidin qonşuluğunda yaşayan  Məşədi  Zöhrab  Baba oğlu (1820-1918), Baloppa Ağarza oğlu (1848-1918)  işkəncələrlə  öldürülüb, evləri isə qarət edildikdən sonra yandırılmışdır.

"Şor göl"ün yaxınlığındak açıq  və ağır döyüşlər olmuş  səngər yerlərindən  "Küyül yeri" (indiki Zülal Tağıyev adına küçə) qanlı savaşlara şahid olub. Düşmənə qarşı mərdliklə  vuruşan kənd sakinlərindən  Musa Hacı Əbdülağa oğlu (1898-2006) sonralar, yəni 1930-cu illərdə 25 il katorqa həyatını yaşayıb.  Onunla birlikdə çiyin-çiyinə döyüşən Cabir Əfşir oğlu (1873-1979), Bəhruz Baləmi oğlu (1879-1919), Sabbar Zeynalov (1884-1957) və  Hacıbaba Əbdülbaba oğlu (1895-1919) həm də Qarabağda və Zəngəzur qəzasındakı savaşlarda iştirak etmişlər. Sonuncu bir həftə  əvvəl  əmircanlı Xədicə Almaz qızı ilə (1902-1968) ailə qurmuşdu, döyüşə yollananda...

Dəstə üzvlərindən  "qorxubilməyən"  Məmmədhəsən Qulaməli oğlunun (1895-1941) sonrakı həyatı da məşəqqətli keçib. Belə ki, o, 1934-cü ildə  "Bakı Komunasına qarşı döyüşdüyünə görə" həbs və uzaq Sibirə sürgün edilmiş, həyat yoldaşı Anaxanım Afşir qızı (1910-1939)  kiçik yaşlı 4 oğlu, 1 qızı ilə Gəncə şəhərinə köçürülmüş və orada vəfat etmişdir.

Əmircan kəndinin səngər yerlərindən "Naxır yeri" və  "Meydan yeri" (indiki Ü.Hacıbəyli və M.P.Vaqif adına küçələrin kəsişdiyi  hissə) də  olub ki, yerli özünü müdafiə qüvvələrinin bir çox döyüşləri orada baş verib. Kəndin bu hissəsində vuruşan  fəal döyüşçülərdən  Nurəddin Şərif oğlu (1886-1964), Cabbar Əlican oğlu (1890-1982), Şirzad Musa oğlu (1879-1919, neft  maqnatı Şəmsi Əsədullayevin  əmisi oğlu), Məşədi Əziz Hüseynəli oğlu (1875-1965), Rəfi Kərim oğlu Rəfiyev (1902-1956)...    olmuşdur.

Bakı şəhərinin ətrafı yaşayış məntəqələri  içərisində  bir sıra strateji üstünlükərə  malik olan  Əmircan kəndində (buradan  keçib Binə, Mərdəkan, Qala, Şüvəlan... kəndlərinə daxil olmaq olar) 1918-1920-ci illərdə baş verən qanlı olaylar  barədə  həm də Səkinə  Xocabəy qızı (1881-1970), Səriyyə Ələsgər qızı (1898-1979) danışmışlar.

Tarixin təkrarlandığını bildirənlər həmişə haqlı olur və bu inkaredilməyən faktlarla sübut olunur. Bu baxımdan bir qisminin (yadda qalanların) adını çəkdiyimiz  əmircanlı el qəhrəmanları keçən əsrin əvvəllərində hay- daşnak və hay- kilsə  quldurlarına qarşı necə igidliklə vuruşmuşsa, əsrin sonunda da eyni hal baş vermişdir - bu dəfə Azərbaycanın Qarabağ bölgəsində. Əmircan kəndinin oğlu Albert Araqun oğlu Araqunov (milliyyətcə yəhudidir)  8 may 1992-ci ildə Şuşa şəhəri uğrunda hay quldurlarına qarşı döyüşlərdə Şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli hərb tariximizə imza atmışdır.

(Yazı Əmircan qəsəbə sakinləri  Rəfiqə Əbdül qızı Rəfilinin (1942) və Çingiz Cabir oğlu Musayevin (1950)   məlumatları  əsasında  işlənilmişdir.)

 

Qismət Yunusoğlu,

Bakı Dövlət

Universitetinin müəllimi   

 

Olaylar. -2019.- 6 mart.- S.10.