Cavad xanın qəbri
haradadır?
Gəncəli Cavad xanın rus
işğalçılarına qarşı əlində silah
vuruşaraq qəhrəmancasına həlak olmasından 215 il keçir.
Azərbaycanlı
müəlliflərin yekdil fikrinə gərə, "Gəncədə I Şah
Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn
olunan Cavad xanın məzarı 1962-ci ildə
yaxınlıqdakı meydanın rekonstruksiyası adı
altında dağıdılıb. Lakin vətənpərvərlər
Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə
qoruyub saxlayıb və artıq 1990-cı ilin 27 martında
öz əvvəlki yerində torpağa tapşırıblar.
Xoşbəxtlikdən, həmişə elmi
axtarışlarda olan Məşədixanım Nemətova
arxivdən Cavad xanın qəbirüstü abidəsinin
foto-surətini tapa bilib. Və təcili olaraq, həmin şəkildəki
məzarın mərmərdən yonulmuş oxşarı
hazırlanıb və onun üzərində gözəl nəstəliq
xətti ilə fars dilində
aşağıdakı sözlər həkk olunub:
"Bu məzarda
Gəncə bəylərbəyisi Qacar tayfasından olan
Ziyadoğlu Cavad xan uyuyur.
...Allahı
tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci
ildə (1804-cü il) öldü. Ondan sonra bu məqbərədə dəfn olundular.
O fatehin nəsli və ailəsi" (Ə.Çingizoğlu. Zyadoğlu-Qacarlar (Ziyadxanovlar).Bakı:2017, səh.152-153).
Bu versiyada şübhə doğuran məqamlar var.
Birincisi,
mərhumun nəşinin qalıqlarını 1962-ci ildən
keçən 28 il ərzində
"qoruyub saxlayan vətənpərvərlər"
kimdir? İkincisi,
həmin şəxslər haradan bilirdilər ki, tezliklə elə
bir gün gələcək ki, Cavad xan azadlıq mücahidi
kimi tanınacaq və qəbri bərpa ediləcək? Və onlar da "gizlətdikləri
qalıqları" bərpaçılara təqdim edəcəklər?
Üçüncüsü, nəşin qalıqlarını
dəfn etmədən haradasa gizləyib saxlamaq günah deyilmi? Dördüncüsü,
1962-ci ildə olmasa da, hal-hazırda DNT analizi ilə həmin nəşin
Cavad xana mənsub olub-olmadığını asanlıqla
müəyyən etmək mümkündür. Nəhayət, beşincisi, Cavad xanın qəbrinin bərpa
edilməsi zamanı mərhum professor M.Nemətovanın istifadə
etdiyi fotoşəkil hansı arxivdə və hansı fondda
saxlanılır? Şəxsən bu sətirlərin
müəllifi həmin şəkli görməyi çox istərdi.
Nəşri
ilə məşğul olduğumuz Kameral siyahıların üzərində
işləyərkən, 1812-ci ildə Qafqazdakı
rus qoşunlarının Ali baş komandanı Markiz
Pauliççinin Qacar qoşunlarının Qafqazdakı Ali
baş komandanı, İran taxt-tacının vəliəhdi
Abbas Mirzəyə yazdığı bir məktub diqqətimizi
çəkdi:
"Markiz
Pauluççinin Abbas Mirzəyə 20 fevral 1812-ci il tarixli, 161 nömrəli məktubu. Yelizavetpol şəhəri.
Gürcüstan və ona birləşdirilən ərazilərin
idarəsinə başlayarkən, Yelizavetpolda mərhum Cavad
xanın ailəsini tapdım. Öz ölkəsinə sədaqətlə xidmət
edən adamlara ehtiram göstərilməsi ənənələrinə
sadiq qalaraq, bu ədaləti Cavad xana da göstərirəm.
Çünki o şəhəri müdafiə
edərkən topun üzərində, əlində silah həlak
olmuşdur. Öz hisslərimin sübutu,
Siz əlahəzrətə olan xüsusi ehtiramımın əlaməti
olaraq Cavadxanın ailəsinə İrandakı malikanəsinə
getməyə və Cavad xanın və oğlu Hüeynqulu
ağanın nəşlərini də özləri ilə
aparmağa icazə verdim" (AKAK, Т. 5, док.167).
1804-cü
il yanvarın 3-də Cavad xan Gəncə
qalasının alındığı gün, rus 17-ci yeqer
polkunun kapitanı Kalovski tərəfindən
öldürülmüş, onun özü isə qala
müdafiəçiləri tərəfindən
öldürülmüşdür (Э.Бабаев.Из
истории Гянджинского ханство. Баку:2003, стр.69).
Markiz
Pauluççi Cavad xanın nəşi və ailəsi ilə
bağlı verdiyi cəsarətli qərarı öz hökumətinə
belə izah etmişdi:
"Markiz
Pauluççinin qraf Rumyantsevə 7 aprel 1812-ci il tarixli, 103 nömrəli məktubu.
Yelizavetpol qalasına baxış keçirərkən,
buraya hücum zamanı öldürülmüş qala sahibi
Cavad xanın ailəsini ‒ onun arvadlarını,
qızlarını və kiçik yaşlı bir oğlan nəvəsini
aşkar etdim.
Onlar 1804-cü ildən qalada xüsusi hərbi nəzarət
altında saxlanılırdılar, İmperator həzrətlərinin
xəzinəsinə böyük və gərəksiz yük
idilər. Mən onları azad edib arzu
etdikləri kimi İrana getmələrinə icazə verdim.
Məni bu cür qətiyyətli qərar qəbul etməyə
vadar edən səbəb heç bir günahı olmayan
qadınların həbsdə saxlanmasının və onlardan
qorxmağımızın bizə yaraşmayan bir hərəkət
olması, xəzinəni lazımsız xərclərdən
azad etmək və Cavad xan ailəsinin İrana getmiş kişi üzvlərinin onlardan imtina etməməsi
oldu. Bu fürsət mənim İran
taxt-tacının varisi Abbas Mirzə ilə əlaqə
yaratmağım üçün fürsət də oldu və
ona məktub yazdım. Yeri gəlmişkən,
Cavad xanın arvadlarından biri ‒ Bacı xanım indiki
Qarabağ xanının qohumlarından birinin arvadı olan
qızının yanında, Qarabağda qalmaq istədi və
ona icazə verdim. İrana gedənlər isə Cavad
xanın arvadı Şükufə xanım, onun
ayrı-ayrı arvadlarından doğulan qızları Xatun bəyimlə
Balaca bəyim, nəvəsi Müsahib ağa, onun anası Tuti
(xanım), Cavad xanın oğlu Uğurlu ağanın
qızı və onların üç qulluqçusudur"(АКАК, Т.5, док.169).
Cavad
xanın ailəsinin İrana getməsini İrəvan Sərdarı
Hüseynqulu xan da təsdiqləyir:
"İrəvanlı
Hüseynqulu xanın Kaxet, Kızık, Araqva knyazlarına, zadəganlara,
ümumiyytlə bütün xalqa 19 may 1812-ci il tarixli məktubu.
...eşitdik
ruslar şayiə buraxıb ki, guya Şahzadə[1]
rusların yanına barışıq üçün
nümayəndə göndərib. Bu, tamamilə yalandır,
belə ki, Markiz[2] yelizavetpollu Cavad
xanın ailəsini Şahzadəyə göndərmiş və
(sülh üçün) xahiş etmiş, Böyük
Şahzadə isə ona bir tacir vasitəsilə cavab məktubu
göndərmişdir. Lakin orada sülh
haqqında heç nə yoxdur"(AKAK, Т. 5, док.422).
Beləliklə, Sərdar Hüseynqulu xanın məktubu
Cavad xanı ailəsinin Markiz Pauluççi tərəfindən
azad edilmiş üzvlərinin artıq İranda olduğunu
göstərir. Abbas Mirzəyə yazdığı məktubda Markiz
Pauliççinin Cavad xanın nəşinin də İrana
aparılmasına icazə verdiyi bildirilir, amma onun Rusiyanın
xarici işlər naziri qraf Rumyantsevə yazdığı məktubda
və Sərdar Hüseynqulu xanın gürcü zadəganlarına
müraciətində Cavad xanın nəşinin İrana
aparılıb-aparılmamasına toxunulmur. Cavad
xanın nəşi İrana aparılıbmı? Fikrimizcə, aparılıb. Çünki əvvəla,
Cavad xanın Abbas Mirzənin yanına gedən ailəsi və
Abbas Mirzənin özü Cavad xanın nəşinin Gəncədə
qalmasına qətiyyən yol verməzdilər, ikincisi isə
rus hökumətinin özü də onun nəşinin Gəncədə
qalmasına razı olmazdı. Çünki Cavad xanın qəbri
yerli əhali üçün ruslara qarşı nifrət
qaynağı ola bildiyindən, onlara
başağrısı gətirə bilərdi.
Bəs Cavad xanın qəbri haradadır? Əgər
Cavad xanın ailə üzvləri Abbas Mirzənin yanına
getmişdilərsə (İrəvan Sərdarının məktubundan
məlum olur ki, Markiz Pauluççi artıq onları
İrana göndərib. Pauluççinin qraf Rumyansevə
məktubundan məlum olur ki,Cavad xan ailəsinin
kişi üzvləri, yəni oğlanları Uğurlu xan və
Əliqulu xan da İranda idilər), Cavad xanın nəşinin
Təbrizə aparıldığı ehtimalı yaranır. Çünki Abbas Mirzə Azərbaycan vilayətinin
hakimi, Təbriz isə onun mərkəzi şəhəri idi.
Ola bilsin ki, Abbas Mirzə onun nəşini Məşhədə
göndərib və İmam
Rzanın məqbərəsinin yanında dəfn etdiruib.Tamamilə
mümkündür ki, onun qəbri başqa bir şəhərdə,
məsələn Qacarlar dövlətinin paytaxtı Tehranda
olsun.
Müraciət etdiyimiz həmin dövrün rəsmi sənədləri,
yüksək mənsəbli şəxslərin, o cümlədən
Cavad xanın özünün məktublarından onun
ölümü ilə nəticələnən hadisələrin
xronikasını öyrənə bilərik. Həmin
dövrə aid sənədlər 1866-cı ildən
başlayaraq Tiflisdə çap olunan "Qafqaz Arxeoqrafiya
Komissiyası tərəfindən toplanan Aktlar" (rusca AKAK)
adlanır.
"Şəmşəddil
haqqında məlumat
Şəmşəddil
mahalında Sultandan başqa 26 tatar ağası və 7 erməni
kovxası var.İndi isə Şəmşəddildə 4
tatar ağası və 1 erməni kovxası qalıb,
qalanları isə Gəncə xanının yanındadır.
Şəmşəddil əyalətinin 33 kəndindən
öz yerlərində Tatlı, Həsənsulu, Göyçəli
kəndinin yarısı, Amurlar kəndinin yarısı,
Bayramlı kəndinin yarısı, Ayrım kəndinin
yarısı qalır. Morul kəndinin ağası 3 ailə
ilə Sultanın[3] yanında qalıb...
Şəmşəddildə qalan kəndlərdə indi
təxminən 400 ailə var, Gəncə xanının
yanındakılar isə 1.900 ailədir. Qalan ailələr
və kəndxudalar indi Həsənsu çayının
yuxarılarındadırlar, Gəncə xanının
yanındakılar isə Şamxor çayının
yuxarı hissələrinə köçüblər.
Kəndxudaların və kəndlərin sakinlərinin Gəncə
xanının yanına getməsi isə Şəmşəddil
kəndxudası Məmmədhüseynlə
bağlıdır, o Şəmşəddil sultanı
olmağa iddialıdır. O, vaxtilə Nəsib Sultanın əməlləri
nəticəsində mərhum çar Georgi tərəfindən
Tiflisdə həbsdə saxlanılırdı. Həbsdən
azad edildikdən sonra məktub yazıb, tərəfdarı
olan adamlarla Gəncə xanının tərəfinə
keçib. Nəsib Sultan bəzən Qazaxdan kömək
alaraq ona müqavimət göstərsə də, Gəncə
xanından qoşun alan Məmmədhüseynə
mane ola bilməmişdir" (AKAK, Т. 1, док.786).
Beləliklə, münaqişənin səbəbləri
aydın olur.
İşin maraqlı tərəfi odur ki,
münaqişə ərazi üstündə deyil, əhaliyə
sahib çıxmaq uğrunda gedirdi. Çünki o
dövrdə əhali çatışmazlığı
mövcud idi, hər bir şəxs vergi ödəyicisi olaraq
çox qiymətli gəlir mənbəyi idi.General-mayor
Lazarevin general-leytenant Knorrinqə 15 mart 1801-ci il
tarixli raportunda bildirilir ki, Cavad xan itaətində olan adamlarla
Şəmşəddil mahalına etdiyi yürüşlərdən,
soyğunçuluqdan əl çəkmir və əhali
müxtəlif yerlərə qaçmağa başlayıb
(AKAK, Т. 1, док.787).
Knorrinq cavab məktubunda Lazarevə yazır ki, tabeliyindəki
hərbi hissə ilə Borçalı mahalına getsin, Qazax
və Şəmşəddil əhalisinin təhlükəsizliyini
təmin etsin, amma yerli əhalini də
öünümüdafiə tədbirlərinə cəlb
etsin (AKAK, Т. 1, док.788).
General
Lazarevinkapitan Taqanova cavab məktubunda haqqında söhbət
gedən hadisələrlə bağlı
tapşırıqlar verəndən sonra deyir ki, Nəsib
Sultana deyin ki, İbrahim xana çatdırsın ki, mən
onun dostluq təklifini yüksək qiymətləndirirəm
(AKAK, Т. 1, док.795).
Burada bir zəruri məlumata ehtiyac var.
İbrahim xanla Cavad xan yaxın qohum idilər. İbrahim xan
Cavad xanın 1740-cı ildə doğulan bacısı Tuti Bəyimlə
evlənmişdi, lakin Tuti Bəyim cavan və varissiz
öldükdən sonra İbrahim xan Cavad xanın başqa bir
bacısı-Xurşid Bəyimlə evlənmişdir. İbrahim xandan sonra Qarabağ xanı olan Mehdiqulu xan
1763-cü ildə bu izdivacdan doğulmuş, 1832-ci ildə
doğulan qızına anasının adını
qoymuşdur. Həmin qız sonradan
Xurşid Banu Natəvan kimi tanıdığımız
şairdir. Beləliklə, Mehdiqulu xanın Cavad xanın
bacısı oğlu olduğunu öyrənirik (AKAK, Т. 6,Ч. 2, стр.905).
Göründüyü kimi, ruslara satılmaq istəyən
İbrahim xan hətta qaynı Cavad xana xəyanət etmiş,
ruslarla yaxınlaşmaq üçün onun əleyhinə
çuğulluq etmişdi. Amma bütün bunlar onuxilas etmədi,
səmimiyyətinə şübhə edən rus zabiti mayor
Lisaneviç onu yaxın adamları ilə birlikdə 1806-ci
ilin iyun ayının 12-də Şuşa
yaxınlığında öldürdü.
Yeri gəlmişkən, İbrahim xanın qızı
Ağabəyim ağa İran Qacarlar dövlətinin
hökmdarı Fətəli şahın həyat
yoldaşı idi. Amma bütün bunların heç biri onun xəyanət
edərək rusların tərəfinə keçməsinə
mane ola bilmədi.
Ardı var
Nazir Əhmədli,
kimya üzrə fəlsəfə doktoru
Olaylar.- 2019.- 12
mart.- S.10.