Regional proqramlar
Şəkidə
uğurla icra edilir
Azərbaycan Respublikası
Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında
keyfiyyətcə yeni mərhələnin başlanğıcını
qoyub. Dövlət proqramlarının icrası xüsusən
bölgələrin inkişafında əhəmiyyətli rol
oynayıb. Sözügedən dövlət proqramları Şəki
rayonunda da uğurla icra edilib. Regional proqramlar çərçivəsində
Şəki-Kiş avtomobil yolu istifadəyə verilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Şəki-Kiş
avtomobil yolunun açılışında iştirak ediblər.
Məlumat
üçün qeyd edək ki, Şəki-Kiş avtomobil
yolunun hərəkət hissəsi sıradan
çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin
hərəkətində problemlər yaradırdı. On yeddi
min nəfər əhalinin yaşadığı iki
yaşayış məntəqəsini birləşdirən
Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan
Prezidentinin Sərəncamına əsasən həyata
keçirilib. Görülən işlər nəticəsində
72 kilometr uzunluğunda olan yol iki hərəkət zolaqlı
olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən
qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası
və 2 metr enində çiyinlər də daxil olmaqla yeni
salınan yol yatağının eni 12 metrdir. Yolboyunca müxtəlif
diametrli suötürücü borular tikilib, zəruri yerlərdə
yol nişanları quraşdırılıb, yol-cizgi və
yolgöstərici xətlər çəkilib, avtobus
dayanacaqları tikilib. Avtomobil yolunun inşası iki
yaşayış məntəqəsi arasında yük və
sərnişin daşınmasının
yaxşılaşdırılmasına imkan verəcək, həmçinin
yerli və xarici turistlərin Kiş kəndinə və
"Marxal" istirahət mərkəzinə gediş-gəlişində
mühüm rol oynayacaq. Azərbaycan Prezidentinin Sərəncamına
uyğun olaraq, Kiş çayı üzərində
körpünün bərpası işləri də
aparılıb. Yeni inşa edilən körpünün uzunluğu
88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir.
Körpünün hər iki tərəfində eni 1,5 metr olan
piyada səkiləri də yaradılıb. Dayaqsız
biraşırımlı körpünün çay
yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə
sel sularının körpüyə zərər
vurmasının qarşısını alacaq. Çayda sel
suları nəzərə alınaraq körpünün təhlükəsizliyini
təmin etmək üçün qabaqlayıcı və
profilaktik tədbirlər həyata keçirilib. Layihə
çərçivəsində çayda su
axınının tənzimlənməsi və
yaşayış məntəqələrini sel sularından
qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma
svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin
hündürlüyü artırılıb, sol sahildə isə
45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa
olunub. Xatırladaq ki, 2016-cı ilin iyulunda yağan leysan nəticəsində
sel suları həmin körpünü uçurmuş, Kiş
kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi
kəsilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi tərəfindən əraziyə cəlb edilən
ağır texnika və canlı qüvvə hesabına
qısa müddət ərzində Kiş çayı üzərində
müvəqqəti yol salınaraq gediş-gəliş bərpa
olunmuşdu. Təbii fəlakətin yol infrastrukturuna
vurduğu ciddi ziyanın aradan qaldırılması və 7
min nəfər əhalinin yaşadığı Kiş kəndini
ətraf yaşayış məntəqələri ilə birləşdirən
yeganə körpünün bərpası üçün
Prezident İlham Əliyev tərəfindən 2016-cı il
avqustun 16-da müvafiq Sərəncam imzalanmışdı.
Son illər
ölkəmizdə həyata keçirilən tədbirlər
sırasında körpələrə və kimsəsiz
uşaqlara göstərilən yüksək qayğı
böyük rəğbətlə qarşılanır.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən
Azərbaycanda bu sahədə dövlət səviyyəsində
proqramlar, layihələr hazırlanaraq həyata keçirilir.
Bu vacib tədbirlər ölkəmizdə ana və
uşaqların sağlamlığının qorunmasına,
uşaq müəssisələrinin fəaliyyətinin
yaxşılaşdırılmasına, bilikli, savadlı,
geniş dünyagörüşünə malik gənc nəslin
yetişdirilməsinə yönəldilib. Dövlət səviyyəsində
həyata keçirilən belə tədbirlərin nəticəsidir
ki, son dövrlərdə uşaq müəssisələri əsaslı
şəkildə yenidən qurulub, regionlarda müasir tələblərə
cavab verən uşaq bağçaları və məktəblər
tikilib. Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə
diqqət və qayğı Heydər Əliyev Fondunun da fəaliyyətinin
prioritet istiqamətlərindən biridir. Təhsil və
uşaq müəssisələrinin maddi-texniki bazasının
təkmilləşdirilməsi, uşaq evlərində
böyüyənlərin gələcəyi, sağlamlıq
imkanları məhdud və kimsəsiz uşaqların
sağlamlıqlarının qorunması ilə bağlı
Fond tərəfindən həyata keçirilən tədbirlərin
çox böyük əhəmiyyəti var. Şəki şəhərində
də Heydər Əliyev Fondu tərəfindən
qarışıq tipli uşaq evi üçün inşa
olunan yeni bina istifadəyə verilib. Açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət
başçısına məlumat verilib ki, Şəki şəhər
qarışıq tipli uşaq evinin Gənclər küçəsində
yerləşən əvvəlki binası 1897-ci ildə şəkili
tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən
şəxsi yaşayış evi kimi inşa olunub və
1930-cu ilədək bu məqsədlə istifadə edilib.
1930-cu ildən həmin binada Şəki şəhər
qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi.
Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə
olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya
imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə
xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə
Heydər Əliyev Fondunun nümayəndələri Şəki
qarışıq tipli uşaq evinin binasının mövcud
şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan
uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə
və asudə vaxtlarının təşkilinin
yaxşılaşdırılması məqsədi ilə Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
tapşırığına əsasən yeni binanın
inşasına başlanılıb. Şəki şəhərində
uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə
ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli
bina inşa edilib.
Binanın
layihələndirilməsi zamanı uşaq evində məskunlaşacaq
uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının
səmərəli təşkili baxımından infrastrukturun
qurulması əsas götürülüb. Eyni zamanda, tikinti
prosesində Şəki şəhərinin memarlıq
üslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə
ki, binanın fasadı və hasar Şəki şəhərinin
memarlıq üslubuna uyğun olaraq üzlük daşlarla
üzlənib. Uşaq evi bütün yaş qrupları
üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf
bölgələri də əhatə edən uşaq evində
hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20
yaşadək 60 nəfər məskunlaşıb. Binada
oğlanlar və qızlar üçün ayrı bölmələrdə
yerləşən, zəruri inventar və avadanlıqla təchiz
edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə
otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı,
emalatxana, idman zalı, həkim və tibb bacısı
otaqları, uşaqların asudə vaxtlarını səmərəli
keçirmələri üçün istirahət
otağı, mətbəx, yeməkxana və camaşırxana
var. Burada, eyni zamanda, məktəbəqədər yaş
qrupları üçün 20 yerlik uşaq
bağçası da fəaliyyət göstərir. Şəki
qarışıq tipli uşaq evinin də yeni binasının
Heydər Əliyev Fondu tərəfindən müasir səviyyədə
inşa olunması bir daha sübut edir ki, Fond bu istiqamətdə
dövlətin icra etdiyi layihələrə sanballı
töhfələr verir. Bu layihənin icrası aydın şəkildə
göstərir ki, humanizm, insani dəyərlərə hörmət,
dinindən, dilindən, cinsindən, yaşından asılı
olmayaraq hər kəsə diqqət göstərmək Heydər
Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən
biridir. Uşaq evinin ərazisində açıq havada min
kvadratmetr sahəsi olan idman meydançası qurulub. O cümlədən
uşaqların açıq havada istirahətini təmin etmək
məqsədilə kölgəliklər və kiçik
yaşlı uşaqlar üçün oyun meydançası
yaradılıb. Ərazidə yaşıllıq zonası
salınıb, müxtəlif meyvə ağacları və digər
ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi
abadlaşdırılaraq asfalt və daş döşənib,
işıqlandırma sistemi quraşdırılıb. Binada
inzibati-təsərrüfat tələblərini ödəyən
zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi,
generator, stabilizator, eləcə də yanğınxəbərverici
və videomüşahidə sistemləri qurulub. Heydər
Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq
avadanlıq və avtobus hədiyyə edilib.
Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Dövlətimiz və xalqımız üçün bu tarixi məsələdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Məhz Ulu Öndərin xidmətləri sayəsində üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul edilib. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayraq Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir. Şəki şəhərində inşaa edilən bayraq muzeyi Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib. Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir. Ölkəmizdə Bayraq muzeylərinin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Belə muzeylərə aid layihələrin bütün bölgələri əhatə etməsi isə yeniyetmə və gənclərimizə yüksək vətənpərvərlik duyğuları aşılamaqla, onlarda dövlət bayrağımıza sevgini daha da artırır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 13 mart.- S.15.