Cavad xanın qəbri haradadır?

 

Əvvəli ötən sayımızda

 

Knorrinq 20 may 1802-ci il tarixli məktubunda Cavad xana yazır ki. bu gün aldığım xəbərə görə oğlunuz Hüseynqulu bəy 500 nəfər silahlı adamla Ayrım kəndinə soxulub soyğunçuluq törətmək istəyib, lakin yerli əhali onları kəndə buraxmayıb. İmperator həzrətlərinin idarəsi altında olan Gürcüstanın bir vilayətinə qarşı olan bu hərəkət dinc qonşuluq münasibətlərinə ziddir. Mən güman edirəm ki, oğlunuz bunu Sizin xəbəriniz olmadan edib və xahiş edirəm ki, onu bu cür hərəkətlərdən çəkindirəsiniiz (AKAK, Т. 1, док.822).

1802-ci ilin sonlarında gürcü əsilli general P.Sisianov general Knorrinqi Qafqazdakı rus qoşunlarını Ali baş komandanı vəzifəsində əvəz etdi. Həmin vaxtdan Rusiya tərəfinin Gəncəyə və Cavad xana münasibəti də dəyişdi. Gəncəni işğal etməyə qərar verən Sisianov Knorrinqin nəzakətli üslubunu sərt bir dilə dəyişdi və işğala bəhanə tapmaq üçün konflikti süni şəkildə qızışdırmaq yolunu tutdu.

Təcavüzkar general işğal üçün hazırlıq tədbirlərini başa çatdırdıqdan sonra Gəncə torpağına girdi. Onun 1803-cü ilin noyabr ayının 29-da Cavad xana göndərdiyi məktub müharibə elanı idi:"Gəncə torpaqlarına girərkən buraya gəlməyimin səbəblərini Sizə elan edirəm. Birincisi və ən başlıcası odur ki, çariça Tamaranın vaxtından Gəncə Gürcüstana tabe olub, sonrakı çarların zəifliyindən Gürcüstandan qoparılıb. Gürcüstanı öz güclü himayəsinə alan Rusiya İmperiyası Gürcüstanın parçalanmasına biganə qala bilməz. İkincisi, mən Gürcüstana yenicə gəldiyim vaxt oğlunuzun amanat qoyulması tələbimə cavab olaraq 6 il bundan əvvəl Rusiya təbəəliyini qəbul etdiyinizi unudub yazdınız ki, İran padşahından qorxursunuz. O zaman rus qoşunları da Gəncə qalasında idi. Üçüncüsü, adamlarınızın qarət etdiyi Tiflis tacirləri də Sizdən qənaətbəxş cavab tədbiri görmədilər və ona görə də bu üç səbəbə görə Avropa ənənələri ilə şəhərinizi almaq üçün qoşunla gəlmişəm. İki sözdən biri ilə cavab verin, şəhəri təslim edirsiniz, yoxsa yox? Sizə aydın olmalıdır ki,  bu cür pis havada qoşunlarımızla sizin mülkünüzə qədər gəlmişiksə, heç bir razılaşmadan söhbət gedə bilməz. Əgər xoşluqla təslim olmasanız, İzmail, Oçaqov,  Varşava və başqa şəhərlərin başına gətirilən acı taleyi yaşayacaqsınız. Əgər sabah günortaya qədər cavab almasam, döyüş başlayacaq və Gəncəni qılıncdan keçirib ona od vurmağıma şahid olacaqsınız" (AKAK, Т. 2, док.1172).

Gəncəyə hücuma keçən P.Sisianov Qazax və Şəmşəddil sultanlıqlarının hərəsindən 300. Borçalıdan isə 100 nəfər atlı döyüşçünü də özü ilə gətirmişdi, amma onlara  çox pis münasibət göstərirdi.

"Etibarsızlıqlarına görə şöhrətli rus qoşunları ilə birgə vuruşmağa layiq olmayan tatar süvarilərinə şəhərin və ya bağların ətrafında mühasirə həlqəsi yaratmağı əmr etmişdilər.  ...Düşmənin kökünü tamamilə kəsənə qədər şəhəri yağmalamaq qadağan olunmuşdu" (Н.Дубровин. История войны и владычество русских на Кавказе. Т.4. Деятельность князя Цицианова в Грузии. СПб:1886, стр.146-147).

N.Dubrovinin sonuncu cümləsi göstərir ki, şəhər sakinlərini qırğına məruz qoyandan sonra qaniçən işğalçılar şəhəri həm də yağmalamış, əhalini soymuşlar.

"Qaladakı ən böyük topun üstünə çıxan Cavad xan şiddətlə vuruşaraq topun üstündə də həlak oldu (П.Зубов.Подвиги русских воинов в странах Кавказских с 1800 по 1834 год. Т.1, Ч.1. Спб:1835, стр.49-50).

"Günorta artıq hər şey sakitləşmişdi, bütün küçələr meyitlərlə örtülmüşdü.

... şəhərin bir yerində qan sel kimi axdı. 500-ə yaxın tatar məscidə toplaşmışdı ki, qaliblərə təslim olsunlar, lakin bir erməni əsgərlərimizə dedi ki, onların arasında bir neçə Dağıstan ləzgisi var. Ləzgilərin adının çəkilməsi məsciddəkilərin hamısının öldürülməsi üçün bir işarə oldu" (Н.Дубровин. История войны и владычество русских на Кавказе. Т.4. Деятельность князя Цицианова в Грузии. СПб:1886, стр.146-147).

P.Sisianova görə, Gəncə qalasının alınması zamanı 1.500 adam öldürülmüşdü, yaralanların sayı isə bilinmirdi. Tarixçi P.Zubov  öldürülənlərin sayının 1.750 olduğunu bildirir.

Cavad xanın böyük oğlu Uğurlu xan İmperator I Aleksandra göndərdiyi məktubda Gəncə qalasının alınması zamanı atasının və qardaşının, iki əmisi oğlunun, bir neçə başqa yaxın qohumunun, Gəncə sakinlərindən isə  3.700 nəfərin öldürüldüyünü yazır (АКАК, Т.2, док.1188).

P.Sisianov Qafqazın mülki qubernatoru Kasparova 1804-cü ilin 8 yanvarında göndərdiyi məktubda etiraf edir ki, nə Gəncəni ən ciddi şəkildə mühasirədə saxlamağım və bir aydan sonra onun susuz və odunsuz qalması, nə şəhərin təslim edilməsi haqqında 5 dəfə təkrar etdiyim tələbim, nə də şəhərin sahibi kimi qalaraq Rusiyaya xərac ödəməsi kimi xana etdiyim sonuncu təklifim Cavad xanın inadkarlığının və qızğınlığının qarşısını ala bilmədi (АКАК, Т.2, док.1182).

İmperator Aleksandr Sisianova göndərdiyi 5 fevral 1804-cü il tarixli reskriptlə Gəncəni aldığına görə onu tərifləyir, Cavad xanın sağ qalan oğlanlarını Kərim bəydən tələb etməsini bəyənir və onları Rusiyaya sürgün etməyi tapşırır. Hakimiyyətini möhkəmlətməklə məşğul olan Baba xanın[4] başının qarışmasından istifadə edərək Kür və Araz çayları ilə suvarılan ərazilərin, Xəzər dənizinin qərb tərəfindəki torpaqların işğalını məsləhət görür (АКАК, Т.2, док.1186).

I Aleksandrın reskripti Cənubi Qafqazın işğalına yol açan səbəblər arasında mərkəzi Tehran hakimiyyətindəki çəkişmələrin də ciddi rol oynadığını görürük. Ağaməhəmməd Şah Qacarın 1797-ci ildə Şuşada öldürülməsindən sonra taxt-tac uğrunda mübarizədə onun qardaşı oğlu Baba xan qalib gəlsə də, torpaqların müdafiəsi zəifləmiş, təcavüzkar Rusiya bu əlverişli məqamdan yararlanmışdı.

İmperator 20 fevral 1804-cü il tarixli başqa bir reskripti ilə Sisianovun xan ailəsinin bəzi üzvlərinə təqaüd təyin edilməsi haqqındakı təkliflərini bəyənir. Cavad xanın arvadları Bəyim xanımla Şükufə xanımın hərəsinə ildə 1.200 rubl, gəlinləri Nisa bəyimlə Zeynəb xanımın hərəsinə 600 rubl, xanın qızı Xanıma isə 300rubl, cəmi 3.900 rubl təqaüd təyin edilir. Üzə çıxacaqları halda Cavad xanın oğlanlarına da təqaüd təyin edilməsi üçün Sisianova təklif verməsi tapşırılır, hazırda Dağıstanda olan Şəmsi Bəyim üçünsə onun qardaşı Qazıqumuqlu Surxay xanın xahişhamə göndərəcəyi bildirilir (АКАК, Т.2, док.1187).

P.Sisianov İcra Ekspedisiyasına 3 mart 1804-cü ildə göndərdiyi məktubda sevinclə xəbər verir ki, İmperator onun təklifini qəbul edib və Gəncə şəhəri bundan sonra İmperatorun arvadının şərəfinə Yelisavetpol adlanacaq, bütün sənədlərdə, yazışmalarda o cür yazılsın (АКАК, Т.2, док.1194).Göründüyü kimi,gürcü əsilli general təkcə Gəncənin müdafiəçilərini deyil, Gəncənin özünü də cəzalandırırdı. Sanki gürcülərin əsrlər boyu türklərin idarəsi altlnda yaşamasının heyfini qəddar bir şəkildə Gəncədən və gəncəlilərdən alırdı...

Cavad xanın böyük oğlu Uğurlu xan və kiçik oğlu  Əliqulu xan Gəncədən kənarda olduqlarına görə sağ qaldılar, amma yanında olan, 1781-ci ildə doğulmuş Hüseynqulu ağa da onunla birlikdə həlak oldu. Hüseynqulu ağa Cavad xanla düşmənçilikedən Nəsib Sultanın qardaşı qızı Zeynəb xanımla evlənmişdi və onun ölümündən sonra doğulan oğluna onun adını qoymuşdular. Hüseynqulu ağanın 1799-cu ildə anadan olan oğlu Müsahib ağa adlı başqa bir oğlu da vardı.

Hüseynqulu ağanın oğlu Hüseynqulu ağa Göyçə mahalının Zod kəndinin kəndxudası Vəli ağanın qızı Böyük xanımla evlənmiş, Göyçə mahalında yaşamış və yaşadığı kənd onun adı ilə Hüseynquluağalı kəndi adlandırılmışdır. (Sovet hakimiyyətinin vaxtında kəndin adını dəyişib Nərimanlıqoymuşdular).

İrəvanı işğal etməyə gələn general Paskeviçin 27 iyun 1827-ci ildə Rusiyanın xarici işlər naziri qraf Nesselroda yazdığı məktubda İkinci Hüseynqulu ağadan da bəhs edilir. Paskeviç yazır: "Gəncə xanının nəvəsi Hüseynqulu  ağanın göndərdiyi adamlar da yanıma gəldilər. Onların mənə verdiyi məktubda ağaları yazırdı ki, əsirliyimizdə olan əmisi Uğurlu xanla humanist rəftarımız barədə eşidib və soruşurdu ki, Rusiyanın xoş məramından özü üçün nə gözləyə bilər? Mən onu ruhlandıran tərzdə cavab verdim" (АКАК, Т.7, док.512).

Paskeviç həmin məktubunda daha sonra yazır: "Mən dağlara məktublar göndərib oralarda yaşayan ağaları Arpa çayı yaxınlığında təşkil etdiyim qurultaya dəvət etdim. Cavad xanın nəvəsi Hüseynqulu ağa da başındakı böyük bir dəstə ilə yanıma gəlib ya onu qulluğa qəbul etməyimi, ya da tabeliyindəki 100 ailə ilə Gəncədə yaşamağına icazə verməyimi xahiş etdi. Mən xoş sözlərlə onun hər iki təklifindən boyun qaçırtdım və məsləhət gördüm ki, əvvəlki yerində qalıb itaəti altında olanların qayğısına qalsın" (АКАК, Т.7, док.512).

Xəyanət edənlərin arasında Cavad xanın nəvəsini görmək, əlbəttə ağırdır. Yuxarıda qeyd etdiyimiz kimi P.Sisianov 1804-cü il yanvarın 3-də babası Cavad xanla birlikdə onun atası Hüseynqulu ağanı da öldürmüşdü.

Göyçə mahalının 1831-ci ildə tərtib edilmiş kameral təsvirində onun adı bu cür qeyd edilmişdir:

"GÖYÇƏ MAHALININ KAMERAL TƏSVİRİ. 1831-ci il.

№ 42.YELLİCƏ kəndi.

Qarapapaq tayfası.

Bu kənd Zod kəndinin yuxarısında yerləşir.

1.Hüseynqulu ağa Hüseynqulu ağa oğlu 30 yaşında; onun arvadı və iki qızı" (Göyçə mahalının  Kameral təsviri (Tərcümə, tərtib və ön sözün müəllifi N.Əhmədli). Bakı:2017,səh.73).

Aşağı Keyti kəndinin əvvəlki sakinləri ‒ millilər 1834-1835-ci illərdə Vedibasar mahalına köçdükdən sonra Yellicə kəndinin sakinləri həmin kəndə köçüb oranı kəndxudalarının adı ilə Hüseynquluağalı adlandırmışlar.

Hüseynqulu ağanın yaşı burada 3 il artıq göstərilib. 1804-cü ildə doğulduğuna görə, 1831-ci ildə 27 yaşında idi.

Uğurlu xan 1826-cı ildə Gəncədə Ziyadxan oğullarının hakimiyyətini bərpa etməyə nail olsa da, hakimiyyəti cəmi 2 ay sürmüş, Gəncəni yenidən ələ keçirən ruslara əsir düşmüşdür. İbrətamiz haldır ki, Gəncə üsyanı baş verdikdə şəmşəddillilər də gəncəlilərin tərəfinə keçmişdilər (В.Потто. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т.3. Персидская война 1826-1828 г. Изд. 2-ое. СПб:1888, стр.102).

Uğurlu xan əsir vaxtı Stavropolda yaşamış, Türkmənçay müqaviləsi bağlanandan sonra əsirlərin mübadiləsi zamanı 1828-ci ildə azad edilmiş və İrana getmişdir (В.Потто. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т.3. Персидская война 1826-1828 г. Изд. 2-ое. СПб:1888, стр.102).

Gürcü əsilli qəddar və təkəbbürlü rus generalı P.Sisianov Cavad xandan cəmi 2 il artıq yaşadı.

 

Ardı var

 

Nazir Əhmədli,

kimya üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2019.- 13 mart.- S.10.