Cavad xanın qəbri haradadır?

 

Əvvəli ötən saylarımızda

 

Cavad xanla qohum olsa da, Gəncə qalasının alınmasında Borçalı və Qazax türkləri ilə Sisianovun cəbhəsində yer alan Nəsib Sultanın aqibəti də faciəli oldu. General Sisianovun ona göndərdiyi 11 avqust 1805-ci il tarixli əmr bu baxımdan olduqca ibrətamizdir. Bütün nəzakət qaydalarını və Nəsib Sultanın şərəfini ayaq altına atan bu qudurğan gürcü ona yazır: "Məktubunu aldım və səndən soruşuram, harada görüb və ya eşitmisən ki, nökər öz ağası ilə məktublaşsın və söhbət üçün onun yanına adam göndərsin? Bəlkə fikirləşirsən ki, indi də Cavad xanın dövrüdür ki, bu cür hərəkət edə biləsən? ...Yazırsan ki, bütün baş verənləri general Vyazemskiyə yazmısın. Bu barədə sənə deyim ki, o general da sənin tayındır ki, ona o cür yazmısan, başqa generala o cür yaza bilməzdin" (АКАК, Т.2, док.1135).

Ölümündən bir ay qabaq, 1806-cı il yanvarın 10-da P.Sisianov Cəfərqulu xan Xoyluya göndərdiyi məktubda yazırdı: "Əgər siz daha çox xidmət göstərmək istəyirsinizsə, bir vasitə ilə bütün şəmşədilliləri, xüsusilə Nəsib Sultanı yanınıza çağırın və general-mayor Nesvetayevə xəbər verin, öz hərbi hissəsi ilə gəlib onların hamısını həbs etsin. İnanmadığım boş vədlərinizlə yox, bu əmrimi yerinə yetirmənizlə həqiqi xidmət göstərmiş olacaqsınız; lakin bir daha təkrar edirəm, mən başqa yollarla da onları tutacağam və onları bağışlamağa söz vermirəm və bunu bacarmaram, çünki mən ona görə buraya rəis qoyulmuşam ki, cinayətkarları və xəyanətkarları Rusiya qanunları ilə cəzalandırım və İmperator Həzrətlərinin müqəddəs iradəsini yerinə yetirim;buna görə də  əgər bacarırlarsa, yaxşısı odur ki, qoy onlar mənə pislik etsinlər, mən isə onları bağışlamayacaq və bütün zamanlarda onlara daha artıq pisliklər edəcəyəm" (АКАК, Т.2, док.1146).

Əgər təxminən 1 ay sonra, fevral ayının 8-də Qoşa Qala qapısınınn önündə bakılılar bu quduz generalı öldürməsəydilər, şəmşəddilliləri hansı faciələrin gözlədiyini Allah bilir!

Əvvəlcə şəhər ağsaqqalları Bakı qalasının açarlarını şəhərin yarım verstliyində ona təslim etsələr də, təkəbbürlü gürcü açarları qaytarıb tələb etdi ki, şəxsən Bakı xanı Hüseynqulu xan özü açarları ona təqdim etməlidir. Və onun bu yekəxanalığı həyatı bahasına başa gəldi. Bakılılar Sisianovu və onu müşayiət edən digər general Eristovu Qoşa qala qapısının önündə öldürdülər. Onun başını və qolunu kəsib Ərdəbilə, oradan isə paytaxt Tehrana göndərdilər. Meyidini isə qala divarının önündə dəfn etdilər. General Bulqakov Bakını alandan sonra onun qalıqlarını buradakı erməni kilsəsində dəfn etdirdi, 1811-ci ildə isə məqalənin əvvəlində haqqında söhbət açdığımız Markiz Pauluççi onun başsız və qolsuz qalıqlarını çıxartdırıb Tiflisə göndərdi və noyabrın 27-də oradakı Sion monastrında dəfn etdilər (В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887,стр.347).

Göründüyü kimi, italyan əsilli, zadəgan və aristokrat Markiz Pauluççi general Sisianovun nəşini Tiflisə göndərəndən 3 ay sonra, 1812-ci ilin fevralında Cavad xanın nəşinin İrana aparılmasına icazə vermiş və bu barədə həm Abbas Mirzəyə, həm də Rusiyanın xarici işlər naziri qraf Rumyantsevə məktub yazaraq məlumat vermişdir. Beləliklə, Cavad xanın nəşinin İrana aparılmasını  baş vermiş fakt saymalıyıq.

Əli on minlərlə günahsız insanın qanına batan general P.Sisianov Bakı səfərinin sonuncu olacağını sanki duymuşdu. Yürüşdən bir neçə gün əvvəl dostu V.Zinovyevə yazmışdı: "Hökmdarımız mənə qarşı mərhəmətlidir və məni öz yanına aparmağa söz verib. Dua elə ki, sağ-salamat gəlib çıxım. Mən sənə hündür boylu, gözəl yerişli, Zahid xan adlı gözəl bir at da gətirəcəyəm. Əgər mən burada ölsəm və ya öldürülsəm, vəsiyyətimə görə o Sizə çatacaq"(Yenə orada, s.341).

General Ladınskinin verdiyi məlumata görə, knyaz Sisianov Bakıya hərbi səfərə çıxmazdan qabaq xeyli müddət Gəncədə yaşamalı olur. Bir it hər gecə onun yaşadığı evin damına çıxıb dəhşətli səslə ulayırmış. Onu öldürürlər, lakin onu başqa bir it əvəz edir və onu da öldürürlər. Neçəsini öldürsələr də hər dəfə yeni bir it onun damına çıxıb ulayır və onun canına qorxu salıb yatmağa qoymurmuş. Onda Sisianovun əmri ilə Gəncədəki bütün itləri güllələyirlər(Yenə orada, s.342).

Sisianov 1806-cı ilin fevralında Gəncədən Bakıya gəlir və öldürülür...

Görünür, öldürtdüyü itlərin vasitəsilə əcdadları onun ölümünün yaxınlaşdığını xəbər verirlərmiş və Sisianov da əcəlinin çatdığını hiss edibmiş...

Rusiyaya itaətini bildirən, 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsi ilə  onun təbəəliyinə keçən Qarabağ xanı İbrahim xan Sisianovun öldürülməsindən 4 ay sonra, 1806-cı il iyun ayının 12-də ailəsi ilə birlikdə mayor Lisaneviç tərəfindən  gülləbaran edildi.

Müsəlman sultanlıqlarındakı mövcud idarəetmə tərzi Qafqazın yeni hakimi Yermolovu qane etmirdi. İdarəçilik Qacarların vaxtında olduğu kimi yerli müsəlmanların əlində idi, hər bir mahala bir rus pristavı təyin edilmişdi və o çox şeyə müdaxilə etmirdi. Yermolovun fikrincə, yerli ağaların əlində çox geniş səlahiyyətlər vardı və əslində onları xırda xanlar adlandırmaq olardı. O, yerli ağaları zəiflətmək üçün torpaq islahatı da apardı və ən nüfuzlu ağanın yanında bir neçə ailənin qalmasına razılıq verməklə, qalan torpaqları ağalardan alıb kəndli ailələrinə payladı. Yeni vəziyyət təbii ki, ağaları narazı saldı və əhali bu hadisələrin hansısa bədbəxtliklərin başlanğıcı olduğundan qorxuya düşüb ağaların əvvəlki hüquqlarını qaytarmağı tələb etdilər.

Yermolovun casusları xəbər verdilər ki, yaylağa çıxandan sonra Şəmşəddil sultanı Nəsib sultan və Qazax mahalının rəisi Mustafa ağa tabeliklərində olan əhalini də götürüb İrana qaçmağa hazırlaşırlar Yermolov qazaxlı Mustafa ağanın da, Şəmşəddil sultanı Nəsib Sultanın da həbs edilməsini əmr etdi. 1819-cu il may ayının 9-da knyaz Mədətov onları Gəncə (Yelizavetpol) şəhərinə çağırıb hər ikisini  həbs etdi və Tiflisə göndərdi. Bu hadisə yerli əhaliyə həddindən artıq ağır təsir etdi, xüsusən şəmşəddillilər Nəsib Sultanın həbs edilməsi ilə barışa bilməyib deyirdilər ki, biz hər şeyə görə ona borcluyuq. Nəsib Sultan buraxılmasa, əkin zəmilərini məhv edib, evlərini və bağlarını yandırıb, başlarını götürüb İrana gedəcəkləri ilə hədələyirdilər. Qadınlar vay-şivən qoparır, ağı deyirdilər. Milliyətcə rus olan pristavlar da Yermolova məktub yazıb Nəsib Sultanı Rusiyaya sürgünə göndərmək fikrindən daşındırmağa çalışsalar da, nəticəsi olmadı.Yermolov iğtişaş baş verəcəyi halda yerli əhalini topa tutub süngüyə keçirməklə hədələdi (В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887,стр.657-668).

General-leytenant Velyaminovun podpolkovnik Tixotskiyə 17 iyun 1819-cu ildə yazdığı  məxfi məktubda Nəsib Sultanın 5 gün qabaq, yəni iyunun 12-də artıq sürgünə göndərildiyi bildirilir (АКАК, Т.6, Ч.1, док.1049).

Sürgünə göndəriləndən sonra Nəsib Sultanın taleyindən xəbər yoxdur.

1806-cı ildə İbrahim xanı ailəsi ilə gülləbaran edən mayor Lianeviç 1825-ci ildə Şimali Qavqazda general-leytenant rütbəsində qulluq edirdi. Həmin illər Şimali Qafqazda müridizm hərəkatının vüsət aldığı illər idi. 1825-ci ildə Çeçenistanda Bəybulatın rəhbərliyi ilə üsyan baş verdi.Üsyançılar Əmirhacıyurddakı rus qarnizonunu ‒ 43-cü yeqer polkunu  məhv etdilər. Aksay şəhərinin kumık sakinləri oz rəisləri Musa Xasayevə itaətsizlik göstərib Bəybulata qarşı vuruşmaqdan imtina etdilər və onların çoxu Bəybulatın tərəfinə keçdilər. Üsyançılar Gerzul aulundakı rus qarnizonunu mühasirəyə aldılar və burada 5 gün şiddətli döyüşlər getdi. Qarnizonun mühasirədə olduğu haqqında xəbər alan general Lisaneviç və general Qrekov ona köməyə gəldi və qarnizonu xilas etdilər. Hər iki tərəfdən böyük itkilər verilmişdi.

Bütün qulluğu dövründə həddindən artıq qəddarlığı və qaniçənliyi ilə seçilən general Lisaneviç dağlılara dərs vermək və gözlərinin odunu almaq üçün iyulun 18-də Gerzel aulunun və ətraf kənlərin əli silah tutan bütün kumık əhalisini, 318 adamı  meydana toplayıb üsyançıların verilməsini onlardan tələb etdi. Burada üsyançılara rəğbəti olanlardan başqa, neytral mövqeli adamlar, hətta Rusiya tərəfdarları da var idi. O, meydana toplaşanları ağır sözlərlə söyüb hədələyirdi. Türk dilində sərbəst danışdığına görə qumıklarla  tərcüməçinin köməyi olmadan davranırdı. Sonra cibindən çıxartdığı siyahıda adları göstərilənlərin irəli çıxmasını əmr etdi. Lisaneviç onları həbs etmək və cəzalandırmaq istəyirdi. Adı çağrılanlardan 2 nəfər hətta irəli çıxmışdı. Lakin çalmalı, yaşıl əbalı, kəmərinə xəncər taxan məğrur baxışlı Molla Uçar irəli çıxmadı. Lisaneviç onun adını təkrar oxusa da Molla Uçar yenə irəli çıxmadı. Hadisəni təsvir  edən tarixçi V.Potto yazır ki, hadisə tərcüməçi Sokolov onun qolundan yapışıb irəli çıxartmaq üçün cəhd edəndə baş verdi, lakin başqa mənbələrə görə quduz Lisaneviç Molla Uçarı şillə ilə vurduqda Molla Uçar xəncərini çəkib onun sinəsinə soxdu. Uçar Lisaneviçə kömək üçün irəli atılan general Qrekova da 2 xəncər zərbəsi yetirib öldürdü. Satqın Musa Xasayevi də öldürmək istərkən, Uçarı qılınc zərbəsi ilə yaralayıb güllə ilə öldürdülər. Hələ sağ olan Lisaneviç əsgərlərə hamının öldürülməsini əmr etdi. Əsgərlər qapıları bağlayıb hamını, silahsız və heç bir günahı olmayan bu insanları, gözlərinə görünənləri, o cümlədən 3 gürcünü və bir neçə kazakı da öldürdülər. Heç kim sağ qurtarmadı.

Yaralanmış Lisaneviçi Qroznıya qospitala apardılar, amma bir neçə gündən sonra öldü. Uçarın xəncəri onun ciyərini deşib keçmişdi.

Lisaneviç 1804-cü ildə Gəncə qalasının alınmasının fəal iştirakçısı olmuş və orada da günahsız və silahsız insanların qanını axıtmışdı. 1815-ci ildə Qafqazı tərk edən Lisaneviç 1825-ci ilin martında yenidən Qafqaza göndərilmiş, amma burada Ali baş komandan olan başqa bir qəddar general ‒ Yermolov tərəfindən soyuq qarşılanmışdı. Lisaneviç ölümqabağı polkovnik Soroçanla Yermolova bir ismarış göndərmişdi: "Yermolova deyin ki, mən kasıb adamam, hökmdarıma 30 il qulluq etdim, amma sərvət toplamadım, yetim qalan uşaqlarımı və arvadımı taleyin ümidinə buraxmasın, onda rahat ölə bilərəm" (В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887, стр.154-165).

Lisaneviç Molla Uçarın xəncərindən 1825-ci il iyul ayının 18-də aldığı ölümcül yaradan 6 gün əzablar içərisində qovrularaq öldü. Bu zaman 48 yaşında idi.

Qriboyedov onun haqqında yazmışdı ki, Lisaneviç cəsur, lakin ləkəli adam idi, qəhrəmancasına öldü, amma mənasız yaşadı.

Molla Uçarın adını Uçar-Hacı kimi verən Con Baddeli adlı müəllif onu vuranın və ilk öldürülənin general Qrekov olduğunu yazır (Дж.Баддели.Завоевание Кавказа рускими. 1720-1860. Москва:2013, стр.123-124).

Cavad xanın, Nəsib Sultanın və başqalarının haqqındakı ibrətamiz hekayəmiz burada başa çatır.

Cavad xanın qəbrini isə, fikrimizcə İranda axtarmaq lazımdır.

Müəllifin  bu barədəki tədqiqatları davam edir.

 

Nazir Əhmədli,

kimya üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2019.- 14 mart.- S.10.