Regional proqramlar əhalinin su təchizatının
yaxşılaşdırılmasında mühüm rol oynayıb
Artıq 15 ildir ki, uğurla həyata
keçirilən Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramları çərçivəsində
görülən mühüm işlərdən biri də
bölgələrdə əhalinin içməli suya olan tələbatının
ödənilməsi istiqamətində həyata keçirilən
tədbirlər olub. Ümumiyyətlə, bu
proqramlar çərçivəsində ayrı-ayrı şəhər
və rayonların su təchizatı və kanalizasiya sistemləri
yenidən qurulub, regionlarda içməli suya olan tələbatın
ödənilməsi istiqamətində lazımı tədbirlər
həyata keçirilib.
Belə ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə
edən Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət proqramlarına
uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması üzrə böyük layihələr
həyata keçirilib və hazırda icra olunan sayca
dördüncü Dövlət Proqramı çərçivəsində
işlər davam etdirilir. Ötən dövrdə dövlət
investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən
cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə
içməli su və kanalizasiya layihələri icra olunub,
artıq 12 şəhərdə işlər yekunlaşıb,
digər 28 şəhərdə isə davam etdirilir.
Görülmüş işlər nəticəsində
bu şəhərlərdə 480 min nəfər içməli
su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş
qaydada su alanlardır.
Dövlət Proqramları çərçivəsində
2014-cü ildə həyata keçirilən ən
böyük layihə Kür sutəmizləyici
qurğularından Sabirabad və Saatlı şəhərlərinə
qədər çəkilən magistral su kəmərinin
tikintisi olub. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral
kəmərin inşası 8 aya başa
çatdırılıb.
Regional proqramlar çərçivəsində Mingəçevir
şəhərində də su təchizatı və
kanalizasiya sistemlərinin tikintisi ilə bağlı
mühüm işlər görülüb. Bu məqsədlə
Dövlət Proqramı çərçivəsində Mingəçevir
şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr
kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası
tikilib, şəhərin əsas küçə və
prospektlərində tikinti işləri qısa müddətdə
yekunlaşıb.
2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin
tikintisi tam başa çatdırılıb, 4900 mənzildə
smart sayğac quraşdırılıb və şəhər
sakinləri fasiləsiz su ilə təmin olunublar.
Dövlət
Proqramında içməli sudan əziyyət
çəkən kəndlərdə də layihələrin
icrası nəzərdə tutulub ki, bu istiqamətdə də
ötən illər ərzində xeyli işlər
görülüb. Belə ki, düşmən
mövqelərindən bir neçə yüz metr məsafədə
yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin
içməli su problemi öz həllini tapmıb. Eyni
zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd
rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə,
həmçinin Ağcabədidə Laçın rayonundan
olan məcburi köçkünlərin
yaşadığı ərazilərə su xətləri
çəkilib. Bundan başqa Balakən, Zaqatala, Qazax,
Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar,
Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində
də işlər görülüb, nəticədə 35 min
nəfərin su təminatı yaxşılaşıb.
Dövlət Proqramları çərçivəsində
Şirvan şəhərinin Yeni Yaşayış massivində
49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan
kəmərindən əraziyə magistral xətt çəkilib. Ümumiyyətlə, Dövlət Proqramının
icrasının birinci ilində "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
regionlarda ümumilikdə 832 kilometr magistral və
paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və
şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası
tikilib, 50 min ədəd smart sayğac
quraşdırılıb.
2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramlarına uyğun olaraq isə
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması sahəsində böyük işlər
görülüb. Dövlət büdcəsi vəsaiti və
beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər
hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi
əhatə edən layihələr üzrə işlər
icra olunub. Regionlarda həyata keçirilən
layihələr hazırlanarkən əhali artımı, sənayenin
inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər
amillər əsas götürülüb. Proqramın
icrası müddətində Bakı şəhəri və
Abşeron yarımadasının su təminatında müstəsna
əhəmiyyət daşıyan, memarı ulu öndərimiz
Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri
tikilərək istifadəyə verilib. Bu kəmərin
istifadəyə verilməsi ilə Bakı şəhərinin
su təchizatında stabillik təmin edilib, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli
dərəcədə artıb. Bunun nəticəsində
Kür sutəmizləyici qurğularından Abşeron
yarımadasına verilən suyun həcminin azaldılmasına
və yaranan əlavə ehtiyatın su təchizatı zəif
olan bölgələrə yönəldilməsinə imkan
yaranıb. Kür sutəmizləyici
qurğularının imkanlarından istifadə edilməklə
Saatlı və Sabirabad şəhərlərinin, həmçinin
36 kəndin su problemi də öz həllini tapıb.
Dövlət Proqramı çərçivəsində
Saatlı və Sabirabad şəhərlərini su ilə təmin
edəcək uzunluğu 65 kilometr olan magistral kəmərin
inşasına başlanılıb. Bu layihənin
icrası nəticəsində Saatlı və Sabirabad
rayonlarının ümumilikdə 100 mindən artıq sakini
keyfiyyətli su ilə təmin ediləcək.
Regionlarda həyata keçirilən böyük layihələrdən
biri Mərkəzi Aran bölgəsini əhatə edən,
Girdimançayın yatağında yerləşən
Külüllü su mənbəyi layihəsidir. Ucar, Zərdab, Kürdəmir,
Ağsu şəhərlərini, həmçinin 67 kəndi əhatə
edən layihə çərçivəsində məhsuldarlığı
saniyədə 500 litr olan suqəbuledici qurğu tikilib, buradan
Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə
ümumilikdə 170 kilometr uzunluğunda magistral kəmərlər
çəkilib 4 şəhərin hər birinə içməli
suyun verilməsi təmin edilib. Bu layihə tam
başa çatdıqdan sonra 170 mindən artıq əhali su
ilə təmin ediləcək.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları çərçivəsində cənub bölgəsində
yerləşən yaşayış məntəqələrinin
su təchizatı üçün mənbə kimi Xanbulan və
Viləşçay su anbarları seçilib. Xanbulançay dəryaçası
yaxınlığında Lənkəran, Astara şəhərləri
və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici
qurğu tikilib, Xanbulan-Lənkəran magistral su kəmərinin
tikintisi başa çatdırılıb, Lənkəran şəhərinə
içməli suyun verilməsi təmin edilib. Astara
şəhəri və rayonun kəndlərinin su təchizatının
aparılması üzrə layihələndirmə işləri
başa çatdırılıb. Dövlət
Proqramlarının icrasının ilk dövründən
içməli sudan daha çox əziyyət
çəkən kəndlərdə mərhələli şəkildə
təxirəsalınmaz tədbirlərin icrasına
başlanılıb. Oğuz və Şəki rayonlarında
21 min sakini olan 9 kəndi əhatə edən
Balaşum-Böyük Söyüdlü-Qaratorpaq kəməri
tikilərək istifadəyə verilib. Cəbhə bölgəsində
yerləşən Ağdam, Füzuli, Tərtər və
Goranboy rayonlarının sərhədyanı 8 kəndində,
həmçinin Cəbrayıl rayonundan olan məcburi
köçkünlər üçün Biləsuvar ərazisində
salınmış 6 qəsəbədə su təchizatı
sistemləri yaradılıb.
Su
qıtlığı müşahidə olunan kəndlərdə
ümumilikdə 135 subartezian quyusu qazılıb, 690 kilometr su
xətti çəkilib, 36 su anbarı tikilib, nəticədə
210 mindən artıq əhalisi olan 280 kəndin içməli
su təminatı yaxşılaşdırılıb.
Ümumilikdə,
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları çərçivəsində "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr
kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd
su anbarı, 39 ədəd su və kanalizasiya-nasos
stansiyaları tikilib. Proqramlarda nəzərdə tutulmuş tədbirlər
çərçivəsində Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8,
Ərazilərin Bərpası və Yenidən Qurulması
üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində
su və kanalizasiya layihələri icra olunub. Bu
rayonlarda görülmüş işlər də nəzərə
alınmaqla, regionlarda 540 min nəfərin su təminatı
yaxşılaşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları çərçivəsində icra edilən
mühüm layihələrdən biri də"Mingəçevir
şəhərininsutəchizatı və kanalizasiya sistemlərininyenidənqurulması
layihəsi"dir.
Prezident
İlham Əliyevin təsdiqlədiyi regionların
sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində
2011-ci ilin oktyabrında "Mingəçevir şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması layihəsi"nin icrasına başlanıb . Dövlət
büdcəsi vəsaiti hesabına həyata keçirilən
layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə
alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin
içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.
Mingəçevir şəhərini içməli su ilə
təmin etmək üçün mənbə olaraq Mingəçevir
su anbarı seçilib və onun yaxınlığında
müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə
burada təbii şəraitdə durulan suyun təmizləyici
qurğuya ötürülməsi məqsədilə göldən
təmizləyici qurğuya 800 mm diametrli borularla 721 metr uzunluğunda
əsas daşıyıcı kəmər inşa edilib.
Təmizləyici qurğunun yeri elə
seçilib ki, göldə suyun səviyyəsi minimum həddə
düşəcəyi halda da buradan təmizləyici
qurğuya su özüaxımlı rejimdə
ötürüləcək.
İstehlakçıların
keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə
Mingəçevir su anbarının yaxınlığında
dəniz səviyyəsindən 55 metr yüksəklikdə məhsuldarlığı
sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir
tipli qum süzgəcli təmizləyici
qurğu tikilib. Burada suyun təmizlənməsi
heç bir kimyəvi reagentlərdən istifadə olunmadan
aparılır və onun keyfiyyət göstəriciləri
Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına tam cavab verir. Burada emal
prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə
vahid mərkəzdən idarə olunur. Tam
qapalı rejimdə işləyən qurğuda suyun giriş və
çıxış parametrlərinə sensorların köməyi
ilə avtomatik nəzarət olunur. Təmizlənmiş
suyun relyef baxımından yüksəklikdə yerləşən
anbara ötürülməsi məqsədilə məhsuldarlığı
saatda 2100 kubmetr olan nasos stansiyası
quraşdırılıb.
Bundan başqa şəhərdə layihələndirilmiş
236 km kanalizasiya şəbəkəsinin 103 km hissəsi və
21 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının
optimal idarə olunması məqsədilə ilkin mərhələdə
kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı
saatda 1300 kubmetr olan 3 ədəd kanalizasiya nasos stansiyası
quraşdırılıb və işlək vəziyyətə
gətirilib. Gələcəkdə şəbəkə
üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı
saatda 3256 kubmetr olan 4 yeni kanalizasiya nasos stansiyasının
inşası da nəzərdə tutulur. Mingəçevir
şəhərində yaranacaq tullantı suları Yevlax
rayonunun Hacıselli kəndi ərazisində
inşası nəzərdə tutulan və məhsuldarlığı
sutkada 60 min kubmetr nəzərdə tutulan tullantı sutəmizləyici
qurğuda təmizlənərək kənarlaşdırılacaq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 16-18 mart.- S.15.