Regional proqramlar cəbhə
bölgələrini
inkişafına müsbət təsir edib
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə bu gün Azərbaycan dünyanın ən sürətlə
inkişaf edən, yeniləşən, müasirləşən
və demokratik dövlətinə çevrilib. Qazanılan
uğurlar Azərbaycanın beynəlxalq aləmdə
mövqeyini də əhəmiyyətli dərəcədə
gücləndirib. Azərbaycan ötən il ərzində
mövcud makroiqtisadi sabitlik, güclü iqtisadi potensial,
ölkənin qlobal çağırışlara hazır
olması, sistemli islahatlar, biznes və investisiya mühitinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişafı sayəsində iqtisadiyyatın bütün
istiqamətlərində ciddi uğurlara imza atıb. Birmənalı
şəkildə qeyd etmək olar ki, əldə edilən
uğurlarda Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət proqramları əhəmiyyətli
rol oynayıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında və Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda bu barədə
ətraflı danışılaraq
qarşıda duran vəzifələr müəyyənləşdirilib.Yeri
gəlmişkən qeyd edək ki, regional proqramlar cəbhə
bölgələrinin də inkişafına müsbət təsir
edib. Belə ki, cəbhə ətrafı rayonlarda inşaa edilən
obyektlər, emal və istehsal müəssisələri
sözügedən rayonların sosial iqtisadi
inkişafının təmin olunmasında xüsusi əhəmiyyətə
malik olub. Onu da bildirək ki, ayrı-ayrı dövlət
orqanları cəbhə bölgələrinin
inkişafında üzərlərinə düşən vəzifələri
layiqincə icra ediblər. Hazırda cəbhə bölgəsində
kənd təsərrüfatının inkişafı,
sahibkarlığa dəstək, xüsusən yeni
innfrastrukturun yaradılması diqqət mərkəzində
saxlanır. Elə bu günlərdə Füzuli rayonunda fəaliyyətə
başlayan "Kiçik və
Orta Biznesin Dostu" ("KOB Dostu") xidməti də bu məqsdə
xidmət edir. Məlumat üçün qeyd edək ki,
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta
Biznesin Dostu" ("KOB Dostu") artıq cəbhəyanı
rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət
göstərəcək. Belə ki, növbəti "KOB
Dostu" martın 13-də Füzuli rayonunda fəaliyyətə
başlayıb. Bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə
ilk "KOB Dostu"dur və Füzuli rayonu ilə
yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət
göstərən sahibkarların da "KOB Dostu" xidmətlərindən
faydalanmaq imkanı yaradır. Sözügedən "KOB
Dostu" xidmətlərindən danışan iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov sahibkarlığın
inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
olduğunu, özəl bölmənin inkişafı istiqamətində
müxtəlif təbirlərin və
islahatların aparıldığını vurğulayıb.
Qeyd edib ki, kiçik və orta biznesin inkişafı
sahibkarlığın mühüm istiqamətlərindəndir
və Füzuli rayonunda fəaliyyətə başlayan KOB Dostu
bu sahədə önəmli dəstək mexanizmlərindəndir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
qurumun fəaliyyəti və "KOB Dostu" mexanizmi barədə
məlumat verərək vurğulayıb ki, cəbhəyanı
rayonlarda sahibkarlığın inkişafına dəstək
olmaq, rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasını
təşviq etmək məqsədilə Füzuli rayonunda
"KOB Dostu" fəliyyətə başlayıb. Bu sayca 13-cü
"KOB Dostu"dur və şəbəkənin bütün
ölkə ərazisini əhatə etməsi nəzərdə
tutulur. "KOB Dostu" sahibkarlıq fəaliyyətinin
bütün mərhələlərində KOB-lara dəstək
olur, onların təşəbbüslərinin, potensial
imkanlarının müəyyən edilməsi və
reallaşdırılması, yeni KOB subyektlərinin
yaradılması və inkişafı, eləcə də
sahibkarların hüquqlarının müdafiəsi istiqamətində
fəaliyyət göstərir. Füzuli Rayon İcra Hakimiyyətinin
başçısı Alı Alıyev rayonda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində görülən
işlər barədə məlumat verib, digər dövlət
dəstəyi mexanizmləri kimi, "KOB Dostu"nun da rayonda
sahibkarlığın inkişafında əhəmiyyətli
olacağını qeyd edib.
Həmçinin
İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı
Səfirliyinin birgə həyata keçirdiyi layihələr
çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində yaradılmış arıçılıq təsərrüfatlarında
istehsal edilən məhsulların emalı və
qablaşdırılması üçün mobil emalatxana, kənd
məhsullarının satışı üçün mobil
satış məntəqəsi də istifadəyə verilib.
Bununla əlaqədar, Cocuq Mərcanlıda İqtisadiyyat
Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin,
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin
(TİKA), Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD"
publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan
İş Adamları və Sənayeçilər İctimai
Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin
iştirakı ilə tədbir keçirilib. Tədbirdə
çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib
Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi
ilə ölkədə qeyri-neft sektorunun inkişafı və
iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin
davamlı olaraq yaxşılaşdırılması və
sahibkarlığın inkişafının sürətləndirilməsi
istiqamətində görülən işlər barədə
məlumat verib, dövlət başçısının yeni
həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində həyata keçirilən birgə layihələrin
Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi
olduğunu qeyd edib. Azərbaycanda regionların
inkişafına böyük diqqət və qayğı
göstərildiyini vurğulayan Sahib Məmmədov birgə
layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi
inkişafında və sakinlərin məşğulluğunun
təmin olunmasında əhəmiyyətini qeyd edib. Nazir
müavini
arıçılıq təsərrüfatlarında
istehsal olunan məhsulun bu gün istifadəyə verilən bal
emalı üzrə mobil emalatxanada emal olunaraq
qablaşdırılacağını və "Cocuq Mərcanlı"
brendi ilə satışa
çıxarılacağını, məhsulların mobil
satış məntəqəsində də
satışının həyata keçiriləcəyini
vurğulayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik
və orta sahibkarlığın inkişafı istiqamətində
Agentliyin gördüyü işlərdən
danışıb. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin sifarişi ilə
hazırlanmış və bu gün istifadəyə verilən
bal emalı üzrə mobil emalatxananın Cocuq Mərcanlıdakı
və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına
xidmət göstərəcəyini və Cocuq Mərcanlıda
fəaliyyət göstərən sahibkarların bundan sonra da
dəstək xidmətləri ilə tam əhatə
olunacağını bildirib. Türkiyənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Erkan
Özoral, Türkiyə və Azərbaycan İş
Adamları və Sənayeçilər İctimai Birliyinin
İdarə Heyətinin sədri Hüseyn Büyükfırat
Türkiyə-Azərbaycan əlaqələrinin uğurla
inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin
bölgədə kənd təsərrüfatının
inkişafında əhəmiyyətini vurğulayıblar.
Regionların
sosial iqtisadi inkişaf proqramları Ağdam rayonunda da
uğrla icra edilməkdədir. Belə ki, rayonun Quzanlı qəsəbəsində
və rayonun kəndlərində abadlıq-quruculuq işləri
davam etdirilməkdədir. Hazırda Əfətli-Hacıturalı-Həsənxanlı
avtomobil yolunun və İmamqulubəyli kəndində yeni tibb
məntəqəsinin tikintisi başa çatdırılaraq
istifadəyə verilib, Quzanlı qəsəbəsində ruhi
əsəb dispanseri əsaslı təmir edilib. Mirzələr
qış yatağı və Ergi adlanan ərazilərdə məcburi
köçkünlərin məskunlaşdığı iki qəsəbəyə
təbii qaz verilərək, rayonun qazlaşdırılması
tam başa çatdırılıb. Quzanlı qəsəbəsi
ərazisində 85 nömrəli
tam orta məktəb üçün 96 şagird yerlik modul tipli
bina quraşdırılıb. Boks və taekvando məktəbləri,
polis şöbəsi, prokurorluq və elektrik şəbəkəsi
üçün binaların tikintisi məqsədilə torpaq
sahələri ayrılıb. Kolqışlaq-Mirəşəlli-Çıraqlı
avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda
Prezident İlham Əliyevin Sərəncamına uyğun
olaraq, Birinci Yüzbaşılı kəndində yeni
ümumtəhsil məktəbi binasının tikintisi, təmas
xəttinə yaxın olan yaşayış məntəqələrində
erməni silahlı birləşmələrinin
iriçaplı silahlardan və artilleriya qurğularından
intensiv atəşə məruz qoyması nəticəsində
zərər dəymiş 121 evin bərpası davam etdirilir, əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün yeni
subartezian quyuları qazılır. Rayonda "Ağdam Nəqliyyat"
MMC-nin yaradılması və bütün yaşayış məntəqələrinə
marşrut xətlərinin açılması sakinlərin
razılığına səbəb olub. Nəticədə əhalinin
kənd və qəsəbələrdən rayonun inzibati mərkəzi
olan Quzanlı qəsəbəsinə, eləcə də
ayrı-ayrı yaşayış məntəqələrinə
gediş-gəlişi asanlaşıb, eyni zamanda, 48 nəfər
işlə təmin olunub.
Rayonda aqrar
sahədə görülən işlər səmərəli
olub. Belə ki,
2018-ci ildə 14 min 55 hektar
taxıl sahəsindən 44 min 655 ton buğda, 7505 ton arpa tədarük olunub. 98
min 469 ton tərəvəz, 5923 ton kartof, 20 min 204,5 ton şəkər
çuğunduru, 5822,2 ton pambıq,
17,1 ton barama istehsal edilib. Rayonda heyvandarlığın,
xüsusilə cins
mal-qaranın inkişaf
etdirilməsi məqsədilə
2851 baş heyvan süni yolla mayalandırılıb, 1581 baş
sağlam bala alınıb. Yığıncaqda əhalinin təbii
qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının
yaxşılaşdırılması, təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrdə
görülən işlərdən
də müsbət naliyyətlər əldə
edilib. Konkret olaraq Üçoğlan
kəndi-Səfərli qəsəbə,
Ağcabədi rayonu Muğanlı kəndi-Ergi
qəsəbə avtomobil
yollarının yenidən
qurulması, əhalinin
içməli və suvarma suyuna olan tələbatının
ödənilməsi üçün
yeni subartezian quyularının qazılması
və sənaye məhəlləsinin tikintisinə
başlanılması qarşıda
duran əsas vəzifələrdir. Xatırladaq
ki, ötən il
cənab Prezident Azərbaycanın bölgələrinə
24 səfər edib. Bu
səfərlər zamanı ölkə
başçısı həm yerlərdə görülən işlərə
nəzarət edib, həm də yerlərdə vətəndaşlarla
görüşərək onları narahat edən problemlərin həlli istiqamətində
əlavə göstərişlər
verib. Paralel olaraq cəbhəyanı
rayonların sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılması,
o cümlədən infrastruktur
layihələri ilə
bağlı bir çox sərəncamlar imzalanıb. Şübhəsiz ki, həmin
sənədlər cəbhə
bölgəsinin inkişafına
təkan verəcək.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2019.- 19 mart.- S.15.