“Haqq-nahaqq seçilər haqq divanında”

 

Türkiyənin "Vətən" qəzetində Azərbaycan alimi Nazir Əhmədlinin "Haqq-nahaqq seçilər Haqq divanında" kitabı haqqında Türkiyənin tanınmış alimi, şairi və ictimai xadimi, Azərbaycanda da yaxşı tanınan Yavuz Bülənd Bakilərin məqaləsi çap edilib. Onu oxucularımıza təqdim edirik.

 

Yavuz Bülənd Bakilər

 

Nazir Əhmədlinin doqquzuncu kitabı ədəbiyyat dünyamıza yep-yeni doğrularla gəldi: Haqq-nahaqq seçilər Haqq divanında.

"Haqq-nahaqq seçilər Haqq divanında" cümləsini Türkiyə türkcəsi ilə belə ifadə edə bilərik: "Haqlı-haqsız Haqqın divanında seçilər". Məlum olduğu kimi, "Haqq divanı" "ədalət məqamı və ya "ədalət divanı"  deməkdir.

Bir məhkəmə qərarında haqlı ilə haqsız bir-birindən necə ayrılırsa, Nazir Əhmədlinin bu son kitabında da doğru ilə yanlış bir-birindən o cür ayrılmışdır. Nazir Əhmədli bu günə qədər xalq ədəbiyyatımızda irəli sürülən bir çox fikirlərin yanlış olduğunu ortaya qoyur.

"Haqq-nahaqq seçilər Haqq divanında" kitabı 284 səhifədir. Müəllif bu kitabında Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn, Aşıq Alı, Aşıq Allahverdi, Məmmədhüseyn, Aşıq Musa kimi Azərbaycan xalq şairləri ilə bağlı bəzi bilgilər vermiş, şeirlərindən nümunələr təqdim etmişdir.

Bu xalq şairlərinin arasında Nazir Əhmədli ən çox Aşıq Ələsgərin üzərində dayanmışdır. 284 səhifəlik araşdırmasının 147 səhifəsini Ələsgər haqqındadır.

Aşiq Ələsgər Azərbaycan xalq ədəbiyyatının öndə gələn nümayəndələri arasındadır. Təəccüblənəcəksiniz, Aşıq Ələsgər haqqında yazanlar, əsər yaradanlar, ən azı yüz ildən bəri Aşıq Ələsgərin doğum tarixini 31 il irəliyə çəkərək yazmış və əmisi Allahverdini onun babası olaraq göstərmişlər.

Nazir Əhmədli əhalinin siyahıyaalınmasını (Kameral təsvirləri-red) tədqiq edərək görmüşdür ki, atası Alməmməd 1824-cü, Ələsgər 1852-ci, qardaşları Salah 1855-ci, Xəlil 1867-ci, Məhəmməd isə 1871-ci ildə doğulmuşlar.

Nazir Əhmədli əhalinin siyahıyaalma sənədlərinə əsaslanaraq,  doğru olaraq Aşıq Ələsgərin 1821-ci ildə deyil, 1852-ci ildə doğulduğunu ortaya çıxarmışdır.

Allahverdinin onun babası deyil, əmisi olduğunu ortaya çıxarmışdır.

Nazir Əhmədlinin üzərində durduğu digər xalq şairləriylə bağlı olaraq təsbit etdiyi bəzi həqiqətlər, yeni məlumatlar var. O məlumatlar Türkiyədəki oxucuları maraqlandırmayacaqdır. Çünki Türkiyədə Azərbaycan xalq ədəbiyyatı haqqında araşdırmalar yoxdur. Amma mən başqa bir gerçək üzərində dayanmaq istəyirəm. Öncə Aşıq Ələsgərdənbir gözəl nümunə verməyimə müsaidə edin:

İNCİMƏRƏM

İstər dara çəkdir, istər qul eylə,

Qoymuşam əmrinə qol, incimərəm.

Həsrətindən Məcnun oldum səhrada,

Alırsan canımı al, incimərəm.

Firqətindən saralıban solanam,

İzin versən, yar, başına dolanam.

Əlli yol çapılam, yüz yol talanam,

Bir şey deyil dövlət, mal incimərəm.

Ələsgərəm, yandım eşq ataşında,

Gözüm qaldı kirpiyində, qaşında.

Qazdır məzarımı çeşmə başında,

Sal sinəm üstündən yol, incimərəm.

"İncimərəm" Ələsgərin sevdiyim şeirlərindən biridir. Göründüyü kimi, Azərbaycan türkcəsi Türkiyə türkcəsinin qan qardaşıdır. Aralarında çox az şivə fərqləri var. Türkiyədə hətta şəhərlər arasında fərqli söyləyişlər var. Məsələn, İstanbul türkcəsində "gəliyorum" deyirik. Eyni kəlməni "gəlirəm", "gəliyim", "cəliyim", "gələyyom", "gələyyon", "gələm", "varacaq" və s. kimi ifadə edən şəhərlərimiz var.

Biz Türkiyə türkcəsində "incinməm" deyirik. Azərbaycan türkcəsində müxtəlif şəhərlərin diliylə "gedirəm", "gəlirəm", "görürəm", "verərəm" demirikmi?

Azərbaycan türkü də "incinməm" yerinə "incimərəm" deyir.

Birinci bənddə "Qoymuşam əmrinə qol, incimərəm" misrasında "qol qoymaq" ifadəsi var. Azərbaycan türkcəsində "qol qoymaq", "imza qoymaq", burada qərar vermək, and içmək mənasında işlənmişdir.

Bu şeirində Ələsgər sevgilisinə deyir ki, "Mən sənin eşqinin atəşində yandım, bitdim, kül oldum. Ağlım kirpiyində və qaşının gözəlliyində qaldı. Öldüyüm zaman, məzarımı çeşmə başında qazdır. Məni orada dəfn et. Hər dəfə çeşməyə gəlib-gedəndə məzarımı ayaqla. Bundan qətiyyən incimərəm. Əksinə, ruhum ayaq səsindən hüzur duyar. Məzarımı tapdalamağından əsla incimərəm".

Nazir Əhmədli yuxarıda adını çəkdiyim şairlərin haqqında çox doğru bilgilər verir. Mən onları yazıma salmıram. Mənə görə şairlərimizin doğum və ölüm tarixləri, ata və anasının adları, yaşadıqları şəhərlər, məzarlarının olduğu yerlər daha çox ədəbiyyat tarixçilərimizin və ya şairlərimiz haqqında araşdırma aparan, ortaya yeni əsərlər qoyanları maraqlandırır.

Mən bu kitabdakı çox mühüm iki-üç gözəllik üzərində duracağam.

Öncə çox mühüm bir cəhəti diqqətinizə təqdim etmək istəyirəm: Nazir Əhmədli xalq şairlərimizin haqqında1980-ci ildən əvvəlki səfsəfələrlə, türkcəni və türklüyü inkar edən marksist görüşlərlə yazmır. "Azərbaycanca" yazmır, "Azərbaycan türkü" yerinə "azərbaycanlı" demir, bu, çox mühüm bir cəhətdir.

Mən 1980-ci ildə ilk dəfə Azərbaycana getdim. Sonra on dəfə də Azərbaycanda oldum. O səyahətlərdə bir cəhət ürəyimi çox dağladı. Gördüm ki, Azərbaycanda Kommunist partiyasına bağlı olanlar, kommunizmə könül verənlər türklükdən, türk dilindən qətiyyən söhbət açmırdılar. Danışdıqları dilin Azərbaycan dili olduğunu iddia edirlər. Özlərini isə Azərbaycan türkü deyil, azəri və ya Azərbaycan xalqı olaraq ortaya qoyurlar.

1980-ci ildə Bakıda Nəbi Xəzri ilə tanış oldum. Onu portfelsiz nazir adlandırırdılar. Azərbaycanda xarici ölkələrlə dostluq quran bir cəmiyyətin başçısı idi. Bir gün onunla süfrə arxasında çox şiddətli bir mübahisəmiz oldu. Mən Azərbaycan türkcəsi, Azərbaycan türkü deyə danışırdım. Nəbi Xəzri şiddətlə etiraz edirdi: bizim dilimiz Azərbaycan dilidir, türkcə deyildir. Biz Azərbaycan xalqıyıq, Azərbaycan türkü deyilik,-deyə etiraz edirdi. Bu görüş, Moskvanın, Kommunist Partiyasının görüşü idi. Küçədə və oteldə xalq içərisindən qarşılaşdığım adamlar mənə deyirdilər ki:

-Sən bizim qan qardaşımsan, can qardaşımsan. Mən də türkəm, mən də müsəlmanam. Mən sənin qulluğunda durmaq istəyirəm.

Amma Kommunist Partiyasına uyanlar türk dilini və türklüyü qətiyyən sevmirdilər.

Mən səksən iki yaşındayam. Xalq şairlərimizi və xalq şeirimizi çox sevirəm. İlk şeirlərimi də xalq şeirləri üslubunda yazdım. Dünən olduğu kimi bu gün də Qaracaoğlanı, Ərrahı, Yunis Əmrəni, Koroğlunu, Dadaloğlunu, Sümmanini çox sevirəm. Amma bu şairlərimizin heç birinin doğum tarixini, doğum yerini, ata-analarının adlarını və haralarda yatdıqlarını bilmirəm. Amma dilimdə onlardan beyitlər, şeirlər var.

Azərbaycan xalq şairlərinin doğum yerlərini, doğum illərini, ata-analarının adlarını Nazir Əhmədlinin kitabında oxumaq məni həyəcanlandırmadı. Amma həmin kitabın bəzi səhifələrini, bəzi açıqlamalarını böyük zövqlə oxudum, dönə-dönə oxudum. Sətirlərin altını cızaraq oxudum. Elə hesab edirəm ki, bu kitabı əlinə alan hər bir Türkiyə türkü bəhs edəcəyim, göstətəcəyim nümunələri mənim hissiyatımda oxuyacaqlar.

Azərbaycan türkləri də oğuz boylarındandırlar. Bu günkü Türkmənistan atlarına minən türkmən boyları, Anadoludan öncə Azərbaycan torpaqlarını fəth etmişdilər. Oğuz boyları, Anadoludan öncə Azərbaycan torpaqlarına yerləşmiş, onlara yeni adlar vermişlər.Və oğuz boyları Malazgird zəfərindən sonra Anadolu torpaqlarına verdilkəri bəzi isimləri Azərbaycan torpaqlarından bizə gətirmişlər. Türkcədə C/F/Ğ/H/J/L/M/N/P/R/Ş/V/Z hərfləri ilə söz başlamır. Türkcəmizdə bu hərflərlə başlayan kəlmələr ya başqa dillərdən alınan kəlmələrdir, ya da zaman keçdikcə dəyişikliyə uğramışlar.Məsələn, mənim anam ləyən, lazım, limon yerinə "iləyən", "ilazım", "İlimon" deyərdi. Türk kəndlisi dünənə qədər "irəməzan", "iradio", "İrəcəb", "irəf" deyərdi. Bu özəlliklər Azərbaycan türkcəsində də var. Azərbaycan türkləri Rəvana İrəvan demişlər. Hüseyn adı uzun illər Söyün kimi istifadə edilmişdir:

Aşıq Söyün söylər kəlməni teydən,

Dərsimi almışam əlifdən, beydən.

Gözəlsiz otaqdan, çörəksiz evdən

Çölün, biyabanın otu yaxşıdır.

Göründüyü kimi, Aşıq Hüseyn özündən Söyün kimi bəhs edir. Nə üçün? Türkcəmizdə "h" hərfi ilə kəlmə başlamadığı üçün.

Mənim üzərində dayanacağım mövzu delədir: Oğuz boyu Anadoludan öncə Azərbaycan torpaqlarini fəth etdi .Və orada bəzi dağlara, çaylara, şəhərlərə, yeni adlar qoydu. 1071-ci ildə baş vermiş Malazgird savaşından sonra Anadolu torpaqları da fəth edildikdə, daha öncə Azərbaycanda bir dağa, bir ovaya, bir kəndə, bir çaya, bir bölgəyə, bir təpəyə verilən adlar Anadoluda da istifadə edilmişdir. Məsələn, mən "Haqq-nahaqq seçilər Haqq divanında" kitabını diqqətlə oxuyarkən gördüm ki, Azərbaycandakı çaylardan birinin adı ADIYAMANDIR. Bizdə isə, bir şəhərimizin adı Adıyamandır..

Müəllif, kitabının 72-ci səhifəsində deyir: "Mahaldakı ən gursulu çaylardan biri olan Adıyaman çayı öz mənbəyini Vedibasar və Dərələyəz mahallarına söykənən dağlardan götürür". Azərbaycan türkcəsində "söykənmək" yaslanmaq deməkdir.

Biz sadəcə Adıyaman çayının adınımı Azərbaycandan alıb bir şəhəriizə verdik? Kitabın 85-ci ssəhifəsində müəyyən edildiyinə görə, bir zamanlar Azərbaycanda yaşayan Gökçə adlı bir topluluq, öz adını əvvəlcə Dədə Qorqud dastanlarından almışdır. Dədə Qorqud dastanlarında bir dağın adı Göyçə (Gökçə) dağıdır. Bir gölün adı da Gökçə gölüdür. Gökçə adı Dədə Qorqud dastanlarından Azərbaycan coğrafiyasına keçmiş, Azərbaycan coğrafiyasından da Anadolu torpağına yayılmışdır. Kitabın 85-ci səhifəsində yer alan bilgiləri olduğu kimi diqqətinizə təqdim edirəm:

"Tokat vilayətinin Niksar ilçəsində Gökçəli adında qəsəbə, Afyon-Karahisar vilayətinin Dinar ilçəsində, Amasiya vilayətinin Göynücək ilçəsində, Bayburt vilayətinin Mərkəz ilçəsində, Biləcik mahalının Bozüyük ilçəsində, Bingöl vilayətinin Adaklı ilçəsində, İğdır vilayətinin Qaraqoyunlu ilçəsində, Sivas vilayətinin Yıldızeli ilçəsində Gökçəli adında kəndlər, İstanbulin Çatalca ilçəsində, Qaziantepin Nizip ilçəsində, Qəhrəman Maraşın Andırın ilçəsində, Malatya vilayətinin Pötürge ilçəsində, Ordu vilayətinin Kumru ilçəsində, Samsun vilayətinin Çərşəmbə ilçəsində, Adana vilayətindəki Yürəyir ilçəsində Gökçəli adında məhəllələr vardır. Bu yaxınlarda İraqın Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsi zamanı burada "Gökçəli" məhəlləsinin varlığının da şahidi olduq. Hazırda da gökçə tayfası Türkiyədən başqa, Mosul və Kərkük şəhərlərinin yaxınlığında yaşayır.

Gökçəli obaları Mersində Dəliçay, Mezitli dərəsi, Bolkar dağlarına qədər uzanan ərazidə yaşayırlar".

Nazir Əhmədlinin kitabını oxuduğum zaman gördüm ki, o haqqında yazdığı xalq şairlərinin türk olduqlarını və türkcə yazdıqlarını, söylədiklərini müəyyən edir. Öz kökünə dönüş baxımaından bu çox doğru, çox gözəl, çox əsil bir davranışdır. Bu baxımdan "Haqq-nahaqq seçilər Haqq divanında" kitabını böyük bir zövqlə oxudum. Nazir Əhmədlini bütün könlümlə (qəlbimlə) alqışlayıram.

 

"Vətən" qəzeti (Türkiyə).

 

30 yanvar 2019-cu il.

 

Olaylar.- 2019.- 19 mart.- S.12.