Nəsiminin türk ədəbiyyatına təsiri misilsizdir

 

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

 

Martın 28-də Bakıda "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" adlı konfans keçirilib. Konfrans çərçivəsində həmçinin İmadəddin Nəsiminin özbək dilində çap olunan kitabının təqdimatı keçirilib.

Konfransı giriş sözü il açan "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə 2019-cu  ilin "Nəsimi ili"elan edilməsini xatırladıb. Bildirib ki, bu addım dahi şairin haqqıdır: "Bugünkü tədbirin keçirilməsi böyük məna daşıyır. Bildiyiniz kimi bir neçə ay öncə Özbəkistanda olmuşduq və orada Hüseyn Cavidlə bağlı tədbir keçirilmişdi. Ümumiyyətlə, biz maarifçiliklə bağlı layihələr həyata keçirir, ədəbiyyatla əlaqədar ənənəvi mövzulara toxunur, ədəbi şəxslərin araşdırılması, bu kimi mövzuların genişləndirilməsi istiqamətində addımlar atırıq. Hər il dahi ədəbiyyat xadimlərimizin tanınması, onlara həsr olunan nəşrlərin meydana gəlməsi ilə bağlı işlər görülür. Bugünkü tədbir də həmin işlərin davamıdır və düşünürəm ki, bu fəaliyyət davamlı olacaq". Özbəkistan- Azərbaycan əlaqələrindən söz açan S.Vəliyeva söyləyib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə dayanır: "Zaman-zaman bu əlaqələrə zərər vurmaq istəsələr də buna imkan verilməmişdi. Özbəkistan ədəbiyyatında Nəsimidən qaynaqlanan ziyalıların aşkarlanıb üzə çıxması göstərdi ki, bu iki xalqın uzun tarixi bağlılığı var və biz bu xətti davam etdirməliyik". S.Vəliyeva qeyd edib ki, Azərbaycan ədəbiyyat xadimlərinin, mədəniyyətinin təbliği istiqamətində mühüm işlər görülür: "Hesab edirəm ki, bugünkü tədbir başqa tədbirlərə tramplin rolunu oynayacaq". Nəsimi yaradıcılığı haqqında fikirlərini bildirən S. Vəliyeva qeyd edib ki, Nəsiminin türk ədəbiyyatına təsiri misilsizdir: "O, ilahi eşq yolunda şəhid olan ikinci şairdir. Onun Əlişir Nəvai yaradıcılığına təsirini hiss edirik. Biz başqa şairlərin də bu xətdən bəhrələndiyini görürük. Nəsimi ideyalarından bəhrələnən şairlər onun haqqında gözəl əsərlər yaradıblar. Elə Nəsimi kimi tərki dünya olan insan kamilləşməsinin yalnız eşq yolu ilə həyata keçirildiyi ortaya qoyulub. Həm Azərbaycan, həm də özbək ədəbiyyatı bu izlərin ölməsinə imkan vermədi. Bu baxımdan düşünürəm ki, özbək ziyalılarımızla gördüyümüz işin çox böyük əhəmiyyəti var".

 

***

Daha sonra çıxış edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu vurğulayıb ki, Nəsimi kimi şəxsiyyətlər türk dünyasını bağlayan bağlardır: "Dil xalqın varlığı, kimlliyidir. Nəsiminin dahiliyi sübut etdi ki, türk dili ərəb, fars dili ilə birgə gedə bilər. Nəsimi bunu şeirləri ilə sübut etdi. O, təkcə Azərbaycanın deyil, türk dünyasının söz ustasıdır. Bu təsadüfi deyil. Nəsimi söz ilə dünyanı tutmuşdu. Söz, dil birbaşa insanın ruhu, təbiəti ilə bağlıdır. Hər bir xalqın dili onun ruhu, xarakteri ilə bağlıdır. Nəsimi ərəb, fars dilində yazsa da, doğma Azərbaycan dili ilə dünyada tanındı. Nəsimi şeiri şirinliyi, saflığı, səlistliyi, ahəngliyi, musiqliyi səviyyəsinə görə ilkdir". İnstitut direktoru qeyd edib ki, Nəsimi türk əruzunu formalaşdırıb: "Çünki türk dilində əruz vəznində yazmaq çox çətindir. Hətta dahi şair Füzuli bunun çətinliyini dilə gətirirdi. Amma Nəsimi bu vəzndə mühüm şeirlər ortaya qoyaraq, hər kəs tərəfindən sevildi. Söz tanrı tərəfindən insana bəxş edilən ən gözəl nemətlərdən biridir". M. Nağısoylu əlavə edib ki, Nəsiminin 600 illik yubileyi 1973-cü ildə Ulu Öndərin Heydər Əliyevin təşəbbüsü ilə keçirilib: "Bu, Ulu öndərin mədəniyyətimizə verdiyi dəyər idi".

Özbəkistanlı qonaq Tahir Qahar çıxış edərək Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında müsbət fikirlərini bildirib: "Mərkəz ədəbiyyat xadimlərinin irsinin davam etdirilməsi, onların tanıdılması istiqamətində addımları əhəmiyyətli hesab edir". T.Qahar qeyd edib ki, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili"n elan edilməsi, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında mənəviyyat, fikir bayramıdır: "Yazılı özbək ədəbiyyatının 1000 illik tarixi var. Bu tarixdə Nəsimi kimi şairlər mövcuddur. Amma onların əsərləri tam dini əsər kimi qəbul edilib. Nəsimi Türküstan ədəbiyyatında qəbul olunan dahi şairdir. Nəsimi tanrı düşgünü idi. Bunu öz şeirlərində də açıq şəkildə bildirib. O deyirdi ki, imansız insan insan deyil".

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov bildirib ki, Nəsimi yaradıcılığının araşdırılması ilə bağlı tədbirlər davamlı olacaq. Bununla bağlı həm Özbəkistan, həm də Azərbaycanda silsilə tədbirlər həyata keçiriləcək. İlkn olaraq ədəbi yaradıcılar arasında Nəsimi ilə bağlı şer müsabiqəsi keçiriləcək ki, sonda həmin əsərlərin çapı təşkil olunacaq. Bununla Nəsimi yaradıcılığının fəlsəfəsi dünyaya çatdırılacaq. Ardınca, "Mən əbədiyyət üfüqləründə doğan eşq günəşiyəm" adlı beynəlxalq konfrans, "Məndə sığar iki cahan" adlı şeir müsabiqəsi keçiriləcək. Müsabiqənin şərtlərinə əsasən, Azərbaycan və özbək şairlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanacaq. Əsərlər hər iki dilə tərcümə olunaraq toplu kimi çap ediləcək. Hər ölkədən qalib olan iki şairə mükafatlar təqdim olunacaq. Bundan başqa, Özbəkistanda Nəsiminin əlyazmaları araşdırılaraq çap ediləcək: "Biz də öz fəaliyətimizlə Nəsimiyə bir ədəbi abidə qoymaq istədik. Artıq üç böyük tədbir keçirilib, çoxsaylı kitabların nəşrinə nail olduq. Hesab edirik ki, Nəsimi yaradıcılığı özündən sonra bir sıra şairlərin yetişməsində mühüm rol oynayıb".  

Azərbaycanın dostu və təəssübkeşi olan özbəkistanlı yazar Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığına Özbəkistanda da böyük maraq var. Şübhəsiz ki, Nəsimi yaradıcılığının özbək şairlərinə də təsirsiz ötüşməyib. Bu baxımdan Özbəkistanda da Nəsimi yaradıcılığı ilə bağlı çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.

Sonda millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Azərbaycanda feniş tədbirlər keçirilir: "Nəsimi ona görə əzizdir ki, o, on dördüncü əsrdə Azərbaycan xalqının danışdığı dildə əsərlər ərsəyə gətirib. Azərbaycan dilini fars və ərəb dillərinin səviyyəsinə qaldırdı. Bu əsərlər Azərbaycan dilinin daha da zənginləşməsində mühüm rol oynadı. Nəsiminin Azərbaycan dilinə olan münasibəti bu gün də bizim üçün aktualdır. Biz Nəsimini öyrənməklə Azərbaycan dilinin necə zəngin olduğunun fərqinə varmış oluruq".

Tədbirin davamında çıxış edən natiqlər Nəsimi yaradıcılığı ilə fikirlərini bildirərək belə tədbirlərin keçirilməsi dahi şairlərin üzə çıxarılması deyil, həm də xalqları bir-birinə yaxınlaşdırmaq məqsədi daşıyır. Natiqlər Azərbaycan şeirində Nəsimini fədakar qəhrəman olduğunu dilə gətiriblər. Tədbirin sonunda "Kaspi" qəzeti, Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tərəfindən Azərbaycan həqiqətlərinin və Mədəniyyətin fəal təbliğinə görə Özbəkistandan olan nümayəndələrə diplomlar təqdim edilib.

 

Alim

 

Olaylar.- 2019.- 29 mart.- S.10.