Mircəfər və onun
ermənilərlə vuruşan gizli dəstəsi
2002- 2003 cü illərdə Siyasi
Partiyalar və İctimai Hərəkatlar dövlət arxivində
(o dövr adı bu cür idi – A.M.) M.C.Bağırovun şəxsi
işiylə tanış olduqda onun 1923-cü il yanvarın
29-da yazdığı tərcümeyi-halının mətni
ilə rastlaşdım.
Tərcümeyi-halın
31 mart hadisələri ilə bağlı hissəsini təqdim
edirəm.
Bağırov
1917-ci ilin mart ayından Əlib bəy Zizikski ilə əlaqəyə
girərək Quba qəzasındakı hakimiyyət
boşluğunu doldurmaq üçün silahlı qüvvələr
formalaşdırır. Bizə təqdim olunan tərcümeyi-halda
isə bu dövrdə Bağırovun "Uçaqan" dəstə
yaratdığı göstərilir. Guya M.C.Bağırov
Ə.Zizinskinin dağıtdığı rus və yəhudi kəndlərinin
gənclə¬rindən ibarət "Uçaqan" dəstəsi
yaradır və bu gənclərin əksəriyyəti isə
rus-alman cəbhə xəttindən fevral inqilabından sonra
geri qayıdan əsgərlərdən ibarət olur.
Tərcümeyi-halda
M.C.Bağırovun dili ilə guya deyilir ki,
"Uçaqan" dəstəsinin üzvləri Quba bəyləri
tərəfindən evləri dağıdılmış yəhudi,
rus və keçmişi cinayətkar olmuş müsəlmanlardan
təşkil olunmuşdu. Özünüz fikir verin, kim belə
sadəlöhv ola bilər ki, cinayətkarlardan cəmlənmiş
bir dəstəyə rəhbərlik etdiyini tərcümeyi-halında
qeyd etsin.
Sözsüz
ki, bu, absurddur! Düzdür, tərcümeyi-halda göstərilir
ki, bu dəstə bəylərə, mülkədarlara
qarşı mübarizə aparırdı. Ancaq 1956-cü idə
Bağırov məhkəməsi zamanı qeyd edir ki, mənim
rəhbərlik etdiyim silahlı dəstə mövcud
olmuşdur və bu dəstə soyğunçuluqla məşğul
olmayıb və hətta bəylərə qarşı da
vuruşmamışdır ("M.C.Bağırovun məhkəməsi"
kitabından). Əslində isə 1918-ci ilin Bakıdakı
mart hadisələri zamanı erməni Hamazapsın Azərbaycanın
şimalına doğru hərəkət edən dəstələrindən
yerli əhalini qorumaq üçün yaradılmış
müdafiə qüvvələrinə Ə.Zizikski rəhbərlik
edirdi. M.C.Bağırovda bu dəstədə Əli bəyin ən
sevimli əsgəri idi.
Tərcümeyi-halda
qeyd olunur ki, M.C.Bağırov satqınçılıq nəticəsində
Ə.Zizikskinin əlinə keçir və Əbu-Səttar
adlı bir şəxsin vasitəsilə əsirlikdən
qaçır. Əslində isə M.C.Bağırovun da daxil
olduğu mülkədar Əlibəy Zizinskinin başçılıq
etdiyi silahlı dəstə 1918-ci ildə Milli Hökumət
qurulana qədər Daşnaksutyun liderlərindən olan
Hamazapsın müsəlmanlara qarşı törətdiyi
soyqırımın qarşısını almaqda böyük
rol oynamışdır.
Artıq
mart ayından Əlibəy Zizikski daşnakların
Şamaxıda törətdiyi qırğının
qarşısını almaq üçün silahlı dəstəsini
Şamaxıya istiqamətləndirir. Qubada isə xırda bir
dəstə ilə M.C.Bağırov qalır. Bax elə bu
zamandan M.C.Bağırovun bolşeviklərlə açıq əlaqəsi
başlayır. Ola bilsin ki, bu addım
düşünülmüş şəkildə Əlibəylə
razılaşdırılaraq atılmışdı. Belə
ki, o, Qırmızı qvardiyanın Bakıdakı nümayəndəsi
Georgi Stura ilə əlaqəyə girərək Quba qəzasında
onlara qarşı çıxacaq qüvvə
olmadığını və hakimiyyətin
M.C.Bağırovun timsalında bolşeviklərə meylli
şəxslərin əlində olduğunu bildirir. Bu
addımla M.C.Bağırov Qırmızı qvardiyanı
Qubaya dəvət etməklə Şamaxıdan Qubaya istiqamət
almış Hamazapsın dəstəsinin törədə biləcəyi
qırğınların qarşısını almaq istəyirdi.
Bununla da bolşeviklərin Hamazapsla birləşmələrinin
qarşısı alınır.
Bu
danışıqlardan sonra Qubada İnqilabi
Komissarlığın rəhbəri Gelovani təyin edilir.
Gelovaninin gəlişindən bir müddət sonra 1 may 1918-ci
ildə Bakıdan Notovas Oqanesovun
başçılığı ilə silahlı drujina Qubaya
gəlir. Bu ərəfələrdə isə Əlibəy
Zizinski və Hacınskinin silahlı qüvvələri
Şamaxıdan geri çəkilərək Dərbənddə
bir müddət qalaraq qüvvə toplayır. Mayın
üçündə onların silahlı dəstələri
Qubaya doğru hərəkət edirlər. Komissarların
Petrovskdən (Həştərxandan) köməyə
çağırdıqları silahlı dəstələr
üç günlük döyüşlərdən sonra məğlub
olaraq Qubanı tərk edirlər. Çox güman ki,
düşmənin planlarından və mövqeyindən xəbərdar
olmaq üçün Əlibəy Mir Cəfərə
Qubanı qırmızı dəstələrlə bir yerdə
tərk etməyi tapşırır. Çıxan dəstələr
Dərbəndə tərəf istiqamətlənir və bu
zaman onlar Şimali Qafqazdan qayıdan qırmızı komissar
Naniyşvilinin eşalonu ilə qarşılaşırlar və
qırmızı silahlı qüvvələr belə qərara
gəlirlər ki, Bakıya hərəkət edib qüvvələri
səfərbərliyə alaraq yenidən Qubaya hücum etsinlər.
Lakin qırmızı silahlı qüvvələr Bakıya
qayıdarkən Dəvəçidə milli qüvvələr
tərəfindən gülləbarana məruz qalırlar. Bu
vaxt Hamazapsın başçılığı ilə
Bakı tərəfdən gələn 4 eşalon silahlı
daşnak dəstəsi Dəvəçidə
Naniyaşvilinin qüvvələri ilə birləşirlər.
Hamazaps
Şaumyanın göstərişi ilə Qubaya hərəkət
etdiyini bildirir. Bu vaxt M.C.Bağırov Naniyaşvili tərəfindən
bolşeviklərin Hamazapsın silahlı qüvvələrində
nümayəndəsi təyin olunur. Bütün bunlara
baxmayaraq, M.C.Bağırov Hamazapsı yaxşı
tanıdığına görə bolşeviklərin bu dəstədə
nümayəndəsi olmaq istəmir. Yaxşı ki, Sovet
hökuməti qurulduqdan sonra daşnaklara münasibət mənfi
olub. Bu cəhətdən tərcümeyi-halı
saxtalaşdıran Moskva emissarları Bağırov həyatının
bu hissəsini olduğu kimi saxlayıblar. Onu da nəzərə
almaq lazımdır ki, Lenin 29 iyul 1918-ci ildə S.Q.Şaumyana
göndərdiyi teleqrama qədər daşnaklarla bolşeviklər
siyasi hakimiyyət mübarizəsində çox halarda eyni
mövqedən çıxış edirdilər. (Haşiyə:
1923-ci ildə Bakıda Ə.Qarayevin "Yaxın
keçmiş Azərbaycan kommunist partiyasının tarixinə
aid materiallar" adı altında kitabı nəşr olunur.
Kitabdakı hadisələrin təsvirinə diqqət edək:
"1904-cü ilin sonlarında Alyoşa Çaparidzenin rəhbərliyi
altında Bakıda müsəlman Hümmət təşkilatı
yarandı". Hümmət təşkilatı RSDP-nın
Bakı seksiyasının təşkilatı kimi fəaliyyətə
başlayır, amma taktiki məqsədlər üçün
Hümmət təşkilatı bəzən özünü
müstəqil təqdim edirdi. Belə ki, Hümmət təşkilatı
sosialist təşkilatları olan "Qnçak" və
"Daşnaksutyun"la eyni blokdan çıxış etdikdə
müstəqil görünməyə məcbur idi. 1924-cü
ildə Ə. Qarayevin "Azərbaycanda Oktyabr inqilabı və
Bakı bolşevik təşkilatı haqqında
materiallar" adı altında yeni kitabı Bakıda nəşr
olundu. Bu kitabda Ə.Qarayev yazır: "1918-ci ilin yayında
ingilislər Bakını işğal etdikdə Hümmət
təşkilatı fəaliyyətini gizli davam etdirməyə
məcbur oldu. Yalnız 1919-cu ildə Hümmət
açıq fəaliyyətə başlayaraq fəhlə və
kəndlilər arasında öz təbliğatını davam
etdirirdi. 1919-cu ilin yayında Hümmət təşkilatında
parçalanma baş verdi. Parçalanma nəticəsində
az menşevik tərəf bu təşkilatı tərk etdi.
1920-ci ildə Hümmət təşkilatı və İran
kommunistlərinin cəmləşdiyi Ədalət RKP(b)
partiyası ilə birləşərək həmin ilin 12
fevralında Azərbaycan Kommunist Partiyasının gizli şəkildə
I qrultayını keçirdi". Bunları qeyd etməkdə
məqsədim odur ki, Bağırovun tərcümeyi-halının
sonradan oxuyacağımız hissələrində o
özünün Hümmət təşkilatı ilə əlaqəli
olduğu barədə dolayası yolla məlumat verməsini
görəcəyik.
Sonradan, 1938-ci ildə Bağırov məhz hümmətçi olduğuna görə həbs olunmaq təhlükəsini də yaşayır. Bağırov Hamazapsın törətdiyi vəhşiliklərin və müsəlman xalqına qarşı törədilən genosidi öz tərcümeyi-halının yuxarıda qeyd etdiyim səbəblərdən saxtalaşdırılmamış hissəsində geniş təsvirini verir. Hətta bu vəhşiliklər zamanı o, əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin daşnaklar tərəfindən qətlə yetirilməsini qələmə alır. Bu vəhşiliklərə dözə bilməyən Mir Cəfər erməni quldur dəstəsinin soyğunçuluğu və qatilliyi barədə Bakıya teleqram göndərir. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli nümayəndəsi Leon Qauberidzə Qubaya gəlir. Burada o, Mir Cəfəri təxribatda günahlandıraraq həbs etdirir. Qubanın inqilab komissarı yoldaş Çurayev təyin edilir. Nəzarət altında olan Mir Cəfər yenidən Stepan Şaumyanın adına məktub yazır. Bu məktubun da xeyri olmur. (Sanki burada M.C.Bağırov Quba qəzasında türklərə qarşı aparılan soyqırımda Şaumyanın özündən şübhələnməyə başlayır). 1938-ci ildə "Krasnıy arxiv" jurnalının 4-5-ci saylarında 1918-ci il 29 iyulda V.İ.Leninin S.Q.Şaumyana teleqram çap olunur. Teleqram aşağıdakı formadadır:
Ленин Написанное 29 июля 1918 г. ТЕЛЕГРАММА С.Г.ШАУМЯНУ Астрахан Для Шаумяна в Баку Всякие действия дашнаков против решения V съезда Советов и центральной Советской власти будут рассматриваться как восстание и как измена. Насчет посылки войск примем меры, но обещать наверное не можем. (Впервые напечатанное в 1938 г, в ъурнале печатается по рукописи "Красный Архив" № 4-5)
Göndərilən teleqramı təhlil etdikdə başa düşmək olur ki, Azərbaycan bolşevikləri Şaumyan haqqında və onun daşnaklara mənəvi liderlik etməsini təsdiq edən əsaslarla Lenin qarşısında dəfələrlə çıxış etmişlər. Görünür ki, Leninin bu teleqramının sərt məzmunda olması Şaumyanı daşnaklarla siyasi-mənəvi birliyindən çəkindirmək məqsədi daşımışdır. M.C.Bağırovun həbsdə qalmağı o vaxta qədər davam edir ki, Əlibəy Zizinski Həmidulla Əfəndinin silahlı dəstələri ilə birlikdə Qubanı azad edir. Onlar M.C.Bağırovu həbsdən buraxırlar və onu yenidən kəşfiyyat üçün Bakıya bolşeviklərin dəstəsinə göndərirlər. Lakin M.C.Bağırov sonralar tərcümeyi-halında bu hadisəni bolşevik mənafeyinə uyğun təsvir edirdi. "Bakıdan gəlmiş qırmızı qvardiyanın instruktorları R.Rubiridze və Kavtoridze Alyoşa Qusarda yerləşən Ə.Zizinski ilə danışıqlar apararaq Qubanı tərk etmək barədə razılığa gəlirlər. Qubaya yeni təyin olunmuş komissar Qoberidze bu vaxt Bakıda idi. Həbsdə oturan zaman mən bu danışıqlardan xəbərdar olduğum üçün Ə.Zizinskinin və Həmidulla Əfəndinin əlinə düşməmək üçün Qoberidzenin icazəsi olmadan Qubada həbsdən qaçaraq Bakıya gəlirəm".
Bakıya gələn Mir Cəfər
bolşeviklərlə məsləhətləşmələrdən
sonra yol. Petrovun dəstəsinə yazılır. Mayın 28-də
Gəncədə Azərbaycan Demokratik Respublikası
yaranır. ADR yarandıqdan sonra Ə.Zizinski Bağırovu
özünə köməkçi götürmək
üçün Müsavat hökumətinin Daxili İşlər
nazirinə məktub göndərir, ancaq sonradan onun kəşfiyyatda
qalmağı daha vacib sayılır. Mir Cəfər Petrovun dəstəsi
ilə Bakını tərk edərək Həştərxana
gəlir. O, burada Rusiya
kommunist bolşeviklər partiyasına qəbul olur.
Adıgözəl
Məmmədov
Hürriyyət.- 2019.- 29 mart.- S.11.