"Azərbaycan mədəniyyət
ölkəsidir"
Mədəniyyətimizin
inkişafı yeni mərhələyə
qədəm qoyub
Qlobal dünyada baş
verən dəyişikliklər dövlətlərin mədəniyyət
siyasətinin nəzəri əsaslarının yenidən
işlənilməsini zəruru edir. Çünki mədəniyyət siyasətinin
yeni modeli mədəni
dəyərlərin yaradılması, yayılması və mənimsənilməsində inzibati
idarəetmə metodlarını deyil, məhz
ictimai tələbatı önə
çəkir. Məhz bu kimi
amillər nəzərə alınaraq Azərbaycan dövləti
mədəniyyət siyasətinə yeni
yanaşmanı ortqaya qoyub.
Bu amillər prezident İlham Əliyevin həyata keçirdiyi
mədəniyyət siyasətində ehtiva
olunur.
Millət
vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Rafael Hüseynov qeyd edib ki, Azərbaycan son dərəcə əlamətdar
bir tarixi dövr içərisində yaşayır. Yəni
Azərbaycanın prezident İlham Əliyevlə bağlı
olan inkişaf dövrünün 15 illik ilk mərhələsi
başa çatıb, artıq 2018-ci ildən, xüsusilə
11 aprel seçkilərindən və 2019-cu ilin ilk günlərindən
ölkəmiz inkişafın növbəti mərhələsini
yaşayır: "Mən 15 illik bu dövrə ilk mərhələ
adını da təsadüfən vermirəm. Əslində,
bu ifadəni işlətməyimin ideyası bizim cənab
prezidentin özündən gəlir. Çünki o bəyan
edib ki, Azərbaycan inkişafın tam yeni bir mərhələsinə
qədəm qoyub, islahatların büsbütün yeni və
daha yüksək bir səviyyəsində irəliləməyə
başlayırıq.Ona görə keçdiyimiz yol
haqqında danışarkən həm o 15 ilə qiymət verməliyik,
həm də başlanan bu yolun ilk günlərindən bu
günəcən nə uğurlar əldə etmişik, onlar
haqqında danışmalıyıq. Çünki bu
müqayisədə artıq Azərbaycanın nələrə
nail və nələri əldə etmək əzmində
olduğu görünəcək. Cənab prezidentin 2018-ci ildə,
"Cümhuriyyət İli"mizdə-Azərbaycan
istiqlalının 100 yaşının tamam olduğu ildə
yenidən dövlətimizin başçısı seçilməsi,
yenidən xalqımızın etimadını qazanması
çox rəmzidir. Həm də ona görə rəmzidir ki,
biz Cümhuriyyət, bir müstəqil dövlət olaraq
öz inkişafımızın ikinci əsrinə
başlayırıq. Yenə İlham Əliyevlə
başlayırıq və onun içərisinin yeni arzularla,
yeni ideallarla və yeni yüksəliş nailiyyətləri ilə
dolu olduğu bir səviyyəsində başlayırıq. Mən,
sadəcə, mədəniyyətlə bağlı cənab
prezidentin heç seçildiyi gündən üzü bəri
müddətdə yox, yalnız elə bu Novruz ərəfəsində,
martın ilk günlərində gördüyü işləri
sadalasam və bu həcmə, bu miqyasa biz nəzər salsam,
çox şey görünəcək.Həm o görünəcək
ki, cənab prezidentin "inkişafın yeni mərhələsinə
qədəm qoymuşuq" ideyası nə deməkdir. Həm
o görünəcək ki, cənab prezidentin "biz
islahatların büsbütün ayrı bir səviyyəsini
başlayırıq" ideyası nə deməkdir. Həm də
o aydın görünəcək ki, Azərbaycanın
sabahı və konkret olaraq mədəniyyətimizin gələcəyi
hansı uğurları, hansı zirvələri fəth edə
bilər. Ötən ilin büdcə müzakirələrində
mən dəfələrlə söyləyirdim ki, Azərbaycanın
dövlət büdcəsində mədəniyyətə
ayrılan vəsait 0,8 faiz təşkil edir və bu, əlbəttə
ki, azdır. Çünki
yalnız Azərbaycan neft ölkəsi, inkişaf edən,
iqtisadi cəhətdən güclü, kənd təsərrüfatı
günü-gündən irəliləyən və
haçansa inkişaf eləmiş, amma inkişafdan
dayanmış sahələrini indi dirçəldən və
irəli aparan bir ölkə deyil. Bunların hamısından
daha əvvəl Azərbaycan mədəniyyət ölkəsidir.
Çünki Azərbaycan dünyaya mədəniyyəti ilə
tanınan, tanıdan və öz uca boyunu hər yerdə
göstərə bilir. Ona görə də biz mədəniyyətə
vəsaiti büdcə içərisində 0,8 faiz deyil, bundan
2-3 dəfə artıq eləməliyik. Ötən ilin
büdcəsində ənənəvi olaraq Azərbaycan
kinosuna yalnız bir milyon yarım vəsait
ayrılmışdı.Cənab prezidentin bu ilin mart günlərində
imzaladığı sərəncamla, milyon yarım qalıb
yerində, Azərbaycan kinosunun inkişafı
üçün altı milyon əlavə vəsait
ayrıldı. Bir milyon yox, milyon yarım yox, yəni yüz
faiz, 150 faiz, 200 faiz artırılmadı, birdən-birə 400
faiz artırıldı kinoya ayrılan vəsait. Yaxud iki milyon
manat teatr sənətimizin inkişafına, Azərbayca
teatrının inkişafına ayrıldı".
Onun bildirdiyinə görə, həmçinin, ayrı-ayrı yaradıcı təşkilatların hamısının inkişafı, ayaq üstə daha möhkəm durması, daha böyük zirvələr əldə etməsi üçün imkan yaradacaq vəsaitlər ayrıldı: "İndi bunların hamısını üst-üstə götürəndə görərsiniz ki, o ideyaları ki biz qaldırırdıq, o fikirləri ki biz söyləyirdik, bunlar bizdən daha əvvəl cənab prezidentin içərisində imiş. Birdən-birə belə artımlar, belə yanaşmalar, bu miqyaslar, bu həcmlər "mədəniyyətdə və digər sahələrdə Azərbaycan inkişafın tamam yeni bir mərhələsinə qədəm qoyur" məsələsini dərk etmək üçün artıq çox şey deyir. Yeni inkişaf mərhələsi, islahatların təzə yüksəlişləri o deməkdir ki, əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək. Sadəcə, inkişaf 10 faiz, 20 faiz, 50 faiz bir dəfə, iki dəfə yox, qat-qat dəfələrlə yüksək olacaq. Nəzərdə tutulan ideyaların gerçəkləşdirilməsi üçün bu cür qətiyyətli addımlar atılacaq. Ona görə də inanıram ki, Azərbaycan mədəniyyəti qarşıdakı illər içərisində çox böyük uğurlara çatacaq. Mən, sadəcə, balaca bir sahənin içərisində bir neçə gün ərzində cənab prezidentin imzaladığı sərəncamlarla nə qədər ciddi dəyişikliklərin yaşanmasından danışıram. Mətbuat səhifələrində oxudum, az öncə kinoya ayrılan vəsaitdən şikayətlənən, gileylənən, bununla kinonu inkişaf etdirmək çətin olar söyləyən ən müxtəlif düşüncə və mövqe sahibi olan kino xadimlərinin əksəriyyəti yenidən müsahibələr verirlər və bəyan edirlər ki, cənab prezidentin kino ilə bağlı atdığı addımlar Azərbaycan kinosuna yeni bir nəfəs verməkdir.Bu, o, deməkdir ki, əslində, bir az böyük ölçüdə götürsək, Azərbaycan teatrına da, Azərbaycan mədəniyyətinin digər sahələrinə də yeni nəfəs verilir. İkinci nəfəs gəlir Azərbaycanın inkişafı üçün. Bu ikinci nəfəsi Azərbaycana prezident İlham Əliyev gətirir və inanıram ki, bu ikinci nəfəs bütün digər sahələrdə də böyük yüksəlişlər üçün təkan olacaq".
Millət vəkili qeyd edib ki, Azərbaycan kinosunda çox istedadlı gənclər yetişib. Çox maraqlı rejissor şəbəkəsi yaranıb ki, onlar dünya kinosuna və dünya kino arenasına çıxıb sözlərini deyə bilərlər: "Arxada qalan bir neçə ildə bütün məhdudiyyətlərə, imkansızlıqlara baxmayaraq, qısametrajlı, həcmi çox da böyük olmayan filmlər çəkiblər və dünyanın müxtəlif kino müsabiqələrində iştirak edərək yer tutublar, uğurlar qazanıblar, laureat adlarını əldə ediblər.Yəni istedadlı kino xadimlərimiz çoxdur, özü də əksəriyyəti cavan insanlardır. Mənə elə gəlir ki, bu baş verən hadisələr Azərbaycan kinosundakı yeni bir intibah üçün təkan verəcək. Çünki çatmayan maddi vəsait idi, maddi vəsaiti, qayğını da artıq dövlət göstərir. Həmçinin, istedadlı gənclik var. O gəncliyə, sadəcə, özlərini inkişaf etdirmək üçün əlavə bir kömək, dəstək lazım idi. Yalnız bir məsələ qalır ki, onun da həll olunması ilə artıq Azərbaycan kinosunun sizin söylədiyiniz və hamımızın arzuladığımız 50-ci, 60-cı illərin yalnız Azərbaycan insanı üçün deyil, Azərbaycan ekranından kənara çıxaraq dünya insanları üçün də maraqlı olan əsərlər yaratmasına gətirib çıxaracaq".
Nurlan
Olaylar.- 2019.- 30 mart-1 aprel.- S.13.