Satıcılara səs verək!

 

Felyeton

 

Camaatımızın ən çox güvəndiyi yerlər haradır və ən çox inandığı (cənab prezident istisna olmaqla) insanlar kimlərdir? Yəqin, o dəqiqə yadınıza nazirlər, komitə sədrləri düşəcək. Bu olmadıqda bəzilərinin indiyə qədər səsini belə eşitmədiyiniz millət vəkillərinin surətləri gözünüz önündə canlanacaq. İstəsəniz də sifətlərini xatırlaya bilmədiyiniz millət vəkillərindən vaz keçib, barmağınızı şanlı icra başçılarımızın üstündə saxlayacaqsınız ki, bəs bunlardır.

Yenə də yox, yanıldınız. Nazirin, millət vəkilinin, bədhabəddə icra başçısının yanına gedib dərdinizi danışacaq, problemin həll edilməsini onlardan xahiş edəcəksiniz. Dərdiniz qanunidir, haqsızdır bu başqa məsələ. Birinin problemi həll olunanda, doqquzunun problemi həll olunmur. Odur ki, onlar kütləvi şəkildə əhalinin güvən yeri ola bilməz. Biz kütləvilikdən danışırıq ey! Elə bir kütləvi güvənlik yerinsanlar ki, onlara hətta nazirlər də, millət vəkilləri də, məmurların özləri də inanırlar.

Bir az şəhadət barmağınızla düz alnınızın ortasını ovxalayıb deyəcəksiniz ki,   "Evrika!" Tapdım! A... niyə bu barədə heç fikirləşməmişəm. Doğurdan onlara kim güvənmir, kim inanmır? Düz tapdınız! Ən çox güvəndiyimiz yer bazar-dükan, kafe-restoran, inandığımız insanlar Satıcılardır. Nöşün ki, belə yerlərdə şəstlə pul xərcləməyi xoşlayırıq, özüyüzyüz arxanıyıq ki, belə yerlərin satıcıları bizi aldatmaz. Onlar müqəddəsdirlər, övliyadırlar, qarışqanı belə tapdalamazlar, haram tikə boğazlarından keçməz, tıx olub nəfəs almağa qoymaz onları. Ona görə onlara inanırıq, heç mübahisə-zad da etmirik.

Gedirsən bazara meyvəni, tərəvəzi elə gözəl piştaxtaya düzüblər ki, adam istəyir ordaca süfrə açıb naharını eləsin. Satıcılar bazar dilini gəşəng bilirlər. Bazarın bu başından o başınacan qiymətlər eynidir. Kimin nə hünəri var ki, kənardan ərzaq gətirsin. Elə hoydu-hoyduya götürərlər ki, ərzaq gətirən bazardan borcla çıxar, çünki bazar əhlinə inanırlar.

Arada bəzi alıcılar qiymət üstündə çənə- boğaz eləsələr də, elə alıcıların özləru onun aşını-duzunu verirlər. Həri, nə bilmisiz, belə müqəddəs yerlərdə qiymət davası etməzlər, atam balası!

Deyirsən, ay qardaş! Bu pomidorlardan, xiyarlardan, badımcanlardan... nə bilim ondan-bundan... hərəsindən bir kilo çək. Gözünə döndüyüm satıcının əlləri elə sürətlə işləyir ki, gözlərin nə onun əllərinə, nə məhsulun keyfiyyətinə nəzarət edə bilmir. Tərəzinin də arxası sənə, ya da satıcının gözə görünməyən arxasında. Heç gör cınqırımız çıxır? Əttövbə, niyə də səsimiz çıxmalıdır, bir halda ki, inanırıq.

Keçirsən balıq satılan yerə. Yan-yana düzülmüş balıqlara baxıb elə birini ordaca bişirib yemək istəyirsən. Soruşursan "Ay qardaş, balıq təzədir? Satıcı balığın qulağından tutub elə silkələyir ki, elə bil balığı indi sudan çıxardıb. And içir, aman eləyir, olan-olmayan balalarının canını, yeddi arxa dönənlərin ruhlarını gordan çıxardıb balığın göyərmiş qulağına doldurur. Amma, heç vaxt görmədim ki, arvadının canına and içsin. Görünür, onun da inandığı yer arvaddır. Arvadla da zarafat etmək olmaz. Nə isə yenə inanırıq, yenə alırıq. Axı satıcılara da inanmayıb kimə inanasıyıq ki? Madam ki, cümlə özü onlara inanıb bazarlıq edir.

Biz hər şeyə və hər zada inanan xalqıq, illah da satıcılara

Gedirsən aptekə. Həkimin yazdığı resepti on səkkiz yaşlı satıcı qıza elə məhəbbətlə uzadırsan ki, sanki səni həkim yox, bu qız sağaldacaq. Gözünə döndüyüm qız da höcətləyə-höcətləyə resepti birtəhər oxuyub, sənə bir qucaq dərman verir. Heç yoxlamırıq da dərmanları düz verib, yoxsa səhv. Axı inanırıq. Dərmanlara bir ətək pul verib gedirsən həkimin yanına. Arxayın-arxayın həkimə inandığından yançağını onun qarşısında nümayiş etdirərək, mərd-mərdanə "Vur iynəni" deyirsən. Həkim də dərman şüşəsinin üstünə baxmadan iynəni sənin gün görməyən yerinə vurur. Axı, o da qızcığaz satıcıya inanır. Bir az keçir, həkim baxır ki, xəstənin bədəni qızardı. O zaman əlini atıb kapsul dərmanın üstündəki yazını oxuyub deyir ki,  binəva satıcı dərmanı sənə səhv verib. Tez bunun "anti"sini vurub səni bəladan qurtarır. Sən də şikayət etmirsən. Axı inandığın adamdan necə şikayət edəsən?

Yaxud girirsən marketə. Cibinə uyğun qiymətlərə baxıb bur neçə ərzaq alırsan. Hamısının da qiymətləri üstündə cağbacağ vurulub. Məsələn, nəyinsə üstündə iki manat altmış səkkiz qəpik yazılıb. Alırsan evə gəlib çekə baxanda görürsən ki, üç manat on qəpik yazılıb. Day üç-dürd qəpiyə görə inamını alt-üst etməyəcəksən ki. Ayıbdır, mentalitetimiz var, qəpik davası etmək olmaz axı. Lap elə bil, çeki götürüb qayıtdım marketə. Gözəl-göyçək satıcıya iradını bildirdin. Utanmayacaqsan? O da sənə irişə-irişə cavab verəcək ki,  bəs qiymətləri dəyişməyi çatdıra bilmirik. Sən də əli ətəyindən uzun geri qayıdacaqsan.

Heç görmüsünüzmü sizə xırda pul qaytaranda sayasınız? Mən görməmişəm. Ayıbdır, inandığımız adamın yanında birə-beş ayıbdır.

Hələ paltar alanda demirəm. Zirzəmisində tikilən kostyumu "Pier Karden" adı ilə, bəh-bəhlə sənə elə sırıyır ki, inamsızlığın bir anda göyərçin olub uçub gedir. Ortada nə qalır:  Bircə inam. Onu da qoyursan pulun üstünə, üstəlik satıcıya təşəkkür edirsən. Niyə də etməyəsən?  Bu boyda bahalı kostyumu "Çin" malı qiymətinə satır. Niyə də inanmayaq? Pulumuz cibimizi deşir məgər?

Dönər, tezbazar yemək yerlərini heç demirəm. Oralar başdan-başa inam paltarını geyinib sakitcə mürgüləyirlər. Alıcı özünü inandırıb ki, əşşi, altmış qəpiyə görə bu boyda kişi səni aldatmayacaq ki. Əlbəttə, hər məhsulun keyfiyyətlisini satacaq ki, alıcısı çox olsun.

Hələ mən restoran, kafeləri demirəm. Buralarda bir toyun pulunu səndən almasalar əl çəkən deyillər. Nə qiymət desələr, dərhal çıxardıb ödəyirsən. Çünki inanırsan. İnanmasan bu restorana gələrdin?

Heç kim fikirləşmir ki, aldığı nəsnə təzədir, köhnədir, məhsula ilan, kərtənkələ geni vurublar ya, yox. Düşünmürlər ki, xasiyyətimizi, qanımızı dəyişən ərzaq alırıq,  ya almırıq. Lazımda da deyil, çünki bizlərdə belə şeylər olmur. O de satıcıların sifətindən inam yağı damır.

Əlqərəz, satıcıya inam məsələsini niyə ortalığa atıram, şar kimi üfürüb şişirdirəm. Qarşıda parlament seçkiləri gəlir. Onsuz da hər kəs həm alıcıdır, həm də satıcı. Biri alır, o birisi satır, ya da əksinə. Amma hamının inandığı satıcılar var. Niyə onlardan deputat qayırmayaq? Axı onlara xalq inanır? Nəyə lazım alim, şair, ədib, romançı, ziyalı, rejissor və sairə... sairələr. Onların hamısı demaqoqdur. Bir şey olan kimi yüz yerə şikayət edirlər. İstədiklərini almayana qədər əl çəkmirlər. Alandan sonra da səsləri batır,  elə bil qurbağa gölünə daş atmısan. Amma inandığmız satıcıların heç əvvəldən səsi çıxmayacaq, çünki bilirlər ki, nə satıblar. Belə "xalq satıcılarımız" "xalq vəkillərinə çevriləcəklər, axı biz onlara inanırıq.

Düzdür, fəaliyyətdə olan millət vəkillərimizin içində də satıcı az deyil, amma onların miqyası böyükdür. Xalq isə xırda satıcılara inanır. Dükan-bazar, kafe-restoran xalqın güvəndiyi, inandığı yerlərdir.

Odur ki, satıcılara səs verək!

 

30.04.19

 

Yunus Oğuz

 

Olaylar.- 2019.- 2-3 may.- S.8.