Mənim
yazıçım...
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (indiki DİM-in) II qrup üzrə
qəbul imtahanından müvəffəqiyyətlə
keçib, yüksək bal toplayaraq ali məktəbə qəbul
olmuş və bunun sevinci ilə isti yay günlərini (imtahan
yay vaxtı olmuşdu) xoş keçirmək
üçün üzümü bədii ədəbiyyata
tutmuşdum.
Bilirdim
ki, mütaliə istənilən bir vaxt insanın köməyinə
çatır, ömrünü mütaliəyə həsr edən
insanlar heç bir zaman vaxtlarını hədər
keçirmir və uca Allah yazıb-yaradan insanlara həmişə
uzun ömür, can sağlığı qismət edir və ən
əsası isə bir millətin inkişafı onun təhsilindən
keçdiyi üçün hər bir vətəndaş
mütaliə edərək biliklərlə
silahlanmalıdır düşüncəsilə kitablarla vaxt
keçirməyi qərara aldım. Uzun müddətdir ki,
yorulmadan, tükənmədən, usanmadan orta məktəb dərsliklərini
ciddi oxuyaraq ali məktəbə qəbul olmaq arzusu ilə
çalışdığım günlərin xoş nəticəsini
gördükdən sonra elmə, kitaba olan həvəsim
artmış və təhsilə bağlılığım
yüksəlib. Əmimoğlu Emil Sadıqov çox mütaliə
edən bilikli bir insandır deyə ondan xahiş etdim ki, mənə
mütaliə etmək üçün münasib bir əsər
versin: burada qeyd edim ki, əmimoğlu həqiqətən millətinə
sidqi ürəkdən bağlı, xalqının tarixini, mədəniyyətini
və xüsusilə türk xalqlarının taleyini dərindən
bilən kamil insandır. Emil Sadıqov mənə Əmir Teymurla
bağlı bir tarixi roman verdi və onun müəllifi
haqqında xeyli söhbət elədi. Müəllif Yunus
Oğuz idi və mən bu imzanı ilk dəfə
eşidirdim. Uzun müddətdir ki, orta məktəb dərslikləri
ilə sıx məşğul olduğum üçün bədii
ədəbiyyata sözün həqiqi mənasında vaxt
ayırmaq imkanım məhdud olurdu.
Orta məktəbdə
tarix və ədəbiyyat elmlərinə böyük
marağım vardı - şagird yoldaşlarıma nisbətən
bu elmləri daha tez, dərindən mənimsəyirdim və
açığı, bu həvəsin haradan
qaynaqlandığını bilmirdim, ancaq zaman keçdikcə
bunu dərk elədim. Əmir Teymuru isə şübhəsiz
ki, yaxşı tanıyırdım və orta məktəb
tarix kitablarında bu tarixi şəxsiyyət haqqında kifayət
qədər məlumat vardı. Birdə ki, Əmir Teymur
türk dünyasının, Turan coğrafiyasının
ünlü-sədalı sərkərdəsi kimi həmişə
ona sonsuz, tükənməz məhəbbətim olmuş və
onun tarixdəki rolu haqqında həmişə
düşünürdüm. Bu səbəblə də əsərin
tez bir zamanda mütaliəsinə başladım. Əsər
Əmir Teymurun tarixdəki şanlı zəfərlərinə
həsr edilən, daha doğrusu türkün möhtəşəm
sərkədəsinin ömür yolundan bəhs edirdi.
Kitabın təsirinə elə düşmüşdüm ki,
bəlkə oxucu mənə inanmaz, amma yuxumda da belə bu sərkərdə
haqqında tez-tez röyalar görür, beynimdə onun zəfərləri
haqqında düşünürdüm. Şübhəsiz ki, əsərə
bu qədər aludə olmağımın başlıca səbəblərindən
biri də yazıçı Yunus Oğuzun qələminin
gücü idi ki, mən bu əsərdən
aldığım mənəvi ləzzəti heç bir əsərdən
hələ tam olaraq ala bilməmişəm və bir şeyə
təəssüf elədim ki, Əmir Teymur haqqında olan həmin
kitab II hissədən ibarət idi və məndə isə
birinci hissəsi vardı. İkinci hissəni nə qədər
çalışdımsa kənddə olduğum müddətdə
əldə edə bilmədim. Məni üzən bir məsələdə
vardı - belə ki, kitabı oxuduqdan sonra əmimoğluna
qaytardım və həmin kitabı ondan hədiyyə
üçün istəməyə utandım. Əsər
yaxın ildə çap olunmuşdu deyə kəndimizdə nə
qədər tanıdığım insanlardan soruşdumsa həmin
əsəri tapa bilmədim. Sonralar öyrəndim ki, bu
şanlı əsəri millət vəkilimiz Qənirə
xanım Paşayevə Tovuz məktəblilərinə hədiyyə
etmişdir.
Ali təhsil
almaq üçün doğma Bakımıza gəldim və
şəhərin səs-küyü, insanların
çoxluğu məni bir müddət xeyli
düşündürdü; yeri gəldikcə də cəmiyyətin
bu qədər çoxluğundan sıxılaraq günlərimi
tək otaqda mütaliə və dərslərimə
çalışmaqla keçirirdim - yəqin ki, bu
yazıçıya, mütaliə edən insanlara xas olan bir
ümumi tələbdən irəli gəlirdi. Amma Əmir
Teymur haqqında olan oxuduğum kitabın ikinci hissəsini tam
şəkildə mütaliə etmək həvəsi mənə
rahatlıq vermirdi. Bir gün telefonuma zəng gəldi və
Tovuz gəncləri arasında yüksək bal toplayan tələbələrlə
Atatürk Mərkəzində millət vəkili Qənirə
Paşayevanın görüşü keçiriləcəyini
vurğulayaraq mənim də dəvət
aldığımı bildirdilər - şübhəsiz ki,
sevinməyə bilməzdim və dəvəti qəbul edərək
təyin olunmuş vaxtda Atatürk Mərkəzində oldum.
Millət vəkili Qənirə Paşayeva ilə
görüşümüz uğurlu alındı; orada
tanınmış insanlarla, gənc dostlarımızla
maraqlı görüşümüz, söhbətimiz baş
tutdu və bu fürsətdən istifadə edərək
ziyalılardan Əmir Teymur haqqındakı romandan və onun
müəllifindən danışdım ki, məni bu müəlliflə
əlaqələndirsinlər. Və burada lazımi
informasıyanı aldığıma görə şad oldum.
Fəal
bir tələbə olaraq Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqında (ATGTİ) fəaliyyət
göstərirdim və burada adətən elm sahibləri,
tanınmış qələm insanları ilə gənclərin
görüşlərinin təşkilinə, konfrans və
seminarların baş tutmasına
çalışırdım. Bir gün belə
görüşlərin birinin Yunus Oğuzla baş
tutmasını arzuladım və müəlliflə əlaqə
saxlayaraq görüşdük. Yaxşı xatırlayıram
bu görüş məndə çox müsbət ab-hava
yaratmışdı və deyə bilərəm ki, həmin
görüşdən sonra mütaliə həvəsim daha da
artmağa başladı. "Olaylar" qəzetinin
redaksiyasında Yunus müəllimlə
görüşümüz baş tutdu və çox
maraqlı söhbətimiz oldu. Həqiqətən
qarşımda mənim yazıçım əyləşmişdi
- bu yazıçının qələmi məni bərk sirkələmişdi.
Əmir Teymur romanı haqqında maraqlı söhbətimizdən
sonra müəllifdən həmin əsərin II hissəsinin
bir nüsxəsini mənə hədiyyə etməyini
xahiş elədim. Yazıçı Yunus Oğuz özünəməxsus
səslə telefonun dəstəyini qaldıraraq bir neçə
kitab adı sadaladı və bir müddətdən sonra həmin
kitablar mənə hədiyyə olundu. "Təhmasib
Şah", "Türkün gizli tarixi", "Əmir
Teymur II hissə", "Şah arvadı və Cadugər"
və "Qədim türklər və passionarlıq nəzəriyyəsi
L.N.Qumilyovun tədqiqatlarında" əsərlərini Yunus
müəllim mənə hədiyyə elədi və
şübhəsiz ki, əsərlərin hər birini
ayrıca oxudum. Həmin əsərlər içərisində
məni daha çox düşündürənləri
"Türkün gizli tarixi" və "Şah arvadı və
Cadugər" kitabları oldu: belə ki, mən bu əsərlərdə
bir çoxlarının yazmadığı real tarixlə
tanış oldum.
Tələbələrlə Yunus Oğuzun görüşünü təşkil etdik və tədbir iki saat çəkdi. Hələ indiyə kimi belə bir maraqlı görüşü xatırlamıram. Tələbələrin yazıçını dinləmələri, sual vermələri, mən tədbir yekunlaşır dedikcə auditoriya yenidən yazıçıya suallar yağdırmasını unuda bilmirəm və beləcə görüşümüz 3 saatdan çox davam elədi. Sonda Yunus Oğuz tələbələrin hər birinə "Şah arvadı və Cadugər" romanını hədiyyə etdi. Sonralar həmin tələbələrlə görüşdükcə biz bu əsər haqqında danışır, fikir mübadiləsi aparırdıq.
Tarixi romanları çox sevirəm. Əksər tarixi romanları maraqla mütaliə edir və bu əsərlərə üstünlük verirəm. İlk oxuduğum tarixi roman "Əmir Teymur" əsəri bu sahəyə məni dəvət edən şanlı mütaliə əsərimdir.
Mahmud Əyyublu
Olaylar.- 2019.- 2-3 may.- S.10.