Azərbaycan dünya mədəniyyətləri,

dinləri arasında olan körpü

 

İlham Əliyev: "Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir"

 

Multikulturalizm hazırda Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Azərbaycanda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu da da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir. Müasir dövrdə Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxkonfesiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Ölkəmizdə multikulturalizm artıq Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycanın razılığı olmadan regiondakı strateji əhəmiyyətli heç bir layihənin reallaşması mümkün deyil.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkədə daim dini tolerantlığın hökm sürdüyünü xatırladıb. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı vurğulayıb ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. "Bakı Prosesi"nin BMT və digər mötəbər təşkilatlar tərəfində dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda mövcud olan multikulturalizm mühiti bir sıra beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilməkdədir. Hətta bir sıra beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri bu məsələdə ölkəmizin təcrübəsinin öyrənilməsini vacib hesab edirlər. Çünki, ictimai-siyasi xadimlərin, beynəlxalq ekspertlər hesab edirlər ki, Azərbaycan dünya mədəniyyətləri, dinləri arasında körpü rolunu oynayır. Məsələn, UNESCO-nun Baş direktorunun müavini Nada Al-Naşif qeyd edib ki, dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və Azərbaycanın xüsusi rolu var. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminın sözlərinə görə, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin deyib ki, Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirir. Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoninin qənaətinə görə, Azərbaycan mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biridir. ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri hesab edir ki,  Bakı Forumu dünyanın ən nüfuzlu tədbirlərindən biridir və Prezident İlham Əliyevin siyasi iradə göstərməsi dünya liderləri üçün  nümunəvi mövqedir. Beləliklə, ölkəmizin yüzilliklərə söykənən şərəfli tarixi və müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı dövrləri bir daha göstərir ki, həqiqətən də Azərbaycanın sivilizasiyalararası dialoqun qurulmasında təşəbbüskarlığı ələ almağa mənəvi haqqı vardır. Çünki tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir. Eyni zamanda, mədəniyyətlərarası dialoq barışdırıcı amil kimi çıxış edərək, müharibə və münaqişələrin qarşısını almaqla inam və qarşılıqlı etimad yaratmaqda böyük təsirə malikdir. Aparılan müşahidələr, həyata keçirilən tədbirlər də göstərir ki, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir. Bu baxımdan qeyd etmək olar ki, ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq tədbirlərinin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması, xüsusilə də, islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Bütan sadalananları nəzərə alınaraq Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı İlham Əliyev tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Belə ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq dövlət başçısı ölkədə mühüm beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsünü irəli sürüb. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə paytaxt Bakıda təşkil olunan bu beynəlxalq tədbirlər regionumuza və dünyaya sabitlik, sülh, əmin-amanlıq vəd edir: "2008-ci ildən start götürən "Bakı Prosesi" bu illər ərzində müxtəlif qitələri təmsil edən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi öz ətrafına toplamağı bacarıb. İldən-ilə coğrafiyası genişlənən bu dəfəki Forumda Böyük Britaniya, Səudiyyə Ərəbistanı, hətta Okeanın o tayından ölkələrin təmsilçiləri iştirak edirlər. Hesab edirəm ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu builki şüarından da göründüyü kimi, ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişələrə qarşı fəaliyyət naminə dialoq qurmaq baxımından faydalı olacaq". Baş redaktor vurğulayıb ki, bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır: "Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu, tarixən də belə olub. Yüzilliklər boyu müxtəlif dinlərə, mədəniyyətlərə mənsub insanlar Azərbaycan ərazisində mehriban, sülh və təhlükəsizlik şəraitində yaşayıblar. Ona görə də beynəlxalq birliyin dialoq məkanı kimi Azərbaycanı seçməsi təsadüfi deyil. Hesab edirəm ki, bu Forum da kifayət qədər ciddi müzakirə mövzuları ilə zəngin və məhsuldar olacaq".

 

Nurlan

 

Olaylar.- 2019.- 4-6 may.- S.8.