Azərbaycanda islahatlar

ənənəvi xarakter alıb

 

Bu dalğanın müsbət nəticələrini hər bir vətəndaş hiss edəcək

 

Ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası müsbət qiymətləndirilir və tarixi hadisə hesab edilir. Çünki illərdir ənənəvi xarakter daşıyan bu cür iclaslar müstəqil Azərbaycan dövlətinin inkişafında, sosial-iqtisadi tərəqqisində, ictimai-siyasi sabitliyin təmin edilməsində, ölkənin beynəlxalq aləmdəki yerinin və nüfuzunun möhkəmləndirilməsində önəmli rol oynayıb və oynamaqdadır. Hər dəfə bu iclaslardan sonra qarşıya qoyulan hədəflərə çatılmasında böyük, müsbət irəliləyişlər yaşanmaqda və hər birimiz də bunun canlı şahidləri olmaqda, müsbət nəticələri öz həyatımızda hiss etməkdəyik. Bu baxımdan, bu cür iclasları çox önəmli hesab edilir.

Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, sözügedən iclas öz tarixiliyinə və əhəmiyyətliliyinə görə daha çox seçilir və fərqlənir: "Çünki 2018-ci ildən və yaşadığımız, ilk dörd ayını gerdə qoyduğumuz 2019-cu ildən Azərbaycan dövləti və xalqı öz həyatında, öz tarxində, müstəqilliyinin 27-28-ci ilində yeni mərhələ, yeni dövr yaşamaqdadır.1993-cü ilin məlum iyun hadisələrindən, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra başlanan və son 15-16 ildə cənab prezidentin hakimiyyəti dövründə davam etdirilən inkişaf, müstəqil dövlətçilik xətti, siyasəti, islahatlar prosesi 2018-ci ildən, xüsusilə, 11 aprel seçkilərindən ötən bir il ərzində yeni məna, yeni məzmun daşımaqda, daha sürətli,  daha yüksələn xətlə öz hədəflərinə doğru irəliləməkdədir. İslahatlar prosesi həyatımızın bütün sahələrinə, bütün nöqtələrinə işləməkdə və yayılmaqdadır. Ötən bir il və bu ilin ilk rübündə bütün sahələrdə islahatlar prosesinin yeni mərhələsinin, yeni dalğasının müsbət nəticələrini və töhfələrini görməkdəyik. Elə bir sahə yoxdur ki, orada islahatlar, srtuktur, kadr islahatları, dəyişikliklər, yeniliklər baş verməsin. Hər gün yeni uğurların, yeni zəfərlərin şahidi olmaqdadyıq. Bunlar ölkə prezidentinin sədrliyi ilə keçirilən və müstəqil dövlətimizin tarixinə düşəcək 30 aprel iclasında da bir daha dilə gətirildi, nəzərə, diqqətə çatdırıldı".

Millət vəkili bildirib ki, iclasda səslənən fikirlər, rəqəmlər hamısı real, əsaslandırılmış fikirlər, rəqəmlər idi: "Yəni, adi, quru rəqəmlər, fikirlər deyildi. Hər bir rəqəmin, hər bir söylənilən fikrin altında görülmüş işlər, həyata keçirilmiş ölcüyəgəlməz müsbət addımlar, yeniliklər dayanırdı. Heç təsadüfi deyil ki, cənab prezident özü də çıxışında ötən dövrə nəzər salaraq, hələ bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən, 2019-cu ilin də ölkəmiz üçün uğurlu il olacağı ilə bağlı fikirlərini xatırlatdı. Bildirdi ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyuldu. Yəni, 11 aprel prezident seçkiləri ərəfəsində anonsu verilən islahatlar prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmağa, hazırlıq işləri aparılmağa başlanıldı. Dövlət başçısının da qeyd etdiyi kimi, artıq bu ilin, 2019-cu ilin birinci rübündə də əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir və sübut edir ki, düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Dövlət başçısı sonra fikirlərini davam etdirərək "Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır"-deyə, bildirdi və vurğuladı ki, artıq bu ilin birinci rübündə Ümumi Daxili Məhsul (ÜDM) 3 faiz artıb, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Həmçinin, qeyd olundu ki, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 15,6 faiz artıb. Bununla yanaşı, görülən işlərin nəticəsi olaraq, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb və sair. Ən maraqlı və ən mühüm məqamlardan biri isə islahatların davamlı xarakter daşıyacağı, ona alternativin olmayacğı barədə səsləndirilən fikirlər idi. Yəni, Azərbaycanda islahlatlar prosesinin yeni məzmunda və yeni keyfiyyətdə həyata keçirilməsinin təşəbbüskarı və icraçısı olan cənab prezidenti 2003-cü ildən bu yana verdiyi vədlərin, söylədiyi fikirlərin bir daha üzərində qaldığını, Azərbaycan vətəndaşı və dövləti naminə hər zaman sözünü tutduğunu, vədlərinə əməl etdiyinin gözlər özünə sərmiş oldu. Bir daha qətiyyətini, iradəsini, əzmkarlığını nümayiş etdirdi. Bu baxımdan hesab edirəm və qəti şəkildə əminəm ki, növbəti rüblərdə, növbəti mərhələlərdə də daha böyük uğurların, nailiyyətlərin şahidi olacağıq. Buna adım kimi əminəm və bu əminliyi də Azərbaycan dövləti və xalqı naminə dayanmadan, yorulmadan fəaliyyət göstərən cənab İlham Əliyev yaradır".

Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərinməzmunlu sosial siyasət həyata keçirib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır: "Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir". C.Paşazadə bildirib ki, məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz, beynəlxalq səviyyəli reytinq agentliklərinin hesabatlarında da göstərildiyi kimi, insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Onun sözlərinə görə, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda yoxsulluq və işsizlik qısa müddətdə 5 faiz səviyyəsinədək aşağı salınıb: "Respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyev aprelin 30-da keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Bütövlükdə,  Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı azdır. Bu ilin birinci rübündə respublikamızda ümumi daxili məhsul istehsalı 3,3 dəfədən çox artıb ki, bu da çox yüksək göstəricidir. Eyni zamanda, milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artıb. Bütün bunlar dinamik inkişafın nəticələridir".

 

Alim

 

Olaylar.- 2019.- 4-6 may.- S.6.