Regional proqramlar kommunal
problemlərin həllində əhəmiyyətli rol
oynayır
"Azərbaycan
Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramları" uğurla icra edilməkdədir. Artıq sözügedən dövlət
proqramları bölgələrdə kommunal xidmətlərin ən
yüksək səviyyədə təmin olunmasına şərait
yaradıb.
Xüsusən, bölgə əhalisinin davamlı elektrik
enerji və təbii qazla təchizatında əhəmiyyətli
naliyətlərə imza atılıb. Hazırda
regional proqramlar çərçivəsində sözügedən
sahələrdə işlər davam etdirilir. Belə ki,
regional proqramlar çərçivəsində ötən
ilin iyul ayında baş verən qəza nəticəsində
enerji sistemin çökməsinə səbəb olan Mingəçevir
şəhərində yerləşən "Azərbaycan"
İstilik Elektrik Stansiyası istismar müddətini başa
vurduğu üçün ölkə Prezident İlham
Əliyevin göstərişi ilə ən müasir səviyyədə
yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən
böyük istilik elektrik stansiyası olan və Respublikada
elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən
8 bloklu "Azərbaycan" İstilik Elektrik Stansiyasında
bütün parametrlər üzrə tikinti, yenidənqurma və
bərpa işləri aparılır. Bu günə qədər
"Reabilitasiya Proqramı" çərçivəsində
Azərenerji "ASC" tərəfindən stansiyanın 6
saylı enerji blokunda kompleks yenidənqurma işləri
aparılıb və
nəticəsində 60 meqavat yük məhdudiyyəti
aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq
Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7
saylı enerji bloku və 1 saylı əlaqə
avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla
əvəzlənərək istismara verilib. Nəticədə
7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə
- 310 meqavata çatdırılıb. Bununla
yanaşı hidrogen istehsal edən eloktroliz, oksigen
qurğularında da təmir işləri aparılıb.
Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi
ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin
bünövrəsi, yeni çənlərin
quraşdırılması və borularda izolyasiya işləri
aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava
kompressorları sexinin yerləşəcəyi binada,
stansiyanın girişində mövcud
yanğınsöndürmə nasosxanasında təmir işləri
görülür, həmçinin yağ
təsərrüfatının köçürülməsi
istiqamətində müvafiq tədbirlər həyata
keçirilir. "Azərbaycan" İstilik
Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi
tikilir. Stansiya ərazisi perimetr boyu elektron
hasarla əhatəyə alınması və kamera sisteminin
qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının
boyanması və bərpası prosesi gedir, analoji işlər
2 saylı tüstü borusunda isə tam yekunlaşıb.
Bununla yanaşı soyutma su nasos
stansiyalarının çıxış su kanallarının
əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və
montaj işləri, o cümlədən 9 saylı qazanın
sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma
işləri yekunlaşmaq üzrədir. Ölkənin ən
böyük 500 kilovoltluq Açıq Paylayıcı
Qurgularından biri məhz "Azərbaycan" İstilik
Elektrik Stansiyasıda yerləşir ki, onun da 2-ci dövrəsində
aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq Açıq Paylayıcı Qurğudan
330 kilovoltuq Açıq Paylayıcı Qurğunun İdarəetmə
mərkəzinə kabel xətləri ücün kanal yolunun
qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin
yağışdan və küləkdən mühafizəsi, o
cümlədən yanğından mühafızə binası
əsaslı təmir olunur. Ümumilikdə,
"Reabilitasiya Proqramı" çərçivəsində
"Azərbaycan" İstilik Elektrik Stansiyasında 3 il ərzində
turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin,
yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin,
əks-qəza avtomatikasının tamamilə yenidən qurulub
bərpa edilməsi nəzərdə tutulub. Bundan
başqa, Yuxarı Qarabağ kanalının üzərindən
əhali üçün yeni körpü və yol
salınması, yeraltı yanğınsöndürmə su boru
sistemlərinin bərpa edilməsi istiqamətində işlər
görülür. Ümumilikdə genişmiqyaslı
görüləcək işlərin nəticəsində
stansiyanın gücü 380 meqavat artılaraq 2000 meqavata
catacaq, ən əsası isə "Azərbycan"
İstilik Elektrik Stansiyasında dayanıqlılıq və
etibarlılıq təmin ediləcək. Lakin
bununla yanaşı, hələ görüləcək işlər
də qalmaqdadır.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin "2019-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclas"da qeyd edib ki, dövlət
proqramlarının uğurlu icrası deməyə əsas
verir ki, onların qəbulu tam məntiqə uyğundur:
"Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə
gedən quruculuq-abadlıq işləri bunun əyani
sübutudur. Ancaq hələ də həll
olunmamış məsələlər var. Hələ də
elə məsələlər var ki, onların həlli
üçün imkanlar olmayıb, yaxud da onların növbəsi
gəlməyib. Biz isə
görülmüş işlərlə kifayətlənməməliyik,
daim qabağa baxmalıyıq. Baxmalıyıq
ki, harada nə çatışmır, harada hansı məsələ
öz həllini tapmalıdır. Prinsip
etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər
öz həllini tapıb. Ancaq bu proses davam etdiriləcək.
Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim
kimi, biz indi özümüzü tam təmin edirik,
böyük həcmdə ixrac edirik. Ancaq
yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var.
Çünki bizim sənaye potensialımızın, əhalimizin
artımı, kənd təsərrüfatının
inkişafı, böyük sənaye klasterlərinin
yaradılması tələb edir ki, elektrik enerjisinin
istehsalı artsın. Bu il biz
Bakıda böyük elektrik stansiyasının
açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan "Şimal 2"
stansiyasının açılışı gözlənilir.
Eyni zamanda, Bakı şəhərində yeni,
300, 350, bəlkə də 400 meqavat gücündə
stansiyanın tikintisi ilə bağlı işlər
aparılmışdır. İndi dəqiqləşmələr
gedir və stansiyanın tikintisi bizim enerji
potensialımızı daha da möhkəmləndirəcək.
Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa
və təmir işləri aparılaraq onların
potensialını böyük dərəcədə artıra
bilərik. İlkin hesablamalar göstərir
ki, biz təqribən 500 meqavat əlavə güc əldə
edə bilərik. Beləliklə, əgər
bu üç məsələ öz həllini taparsa, - mən
əminəm ki, bu, belə də olacaq, - biz əlavə 1500
meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan
daxili tələbatımızı ödəyəcəyik, həm
də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik.
Bununla paralel olaraq, bərpaolunan enerji mənbələrinin
yaradılması istiqamətində işlər getməlidir.
İlk növbədə, su elektrik
stansiyalarının, günəş və külək
stansiyalarının tikintisi. İndi bu sahəyə
xarici investorlardan maraq var. Dünya İqtisadi Forumu çərçivəsində
keçirdiyim görüşlər bir daha onu göstərir
ki, böyük şirkətlər bu sahəyə investisiya
qoymağa hazırdırlar, bu barədə
düşünürlər. Hesab edirəm
ki, bu, çox müsbət bir haldır. Çünki
bu gün bu sahədə yeni texnologiyalar yaradılıb və
bu texnologiyalar səmərəliliyi böyük dərəcədə
artırır. Hesab edirəm ki, yerli
şirkətlər də bu işlərə mütləq
fikir verməlidirlər".
"Azərbaycan
Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası nəticəsində
bölgələrdə keyfiyyətli qaz təminatına da əlverişli
şərait yaradıb. Belə ki, "Azəriqaz"
İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz
işlər həyata keçirilir. Belə
ki, əhali istehlakçılarının mənzillərində
istismar edilən istismar müddəti başa
çatmış mexaniki sayğaclar yeni smart-kart tipli
sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri
çəkilir və istismara yararsız vəziyyətdə
olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz
edilir. İstehlakçıların qaz təchizatının
yaxşılaşdırılması, şəbəkənin
qaz nəqletmə imkanlarının artırılması və
yaşayış məntəqələrinin qazlaşdırılması
üçün Birlik tərəfindən Cari ilin
yanvar-sentyabr ayları ərzində 7214,6 km yeni qaz kəməri
quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin
təhlükəsiz və normal rejimdə istismarının təmin
olunması üçün isə 225 km qaz kəməri əsaslı
təmir olunmuşdur. Aparılan
tikinti-quraşdırma işləri nəticəsində 158
yaşayış məntəqəsi qazlaşdırılaraq
təbii qazla təmin edilmişdir. Son illər
SOCAR-ın"Azəriqaz" İstehsalat Birliyi tərəfindən
Respublikanın yaşayış məntəqələrinə
təbii qazın bərpası, istehlakçıların qaz təchizatının
yaxşılaşdırılması, səmərəli və
effektiv qazpaylama infrastrukturunun yaradılması və şəbəkənin
nəqletmə imkanlarının genişləndirilməsi, qaz
kəmərlərinin və avadanlıqların yenidənqurulması
istiqamətində geniş miqyaslı işlər
görülür. Belə ki, tərtib edilmiş tədbirlər
proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat
Birliyi tərəfindən nəzərdə tutulmuş işlərin
icrası ilə əlaqədar ilk növbədə kənd və
qəsəbələrin daşıyıcı qaz kəmərlərinin
yenidənqurulması, kəmərlər üzərində
quraşdırılmış istismar müddəti bitmiş
avadanlıqların yeniləri ilə əvəz edilməsi,
sonrakı mərhələdə isə mövcud qaz
paylayıcı şəbəkələrin, küçə
və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə
də hər bir istehlakçının mənzilinə qaz
sayğaclarının quraşdırılması işləri
2019-cu ildə də uğurla davam etdirilir. Tədbirlər
planına uyğun olaraq cari ildə Şəmkir Regional Qaz
İstismar İdarəsinin 6 xidmət sahəsi üzrə 50
km qaz kəmərinin yenilənməsi işləri nəzərdə
tutulmuşdur ki, artıq 13 km boru xətləri yenisi ilə əvəzlənib.
Aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində
şəbəkənin qaz nəqletmə imkanının
artırılması məqsədi ilə, Şəmkir
rayonunun Düyərli kəndini təbii qazla təmin edən
orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinin
4 min metr hissəsinin,diametri 250 mm-lik polietilen qaz kəməri
ilə əvəzlənməsi işlərinə
başlanılıb və 2 500 metrdən artıq hissəsi
yenilənib. Yenidənqurma işlərinin
qısa zamanda başa çatdırılması
üçün müvafiq tədbirlər görülür.
İşlər başa
çatdırıldıqdan sonra 2 minə yaxın təbii
qaz istehlakçılarının tələb olunan təzyiqdə
təbii qazla təminatı üçün əlavə imkan
yaradılacaq. İstehlakçıların
dayanıqlı təbii qazla təmin olunması
üçün vacib məsələləri müəyyənləşdirən
SOCAR-ın"Azəriqaz" İstehsalat Birliyi istər
Bakı şəhəri, istərsə də regionlarda qaz boru
xətlərinin, avadanlıqların, ölçü və
idarəetmə sistemlərinin işinin etibarlı təmin
olunması üçün, planlı surətdə profilaktik
təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin
yenidənqurulması, qaz təchizatının bərpası
ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi
və yaşayış sahələrinin qazlaşdırılması
işlərini davam etdirir.
Dövlət başçısı Nazirlər Kabinetinin "2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas"da qeyd edib ki, ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir: "Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın". Qətiyyətlə demək olar ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dördüncü dövlət proqramı qarşıda duran məsələlərin həllini təmin edəcək.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 4-6 may.- S.15.