Əhalinin içməli su ilə təminatında yeni hədəflər

 

Sayca dördüncü Dövlət Proqramında bu istiqamətdə tədbirlər nəzərdə tutulub

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasında yeni bir məhələyə start verilib. Söhbət 2019-2023-cü illəri əhatə edəcək sayca dördüncü Dövlət Proqramından gedir. Cari ilin yanvar ayında qəbul edilən sayca dördüncü Dövlət Proqramında da bir çox istiqamətlərdə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunların sırasında ən başlıcası əhalinin kommunal problemlərinin həlli istiqamətində addımların atılması əsas prioritetlərdəndir. Məlumat üçün qeyd edək ki, bundan əvvəl icra edilən 3 Dövlət Proqramında da əhalinin elektrik enerjisi, təbii qaz və içməli suya olan tələbatının ödənilməsi istiqamətində kifayət qədər işlər görülüb. Elə həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, hər üç istiqamətdə əhalinin bu xidmətlərə olan tələbatı 90 faizdən artıq ödənilib. Ancaq qeyd edilən istiqamətlərdə işlərin görülməsinə zərurət yarandığı üçün sayca dördüncü Dövlət Proqramında da bu məqamlar əksini tapıb. Elə Azərbaycan Respubılikasının Prezidenti Cənab İlham Əliyev də bu günlərdə Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bu məsələyə toxunub. Dövlət başçısı qeyd edib ki, bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir: "Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulubbu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün şəhərlərimizdə, - bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın zamanlarda bu işlər görüləcək, - ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar var. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb, yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb. İçməli su layihələrinin icrası ilə bağlı deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq. Son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət almışdır. Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq".

Qeyd etdiyimiz kimi, əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində dördüncü Dövlət Proqramında da müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və ötən müddət ərzində qeyd edilən istiqamətdə kifayət qədər addımlar atılıb. Proqramın icrasına başlanıldığı qısa müddət ərzində Şəkidə və Qazaxda əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində görülən işlər belə deməyə əsas verir.

Belə ki. qədim tarixə və böyük turizm potensialına malik Şəki şəhərində əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası sürətlənmdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin növbəti mərhələsində yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək. Layihənin icra vəziyyəti və görüləcək işlər Şəki şəhərində keçirilmiş təqdimatda geniş müzakirə olunub. Şəki Şəhər İcra Hakimiyyətinin, "Azərsu" ASC-nin, məsləhətçi və podratçı şirkətlərin  nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu layihə əhalinin sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin olunması  baxımından mühüm əhəmiyyət daşıyır.

"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını xatırladaraq Şəki şəhərində layihənin birinci mərhələsi üzrə işlərin uğurla yekunlaşdığını vurğulayıb.

Təqdimat zamanı məlumat verilib ki, "Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.

Layihənin birinci mərhələsində əhalini  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində "Şəki Sukanal" TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.

Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

Dövlət Proqramı çərçivəsində cəbhə xəttində yaşayan əhalinin içməli suya olan tələbatının qarşılanması istiqamətində də tədbirlər nəzərdə tutulub və işlər həyata keçirilir. Belə ki,  "Azərsu" Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli sukanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edib, küçələrdə sukanalizasiya xətlərinin tikintisi paralel aparılır. Tikinti işlərinin icra vəziyyəti və gələcəkdə görüləcək işlər Qazax şəhərində "Azərsu" ASC-nin,  məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə geniş müzakirə olunub.

"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli sukanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev  şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Cəbhə bölgəsində yerləşən Qazax şəhərində içməli sukanalizasiya layihəsinin icrası əhalinin sosial problemlərinin həllinə göstərilən diqqətin  nümunəsidir.

Tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Qeyd olunub ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan sukanalizasiya şəbəkələrinə qoşulacaqsayğaclar quraşdırılacaq. İçməli sukanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 7-8 may.- S.15.