Azərbaycan dünyaya
öz yüksək dəyərlərini təqdim
edir
Müxtəlif xalqları bir araya gətirən
forumların Azərbaycanda keçirilməsi ölkə
üçün böyük uğurdur
Azərbaycanın
beynəlxalq imici artıq ölkəmizin dünyada söz sahibi kimi
çıxış etməsinə zəmin yaradıb. Elə
bu səbədən də ölkəmiz qlobal məsələlərin həllinə təkan
verəcək tədbirlərin keçirilməsi istiqamətində
təşəbbüslərıə çıxış edir. Belə beynəlxalq əhəmiyyətli
tədbirlərə ev sahibliyi
etmək isə ölkəmizin dəyərlərini təbliğ
etmək baxımından xüsusi əhəmiyyət
daşıyır. V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun ölkəmizdə
keçirilməsi sadaladığımız faktorlara
əyani misal kimi qəbul
edilə bilər.
Millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyl qeyd edib ki, Azərbaycan dövləti hər zaman mədəniyyətlərarası dialoqun inkişafında aparıcılıq mövqeyini ortaya qoyub və əsas təşəbbüskar kimi çıxış edib. Onun sözlərinə görə, bu xüsusda ilkin faktor cəmiyyətlərin multikultural dəyərlərə önəm verməsi, bu yöndə fəaliyyət göstərməsidir: "Bu baxımdan, qeyd etmək istərdim ki, ayrı-seçkiliyə, qeyri-bərabərliyə və zorakı münaqişəyə qarşı ən güclü mübarizə üsulu məhz multikulturalizm və tolerantlıq mühitinin yaradılmasıdır". Akademik həmçinin qeyd edib ki, ölkəmizdə bu istiqamətdə davamlı işlər aparılır: "Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və bir-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik tanıyır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissələrindən biri də bu kimi önəmli məsələlərdir ki, Azərbaycan bütün dünyaya öz yüksək dəyərlərini təqdim edir". İ.Həbibbəyli Bakıda belə bir Forumun keçirilməsinin önəmli olduğunu və yüksək qiymətləndirildiyini bildirib: "Bu, artıq xoş bir ənənə şəklini alıb. Burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizm məsələsi ətrafında müzakirələr də çox maraqlı mövzuları əhatə edir. Həmçinin, bu tədbirdə, elmin, mədəniyyətin, ictimai həyatın müxtəlif sahələrində çalışan təcrübəli insanlar bir-biri ilə görüşərək fikir mübadiləsi aparmağa, öz təcrübələrini bölüşməyə imkan tapırlar. Məsələ bundadır ki, dünyada sivilizasiyalararası konfliktlər gündən-günə daha da ağırlaşır və onların müzakirə edilərək həllinin tapılması aktual məsələyə çevrilir. Belə problemlərin həllində isə dövlətlərarası dialoqun rolu böyükdür. Mən deyərdim ki, sivilizasiyaları, müxtəlif xalqları bir araya gətirən belə forumların Azərbaycanda keçirilməsi ölkə üçün böyük uğurdur". Akademik qeyd edib ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyada sülh və sabitlik yaradılması işinə mühüm töhfələr verir.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya üçün aktual olan önəmli məsələlərin müzakirəsi üçün çox mühüm tədbirdir. "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın diqqət mərkəzindədir. Forum mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafının təmin edilməsinə töhfələr verəcək: "Forum həmçinin, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə də müsbət təsir göstərəcək. V Bakı Forumu Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirak etməsi tədbirin önəmindən xəbər verir. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir".
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir. Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu məqsədə xidmət edir. S.Fətəliyeva bildirib ki, ilk forumlarda Azərbaycan bu tədbirin keçirilməsinə çox maraqlı idi. Çünki bunun vasitəsilə tariximizi, mədəniyyətimizi, tolerantlığımızı və müasir inkişafımızı beynəlxalq aləmə təqdim etməyə çalışırdıq. Artıq Bakıda V Forum keçirildi bu forumun keçirilməsinə bütün dünya maraqlıdır. Ölkəmizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir BMT və digər beynəlxalq qurumlar tərəfindən çox yüksək qiymətləndirilir: "Hazırda dünyanın bir sıra nöqtələrində münaqişələr, dini dözümsüzlük , radikalizm mövcuddur. Bütün bunların yaranmasında səbəb dialoqun olmaması ilə yanaşı qarşılıqlı hörmətin olmamasıdır. Hörmət anlayışının yüksək tutulmasında Azərbaycanın təcrübəsi və nümunəsi ortadadır. Hörmət deyəndə, xalqlar arasında, dövlətlər arasında hörmət, dövlətlərin daxili siyasətinə, beynəlxlaq təşkilatlarda üzv dövlətlərə, bərabərhüquqlu əməkdaşlığa, dəyərlərə hörməti nəzərdə tuturuq. Bu hörmətin təmin edilməsi Azərbaycan tərəfindən çox gözəl nümayiş etdirilir. Azərbaycan bütün mənalarda Şərq və Qərb arasında körpüdür və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir. Bütövlükdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır, səmərəli müzakirələr - fikir mübadilələri aparılır. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Sözügedən tədbirdə də qeyd edildiyi kimi, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev bu məqamlara toxunaraq Forumun nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrildiyini bildirib. Bütün bunlar, Azərbaycanın xoşməramlı təşəbbüslərinin təzahürüdür".
Nurlan
Olaylar.- 2019.- 7-8 may.- S.12.