Almaniyanın Bakı neftini
ələ keçirmək planı
Hitlerin "Edelveys"
adlanan Qafqaza hücum planında Bakının
tutulmasının dəqiq vaxtı da
göstərilmişdi
Zəngin təbii
sərvətlərə və əlverişli coğrafi
mövqeyə malik olan
Azərbaycan İkinci Dünya
müharibəsi illərində də iri
dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər.
Almaniya Bakı neftini ələ
keçirməklə Şərqə - İran
körfəzinə və Hind okeanına hərəkət
etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında
hətta Bakının sənaye və hərbi əhəmiyyətli
obyektlərinin dəqiq xəritəsi
hazırlanmışdı.
Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı "Qafqazın idarə olunması planı"na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi. Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin "Böyük Türküstan" dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin "Edelveys" adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri "Vilvet" planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi. Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdı. Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsərək Almaniyanı tərk etməli olub. 1943-cü ilin payızında Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılıb. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq edib. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərib.
Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşublar. Onlar fərdi və kütləvi igidliklər göstəriblər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak edərək son nəfəsinədək qala uğrunda mərdliklə döyüşüblər.1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərib. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərib. Bundan başqa, Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstəriblər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası", döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk divİziyası", 271-ci diviziya "Qarlov diviziyası", 77-ci diviziya "Simferopol diviziyası" və 223-cü diviziya "Belqrad diviziyası" adını qazanmışdılar. 223-cü və 416-cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçərək Berlinin zəbt olunmasında iştirak edib.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak ediblər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada "Dyadya Kolya" partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranıb. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak ediblər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalıb. O, "Armed Mişel" (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı -"Fransanın Milli Qəhrəmanı", şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunub. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərib. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv edib, 700 nəfər hərbi əsiri azad edib. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olub. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib. Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olub və itkin düşüb. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.
Müharibə illərində Azərbaycanın
bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə
və qulluqçular üçün
iş günü
11-12 saata qaldırılaraq məzuniyyətlər
ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının
satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi.
Orduya səfərbər edilmiş
işçilərin yerinə qadınlar və yeniyetmələr
cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində
işləməyə 11 min qadın gəlmişdi.
Bütün sənaye sahələri cəbhə
üçün məhsul istehsal
etməyə başlamışdı. O zaman
SSRİ-nin əsas duru
yanacaq-neft bazası olan
Bakının rolu artmışdı.
Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. 1941- 1945-ci illərdə
Bakı ölkəyə
75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından
birinə çevrilmişdi.
Bakıda "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edilir, "YAK-3" qırıcı
təyyarəsi yığılırdı.
Ümumən Bakıda 130-dan çox
silah və onun hissələri hazırlanırdı. Azərbaycanın kənd əməkçiləri
də müharibə illərində döyüşən
cəbhəyə əllərindən
gələni etmişdilər.
Onlar ölkəyə 500 min ton pambıq
və digər strateji xammal məhsulları vermişdilər.
Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait
və qiymətli əşyalar vermişdilər.
1941- 1943-cü illərdə Azərbaycan vətəndaşları
müdafiə fonduna
15 kiloqram qızıl,
952 kq gümüş,
311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya,
125 vaqon isti paltar göndərmişdilər.
Öz vəsaitləri hesabına
tank və təyyarə
kolonnaları təşkil
etmişdilər. Azərbaycanın alimləri də müharibə illərində
şərəflə işləmişdilər.
Məşhur akademik Yusif Məmmədəliyev
başda olmaqla kimyaçı alimlər müharibə illərində
38 növ sürtkü
yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil
etmişdilər. Bütün ziyalıların,
o cümlədən yaradıcı
ziyalıların fəaliyyəti
faşizm üzərində
qələbəyə yönəldilmişdi.
Beləliklə, ikinci dünya
müharibəsində faşizm
və militarizm üzərində qələbənin
əldə edilməsində
Azərbaycan da öz böyük töhfəsini verib.
Zəka
Olaylar.- 2019.- 9-10 may.-
S.7.