Regional proqramlar Qobustan
rayonunda uğurla icra edilir
Azərbaycan Respublikası
Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
uğurlu icrası xüsusən bölgələrin inkişafında
əhəmiyyətli rol oynayıb. Sözügedən dövlət
proqramları Qobustan rayonunda da uğurla icra edilib. Regional proqramlar çərçivəsində
Qobustan-Poladlı avtomobil yolu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva
Qobustan-Poladlı avtomobil yolunun açılışında
iştirak ediblər. 5 min nəfərin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən
Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan
Prezidentinin 2018-ci ildə imzaladığı Sərəncama əsasən
dövlət büdcəsinin investisiya xərclərindən
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4
milyon manat vəsait ayrılıb. İki hərəkət
zolaqlı yolun ümumi uzunluğu 14,5
kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun
inşası zamanı müxtəlif diametrli 7
suötürücü boru quraşdırılıb, zəruri
yerlərdə yol nişanları, göstərici lövhələr,
siqnal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib.
Yolun inşası texnoloji
ardıcıllığa uyğun və yüksək keyfiyyətlə
həyata keçirilib. Qobustan-Poladlı
yolu bu bölgədə yaşayan insanların
Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə
respublikamızın istənilən istiqamətinə hərəkət
etməsinə imkan yaradıb. Bu layihənin
icrası sürücülərin təhlükəsizliyinin təmin
edilməsi ilə yanaşı, bölgədə
iqtisadiyyatın və kənd təsərrüfatının
inkişafında da mühüm rol oynayacaq.
2014-2018-ci
illəri əhatə edən sayca üçüncü
Dövlət Proqramının uğula icra edilməsi nəticəsində
rayonda müasir standartalara cavab
verən infrastruktur yaradılıb, əhalinin sosial problemləri
həlli yolunu tapıb, işsizlik probleminin aradan
qaldırılıb, məşğulluq səviyyəsi
artıb, eləcə də rayonun ümumi daxili məhsulunun həcmində
artım baş verib. Görülən işlər
onu göstərir ki, regionların sosial-iqtisadi
inkişafına dair dördüncü Dövlət
Proqramı da Qobustan və digər bölgələrimizin daha
da inkişafında əhəmiyyətli rol oynayacaq.
Bölgələrimizdə səhiyyə sisteminin təkmilləşdirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlar atılır. Yeni xəstəxanaların
açılması həkimlərin də iş yerləri ilə
təmin edir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi
Xəstəxanasının açılışında
iştirak ediblər. Qobustan Rayon Mərkəzi Xəstəxanası
üçün yeni binanın tikintisinə 2014-cü ildə
başlanılıb. İnşaat işləri
2018-ci ildə başa çatdırılıb. 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının
inşası müasir səviyyədə və yüksək
keyfiyyətlə həyata keçirilib. Xəstəxananın
ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi
yardım binası, Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin
binaları inşa olunub. Xəstəxanada əsasən
Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən
alınan müasir tibbi avadanlıq quraşdırılıb.
Bu avadanlığın hər biri istər
müalicə, istərsə də müayinə işini ən
yüksək səviyyədə və dəqiqliklə yerinə
yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili
tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri,
poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika
(radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət
göstərəcək. Laboratoriyada
müayinələri yüksək dəqiqliklə və
qısa müddətdə aparmaq üçün hərtərəfli
şərait var. Hazırda xəstəxanada 26 həkim və
51 orta tibb işçisi çalışır.
Ölkəmizdə xalçaçılığın
inkişafına xüsusi əhəmiyyət verildiyi
üçün, bölgələrdə bir çox
xalça fabrikləri istifadəyə verilib. Bu fabriklərdə
öz növbəsində əhalinin işlə təmin
olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça"
Açıq Səhmdar Cəmiyyətinin Qobustan
filialının açılışında iştirak ediblər.
"Azərxalça" ASC-nin Qobustan filialının
binasının ümumi sahəsi 1300 kvadratmetrə
yaxındır. Dövlətimizin
başçısının 2018-ci ildə
imzaladığı Sərəncama əsasən Qobustan
xalça istehsalı emalatxanasının tikintisi və təchizatına
dövlət büdcəsindən 2 milyon manat vəsait
ayrılıb. Qobustan şəhərinin mərkəzində
yerləşən binada tikinti işləri yüksək
keyfiyyətlə aparılıb. Burada 150
toxucu və 14 inzibati-təsərrüfat işçisinin
çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı,
anbar, yeməkxana, tibb otağı, xalça satışı
salonu, konfrans zalı və digər bölmələrdən
ibarətdir. Emalatxanada müxtəlif
ölçülü 43 dəzgahda Azərbaycan
xalçaları toxunacaq. Əsasən Ağdaş,
Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı,
Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan,
Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab
rayonlarının kəndlərində toxunan orijinal xalça
çeşnilərinə üstünlük veriləcək.
Bu çeşnilər dünya muzeylərində, şəxsi
kolleksiyalarda mühafizə olunan, həmçinin
respublikamızın ayrı-ayrı bölgələrindən
toplanılan qədim və orijinal xalçalar əsasında
"Azərxalça"nın rəssamları
tərəfindən hazırlanıb. Toxucular
Qobustan şəhərinin və rayonun digər
yaşayış məntəqələrinin sakinləridir.
Onlar bir neçə ay ərzində "Azərxalça"
ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris
kurslarında iştirak edib, xalçaçılıq üzrə
bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Tədris-hazırlıq kursu filial fəaliyyətə
başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları "Azərxalça"
ASC-nin tədris sertifikatını alacaqlar.
Buradakı xalça-satış salonunda "Azərxalça"
ASC-də toxunmuş xalça və xalça məmulatlarının
sərgisi və satışı həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça"
Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və
boyaq bitkilərinin tədarükü məntəqəsinin
açılışında da iştirak ediblər.
Ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə
istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin
başçısının tapşırığı ilə
"Azərxalça" ASC-nin filiallarının, ölkəmizdə
fəaliyyət göstərən özəl
xalçaçılıq müəssisələrinin yun
ipliklə təmin olunması üçün mühüm tədbirlər
görülür. Bu istiqamətdə həyata
keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye
Parkında "Azərxalça" ASC-nin yunəyirici-boyaq
fabrikinin inşasıdır. Hazırda
fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə
Naxçıvan şəhərində, Bərdə, Qobustan,
Şabran və Sabirabad rayonlarında regional yun və boyaq
bitkilərinin tədarükü məntəqələri
yaradılıb. Son illər bu sahənin
inkişafına göstərilən diqqət, ölkəmizin
müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə
başlaması xalça toxunması üçün xammal
bazasının yaradılması zərurətini meydana
çıxarıb. Bu baxımdan yunəyirici-boyaq
fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü
məntəqələrinin yaradılması idxaldan
asılılığı tamamilə aradan qaldıracaq.
Tədarük məntəqələri
heyvandarlığın inkişafına da öz təsirini
göstərəcək. Bu, qoyunçuluq
təsərrüfatlarının, fermerlərin yun
satışı probleminin həllinə imkan verəcək.
Regional tədarük məntəqələrində ildə
1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində
300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14
rayonu əhatə edəcək. Bu məntəqənin
imkanlarından Qobustan, Şamaxı, İsmayıllı,
Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala,
Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki
şəhərinin və Bakının Qaradağ rayonunun
sakinləri yararlanacaqlar. Bu işin yüksək
səviyyədə təşkili məqsədilə maarifləndirici
tədbirlər də keçirilib. Bu məntəqədə
növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.
Yun tədarükü zamanı xalça
toxunması üçün iplik istehsalına yararlı olan
yunun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün
yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8
santimetr olan yunun qəbulu həyata keçiriləcək.
İplik istehsalına yararlı olmayan yun isə
yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb,
hansı ölkədə belə xammala tələbatın
olduğu müəyyənləşdirilib. Bu məntəqədə növbəti ildən boyaq
bitkiləri də qəbul olunacaq.
Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar
onları toplayıb tədarük məntəqəsinə təhvil
verməklə həm də əlavə qazanc əldə edəcəklər.
Həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul
ediləcək.
Regional məntəqəyə gətirilən məhsul rənginə
və ölçüsünə görə çeşidlənəcək. Yun
çeşidləndikdən sonra kipləşdiriləcək,
onların üzərinə xüsusi yarlıqlar vurulacaq.
Həmin yarlıqda yunun rəngi, qəbul tarixi,
hansı rayondan alındığı, çəkisi,
növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar
əksini tapacaq. Məntəqədə
kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq
fabrikinə təhvil veriləcək.
Qobustan regional yun və boyaq bitkilərinin tədarükü
məntəqəsində 25 nəfər daimi işlə təmin
olunub.
Regional proqramlar çərçivəsində Qobustan və
Azərbaycanın bütün bölgələrində
görülən işlər ölkəmizi inkişaf etdirir
onun iqtisadiyyatının dayanıqlığını
gücləndirir. Bu inkişafın təməlində Azərbaycan
prezidentinin düşünülmüş və uzaqgörən
siyasəti dayanır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 9-10
may.- S.15.