Azərbaycanda sabitlik və

inkişaf dövrünün yeni mərhələsi

 

15 ildə Azərbaycanın rifahı, çiçəklənməsi, ölkəmizin regionda və dünyada nüfuzunun daha artması yönündə çox  mühüm addımlar atılıb

 

Bu günlər Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi böyük ehtiram və sayğı ilə anır. May ayının 10-da Heydər Əliyevin anadan olmasının 96 ili tamam olur. Ümummilli liderin siyasi fəaliyyəti, ölkəyə rəhbərliik etdiyi dövrlərə nəzər saldıqda görürük ki, Heydər Əliyevin həyatının müəyyən bir hissəsi də Naxçıvan Muxtar Respublikası ilə bağlı olub.

Ümummilli liderin Muxtar Respublikaya rəhbərlik etdiyi illərə nəzər salan Milli Məclisin sədr müavini Bahar Muradova deyir ki, SSRİ rəhbərliyindən istefasından sonra Heydər Əliyevin Azərbaycana qayıtmasına imkan vermədilər, hətta həyatı üçün təhlükənin mövcud olduğunu belə nəzərə almadan respublika rəhbərlyi tərəfindən onun ölkədən kənarda saxlanmasına cəhdlər göstərilirdi. Onun sözlərinə görə, 1990-cı ildə Ümummilli LiderAzərbaycana qayıtsa da, Bakıda qalmasına imkan verilmədi. "Onun həmin vaxt mərkəzi hakimiyyətdə və respublika rəhbərliyində kifayət qədər yaxından tanıyan şəxslər tərəfindən müdafiə edilməməsi Naxçıvana getməsini şərtləndirirdi". Bahar Muradova bildirib ki, ümummilli Lider Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün siyasi və ideoloji əhəmiyyətli tarixi qərarlar qəbul etdi: "Yeni Azərbaycan Partiyasının (YAP) yaranması prosesinə gəlincə, həmin dövrdə ölkəmizin bütün guşələrində qəlbində Heydər Əliyevə və böyük Azərbaycana sevgi ilə yaşayan yüz minlərlə insan respublikadakı vəziyyəti yaxından izləyirdi. Bu vəziyyət yenicə müstəqillik qazanan respublikanın gələcək taleyi üçün ciddi təhlükələrin olduğunu göstərirdi. AXC-Müsavat cütlüyünün bir-birinin ardınca buraxdığı siyasi səhvlər, cinayətə bərabər əməllər Azərbaycanın müstəqilliyini sual altında qoyurdu. Getdikcə artan ziddiyyətlər və xaos insanlarda narahatlıq yaradırdı. Bütün bunlar təbii olaraq xalqın Heydər Əliyevin böyük siyasətə qayıtması arzusunun daha da alovlanmasına gətirib çıxardı. Çünki Ümummilli Liderin Naxçıvanda atdığı addımları, orada həm erməni təcavüzünün qarşısının alınması, həm də ictimai-siyasi sabitlik yaratması yönündə fəaliyyətini insanlar görür və Azərbaycanın xilası üçün ondan kömək gözləyirdilər. Bu məqamda siyasi cəhətdən kifayət qədər fəal şəxslər, o cümlədən ziyalılar həmin fəallığı məhz Azərbaycanın müstəqilliyinin qorunmasına yönələtmək üçün əsas mərkəz rolunu oynaya biləcək, müstəqilliyi şəxsi və qrup mövqeyindən üstün tuta biləcək siyasi təşkilatın yaranması və rəhbərliyində Ümummilli Lideri görmək istəyi ilə Ulu Öndərə üz tutdular. Heydər Əliyev isə bir çox müzakirələrdən sonra belə bir siyasi partiyanın yaranmasını məqsədəuyğun hesab etdi və özünün də bu partiyanın rəhbərliyində təmsil olunmasına razılığını bildirdi. Lakin o dövrdə Heydər Əliyevin adından belə ehtiyat edən Azərbaycan iqtidarı partiyanın Bakıda təsis olunmasına imkan vermədi. Çünki mövcud hakimiyyət Ulu Öndərin rəhbərliyi altında siyasi partiyanın yaranmasına  icazə verilməsini özünün siyasi iflası hesab edirdi. Odur ki, bunun qarşısını almaq üçün bütün tədbirlərə əl atıldı. Buna baxmayaraq, Heydər Əliyevi özünə lider hesab edən şəxslər axın-axın Naxçıvana üz tutur və bu prosesi sürətləndirmək üçün işlər görürdülər. Ovaxtkı iqtidar Naxçıvana edilən bu səfərlərin də qarşısını almağa çalışırdı. Bu təzyiq və təsirlərə baxmayaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis olundu. Naxçıvanda 500 nümayəndənin iştirakı ilə keçirilən konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi".

Hakim partiya rəsmisi deyib ki, təsadüfən hakimiyyətə yiyələnən, heç bir iqtisadi və siyasi konsepsiyası, proqramı olmayan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti dövlət quruculuğunda və dövlət idarəçiliyində, habelə xalqın müdafiə qabiliyyətini müharibə şəraitində olan Azərbaycanın təhlükəsizliyinə yönəltmək işində uğur qazanılmasını istisna edirdi: "Son nəticədə müstəqillik əldə etdikdən qısa müddət sonra Azərbaycan nəinki müstəqilliyin itirilməsi, ümumiyyətlə, parçalanma təhükəsi ilə üz-üzə qaldı. Belə bir məqamda xalqın verdiyi düzgün qərar Heydər Əliyevə müraciət olunması və təkidlə hakimiyyətə qayıtması oldu. Ulu Öndərin hakimiyyətdə kifayət qədər mühüm posta seçilməsi bu prosesi təhlükəsiz məcraya, vətəndaş müharibəsindən xilas yoluna yönəltməyə imkan verdi. Çünki Heydər Əliyevin gəlişi Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi, qısa müddətdə ölkədəki separatçı qüvvələrin fəaliyyətinə son qoyuldu. Tarix də göstərdi ki, həmin qərar Azərbaycan xalqının və dövlətinin sonrakı taleyinin həllində, dövlətçiliyinin bünövrəsinin qoyulmasında əsas amil kimi çxış edib. Burada mühüm məqamı qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti seçildikdən sonra Ümummilli Liderin birbaşa xalqa müraciəti və bundan sonra könüllü olaraq kütləvi şəkildə cəbhəyə yollanan vətən övladlarının qəhrəmanlığı sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında həyata keçirdiyi Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi işğaldan azad olundu. Nəticədə düşmən atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə qədəm qoydu. Bundan sonra ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi tənəzzüldən xilas edilməsi, daxili ictimai-siyasi sabitliyin təmin olunması və xarici siyasətinin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Bu da keçmiş iqtidarın fəaliyyəti nəticəsində ölkənin düşdüyü siyasi blokadadan, izolyasiyadan qurtulmaq üçün zəmin yaratdı. Ümummilli Lider keçmiş hakimiyyətin yanlış siyasəti nəticəsində münasibətlərin gərgin olduğu region dövlətləri ilə, habelə dünya siyasətində həlledici rola malik böyük güclərlə əməkdaşlığın mümkün olmasını sübut etdi. Bütün bunlar da Azərbayanın siyasi  və iqtisadi potensialı yüksək olan bir dövlət kimi formalaşmasına, hətta dünyanın aparıcı dövlətləri ilə tərəfdaş qismində çıxış etməsinə imkan yaratdı. Azərbaycanın bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinin qarantı olan münasibətlərin qurulması, bu kontekstdə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçiriməsində milli maraqların qətiyyətlə təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri keçirildi, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin hüquqlarının təminatçısı olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin qurulmasına zəmin yaratdı. O, həmçinin xaricdə Azərbaycan diasporunun formalaşdırılmasına, dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə nail oldu. Azərbaycan müstəqillik tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf edən həmin 10 illik dövrü Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyinin, eyni zamanda bu müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qalır". Bahar Muradova onu da bildirib ki, ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycan Respublikası beynəlxalq təşkilatların bərabər hüquqlu üzvünə çevrildi: "Azərbaycanın daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış etməsi, bəzilərinin həyata keçirilməsi və digərlərinin də əsasının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan nəinki öz təbii ehtiyatlarının, digər dövlətlərin də enerji ehtiyatlarının Azərbaycandan keçməklə dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli layihələrə imza atdı. Yeni neft və qaz yataqlarının işlənməsi üçün xarici dövlətlərin nüfuzlu şirkətləri ilə müqavilələr imzaladı. "Əsrin müqaviləsi" sazişinin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin nüfuzlu şirkətlərinin iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan daha genişmiqyaslı tərəfdaşlar əldə etmək dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara  üzv olmuşdu. Avropa Şurası başda olmaqla digər nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində isə Azərbaycan insan hüquq və azadlqıların qorunduğu bir məkanın bərabərhüquqlu iştirakçısına çevrildi. Və biz bu vəzifənin hansı çətin və məsuliyyətli bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları bugünkü və gələcək nəslə çatdırmalıyıq ki, müstəqilliyin nəyin bahasına qorunub saxlandığını dərk etsinlər və unutmasınlar. Ümummilli Liderin ən böyük xidməti Azərbaycan dövlətinin sonrakı dövr üçün inkişafını, xalqın bugünkü və gələcək rifahını, təhlükəsizlik, sabitlik və tərəqqi şəraitində yaşamasının dönməzliyini təmin edən siyasi xadimi yetişdirməsi oldu. Təbii ki, Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişafı üçün fundamental əsas kimi çıxış edir. Lakin XXI əsrin əvvəlində dünyadakı proseslər də dəyişirdi. 2003-cü ilin ortalarında Ulu Öndərin qəbul etdiyi vacib qərarlardan biri cənab İlham Əliyevin sonrakı 5 illik dövr üçün prezidentliyə namizədliyinin irəli sürülməsi idi. Yeni Azərbaycan Partiyası da bu qərarı yekdilliklə dəstəklədi. Xalq böyük səs çoxluğu ilə İlham Əliyevi dövlət başçısı seçməklə bu davamlı inkişafın təmin olunmasına böyük dəstək verdi. Çünki, istər xarici, istərsə də daxili siyasətdə əsası Ümummilli Lider tərəfindən qoyulan bu siyasi xətt davam etdirilməli idi. Bu da bir həqiqətdir ki, xaricdəki bəzi iqtisadi və siyasi dairələrin dəstəyi ilə daxildə məqam gözləyən qüvvələr var idi və onlar 2003-cü ilin oktyabrında keçirilən prezident seçkisindən sonra sabitliyi pozmağa cəhd etdilər. Lakin Ulu Öndərin əsasını qoyduğu Azərbaycan dövlətçiliyinin sarsılmaz olduğu həmin dövrdə bir daha sübut olundu. Bundan sonra Azərbaycanda sabitlik və inkişaf dövrünün yeni mərhələsi başladı. Bu 15 ildə Azərbaycanın rifahı, çiçəklənməsi, ölkəmizin regionda və dünyada nüfuzunun daha artması, beynəlxalq hüququn ən mühüm aktorlarından birinə çevrilməsi, vətəndaşların, dövlətin təhülkəsizliyinin müdafiəsi yönündə çox  mühüm addımlar atılıb. Azərbaycan dövlətinin hərtərəfli qüdrətli dövlətə çevrilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin bu illər ərzində atdığı addımlar beynəlxalq dairələr tərəfindən də dəstəklənir. Artıq etiraf edilir ki, Azərbaycan son 15 ildə olduğu qədər qüdrətli və qətiyyətli mövqeyə malik olmayıb".

 

Füzuli

 

Olaylar.- 2019.- 9-10 may.- S.6.