Məktəblilərlə azərbaycançılıq
və hərbi
vətənpərvərlik
ideologiyasına
həsr olunmuş tədbir
keçirilib
Azərbaycanın
Bütövlüyü Uğrunda" İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi "Azərbaycançılıq
və hərbi vətənpərvərlik ideyalarının gənclər
arasında təbliği" adlı layihə çərçivəsində
növbəti tədbirini keçirib. Paytaxtın Binəqədi
rayonunun 283 saylı orta məktəbində keçirilən tədbirdə
tarixi və hərbi vətənpərvərlik mövzusunda
bir sıra əsərlərin müəllifi olan
yazıçılar Yunus Oğuz və Elçin Hüseynbəyli, müəllim və şagirdlər
iştirak edib.
Əvvəlcə
təhsil müəssisəsinin, həmçinin Nəsimi
rayonu 46 saylı məktəbin şagirdlərinin azərbaycançılıq
və hərbi vətənpərvlik mövzusuna həsr etdiyi
bədii kompozisiya nümayiş olunub, şerlər dinlənilib.
Tədbiri
giriş sözü ilə açan məktəbin direktoru
Tünzalə Zeynalova bildirib ki, artıq bu cür tədbirlərin
keçirilməsi sözügedən təhsil müəssisəsində
ənənə halını alıb. Tünzalə Zeynalova
müntəzəm olaraq keçirilən belə
görüşlərin gənclərin, xüsusilə də
məktəblilərin hərbi vətənpərvərlik
hisslərinin artırılmasına təkan verdiyini söyləyib.
Tünzalə Zeynalova yazıçı-publisist Yunus Oğuzla
tanışlığı barədə də
danışıb. Bildirib ki, yazıçının əsərlərini
oxuyandan sonra onunla əyani surətdə tanış olmaq, əsərlərini
müzakirə etmək arzusuna düşüb və xarici
ölkələrin birində səfərdə olarkən Yunus
Oğuzla görüşmək nəsib olub. Tünzalə
Zeynalova Yunus Oğuzu tarixi romanlarımıza yeni
baxışı olan yazıçı kimi xarakterizə edib və
qeyd edib ki, artıq Yunus Oğuz 283 saylı məktəbin fəxri
üzvüdür.
Layihənin
eksperti Süleyman İsmayılbəyli mövzunun
aktuallığından danışıb. Bildirib ki, həm azərbaycançılıq
ideologiyası, həm də vətənpərvərlik
mövzuları günümüz üçün kifayət qədər
aktual olduğu üçün "Azərbaycanın
Bütövlüyü Uğrunda" İctimai Birliyi məhz
bu iki istiqamətə üstünlük verib. Süleyman
İsmayılbəyli ölkəmizin müharibə şəraitində
olduğunu nəzərə alaraq gənclərimizin daha
çox vətənpərvər olmasını arzulayıb:
"Nəzərə alsaq ki, biz ölkə olaraq müharibə
vəziyyətində yaşayırıq və
torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən
işğala məruz qalıb, o zaman bizim bir xalq olaraq daha
çox vətənpərvər olmamız vacibdir, şərtdir".
Ekspert bildirib ki, son illərdə ölkədə, xüsusilə
də gənclər arasında vətənpərvərlik
hissləri daha da artıb. Bunun da başılca səbəbi
dövlətin bu sahədə həyata keçirdyi uğurlu
siyasət, Ali Baş Komandanın Silahlı Qüvvələrə
göstərdiyi diqqət və qayğı və ən
çətin anlarda Ali Baş Komandanın səngərdə,
ön xəbhədə əsgəri ilə bir yerdə
olmasıdır. Süleyman İsmayılbəyli qeyd edib ki,
2016-cı ilin aprel hadisələri zamanı bizlər bunun əyani
şahidi olduq. Daha sonra layihə barədə ətraflı məlumat
verən ekspert deyib ki, "Azərbaycançılıq
və hərbi vətənpərvərlik ideyalarının gənclər
arasında təbliği" adlı layihənin icra müddəti
3 aydır. Layihə çərçivəsində azərbaycançılıq
və hərbi vətənpərvərlik hissinin yüksəldilməsi
üçün silsilə tədbirlər keçiriləcək.
Həmin tədbirlərdə gənclərə azərbaycançılıq
və vətənpərvərlik hissləri ilə
bağlı geniş məlumat veriləcək, bu maarifləndirmə
işində prosesə sistemli yanaşma ortaya qoyulacaq".
Layihənin məqsədinə gəlincə isə
Süleyman İsmayılbəyli bildirib ki, məqsəd azərbaycançılıq
və hərbi vətənpərvərlik hissinin
aşılanmasında QHT-lərin rolunun
artırılmasından, bu yöndə həyata keçirilən
işlərdə sistemli yanaşmanın ortaya qoyulmasından
ibarətdir: "Layihə çərçivəsində
şəhid ailəsinə də baş çəkiləcək.
Onların sosial durumları öyrəniləcək və
bununla bağlı material hazırlanacaq".
Görüşdə
çıxış edən yazıçı Elçin
Hüseynbəyli də bu cür tədbirlərin keçirilməsinin
aktual olduğunu deyib. Yazıçı qeyd edib ki, uzun
müddətdir "Azərbaycanın Bütövlüyü
Uğrunda" İctimai Birliklə bərabər azərbaycançılıq
ideologiyası və vətənpərvərliklə
bağlı tədbirlər keçirilir. Həmçinin cəbhə
bölgəsinə müntəzəm olaraq səfərlər
təşkil edilir: "Hesab edirik ki, qələm adamları
olaraq sərhədə, cəbhə bölgəsinə, səngərə
daha yaxın olmaqla düşmənlə üz-üzə
duran əsgərlərimizə, vətəndaşlarımıza
müəyyən mənada töhfə, dəstək vermiş
oluruq. Onlar da bu kimi görüşlərdən, səfərlərdən
daha da ruhlanırlar. Vətənpərvərlik əslində
dövləti, xalqı, vətəndaşı daima
maraqlandıran məsələdir. Dövlət ordunu
hansısa ölkəyə təcavüz etmək
üçün qurmur. Dövlət ordunu öz dövlətini
qorumaq, müdafiə etmək üçün qurur".
Yazıçı bildirib ki, insan öz xalqına, dövlətinə,
ailəsinə qarşı təhlükə yaradan amilləri
aradan qaldırmağa, onu məhv etməyə hazır
olmalıdır: "O zaman ki,
ona qarşı təcavüz edilir, torpaqlarını ələ
keçirmək, insanlarını öldürmək, əxlaqını,
ləyaqətini tapdalamaq istəyirlər. Ona görə də
hesab edirəm ki, vətənpərvərlik bizim ideoloji əsaslarımızdan
biri olmalıdır və bu belədir. Vətənpərvərlik
də sevgi kimi bir şeydir. Onu çığırtı ilə
deyil, pıçıltı ilə demək olar".
Yazıçı deyib ki, vətənpərvərlik bir məhfumdur,
mahiyyət deyil: "Qarabağı anlatmaq, onu beynəlxalq aləmə
çatdırmaq üçün biz dünyanın
anladığı dildə Avropaya, dünyaya
çıxmalıyıq. Hər kəsin öz həqiqəti
var, ancaq bizim həqiqətimiz düşmənin həqiqətindən
qat-qat üstündür. Bizim həqiqətimiz ondan ibarətdir
ki, işğala məruz qalmışıq,
torpaqlarımız işğal edilib. Uzun illər müharibələrin
getdiyi torpaqlar da bizim torpaqlar olub. Bütün bunlara rəğmən
biz sülh istəyən insanlarıq. Biz qisas hissi ilə
yaşamırıq. Eyni zamanda biz ədalətli insanlarıq.
Bütün bu tədbirlərin keçirilməsində də
məqsəd ondan ibarətdir ki, biz ədalət istəyirik, ədalətə
nail olmağı arzulayırıq. Ədalət
torpaqlarımızın çox keçmədən, ləngimədən
azad olunmasından ibarətdir".
***
Daha sonra
çıxış edən yazıçı-publisist Yunus
Oğuz 283 saylı məktəbdə vətənpərvərlik
hisslərinin yüksək səviyyədə olduğunu, bu
nöqteyi nəzərdən sözügedən məktəbin
digər təhsil ocaqlarına nümunə göstərilə
biləcəyini söyləyib. O, qeyd edib ki, belə tədbirlərin
tez-tez keçirilməsi lazımdır və Təhsil Nazirliyinin
rəhbərliyi ilə keçirilən görüşlərdə
bu məsələyə toxunulur: "Belə
görüşlər təkcə şagirdlərlə deyil,
onların valideynləri, hətta müəllimlərlə də
keçirilməlidir. Biz demirik ki, şagirdlərin, yaxud
müəllimlərin hamısı idealdır. Biz cəmiyyətdə
yaşayırıq və istənilən insanın sosial
problemi var. Əgər dövlətdə yaşayırsansa,
onun da problemi var. Həmçinin dövlətin başında
duranın da problemi var. Dövlətin başında duranın
bir nömrəli problemi odur ki, o, xalqının yaxşı
yaşaması üçün çalışır, cəhd
edir". Yunus Oğuz cəmiyyəti bir yerə
yığmaq, sülh şəraitində yaşamaq
üçün hansı ideyalardan istifadə etməyin vacib
olduğuna da aydınlıq gətirib: "Gəlin etiraf edək
ki, bir evdə fərqli-fərqli insanların, iki
qardaşın, yaxud ailədə xanımı ilə həyat
yoldaşının sözləri heç də hər zaman
bir-birinə uyğun gəlmir. Təbii ki, dövləti idarə
etmək, onun dağılmaması üçün ilk növbədə
vacib olan ideologiyadır. Cəmiyyəti, insanları bir yerdə
idarə etmək üçün hər bir dövlətin
öz ideologiyası var. İran öz ideologiyasını din
üzərində qurub və çox vaxt bu ideologiya cahilliyə,
xurafata aparır. Amerika ideologiyanı pulun və qanunlarınn
üzərində qurub. Avropa bunu kosmopolitizm üzərində
qurub və kosmopolit olsan, dünyanın vətəndaşısan.
Ancaq Şərq dövlətləri üçün bu yetərli
deyil, tamam başqadır. Sən həm müsəlmansan, həm
Avropaya can atırsan, həm də milli kimliyin var. Mənim
üçün üçrəngli bayraq əsasdır.
Göy, qırmızı və yaşıl rəng,
üçü bir yerdə azərbaycançılıqdır.
Bəzən azərbaycançılıq deyəndə bəziləri
"nədir bu azərbaycançılıq, onsuz da Azərbaycanda
yaşayırıq da" - deyirlər. Yox, elə deyil.
Düzdür, Azərbaycanda yaşayırıq, ancaq onun
müxtəlif insanları, müxtəli dini
dünyagörüşləri, baxışları, müxtəlif
etnik kimlikləri var. Bunların hamısına Konstitusiya kifayət
qədər müstəqil, sərbəst yaşamaq hüququ
verir. Bir etnik çoxluğun, digər etnik azlıq üzərində
hakimliyi ola bilməz. Çoxluq təşkil edən dini
icmanın, azlıq təşkil edən dini icmanın üzərində
hakimiyyəti ola bilməz. Bütün bunlar azərbaycançılıqdır.
Multikulturalizmin, tolerantlığın da də əsas qayəsi
ondan ibarətdir. Əslində mən əsərlərimdə
bu sözlərdən istifadə etmirəm. Çünki həmin
sözlərin Azərbaycan dilində
qarşılığı olan gözəl ifadələri
var. Məsələn, kreativ sözünün mənası
yaradıcı, tolerantlılıq isə
dözümlülük deməkdir. Nə üçün biz
bunlardan istifadə etmirik? Gərəkdirmi Avropadan nəsə
götürək? Avropaya oxşayıb nə edəcəyik?
Avropaya oxşayanda tamamilə övladlardan kəsiləcəyik.
Ərəblərin, suriyalı, əfqan, hətta
pakistanlıların Avropaya axışması təsadüfdür?
Azərbaycana niyə gəlmirlər?. Çünki Avropa
onlara icazə verdi. Nə üçün? Çünki
Avropanın nəsli kəsilirdi. Səbəb isə əks
cinsin deyil, eyniu cinsdən olanların bir-biri ilə ailə həyatı
qurması, evlənməsidir. Uşaq saxlamaq istəmirlər,
tək qalmaq istəyirlər. Artıq Avropa sürətlə
qocalır. Sürətlə qocalanda isə gec-tez dövlət
dağılacaq, məhv olacaq. Həmçinin milli kimliyi itəcək.
Bu onların gizli bir siyasətidir ki, Suriya, Liviya, yaxud İraqa
bir bomba ataq, orada vəziyyəti gərginləşdirək. Nəticə
etibarilə həmin ölkələrin insanlarının bir
qismi Avropaya, digər qismi Türkiyəyə, müəyyən
hissəsi də Avropaya qaçsın və beləliklə əhalinin
say tərkibi dəyişilsin, yeniləşsin. Çünki
artıq özləri doğub törəyə bilmirlər".
Yunus Oğuz deyib ki, Azərbaycanda
isə bu sahədə vəziyyət yaxşıdır və
artıq 10 milyon nəfərə çatmışıq:
"Sovetlər birliyi dağılan ərəfədə təxminən
6 milyondan bir qədər çox idik. Ermənistanda isə
tamamilə fərqli situasiyadır. Sovetlər birliyi
dağılanda bu ölkənin vətəndaşlarının
sayı 4 milyondan bir qədər çox idi. İndi isə 2
milyon 500 min nəfərdirlər. Düzdür, rəsmi olaraq
3 milyon göstərirlər, ancaq 3 milyondan kifayətqədər
azdırlar. Onlar istəsələr də, istəməsələr
də əhalinin sayını çox göstərməlidirlər.
Çünki beynəlxalq təşkilatlardan yardımlar alarkən
əhalinin say tərkibi də nəzərə alınır".
Yazıçı onu da deyib ki, biz Şərq ailəsiyik və
bizi Şərq ailəsi olmaqdan çıxarmağa cəhd
edirlər: "Övlad ata-ana qədrini bilməsin, uşaqlar
sərbəst böyüsün, qızlar 18 yaşları
tamam olan kimi ərə getsin. Düzdür, hətta bəzi kənd
yerlərində 15-16 yaşda da qızları ərə verirlər.
Ancaq hesab edirəm ki, ilk növbədə uşaqların təhsili
ilə məşğul olmaq lazımdır. Çünki
onların gələcəyi təhsildədir. Ruzinin
tapılması kitab oxumaqdadır. Bunların
hamısının azərbaycançılığa
aidiyyatı var. Həmçinin qohumlarımız, yaxınlarımız,
ətrafımıza hər zaman sayğı göstərməyimizin
özü azərbaycançılıqdır". Yunus
Oğuz onu da diqqətə çatdırıb ki, uzun illər bizim milli kimliyimizi əlimizdən
almağa çalışıblar: "Milli kimliyimizi əlimizdən
alanda isə biz artıq qohum-əqrəba, ətrafımıza
yadlaşırıq. Düşünürlər ki, burda
oxumayıb gedib Avropada təhsil alacaqlar. Düzdür, Avropaya
üz tuturlar, ancaq orada həsrətlə yaşayırlar. Hətta
burda olduğundan da daha çox sevirlər Azərbaycanı.
Çünki istəsən də, istəməsən də
alnında bir Azərbaycan möhürü var. Yaxşı bir söz var. Deyirlər
ki, suyu torpaqla qarışdıranda palçıq, qanla
qarışdıranda isə Vətən olur".
Nəsimi
rayonu, 46 saylı məktəbin direktotu Sevinc Budaqova deyib ki, vətənpərvərlik
və azərbaycançılıq mövzuları
günümüz üçün çox vacibdir. Onun sözlərinə
görə, bu kimi görüşlərin təkcə
şagirdlər deyil, eləcə də valideynlər, müəllimlər,
məktəbdən məzun olan gənclərlə
keçirilməsi çox məqsədəuyğundur: "Hər
zaman belə bir ifadə işlədilir ki, məktəbin əsas
vəzifəsi şəxsiyyət, vətənpərvər
şəxsiyyət yetişdirməkdir. Vətəni sevmək
ailədən gəlir. Azərbaycanlı olmaq, onunla fəxr
etmək lazımdır".
Sonda
qonaqlar şagirdlərin suallarını
cavabıandırıblar və onlara müəllifi
olduqları kitablar hədiyyə edilib.
Süleyman
Olaylar.- 2019.- 18-20 may.- S.13.