Birləşmiş Ərəb Əmirliklərində
"Qafqazın
incisi" olan vətənimizə çox böyük maraq var
Şəhrizad Süleyman: "Ümumiyyətlə, ərəb
aləmində Azərbaycana fövqəl məhəbbət, rəğbət
hissi hakimdir"
"Əbu-Dabidən
baxanda müsəlman dünyasının
tərkib hissəsi olan Azərbaycan Şərqlə
Qərbin qovşağında yerləşən, zəngin
yeraltı və yerüstü təbii sərvətlərə
malik, füsunkar təbiəti,
rəngarəng iqlimi, qədim tarixi, mədəniyyəti, maddi-mədəni irsi, ləziz mətbəxi ilə məşhur ölkə kimi görünür"
Bu gün Azərbaycandan kənarda yaşayan, çalışan, təhsil alan, fəaliyyət göstərən əksəriyyət
soydaşımız, azərbaycanlımız dövlətin,
xalqın, onun haqq səsinin,
üzləşdiyi problemlərin, eləcə də bu günkü inkişaf səviyyəsinin dünyaya
çatdırılması,
orada respublikamızın təbliğ
edilməsi istiqamətində səmərəli, yorulmaz fəaliyyət göstərir, bu istiqamətdə potensialını əsirgəmir. Bu cür fəaliyyətlər əsasən
toplu, diaspor təşkilatları
səviyyəsində daha effektli,
səmərəli olsa da,
lakin elə soydaşlarımız da var ki,
onların təklikdə Azərbaycanımız üçün ortaya
qoyduqları fəaliyyətlər, gördüyü
işlər bir
diaspor təşkilatının fəaliyyəti
qədər uğurlu, nəticəli olur. 25 ilə yaxındır Birləşmiş
Ərəb Əmirliklərində yaşayan
Şəhrizad Süleyman da
məhz belə azərbaycanlılardandır. Hazırda
Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr
kafedrasında çalışan Şəhrizad Süleymanla söhbətimizdə BƏƏ-yə
getməsinin səbəbi, bu ölkənin
mühitinə uyğunlaşmanın çətin və ya asan olması, eləcə
də BƏƏ-də Azərbaycanın təbliği istiqamətində
görülən işlər barədə
danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Şəhrizad Süleyman hazırda Azərbaycanla Birləşmiş
Ərəb Əmirlikləri arasında mövcud
olan münasibətlərə də toxunub.
-Şəhrizad xanım, ilk sualım ondan ibarətdir ki, Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə getməyiniz nə ilə bağlı oldu. Nədən məhz bu ərəb ölkəsini seçdiniz və təxminən neçə ildir ki, burada yaşayırsınız?
-Deyirlər insan öz alın yazısı ilə birgə doğulur. Beşiyim mavi gözlü Xəzərin sahilində, dünyanın ən ecazkar şəhərlərindən biri olan Şərq Gözəli Bakıda yırğalansa da, taleyim qürbətə qismət oldu. Birləşmiş Ərəb Əmirliklərinə getməyim atamın işi ilə bağlı olub. Atam Tofiq Süleyman kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi - metodiki kitabların müəllifi idi. Milli Elmlər Akademiyasında çalışan atama 1994-cü ildə Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi gəldi. Şarca əmirliyinə müqavilə əsasında işə dəvət olunan valideynim öncə tərəddüd etsə də, sonda təklifi dəyərləndirərək qəbul etdi. 1994-cü ilin sonlarına yaxın ailəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinə köçdük və uşaq yaşlarımdan həyatımın qürbət dönəminə qədəm qoydum.
-Bildiyimiz qədər Əbu-Dabi Universitetində
dərs deyirsiniz. Bu mühitə uyğunlaşmaq,
ərəb dilini mənimsəyib bir kadr kimi yetişmək
nə dərəcədə
çətin oldu?
-Vətəndən, öz yurd-yuvamızdan, doğmalarımızdan
ayrılmaq hədsiz dərəcədə ağır
olsa da, bizim üçün təmamilə yeni, islami qayda-qanunların
hakim olduğu əcnəbi
ölkəyə, xarici
dillərə, az qala hər addımbaşı
rastlaşdığımız, müxtəlif mədəniyyətlərə,
millətlərə (ərəb,
ingilis, hind, pakistan, fillippin, indoneziya, banqladeş və s.) məxsus insanların birgə yaşadığı
bir dövlətə,
milli və dini dəyərləri özündə ehtiva edən həyat tərzinə, yerli adət-ənənələrə, özünəxas mətbəxinə,
geyim üslublarına,
fərqli təhsil və təlim sisteminə, bir sözlə, Ərəbistan
yarımadasında yerləşən
bu ölkənin abu-havasına uyğunlaşmaq,
qürbətin acılı-şirinli,
enişli-yoxuşlu həyatına
alışmaq məcburiyyətində
idik. Sadaladığım bütün bu
fərqliliklərə, qarşılaşdığımız
çətinliklərə baxmayaraq mən, bacım və qardaşım təhsilimizi
davam etdirməyə başladıq. Buraya gəldiyimiz
ilk gündən ünsiyyətcil
olduğum üçün
qonşuluqdakı ərəb
qızları, həmyaşıdlarım
ilə dostlaşmağa
başladım. Rəfiqələrim arasında yerlı qızlarla bərabər, livanlı, suriyalı, iraqlı, bəhreynli, misirli qızlar da var idi.
Bu dostluqlar mənə
ərəb dilinin müxtəlif ölkələrə
xas dialektlərini, ləhcələrini öyrənməkdə
böyük kömək
oldu. Ərəb dilinin qrammatikasına
dərindən yiyələnməyimdə
mədrəsədəki dil-ədəbiyyat
müəlliməm Nədə
Əl-Mənsuriyə borcluyam.
Sevimli müəllimim Nədə
xanım dərsdən
əlavə, saatlarla mənimlə məşğul
olur, ərəb dilinin incəliklərini öyrədirdi. "Sənəviyyə aemma"
adlandırılan orta
məktəb təhsilimi
bitirdikdən sonra Əcmən Universitetinin
"İctimai əlaqələr
və media" fakültəsinə
daxil oldum. Qeyd edim ki,
istər mədrəsə,
istərsə də, tələbəlik illərində
təhsil aldığım
müəssisələrdə aktiv fəaliyyətimlə
fərqlənmişəm, dəfələrlə
Birləşmiş Ərəb
Əmirlikləri Təhsil
Nazirliyinin, "Ailə
və uşaq" fondunun ödülləri,
fəxri fərmanları,
müxtəlif diplomları
ilə mükafatlandırılmışam.
Ali təhsilimi başa vurduqdan sonra bir müddət
Təhsil Nazirliyində
məsləhətçi olaraq
çalışdım. 2007-ci ildə Əl-Şarika televiziyasından gələn
iş təklifini qəbul edərək
"ədəbi-dram verilişləri"
redaksiyasında çalışmağa
başladım və eyni zamanda, Əbu-Dabi
Universitetində magistr
təhsilimi davam etdirməyə qərar verdim. 2012-ci ildən bu ali təhsil ocağının
beynəlxalq əlaqələr
kafedrasında çalışıram.
-Birləşmiş
Ərəb Əmirliklərindən
baxanda Azərbaycan necə görünür?
Sizi bir azərbaycanlı deyil, qeyri-millətin nümayəndəsi
zənn etsək, o zaman Əbu-Dabidən baxanda Azərbaycan sizi hansı xüsusiyyətinə görə
özünə cəlb
edə bilər?
-Bir neçə il öncəyə qədər qarşılaşdığım, təmasda olduğum ərəblərin və digər dövlətlərdən olan əcnəbilərin çoxu əfsuslar olsun ki, "mən Azərbaycandanam" deyəndə ölkəmizi tanımırdılar, Azərbaycan haqqında məlumatları demək olar ki, yox dərəcəsində idi. Lakin sevindirici haldır ki, son illər ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində tanınır və "Qafqazın incisi" olan Vətənimizə çox böyük maraq var. Yaşadığım ölkədən, Əbu-Dabidən baxanda müsəlman dünyasının tərkib hissəsi olan Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən, zəngin yeraltı və yerüstü təbii sərvətlərə malik, füsunkar təbiəti, rəngarəng iqlimi, qədim tarixi, mədəniyyəti, maddi-mədəni irsi, ləziz mətbəxi ilə məşhur ölkə kimi görünür. Ümumiyyətlə, ərəb aləmində Azərbaycana fövqəl məhəbbət, rəğbət hissi hakimdir. Sanki, yeni kəşf edilən müsəlman ölkəsi kimi dövlətimizlə maraqlanan, Azərbaycana səfər edən və səfər etmək istəyən ərəblərin sayı demək olar ki, günbəgün artır. Düzünü desəm, hələ ki, heç bir ərəbdən ölkəmiz haqqında mənfi rəy eşitməmişəm. Ölkəmizlə tanış olan ərəblər Azərbaycanı çox bəyəndiklərini rəğbət hissi ilə ifadə edirlər.
-Hər halda iki ölkə
arasındakı münasibətlər barədə də məlumatlı
olarsınız. Bu gün
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan
arasında münasibətlər hansı səviyyədədir?
Və bu münasibətləri qaneedici hesab etmək
olarmı?
-Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur. İki dövlət arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələr, ölkə başçılarının qarşılıqlı səfərləri, hökümətlərarası bağlanan sazişlər, investisiyalar, yeni hava yolu xətləri və ələxsus turizm sahəsində əməkdaşlığın genişləndirilməsi əlaqələrimizin nə dərəcədə möhkəm olmasının bariz nümunəsidir. Birləşmiş Ərəb Əmirlikləri istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini davamlı şəkildə dəstəkləyir. Dəfələrlə Birləşmiş Ərəb Əmirliklərinin prezident sarayında və Beynəlxalq Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən qanlı hadisələri, erməni terrorçularının günahsız azərbaycanlılara qarşı törətdikləri tükürpədici cinayətləri əks etdirən foto sərgilər təşkil edilib, ölkə televiziyalarında münaqişənin gerçək mahiyyətindən bəhs edən verilişlər, sənədli filmlər nümayiş olunub. Hər il Ramazan ayında, 20 yanvar, 26 fevral tarixlərində, paytaxt Əbu-Dabinin məşhur Şeyx Zayed məscidində və digər əmirliklərin ən iri məscidlərində şəhidlərimizin ruhuna dualar oxunur, ehsanlar verilir.
Bildiyiniz kimi,
son illər Birləşmiş Ərəb
Əmirliklərindən gələn turistlərin sayı ilbəil
artır. Bu ölkədən olan böyük turist axını Azərbaycanın turizm sektorunun
inkişafına xüsusi təkan verməklə
yanaşı, ikitərəfli əlaqələrə də
müsbət təsir edir. "Fly Dubai", "Air Arabia" və
dünyanın ən yaxşı hava
yolları beşliyinə daxil olan "Etihad Airways" aviaşirkətləri Əbu-Dabi, Dubay, Şarca şəhərlərindən
ölkəmizə birbaşa reyslər təşkil
edirlər. Birləşmiş Ərəb Əmirliklərində
keçirilən müxtəlif idman
yarışlarına, dünyanın ən nüfuzlu
beynəlxalq sərgilərinə ölkəmiz daima dəvət olunur. Azərbaycan
istehsalı olan məhsullar "Gulfood" və "WOP Dubai"
kənd təsərrüfatı malları sərgilərində
nümayiş edilir, yüz minlərlə ziyarətçi qəbul
edən "Şeyx Zayed
İrsi" festivalında ölkəmiz iri pavilyonla təmsil olunur. Bu yaxınlarda Dubay şəhərində keçirilən dünya miqyasında ən iri
və nüfuzlu beynəlxalq sərgi tədbirlərindən
biri hesab edilən
"Arabian Travel
Market-2019" turizm sərgisində uğurlu iştirakımızı qeyd etmək yerinə düşər. Diqqətinizə çatdırım ki,
86 ölkənin iştirak etdiyi
"Arabian Travel
Market-2019" turizm sərgisi Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti,
Dubayın Baş naziri
və hökmdarı Məhəmməd bin
Rəşid Al-Maktumun himayəsi
altında keçirilirdi. İki
dost ölkə arasında
qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə
bağlı görülən tədbirlər nəticəsində
Birləşmiş Ərəb Əmirliklərində ölkəmizin
Ticarət Nümayəndəliyi, İqtisadiyyat
Nazirliyi tərəfindən
yaradılmış Azərbaycan Ticarət Evi,
BƏƏ-Azərbaycan Ticarət Məclisi, Dubay
Ticarət Palatasının beynəlxalq nümayəndəliyi
isə, Bakıda fəaliyyət göstərir. Bundan əlavə, ölkəmiz "EXPO 2020 Dubai" ümumdünya sərgisində
də iştirak edəcək. Göründüyü kimi,
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında çoxtərəfli və ikitərəfli əlaqələr
yüksək templə inkişaf edir.
Ardı
növbəti sayımızda
Süleyman İsmayılbəyli
Olaylar.- 2019.- 18-20 may.- S.4.
Maraqlı
xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.
Facebook print
Şərh
yaz:
Ad yaz:*