Vətən məfhumu sevgisindən

doymadığım bir hissdir

 

Şəhrizad Süleyman: “Doğma yurdumun hər bir mamırlı daşı, ağacdan düşən saralmış yarpağı da mənim üçün əzizdir, qiymətlidir”

 

Əvvəli ötən sayımızda

 

Bu gün Azərbaycandan kənarda yaşayan, çalışan, təhsil alan, fəaliyyət göstərən əksəriyyət soydaşımız,  azərbaycanlımız dövlətin, xalqın, onun haqq səsinin, üzləşdiyi problemlərin, eləcə də bu günkü inkişaf səviyyəsinin həmin ölkəyə çatdırılması, orada respublikamızın təbliğ edilməsi istiqamətində səmərəli, yorulmaz fəaliyyət göstərir, bu istiqamətdə potensialını əsirgəmir.  Bu cür fəaliyyətlər əsasən toplu, diaspor təşkilatları səviyyəsində daha effektli, səmərəli olsa da, lakin elə soydaşlarımız da var ki, onların təklikdə Azərbaycanımız üçün ortaya qoyduqları fəaliyyətlər, gördüyü işlər  bir diaspor təşkilatının fəaliyyəti qədər uğurlu, nəticəli olur. 25 ilə yaxındır Birləşmiş Ərəb Əmirliklərində yaşayan Şəhrizad Süleyman kimi. Hazırda Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasında çalışan Şəhrizad Süleymanla söhbətimizdə BƏƏ-yə getməsinin səbəbi, bu ölkənin mühitinə uyğunlaşmanın çətin və ya asan olması, eləcə də BƏƏ-də Azərbaycanın təbliği istiqamətində görülən işlər barədə danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Şəhrizad Süleyman hazırda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan münasibətlərə də toxunub.

 

-"Dubay EXPO 2020" sərgisindən söz düşmüşkən, bu beynəlxalq sərgidə Azərbaycanın iştirakı Birləşmiş Ərəb Əmirliklərində necə qarşılanır?

-Bir müddət öncə Dubay şəhərində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Pavilyonunun təməlqoyma və dizayn-layihəsinin təqdimetmə mərasimi keçirildi. "Gələcəyin toxumları" adlandırılan və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Azərbaycan pavilyonu ölkəmizin coğrafi, iqlim müxtəlifliyini, ecazkar təbiətini, zəngin enerji potensialını, tarixini, mədəniyyətini, qədim ənənələrini, keçmişinibu gününü tərənnüm edəcək. Milli pavilyonumuzun tanıtım mərasimində "Dubay EXPO 2020"-nin Təşkilat komitəsinin icraçı direktoru Nacib Məhəmməd Əl-Ali öz çıxışında bildirdi ki, "Azərbaycan dövləti ümumdünya sərgilərində iştiraka xüsusi diqqət ayırır. Dubay EXPO üçün hazırlanan layihə də bu diqqətin bariz nümunəsidir. Azərbaycan pavilyonu EXPO şəhərciyinin mərkəzində yerləşir və ecazkar dizaynı ilə seçilir. Bizim iqtisadi-ticari əlaqələrimiz ildən-ilə genişlənir. Birləşmiş Ərəb Əmirliklərinin etibarlı tərəfdaşı olan Azərbaycana bu sərgidə layiqli təmsil olunması üçün hər cür dəstək göstəriləcək. Bu dəstək Azərbaycan dövlətinə olan hörməti ifadə edir".

25 milyon ziyarətçinin gələcəyi gözlənilən beynəlxalq sərginin təşkili üçün ayrılmış 438 hektarlıq "EXPO" şəhərciyində inşaat işlərinə artıq start verilib. Şəhərciyin mərkəzində ucaldılacaq Azərbaycan pavilyonu ev sahibinin pavilyonuna ən yaxın məsafədə yerləşir. Qeyd edim ki, 2086 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonu dizayn, estetik gözəlliyi və unikal görünüşü ilə EXPO 2020-də iştirak edəcək 192 ölkə arasında ən baxımlı pavilyonlarından biri olmağa iddialıdır. Pavilyonun memarlıq dizaynı iki təbii elementi: yarpaq və ağacı xarakterizə edir. "İnsan kapitalına qoyulan sərmayə gələcəyə yönəlmiş ən effektli yatırımdır" devizi pavilyonumuzun dizayn, tərtibat konsepsiyasının əsas mövzusunu təşkil edir və "Dubay EXPO"-nun "Zəkaları birləşdirək, gələcəyi yaradaq" şüarı ilə eyni ideyanı daşıyır. Təqdim olunan əməli işlər onu deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyev cənablarının tapşırığı və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə Azərbaycan "Dubay EXPO 2020"-də 192 ölkə arasında seçiləcək, uğurla təmsil olunacaq.

-Ümumiyyətlə, BƏƏ-də Azərbaycanın təbliğatı, üzləşdiyi problemlər necə həyata keçirlir, bu ölkə vətəndaşlarına necə çatdırılır?

-BƏƏ-nin müxtəlif  KİV-lərində, dövri mətbuatında, xəbər saytlarında, informasiya agentliklərinin sosial şəbəkələrdəki hesablarında ölkəmizlə bağlı xəbərlərə, məqalələrə geniş yer verilir. Yerli və əcnəbi vətəndaşlar Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, ərazi bütövlüyümüzün pozulması və torpaqlarımızın işğala məruz qalması barədə məlumatları BƏƏ-nin aparıcı KİV-lərindən əldə edirlər.  Əbu-Dabi, Dubai, Şarja televiziyalarında dəfələrlə ölkəmizdən bəhs edən silsilə verilişlər hazırlanıb və izləyicilərin böyük marağına səbəb olub. Azərbaycanın qan yaddaşı olan Xocalı soyqırımı, qanlı 20 yanvar, habelə Respublika Günü yerli mətbuatda, xəbər saytlarında işıqlandırılır. Buna misal olaraq, 26 fevral tarixində çox minlik oxucu kütləsi və nüfuzlu dövlət qəzeti olan "Gulf News" qəzet-saytında Xocalı soyqırımından bəhs edən məqalə işıq üzü görüb. Qeyd edim ki, BƏƏ-də yaşayan və çalışan bir Vətən övladı olaraq, yaxın əlaqədə olduğum yerli və əcnəbi jurnalistlərə ölkəmiz haqqında ətraflı məlumatlar verir, Azərbaycan haqqında yazılar, məqalələr yazmaqları üçün lazımi köməklikləri göstərirəm.

-Bəs, Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılarla ünsiyyət qurur, onlarla görüşə bilirsinizmi?

-Düzünü desəm, yaşadığım şəhərdə, paytaxt Əbu-Dabidə diplomatik korpusumuzun nümayəndələrini çıxmaq şərtilə, çox az sayda azərbaycanlıları tanıyıram. Soydaşlarımız əsasən DubayŞarca əmirliyində məskunlaşıblar. Ünsiyyətdə olduğum bəzi dost-tanışlarla həftə sonu, bayram günlərində bir araya gəlib görüşürük. Dubayın məşhur və prestijli məkanlardan biri olan "The Mall Dubai" Ticarət Mərkəzində fəaliyyət göstərən " Azerbaijan House" (Azərbaycan Evi) soydaşlarımızla tez-tez görüşdüyümüz məkandır. Qeyd edim ki, dünyanın ən əzəmətli, qeyri-adi otellərindən biri olan Bürc əl-Ərəb oteli yaxınlığında yerləşən sözügedən ticarət mərkəzində "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıdılması, ixracının təşviqi, genişləndirilməsi, sahibkarlar arasında ticari əlaqələndirmələri həyata keçirmək məqsədilə "Azərbaycan Ticarət Evi", Azərbaycan Respublikasının ticarət nümayəndəliyi, yerli məhsullarımızın satışı, nümayişimarketinqi mərkəzi fəaliyyət göstərir. Ticarət evinin nəzdində milli mətbəximizin bu ölkədə tanıdılması, təbliği və həmçinin burada yaşayan həmyerlilərimizin tez-tez toplaşmasına şərait yaratmaq məqsədilə "Azərbaycan Evi" adlı restoran-kafe fəaliyyət göstərir. Ölkəmizlə bağlı sərgilər, tədbirlər, milli bayramlarımız "Azerbaijan House"-da qeyd olunur. Bir sözlə, " Azerbaijan House" BƏƏ-də yaşayanbu ölkəyə qonaq gələn azərbaycanlıların görüş yeri, sevimli məkanıdır.

-Buradakı fəaliyyətiniz Azərbaycanın BƏƏ-dəki səfirliyi tərəfindən nə dərəcədə dəstək görür? Ümumiyyətlə, səfirliyin təşkil etdiyi tədbirlərə dəvət alırsınızmı?

-Əbu-Dabidə fəaliyyət göstərən səfirliyimizin və Dubaydakı Baş konsulluğumuzun ölkəmizlə bağlı təşkil etdikləri rəsmi ziyafətlərdə, anım günlərində, ictimai, mədəni tədbirlərdə, Azərbaycanın təmsil olunduğu müxtəlif  beynəlxalq sərgilərdə məmnuniyyət və qürur hissi ilə iştirak edirəm. İşimin çoxluğuna baxmayaraq, Vətənimin adı keçən hər bir yerdə olmağı özümə vətəndaşlıq borcu hesab edirəm. Buradakı fəaliyyətimlə bağlı səfirliyimiz tərəfindən dəstək məsələsinə gəlincə, BƏƏ-dəki diplomatik korpusumuzun nümayəndələrinə nə zaman müraciət etmişəmsə, öz köməkliklərini əsirgəməyiblər. Onu da qeyd edim ki, çalışdığım ali təhsil müəssisəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumforumlarda ölkəmizin təbliği üçün lazım olan bütün zəruri vasitələri, Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, əsrlərə meydan oxuyan tarixi abidələrimizdən bəhs edən ərəb, ingilis, fransız dillərində nəşr olunan kitabları, bayraq, bruşorları səfirliyimiz və konsulluğumuzdan əldə edirəm.

-Bildiyimiz qədər siz Bakıda anadan olsanız da, əslən işğal olunmuş rayonlardansınız. Dərs dediyiniz universitetdə tələbələrə hansısa formada da olsa, ermənilərin işğalçılıq siyasətini çatdıra bilirsinizmi?

-Erməni qəsbkarları tərəfindən işğal olunan tarixi, əzəli torpağımız Qarabağın, mal-mülkü yağmalanan, el-obası viran qalan ata-baba yurdum Cəbrayılın, başı müsibətlər çəkən, qanlı soyqırımla üzləşən gözü yaşlı Xocalının, qədim mədəniyyət beşiyimiz Şuşanın, təbii sərvətləri talanan Kəlbəcərin, Zəngilanın və düşmən tapdağındakı digər rayonlarımızın ağrı-acısını, mənfur düşmənimizin Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ərəb ictimaiyyətinə çatdırılmasını xaricdə yaşayan bir qarabağlı kimi, özümə borc bilirəm. Çalışdığım ali təhsil ocağında mütəmadi olaraq Vətənimizlə bağlı diskusiyalar, seminarlar, elmi konfranslar təşkil edirəm. Bu konfranslarda Azərbaycan həqiqətləri, Qarabağ tarixi mövzusunda məsələlər müzakirə edilir, münaqişənin əsl mahiyyətindən bəhs edən məruzələr dinlənilir, tələbələrə ölkəmizlə bağlı Heydər Əliyev Fondunun nəşr etdirdiyi ərəb və ingilis dillərində kitablar hədiyyə olunur. Universitet xətti ilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq simpoziumlarda, forumlarda, mötəbər elmi, humanitar tədbirlərdə Qarabağın erməni qəsbkarları tərəfindən işğal olunması, qan yaddaşımızın ən kədərli səhifəsi olan Xocalı soyqırımı, azğın sovet ordusunun 1990-ci il 20 yanvar tarixində əliyalın, məsum insanlara qarşı törətdiyi vəhşiliklər barədə tarixi faktlarla çıxışlar edərək tədbir iştirakçılarına və qonaqlara ətraflı məlumat verirəm.

Bundan əlavə, Əbu-Dabi Təhsil Şurasının dəstəyi ilə tələbələrin ölkəmizə səfərlərini, tələbə turlarını təşkil edirəm. Bu səfərlərin təşkilində əsas məqsəd müxtəlif ali təhsil ocaqlarında təhsil alan yerli tələbələri Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda, onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmalarına şərait yaratmaqdır. Zənnimcə, bu günün tələbələri bir neçə ildən sonra müxtəlif məsul vəzifələrdə çalışacaqlar və Azərbaycanın dostları kimi, ölkəmizə öz dəstəklərini əsirgəməyəcəklər.

Nə qədər doğmalarınız yanınızda olsa da, hər halda hərdən Vətən həsrətini hiss edərsiniz. Bəs, bu zaman o həsrəti, nisgili necə qarşılayır, nəylə əvəz edə bilirsiniz?

-Ərəblərdə belə bir deyim var: Vətənin həsrətini qürbətdəki qərib çəkər. Həqiqətən, qürbətdə yaşayanöz elinə, obasına bağlı olan insanın içındə kəlimələrlə ifadə olunmayacaq Vətən nisgili, yurd həsrəti olur. Bu həsrətin açısı, yanğısı daima qəribin ruhunu sızladır, qəlbini göynədir. Uzun illərdir Vətəndən kənarda, qürbət diyarda yaşasam da, Vətənimi bir an da olsa, unutmuram. Vətən məfhumu mənim aləmimdə müqəddəs, sevgisindən doymadığım bir hissdir. Doğma yurdumun hər bir mamırlı daşı, ağacdan düşən saralmış yarpağı da mənim üçün əzizdir, qiymətlidir.  Vətən həsrətini, doğma el-obamın xiffətini, qəlbimin pıçıltılarını, həzin xatirələrimi qərib axşamlarda nisgildən don geyinən qələmimlə bölüşürəm. Ərəb və doğma dilimizdə qələmə aldığım şeir, hekayə, esse, roman və xatirələrimin əksəri Vətənə olan həsrətimdən, ruhumda daşıdığım nisgilimdən qaynaqlanır.

-Azərbaycanda daha çox nələr üçün darıxır, nəyi arzu edirsiniz?

-Hər dəfə tələbələrimlə Azərbaycana gələndə və füsunkar təbiəti ilə göz oxşayan rayonlarımızı, kəndlərimizi ziyarət edərkən verdikləri sual qəlbimi sızladır.  Müəllimə, sizing də Cəbrayıl rayonundakı kəndiniz belə gözəl və səfalıdır? Özümdən asılı olmayaraq qəhər məni bürüyür, nitqim tutulur...

 

Dün gecə yuxumda qonaq getmişdim

Boynu bükük, xəstə haldı kəndimiz.

Torpağında hüzün, daşında sükut

Dərdləşmir, danışmır laldı kəndimiz.

 

Ən çox kəndimiz, illərdir həsrət qaldığım ata-baba yurdum üçün darıxıram. Kəndimizin şehli səhərləri, laylalı axşamları, axar suları, sarı sünbüllü çölləri, bahar rayihəli gül-çiçəkləri, kəhrizinin şəfalı suyu, baxanda hər yer görünən təpəliyi, yaşı yüz illərlə ölçülən Xan çinarının həzin xışıltışı, salxım-salxım söyüdləri, bol-bəhrəli ağacları, ocağı gur yanan, qonaqlı-qaralı yurd yerlərimiz üçün qəribsəmişəm...

 

Nigaran ruhların gözləri yolda

Tək-tənha, kimsəsiz qaldı kəndimiz.

Hanı xoş növrağın, qəmər camalın

Düşmən gör nə günə saldı kəndimiz.

 

Həyatda ən böyük arzum işğal altında qalan torpaqlarımızın azad olunması və üçrəngli müqəddəs bayrağımızın uca zirvələrdə dalğalanmasıdır!

 

İgid, ərənlər ordusu

Qarabağı alaydı kaş

Azərbaycan bayrağını

Qədim Şuşa qalasında,

Ulu türkün obasında

Gözü yaşlı Xocalıda

Kəlbəcərdə, Zəngilanda,

Cəbrayılda asaydı kaş.

Qarabağ azad olundu!

Xoş müjdəli bu xəbəri

Ərəbistan torpağında

Sevincimdən ağlayaraq

Özüm elan edəydim kaş.

Cəbrayıla gedəydim kaş!

Qarabağa gedəydim kaş!

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2019.- 21-22 may.- S. 14.