Uğurla inkişaf edən
Brüssel-Bakı münasibətləri
Və ya Azərbaycanın
Avropa İttifaqı ilə əməkdaşlığında
yeni mərhələ
Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin
Brüsselə səfəri və orada Avropa
İttifaqının rəsmiləri ilə keçirdiyi
görüşlərdən bir neçə gün keçsə
də, hələ də yerli və xarici mediada Brüsseldə keçirilən
görüşlər, tərəflər arasındakı
uğurlu əməkdaşlıqdan danışılır, bu
əməkdaşlığın gələcək perspektivləri
barədə müəyyən fikirlər səsləndirilir.
Ümumilikdə isə əksəriyyətin mövqeyi ondan
ibarətdir ki, dövlət başçısının
Brüsselə səfəri Avropa İttifaqı ilə
Bakı arasında əməkdaşlıqda yeni bir mərhələnin
əsasını qoydu.
Millət vəkili Tahir Mirkişili deyir ki, son zamanlar Avropa Birliyi və Azərbaycan arasında imzalanması planlaşdırılıan strateji tərəfdaşlığa dam saziş haqqında müxtəlif müzakirələr aparılır: "İlk öncə onu qeyd etmək lazım ki, 1999-cu ildən Avropa Birliyi və Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin müddəti 2019-cu ildə başa çatır və onun yenilənməsi təbiidir. Digər tərəfdən 2018-ci ildə Azərbaycan Prezidentinin Avropa Birliyinin mənzil qərargahına səfəri zamanı imzalanmış "Tərəfdaşlıq Prioritetləri" adlı sənəddə imzalanacaq yeni sazişin istiqamətləri dəqiq müəyyən olunub. Bu istiqamətlərdən mühüm olanlarından biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyidir ki, bu məsələ sənəddə öz əksini tapıb. Əvvəlki sazişdə olduğu kimi, imzalanacaq bu saziş də siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Yeni sazişin müasir reallıqları və gələcək çağırışları da özündə ehtiva etməsi nəzərdə tutulur ki, məhs bu məqam sazişə hər iki tərəfdən diqqətlə yanaşmanı göstərir". Onun sözlərinə görə, bu çağırışlar isə əsasən enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıqlarla bağlıdır. İlkin informasiyalara görə hazırkı müzakirələr də məhs bu iki məqam üzərində gedir: ""Bunun səbəbləri aşağıdakılardır. Birincisi, Azərbaycan artıq 1999-cu ildəki Azərbaycan deyil, iqtisadi və siyasi cəhətdən regional güc mərkəzinə çevrilmiş bir ölkədir. Öz maraqlarını daha güclü şəkildə müdafiə etməsi təbiidir. Ikincisi, Avropa Birliyi də 1999-cu ildəki Avropa Birliyi deyil, keçən 10 il ərzində Birlikdə sarsıntılar baş vermiş, Brexit prossesi yaşanmış və üzv ölkələr arasında siyasi və iqtisadi fikir ayrılıqları daha də dərinləşmişdir.Bütün bunlarla yanaşı Avropa Birliyi hələ də cəlbedici bazar və texnologiyaların məkanlarından biridir. Üçüncüsü, Azərbaycanın indidən sonrakı 10 il üçün aydın iqtisadi strategiyası var. Ölkə iqtisadiyyatı daha da güclənəcək və təbii olaraq iqtisadi subyektlərin iqtisadi və coğrafi mövqeyi daha da artacaqdır. Dördüncüsü, Avropa Birliyinin sonrakı 10 il üçün gələcək perspektivləri iqtisadi və siyasi cəhətdən çox da nikbin deyil.Birlikdə ciddi bürokratik islahatların gedəcəyi planlaşdırılır. Beşincisi, Azərbaycan növbəti 10 illər ərzdinə Avropa Birliyi üçün dayanıqlı və etibarlı enerji təhcizatçısı rolunu oynamaqla Avropa Birliyinin enerji təhlükəsizliyinə böyük dəstək verəcək. Bu dəstək eyni zamanda Avropa Birliyinin özünün taleyinə mühüm dəstək olacaq". Millət vəkili qeyd edib ki, Azərbaycan sahib olduğu beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə Avropa və Asiya arasında mühüm iqtisadi qovşaq yaradaraq hər iki hissənin iqtisadi əlaqələrini intensivlinə dəstək verməkdədir. Yəni Azərbaycanın imkanları Avropa Birliyini Asiya bazarlarına yaxınlaşdırır. Eyni zamanda, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77% -i Azərbaycanın payına düşür və Azərbaycanın da xarici ticarət həcmini 40%-i Avropa Birliyinin payına düşür. Həmçinin, Azərbaycan Çinin "Bir kəmər bir yol" layihəsində əsasə tərəfdaşlardan biridir: "Bütün bu yuxarıda sadaladıqlarım Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq sazişin bərabər hüquqlu və diqqətlə hazırlanmasını tələb edir. Burda əsas məsələ vaxt deyil, məzmun və keyfiyyətdir. Təcrübə göstərir ki, Avropa Birliyi kimi beynəlxalq təşkilatların tamamilə öz maraqlarına xidmət edən standart müqavilə şablonları olur, onları dəyişdimədən qısa müddə ərzində imzalmaq mümkündür, hasını ki, Gürcüstan və Ermənistan artıq imzalayıblar. Düşünürəm ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş hər iki tərəf üçün vacibdir. Hər iki tərəfin qarşında duran çağırışların həlli üçün qarşılıqlı maraqları özündə əks etdirən sazişə ehtiyac var".
İqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov isə deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam edir. Onun sözlərinə görə, kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, iqtisadi sahədə əməkdaşlıq danışıqların əsas mövzularındandır: "Sazişin təfərrüatları açıqlanmasa da, son illərdə Avropa İttifaqının bir sıra ölkələrlə bağladığı sazişlərdən Azərbaycan qarşısında hansı tələblərin qoyduğunu güman etmək olar. Məsələn, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qazaxıstanla imzalanmış sazişlər iqtisadi-ticarət sahəsində geniş əməkdaşlıq ehtiva edir. Bu sazişlərdən belə anlaşılır ki, Avropa İttifaqı bu ölkələrlə ticarətdə və onların bazarlarına girişində böyük üstünlüklər əldə edib. Yuxarıda qeyd edilən sazişlərdə "maraqlı məqamlarla" rastlaşmaq olur. Məsələn, Avropa İttifaqının Qazaxıstanla sazişinə uyğun olaraq, sənaye müəssisələrinə satılan enerji və digər xammalın satış qiyməti müəyyənləşdirilərkən təchizatçının xərc və gəliri nəzərə alınmalıdır. Başqa sözlə bu enerji və digər xammalın faktiki bazar qiymətinə satışı deməkdir".
Fikrət Yusifov hesab edir ki, Azərbaycan belə bir razılaşmaya gedərsə, onda əhaliyə satılan su, elektrik enerjisi və qazın qiymətində ciddi artım olacaq: "Lakin belə bir addım dövlətin sosial siyasətinə ziddir və Azərbaycanın belə bir razılaşmaya getməsi inandırıcı deyil. Avropa İttifaqının Ukrayna ilə də sazişin "özəlliyi" diqqət çəkir. Belə ki, sazişə uyğun olaraq enerji daşıyıcılarının ixrac qiymətləri daxili bazarda tətbiq olunan qiymətlərdən yüksək olmamalıdır. Azərbaycanın böyük enerji ixracatçısı olması bu tipli tələblərin Avropa tərəfindən irəli sürülməsini istisna etmir. Bu cür tələblər Azərbaycan vətəndaşları üçün heç də qənaətbəxş hesab oluna bilməz. Belə ki, Avropa İttifaqının tələblərinə görə, ya enerji daşıyıcılarının daxili bazardakı qiymətləri dünya bazarındakı qiymətlər səviyyəsinə qaldırılmalıdır, ya da ixrac qiymətləri aşağı salınmalıdır. Birinci halda daxili bazarda qiymətlərin kəskin artımını gözləmək olar. Bu isə öz növbəsində ölkə daxilində qazın, elektrik enerjisinin, benzin və digər neft məhsullarının, eləcə də əlaqəli digər sahələrdə mal, iş və xidmətlərin qiymət artımına səbəb olacaq. İkinci ssenari isə ölkəyə daxil olan gəlirlərin kəskin azalmasına gətirib çıxaracaq. Göründüyü kimi, hər iki ssenari qəbuledilməzdir. Çünki, bu ssenarilərdən hər hansı birinin qəbulu bilavasitə əhalinin güzəranına, sosial müdafiəsinin zəifləməsinə, bütünlükdə həyata keçirilən çoxsaylı sosial layihələrin məhdudlaşdırılması ilə nəticələnər. Bu səbəbdən də Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması prossesi uzanır".
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev isə qeyd edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib: "Ölkəmizdə sosial-iqtisadi islahatların sürətləndirilməsi beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır. Möhtərəm dövlət başçımızın müəyyənləşdirdiyi siyasətə uyğun olaraq hazırda Azərbaycanın xarici iqtisadi əlaqələrinin möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu, eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan əlaqələri diqqət mərkəzində saxlayır. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri olan Avropa İttifaqı ilə səmərəli və davamlı münasibəti getdikcə inkişaf edir". Politoloq deyib ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələrin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub: "Xatırladım ki, həmin sənəd 1996-cı il aprel ayının 22-də Lüksemburq şəhərində imzalanıb və onu imzalayan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 1-də qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanın Avropa İttifaqı arasındakı münasibətlərə yeni təkan verib. Adıçəkilən saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı münasibətləri nəzərdə tutur. Sazişin əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə tərəflər arasında əlaqələr yüksək qiymətləndirilib. Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bu mövqeyini bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısının nitqində vurğuladığı faktlar və səsləndirdiyi fikirlər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafını, tərəflərin bu münasibətlərə böyük əhəmiyyət verdiyini təsdiqləyib. O cümlədən, ¬Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər də Azərbaycanla bu nüfuzlu qurum arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib, bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzərdən keçirilib. Mərasimdə ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Avropa İttifaqı Azərbaycanı güclü iqtisadi imkanlara malik ölkə hesab edir və respublikamızın beynəlxalq münasibətlər sistemində mövcud rolunu yüksək qiymətləndirir. Son illər ərzində Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri sayəsində Avropanın enerji daşıyıcılarına istehlakının ödənilməsi də bu fikrin bariz ifadəsidir".
Süleyman
Olaylar.- 2019.-
23-24 may.- S.7.