Regional proqramlar

bölgələrdə uğurla icra edilir

 

"Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrimizdə müvəffəqiyyətlə yerinə yetirilir. Ölkə regionlarında görülən işlər Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradır. Belə olan halda ölkəmizin beynəlxalq aləmdə reytinqi getdikcə artır. Regional proqramlar ölkə iqtisadiyyatının daha da  güclənməsinə təkan verir. Dövlət Proqramı çərçivəsində bölgələrimizdə müvəffəqiyyətlə icra edilən işlər hər şeydən öncə vətəndaşların rifahına xidmət edir. İnkişafın mərkəzində başlıca olaraq vətəndaş amili dayanır.

 

Ümummilli lider Heydər Əliyev yol təsərrüfatının inkişafına böyük önəm göstərirdi. Bu gün onun inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  bütün sahələrdə olduğu kimi nəqliyyat-yol kompleksində də davamlı tədbirlərin həyata keçirilməsi səciyyəvi xarakter alıb. Dövlət başçımızın sərancamları ilə ayrılan vəsaitlər nəqliyyat-yol infrastrukturunu müasir standarlara cavab verən, dinamik inkişafına yol açıb.

Regionlarda həyata keçirilən, təkmilləşdirilmiş yol infrastruktur layihələri əhalinin rahatlığına təminat yaradır. Bununla yanaşı yeni yolların tikintisində işçi qüvvəsindən istifadə məşğulluğu artırır.  Bu yaxınlarda Xınalıq istiqamətində böyük əhəmiyyətə malik yeni avtomobil yolu inşa edilib. Azərbaycan bütün sahələrdə olduğu kimi son illərdə turizm sahəsində də inkişaf edib. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsi olduqca əhəmiyyətlidir. Bu baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüryeni yol yatağı inşa edilir, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülür, yol profilə salınır. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunur.

Yolun Alpan kəndi ərazisindən keçən hissəsində təqribən 8 km-lik ərazidə artıq sadalanan işlər görülərək iri dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, 2 ədəd suötürücü boru quraşdırılıb. Ümumilikdə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü inşa ediləcək. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğunda olacaq. Artıq tikiləcək 1 dəmir-beton körpünün svayların vurulması işlərinə başlanılıb.

Layihənin növbəti mərhələsində isə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılacaq. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

Layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur.

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə  yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Dövlət başçımız vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, onların rifahına hər zaman xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, ölkədə avtomobil yolları yenidən qurulur və yolların reabilitasiyası istiqamətində davamlı olaraq işlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində M5 magistralının Xaldan-Şəki hissəsi əsaslı şəkildə yenidən qurulur. M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidn qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılır, tikinti sahəsi təmizlənir, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunacaq. Bunun ardınca isə ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asphalt-beton örtüyü döşənəcək. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edəcək. Artıq körpülərin inşası istiqamətində də hazırlıq işlərinə start verilib. Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var. Bu üzdən müxtəlif diametrlərə malik 87 borunun inşası nəzərdə tutulur ki, bunlardan 8-i düzbucaqlı su keçidləridir. Artıq bir-neçə əarzidə suötürücü boruların inşası işlərinə də başlanılıb.

Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 32 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.

Yolun qurulmasında istifadə olunan yüksək keyfiyyətli texnika infrastrukturun müasirliyindən xəbər verir. Bu yolun yenidən qurulması yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdırmaqla yanaşı Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yeni yollar inşa edilir, yenidən qurulıur və təmir edilir. Görülən işlər davamlı olaraq inkişafa aparır və bölgələrimizin simasını dəyişir. Ucqar kənd yerlərinin əhalisi də gediş-gəliş üçün rtahat yollarla təmin edilir.

Avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarında asfalt-beton örtüyünün yenilənməsi və bərpası istiqamətində addımlar atılır. Bu çərçivədə M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə başlanılıb.

Tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı km-dən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib. Bu üzdən sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

Təmir-bərpa işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının deformasiyaya uğramış yararsız hissələri qazılaraq çıxarılır, yararlı qrunt ilə əks dolğu işləri aparılaraq yenidən kipləşdirmə işləri görülür. Bunun ardınca qazılmış hissələrdə yol əsası işlənərək hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Bu işlərə paralel olaraq yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlərin sökülməsi əvəzinə monolit dəmir-beton mühafizə sədlərin quraşdırılması işləri də görülür. Layihənin növbəti mərhələsi olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.

Birinci mərhələ üzrə, yəni Hacıqabul-Ələt hissəsində işlər tam başa çatdıqdan sonra, ikinci mərhələ üzrə işlərə başlanılacaq. Bu mərhələdə isə təmir-tikinti işlərinin əks istiqamət üzrə, yəni Ələt qəsəbəsi ərazisindən başlayaraq Hacıqabul rayonunadək olan hissəsində (69-116-cı km) aparılması planlaşdırılır. Hazırda təmir-tikinti işlərinin aparıldığı əraziyə işlərin vaxtında yekunlaşdırılması üçün lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 30-31 may.- S.15.