Övladlığa verilən uşağın sonrakı

taleyinə necə nəzarət edilir?

 

Uşaqların övladlığa verilməsi məsələsi ölkə mediasında kifayət qədər müzakirə mövzusu olmasına baxmayaraq hələ də bu sahədə qaranlıq məqamlar qalmaqdadır. Xüsusən, uşaqların əcnəbi vətəndaşlara övladlığa verilməsi, onların sonrakı taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir.  Maraqlıdır, bəs yetkinlik yaşına çatmayan uşaqlar hansı hallarda övladlığa götürülə bilər və onlara necə nəzarət edilir? 

Bakı şəhəri 20 saylı vəkil bürosunun tanınmış vəkili Rövşən Qasımov bildirib ki, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) qeydiyyat şöbələrində qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə də yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin azərbaycanlı uşaqların övladlığa götürülməsi məsələsinə toxunan vəkil qeyd edib ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından, yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir: "Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir. Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir. Övladlığa götürmə barədə ərizənin qəbulu zamanı məhkəmə ərizələrin forma və məzmununun həmin kateqoriyadan olan işlər üçün Mülki Prosessual Məcəllənin 346-cı maddəsində, həm də iddia ərizələrinə münasibətdə Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblərə cavab verib-verməməsini yoxlamalıdır. Övladlığa götürmə barədə ərizəyə Mülki Prosessual Məcəllənin 150 və 347.1-ci maddələrində nəzərdə tutulan sənədlər əlavə edilməlidir. Məhkəmələr ərizəyə əlavə olunmuş sənədlərin etibarlılığına, yəni səlahiyyətli orqanlar və vəzifəli şəxslər tərəfindən verilməsi, qüvvədə olma müddətinə xüsusi diqqət yetirməlidirlər. Yaşayış yerindən istifadə etmək hüququnu təsdiq edən sənəd uşağı övladlığa götürmək arzusunda olan şəxsin sadəcə hər hansı dövlət və ya ictimai mənzil fonduna məxsus mənzildə qeydiyyatda olması barədə məlumatı deyil, həmçinin mənzilin icarədarının kim olması, ərizəçinin mənzilə münasibətdə statusu, mənzilin sahəsi, orada qeydiyyatda olanfaktiki yaşayanlar barədə məlumatları da əhatə etməlidir".

Yer gəlmişkən xatırladaq ki, Azərbaycanda övladlığa uşaq götürmə prosesi mürəkkəb və uzun zaman çəkdiyindən əksər vətəndaşlar bu istəkdən vaz keçmək qərarına gəlirlər. Vəkil qeyd edib ki, bütün hallarda Azərbaycanda övladlığa götürnə qanunvericilik çərçivəsində həyata keçirilir: "Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı, habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur. Övladlığa götürmə barədə müraciəti övladlığa götürmə üzrə xarici təşkilatın nümayəndəliyi etmişsə, nəzərə almaq lazımdır ki, bu cür hüquqa yalnız Azərbaycan Respublikası ərazisində akkreditasiyası olan nümayəndəlik malikdir."Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2008-ci il tarixli 166 saylı qərarı ilə təsdiqlənib. Bütün bu sənədləşmələr də heç şübhəsiz ki, vaxt zaman baxımında uzun prosesdir". Onun sözlərinə görə, hətta uşaq övladlığa verildikdə belə onun sonrakı taleyinə nəzarət həyata keçirilir: "Azərbaycan Respublikasının ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım mərkəzi orqanın (Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) akkreditə etdiyi orqanlar tərəfindən həyata keçirilə bilər. Akkreditə edilmiş orqan övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı nəzarətin həyata keçirilməsinə dair öhdəliklərini pozduqda, övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi haqqında Azərbaycan Respublikasının mərkəzi orqanına hesabatları təqdim etmədikdə, həmin orqanların vasitəçiliyi ilə uşağın övladlığa verilməsi məqsədəmüvafiq hesab olunmamalıdır. Ona görə də məhkəmələr bu cür orqanların iştirakı ilə işə baxarkən onların əvvəlki fəaliyyəti barədə mərkəzi orqandan müvafiq məlumatları almalı və akkreditasiya olunmuş orqanın fəaliyyətini dəyərləndirməlidir".

Vəkil bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizələri əsasında işi məhkəmə baxışına hazırlayarkən hakim qəyyumluq və himayəçilik orqanlarından uşağın Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailəsinə tərbiyəyə verilməsinin və ya yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq qohumları tərəfindən övladlığa götürülməsinin mümkünsüzlüyünü təsdiq edən sənədləri, uşağın övladlığa götürülməsi üçün qeydiyyata götürülməsi barədə sənədləri, həmçinin qəyyumluq və himayəçilik orqanlarının uşağı Azərbaycan Respublikası vətəndaşı olan ailələrə tərbiyəyə və ya qohumlarına övladlığa verilməsi barədə təşəbbüsləri və cəhdlərini təsdiq edən sənədləri tələb etməlidir. Həmin sənədlər əsasında hansı vaxtdan uşağın valideyn himayəsindən məhrum olması barədə məlumatın qeydə alınması, uşaq haqqında məlumatların həqiqətə uyğunluğu (yaşı, sağlamlıq vəziyyəti və başqa məlumatlar), uşağın Azərbaycan Respublikası vətəndaşı olan ailələrə tərbiyəyə və ya qohumlarına övladlığa götürülmə üçün təklif olunub-olunmaması, əgər təklif olunubsa həmin şəxslərin uşağı övladlığa götürməkdən imtina edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürülməsi barədə işlərə baxılarkən nəzərə alınmalıdır ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxs tərəfindən uşağın övladlığa götürülməsinə ancaq həmin uşaqların Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə və yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq uşağın qohumlarının (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığına verilməsi mümkün olmadığı halda yol verilməlidir: " Övladlığa götürmə barədə işlərə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır. On yaşına çatmış uşaq sağlamlıq vəziyyətinə görə məhkəmə iclasına gələ bilmirsə (məsələn, uşaq anadangəlmə əlildirsə və hərəkət etməkdə məhduddursa), məhkəmə uşağın maraqlarını nəzərə alaraq övladlığa götürülməsi ilə əlaqədar uşağın rəyini olduğu yerdə öyrənə bilər. Övladlığa götürmənin qanunla qorunan sirrinin mühafizəsi məqsədilə övladlığa götürmə barədə işlər üzrə məhkəmə qətnaməsi qapalı iclasda elan olunmalıdır. Məhkəmələr əsas fikri ona yönəltməlidirlər ki, hər bir konkret işdə uşaqların hüquq və yüksək mənafelərinin təmin olunması məqsədilə onlar ilə bağlı zəruri informasiya almalı, mənafelərinə toxunan ailə münasibətləri məsələləri üzrə məhkəmə prosesində öz hüquqlarını həyata keçirmək imkanına malik olmalı, onların fikirləri nəzərə alınmalı və uşaqların hüquqları və yüksək mənafeyi təmin olunmalıdır. On yaşına çatmış uşağın məhkəməyə çağırılması barədə məsələnin həlli zamanı məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsini rəhbər tutmalıdır. Həmin maddəyə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, həmçinin araşdırmalarının gedişində dinlənilmək hüququna malikdir. Onların maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşaqların fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələr Ailə Məcəlləsində nəzərdə tutulmuş hallarda yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul etməlidirlər".

 

Alim

 

Olaylar.- 2019.- 30-31 may.- S.12.