Qeyri-neft sektorunun
inkişafı əsas hədəfimizdir
Bakıda
"Medinex" Beynəlxalq
Tibbi İnnovasiyalar Sərgisi keçirilib
Noyabrın 6-da
Bakıda "Medinex" Beynəlxalq
Tibbi İnnovasiyalar Sərgisi keçirilib.Olaylar.az bildirir ki,
sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o
cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan,
Pakistan, Rusiya, Monqolustan, Xorvatiya Yaponiya və digər ölkələri
təmsil edən 70 şirkəti bir araya gətirib. Azərbaycan
sərgidə "Made in Azerbaijan" brendi altında
çıxış edən distribyutor və
istehsalçılar tərəfindən təmsil olunub.
Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.
Sərgidə 70-dən çox şirkətin istehsal etdiyi avadanlıqlar nümayiş olunub.
Sərgidə iştirak edən yerli şirkətlərdən biri də "Diamed" şpris istehsalı zavodu olub.
Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil.
Bunu "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.
Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur: "Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma " şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir".
S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: "Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir".
Direktor əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.
O, əsas məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da söyləyib:
"Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.
Tədbirdə çıxış edən şirkətin təsisçisi Aytən Quliyeva sözügedən zavodun 150 milyon ədəd müxtəlif ölçüdə şpris istehsal etmık gücünə malik olduğunu bildirib:
"Hamıya məlumdur ki, mayda Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan əhalisinə böyük bir töhfə verildi. Belə ki, Azərbaycan əhalisinin sağlamlığınmın təhlükəsizliyinə xidmət edən bir zavod istifadəyə verildi. Zavod 150 milyon ədəd müxtəlif ölçüdə şpris istehsal etmək gücünə malikdir. Hazırda şprislərin illik istehsalı 50 milyona yaxındır. Bu isə bütün Azərbaycanı idxaldan azad etmək deməkdir. Hazırda zavodda 50 nəfərə yaxın işçi çalışır. Yaxın vaxtlarda zavod 3 növbəli iş rejiminə keçməklə 150 nəfəri daimi iş yeri ilə təmin edəcək.
İstehsal etdiyimiz şprislər çox yüksək keyfiyyətə malikdir. Belə ki, iynələri Yaponiyadan, xammal isə İsveçrədən gətirilir.
Xalqımıza müraciət edirəm ki, yerli şpris alsınlar. Bununla həm iqtisadiyyatımıza xeyir versinlər, həm də sağlamlıqlarını qorusunlar".
A.Quliyeva növbəti illərdə zavodun xaricə də şpris ixrac edəcəyini söyləyib:
"İkinci, üçüncü illərdə isə biz yaxın ölkələrə şpris ixracını planlaşdırırıq. O zaman isə 200-250 milyon şpris stehsal ediləcək. Bu daha çox tələbatdan asılı olacaq".
A.Quliyeva yerli istehsal şprislərin qiymətlərinin xarici brendlərlə müqayisədə ucuz olacağını deyib: "Zavodun istehsal etdiyi şprislərin qiymətini Avropa markaları ilə müqayisədə bir neçə dəfə aşağı olacaq. Əlbəttə, yerli şprislərin qiyməti başqa ölkələrin keyfiyyətsiz, mənşəyi bilinməyən şprisləri ilə müqayisədə bir qədər yuxarı olacaq".
Sərgidə millət vəkili Elman Nəsirov Azərbaycanda şpris istehsal edən zavodun fəaliyyət göstərməsini yüksək qiymətləndirib:
"Biz artıq o səviyyəyə gəlib çatmışıq ki, şpris istehsal edirik. Qeyri-neft sektorunun inkişafı əsas hədəfimizdir. Hesab edirəm ki, belə bir zavodun işə salınması qeyri-neft sektorumuzun inkişafının bir göstəricisidir. Çox istərdik ki, gələcəkdi bu məhsullarımız "Made in Azerbaijan" brendi adı altında dünya bazarına çıxsın".
Nigar Orucova
Olaylar.- 2019.- 7-8
noyabr.- S.12.