Yaqub
Mahmudov: "Azərbaycanın müstəqilliyi yolunda Heydər
Əliyevin tarixi xidmətləri danılmazdır"
17
noyabr Azərbaycan Respublikasının Milli Dirçəliş
Günüdür. Mənəvi əsaslarını və
başlanğıcını XX əsrin 60-cı illərindən
götürən bu tarix sonralar ulu öndər Heydər
Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə
dönməz xarakter alıb, müstəqil Azərbaycan
müasir inkişaf yoluna qədəm qoyub. AZƏRTAC Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudovun bununla bağlı qeydlərini təqdim
edir.
1969-cu
ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində
dərin tənəzzülün hökmranlıq etdiyi bir
şəraitdə ulu öndər Heydər Əliyev Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi
seçildi və ölkənin ali idarəçilik
sükanı arxasına keçdi. Bununla da Sovet Azərbaycanının
tarixində böyük dönüş dövrü
başlandı. Tarixi inkişafın sonrakı gedişi
sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı
Heydər Əliyev hələ o zaman qurmağa
başlamışdı.
Heydər
Əliyev Azərbaycan rəhbərliyinə gələn il -
1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyi tamam
olurdu. Yubiley mərasimində, doğrusunu deyim, gözləmədiyimiz
halda, respublikanın başçısı ana dilində
çıxış etdi. Onda ziyalılarımız başa
düşdü ki, respublika rəhbəri Azərbaycanın
dirçəlişi yolunu tutub və bu istiqamətdə
inkişafa doğru addımlayır.
Heydər
Əliyevin 60-cı illərin sonu - 70-ci illərdə
xalqımızın milli dirçəlişini necə cəsarətlə
himayə etməsinin canlı şahidiyəm. O zaman mən
ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən
biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim.
Böyük mütəfəkkirimiz Rəsul Rzanın
başçılıq etdiyi ensiklopediyaçılar və
ensiklopediya ətrafında toplanan qabaqcıl ziyalılar o zaman
çox cəsarətli addımlar atırdılar.
Xalqımızın təşəkkülündə türk
etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın
çar Rusiyası tərəfindən işğalı, Azərbaycan
Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi
rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə
obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı
kimi bir çox məsələləri o zaman məhz
ensiklopediyaçılar qaldırdılar. Bunu da
unutmamışam ki, milli oyanışımızın
düşmənləri bizi ləkələmək
üçün dəridən-qabıqdan
çıxırdılar. Heydər Əliyev bütün
bunlardan çəkinməyərək 1971-ci ilin martında mənə
ensiklopediya baş redaktorunun elmi işlər üzrə
müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə
biz məhz onun dəstəyi sayəsində ilk dəfə
olaraq Azərbaycanın tarix xəritələrini çap
etdirə bildik. Çox çəkmədən bizə
"millətçi", "burjua məfkurəçiləri",
"Sovet hökumətinin və Rusiyanın düşmənləri"
damğasını vurmağa çalışdılar.
"Sapı özümüzdən olan baltalar"
xalqımıza qarşı 1918-ci ilin Mart
soyqırımını törətmiş Stepan
Şaumyanın oğlunu - o zaman "Böyük Sovet
Ensiklopediyası" baş redaktorunun birinci müavini işləyən
Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr
Azərbaycan ziyalılarına ləkə yaxmaq
üçün özlərini oda-közə vurdular. Lakin
onlar məqsədlərinə çata bilmədilər. Məhz
Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində
o zaman həm ensiklopediyaçılar, həm də
ziyalılarımızın böyük bir dəstəsi, o
cümlədən də mən, nəinki Dövlət Təhlükəsizlik
Komitəsinin təqiblərinə düçar olmadıq, hətta
o dövr üçün dəhşətli bir cəza
sayılan partiya cəzasından da yaxa qurtara bildik!
Ulu
Öndərin Azərbaycana birinci rəhbərliyi
dövründə həyata keçirdiyi quruculuq işlərinin
çox böyük tarixi əhəmiyyəti bundan ibarət
idi ki, xalqımızda milli qürur, milli mənlik
şüuru oyandı, azadlıq, müstəqillik
duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin
xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz
xidmətidir.
80-ci
illərin ortaları idi. O zaman Azərbaycan hələ
müstəqil deyildi. Vətənimiz həmin dövrdə
SSRİ adlanan nəhəng bir dövlətin tərkibində
idi. Dünyanın təqribən altıdabir hissəsini əhatə
edən bu böyük dövlət artıq
dağılmağa başlamışdı. Ölkədə
hər şey getdikcə qıtlaşırdı. Əhalinin
ehtiyaclarını ödəyə bilməyən SSRİ hətta
ət, yağ və başqa ərzaq məhsullarını da
xarici ölkələrdən alırdı. SSRİ-nin
ayrı-ayrı rəhbərləri müxtəlif tədbirlər
görməyə başlamışdılar. Bunlardan biri də
o zaman SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov idi.
O, bütün ölkədə "yenidənqurma" tədbirləri
keçirəcəyini bildirdi.
Qorbaçovun
həyat yolu Şimali Qafqazdan - çoxlu erməninin
yaşadığı Stavropoldan başlamışdı.
Qorbaçovlar ailəsi varlı erməni millətçiləri
ilə sıx bağlı idi. Qorbaçovun əhatəsində
olan erməni millətçiləri Qafqazda qüdrətli erməni
dövləti - "böyük Ermənistan" yaratmaq xəyalı
ilə yaşayırdılar. "Böyük Ermənistan"
Azərbaycan torpaqlarının işğal olunması
hesabına yaradılmalı idi. Ermənilərin əsas məqsədi
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağı ələ keçirmək idi. Qorbaçov ermənilərə
vəd etmişdi ki, o, Dağlıq Qarabağı Azərbaycandan
alıb Ermənistana verəcək. Lakin bu asan məsələ
deyildi. Çünki həmin dövrdə Qorbaçovun
xalqımıza qarşı bu düşmənçilik niyyətinin
qarşısını kəsən güclü bir maneə
vardı. Həmin maneə xalqımızın o zaman Moskvada
işləyən sədaqətli oğlu Heydər Əliyev
idi. O, Siyasi Büronun üzvü idi və o zaman bütün
Sovet İttifaqında böyük nüfuz
qazanmışdı. Dünyanın hər yerində onu
yaxşı tanıyırdılar.
Ermənilər
Qorbaçovlar ailəsini ələ almışdılar. Odur
ki, Qorbaçov Dağlıq Qarabağı Ermənistana vermək
üçün iyrənc bir hiyləyə əl atdı.
Əvvəlcə, Heydər Əliyevi Siyasi Bürodan
uzaqlaşdırmaq qərarına gəldi. O zaman Azərbaycanın
böyük oğlunun Sovet İttifaqının rəhbərliyindən
uzaqlaşdırılması xalqımız üçün
böyük fəlakət idi. Sevimli şairimiz Bəxtiyar
Vahabzadə bu kədərli xəbəri eşitcək
demişdi: "Ey vah, Moskvadakı yeganə və ən
böyük qalamız yıxıldı!" Böyük
şair səhv etməmişdi. Xalqımızın Moskvada -
sovet rəhbərliyində olan himayəçisi Heydər
Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi
15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan
daşnak Aqanbekyan Qarabağın tezliklə Ermənistana veriləcəyini
elan etdi. Bununla Qorbaçovun və onun "yenidənqurma"
tədbirlərinin iç üzü açıldı.
Xalqımızın
fəlakətli günləri başlandı. Ermənistanda
silahsız həmvətənlərimizə qarşı
hücumlar, qırğınlar başlandı. Çox
keçmədən Ermənistanda, yəni keçmiş Qərbi
Azərbaycanda yaşayan azərbaycanlılar öz ata-baba
yurdlarından qovuldular.
Qarabağ
erməniləri və dünyanın hər yerində
onları müdafiə edən erməni millətçiləri
də Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə
başladılar. Qorbaçov bu zaman Vəzirovu Azərbaycana,
Arutyunyanı isə Ermənistana rəhbər göndərdi.
Arutyunyan İrəvana çatan kimi "Miatsum" hərəkatı
ilə birləşdi. Amma bura göndərilən isə
meydana düşüb xalqla birləşmək əvəzinə
Qorbaçova və sözün əsl mənasında ermənilərə
xidmət etdi. Bu zaman Azərbaycanda çox çətin vəziyyət
yaranmışdı. Ölkədə Ermənistandan - Qərbi
Azərbaycandan qovulmuş qaçqınların sayı gündən-günə
artmaqda idi. Onların əksəriyyəti Bakıya
axışır, paytaxtda vəziyyət gərginləşirdi.
Qaçqınların çoxu əvvəlcə onların
ata-baba yurdlarının qonşuluğunda yerləşən və
iqliminə, şəraitinə görə ata-baba yurdlarına
çox bənzəyən Dağlıq Qarabağda məskən
salmaq istəyirdilər. Bu bir ziyalı, həm də BDU-nun
Tarix fakültəsinin dekanı kimi mənim də ürəyimdən
idi. O zaman bu işə cəhd göstərənlərin
sırasında idim. Buna görə Vəzirov BDU-nun
ozamankı rektoru Yəhya Məmmədova zəng edib
demişdi ki, o dekanı universitetdən uzaqlaşdırın,
biz burada sülh şəraiti yaradırıq, o isə xalqlar
arasında qan tökülməsinə bais olmaq istəyir. Beləliklə,
Qorbaçovun göstərişi ilə hərəkət edən
Vəzirov onların Dağlıq Qarabağda yerləşdirilməsinə
imkan vermədi. O, Qarabağ ermənilərinin silahlandırılmasına
göz yumdu. Bu bir yana dursun, xalqımızın azğın
düşmənə qarşı silahlanmasına,
özünümüdafiə dəstələri yaratmasına
da imkan vermədi, xalqın əlində olan ov silahları belə
yığıldı.
1988-ci
ilin noyabrında 100 minlərlə azərbaycanlı ayağa
qalxdı və göstərdi ki, xalqımız öz
torpağını müdafiə etməyə, qorumağa
qadirdir. Meydan hərəkatı Moskvaya, bütün dünyaya
göstərdi ki, Azərbaycan xalqı döyüşə,
mübarizəyə hazır xalqdır. Amma meydan hərəkatının
gedişində aydın oldu ki, biz müstəqillik qazanmadan Vətən
torpaqlarını əldə saxlaya bilməyəcəyik.
O
zaman BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının
mərkəzlərindən biri idi. Hərəkatın
qabaqcılları olan gənclərimiz fakültənin
otaqlarından birində üçrəngli
bayrağımız altında fəaliyyət göstərirdilər.
Dekan olarkən sədri olduğum fakültə Elmi
Şurası S.M.Kirov adına Qırmızı Əmək
Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin
tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa
olunması haqqında qərar qəbul edib. Beləliklə,
universitetin adının dəyişdirilməsi haqqında ilk
rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul
edilib. Daha sonra adın dəyişdirilməsi universitetin
Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib.
Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət
göstərir.
BDU-nun
Tarix fakültəsinin qabaqcıl tələbələri xalq
hərəkatında gənclərin, demək olar ki,
önündə gedirdilər. Mən BDU-nun Böyük Elmi
şurasında milli azadlıq hərəkatının fəalları
olan bir qrup tələbənin universitetdən xaric edilməsi
barədə qərar çıxarılmasına kəskin
etiraz etdim və onları qovmağa qoymadım. Mənə
qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin
dekanı işləyə bilmədim və istefa verdim. Öz
ölkəmdə təqib olunduğum üçün məni
Ukraynaya işə dəvət etdilər, ev veriləcəyi
barədə vəd verdilər. Mən Vətənimi tərk
etmədim.
1990-cı
ilin yanvarında Sovet imperiyası milli azadlıq hərəkatını
boğmaq üçün Bakıda qırğın törətdi.
Moskva bu cür cəza tədbirləri ilə SSRİ-nin
dağılmasının qarşısını almaq istəyirdi.
Amma heç bir nəticə vermədi və 1 il sonra Sovet
imperiyası dağıldı.
2019-cu
ildə AMEA-nın Tarix İnstitutunda "Şərəfli
ömrün bir səhifəsi: Tarix fakültəsi
(1986-1990)" adlı kitab çap olunub. Kitabda 80-ci illərin
sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix
fakültəsində təhsil almış tələbələrin
milli azadlıq hərəkatı ilə bağlı xatirələri
yer alıb.
Müstəqilliyə
gələn yolda Heydər Əliyevin tarixi xidmətləri
danılmazdır. Çünki SSRİ-nin süqutu ərəfəsində
Azərbaycan xalqı onun sayəsində müstəqil
yaşamağa tam hazır idi. Buna həm iqtisadi vəziyyət,
həm də xalqın milli şüuru imkan verirdi.
Sovet
imperiyasının çökməsində Azərbaycan milli
azadlıq hərəkatı çox mühüm rol
oynadı. Xalq hərəkatı nəticəsində 18 oktyabr
1991-ci ildə "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul
olundu və ölkəmiz XX əsrdə ikinci dəfə
müstəqil dövlət olaraq öz
varlığını dünyaya elan etdi.
Olaylar.- 2019.- 16-18 noyabr. S. 6.