Beynəlxalq aləm Azərbaycandakı islahatları təqdir edir

 

Çünki bu islahatlar əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir

 

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi və sosial islahatlar ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, onun beynəlxalq aləmdə olan reytinqinin artmasına da öz müsbət təsirini göstərir. Təsadüfi deyil ki, zaman-zaman açıqlanan hesabatlarda, reytinqlərdə beynəlxalq maliyyə qurumları, siyasi və iqtisadi yönümlü təşkilatlar Azərbaycanı uğurla inkişaf edən, iqtisadi nailiyyətlər əldə edən, məqsədyönlü islahatlar həyata keçirən ölkə kimi xarakterizə edirlər. Bu günlərdə Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın 20 ən islahatçı ölkə kimi dəyərləndirilməsi fonunda da bunu aydın görürük. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Nəsib Məhəməliyev deyib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi, sosial, kadr və struktur islahatları, əhalinin rifah halının yaxşılaşmasına doğru atılmış ciddi addımlar olmaqla bərabər, büdcə gəlirlərinin, qızıl, valyuta ehtiyatlarının artmasına, makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına xidmət edir: "Təsadüfi deyildir ki, ölkəmiz biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınır və 190 ölkə arasında 34-cü yerdədir. Aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanın bu sahədəki fəaliyyətini  yüksək qiymətləndirirlər. 2020-ci il üçün hazırlanmış dövlət büdcəsinin layihəsi ilə tanış olduqda, xüsusilə 2019-cu ildə ölkə başçısı tərəfindən qəbul edilən iki sosial paketin icrası və növbəti il üçün də sosialyönümlü siyasətin davam etdirilməsi Azərbaycanın bir dövlət olaraq doğru yolda olduğunu bir daha sübut etmiş oldu. Gələn ilin büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir və gəlir hissəsi əvvəlki illə müqayisədə 4,2 faiz çoxdur. Belə ki, təhsil xərcləri  38,3, səhiyyə xərcləri  31,3, mudafiə və təhlükəsizlik xərcləri  20,9 faiz və digər maddələr üzrə nəzərdə tutulan artımlar büdcənin sosial yönümlü olduğunu təsdiq edir. Büdcə xərclərinin əvvəlki illə müqayisədə 6,8 faiz artmasına baxmayaraq, Dövlət Neft Fondundan 14,3 milyon manat az transferin nəzərdə tutulması, qeyri neft sektorundan gələn gəlirlərin artması hesabına baş verib. Növbəti illər üçün hədəflərin düzgün müəyyənləşdirilməsini də strateji baxımdan zamanın tələblərinə tam cavab verdiyini vurğulamaq istərdim. Qeyri-neft sektoruna yönəldilən xarici investisiyaların ÜDM-dakı payını 2,6 faizdən 4,0 faiz, qeyri-neft sektoru üzrə ixracın 2025-ci ilə qədər adambaşına 450 ABŞ dollarına çatdırılması, ticari mal və xidmətlər sektorunda 2025-ci ilə qədər 150000 əlavə iş yerinin yaradılması, dövlət büdcəsinin Dövlət Neft Fondundan asılılığının azaldılması Azərbaycanın iqtisadi inkişafına daha da təkan verəcək". Millət vəkili ÜDM-un strukturunda qeyri-neft sektorunun payının artırılması, büdcənin mədaxil hissəsinin çoxaldılması üçün bəzi təkliflər də səsləndirib. O qeyd edib ki, kənd təsərrüfatı sektoru, qeyri-neft sahəsində ÜDM artımına ən çox təkan verən sahədir: "Biz kənd təsərrüfatı məhsullarımızı əsasən xammal kimi satırıq, bununla yanaşı qurudulmuş meyvələr, dondurulmuş giləmeyvələr üçün də bizə yaxın, münasib bazarlar mövcuddur. Qonşu Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsinin 2018-ci il hesabatına baxsaq görərik ki, qeyd edilən məhsullar üzrə 640,4 milyon ABŞ dolları həcmində idxal həyata keçirilib. Azərbaycan bu məhsullar üzrə bazarın yalnız 3,8 milyon ABŞ dollarına (təxminən 0,7 faiz) bərabər hissəsinə sahib olub. Ona görə də düşünürəm ki, elektron kənd təsərrüfatının təşviqini artırmaqla və ixrac potensialını yaxşılaşdırmaq üçün imkanlar genişdir. Yeri gəlmişkən, bu sahədə məhsul bolluğunun yaradılması üçün Kənd Təsərrüfatı Nazirliyinin fermerlərlə görüşlərdə növbəli əkin sisteminin təbliğ olunmasına ehtiyac vardır. Digər tərəfdən, dövlət əmlakının icarəyə verilməsi sahəsində müvafiq qurumun  sərəncamında 10134 ədəd qeyri-yaşayış təyinatlı bina və bina hissələri mövcuddur. Bunun yalnız 1392-si, yəni cəmi 13,7 faizi icarəyə verilib. Yerdə qalan əmlakın taleyini müəyyənləşdirməklə büdcəyə əlavə xeyli vəsait cəlb etmək olar. Həmçinin, büdcədən dövlət zəmanəti ilə verilən kreditlərin vaxtında geri qaytarılmasına inzibati nəzarət həyata keçirilməlidir. Eləcə də, Dövlət İnvestisiya Proqramı üzrə həyata keçirilən layihələr hazırlanarkən icra və taktiki icra arasındakı fərqlərin qarşısının alınması büdcə vəsaitlərinin səmərəli istifadəsinə şərait yaratmış olardı".

 

Millət vəkili Sahib Alıyev də hesab edir ki, Azərbaycanın beynəlxalq təşkilat və qurumların hesabatlarında ön sırada qərarlaşması ölkədə həyata keçirilən uğurlu siyasət və islahatlarla əlaqədardır: "Dünya Bankı deyir ki, biz 20 ən islahatçı ölkənin sırasındayıq. Davos Forumu bildirir ki, islahatlara meyillilik baxımından dünyada 5-ci, dövlətin uzunmüddətli strategiyasına görə isə 10-cu yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalı üzrə biz dünya ikincisiyik. "İnklüziv İnkişaf İndeksi 2018"də Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB-də isə birinci idi ki, burada əsas sub-indikatorların arasında gəlirlərin ədalətli bölgüsü də var. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə də Azərbaycan dünyanın ilk 18-likdə, polis orqanlarına güvən məsələsində 30-cu piilədə yer alıb. Ümumyyətlə, ciddi qurumların son br neçə ildəki hesabatlarında dövlətimizin adı ən müxtəlif sahələr və parametrlər üzrə ancaq qabaqcıllar sırasında çəkilir".

 

Sahib Alıyevin sözlərinə görə, aparılan islahatlar, korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması, cəmiyyətin şəffaflaşdırılması yolunda atılan addımlar, kadr təyinatları və sair məsələlər göstərir ki, Azərbaycan təkcə sadalanan deyil, digər göstəricilər baxımından da ön sıralarda yer almaq əzmindədir və örnək ölkələrdən birinə çevirilir: "Əslində elə bu günün özündə də,  hətta Qərbin aparıcı dövlətlərindən belə üstün olan reallıqlarımız az deyil ki, onların sırasında buradakı yüksək tolerantlıq, başqa dinin, irqin, mədəniyyətin daşıyıcılarına xeyirxah, dözümlü yanaşma və sair faktlar var. Yəqin elə həm də o səbəbdən BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forumu, Dünya dini liderlərinin Sammiti kimi tədbirlər məhz Azərbaycanda keçirilir".

 

Millət vəkili bəzi vacib məqamlara da toxunub: "Qərbdəki nəşrlərdən birinə baxıram, oktyabrın 19-da qanunsuz mitinq cəhdinin qarşısının alınmasından bəhs edərək yazırlar ki, Avropada müxalifətdəkilərin ən çox incidildiyi və cinsi azlıqlara ən dözülməz yanaşmanın olduğu ölkə Azərbaycandır.  Anlamadım, bununla nə demək istəyirlər. Cinsi azlıqların təmsilçilərinidə xaos daşıyıcılarının sırasında görməyi arzulayırlar, yoxsa buradan saxta sənədlə mühacir kimi göndərilənlərin tərkibinə və davranışlarınamı eyham vururlar? Artıq bəllidir ki, onların bəziləri yoxlama zamanı müxalifətçi çıxmadıqda özlərini hay kökənli, yaxud da cinsi azlıq kimi təqdim edirlər. Elələrinin arasından ən yaramazlarını isə seçib söyüş legionu formalaşdırırlar. İstənilən halda bizim üçün önəmli olan obyektivlikləri şühbə doğurmayan beynəlxalq qurumların hesabatı, ondan da qabaq ölkəmizdə özümüzün gördüyümüz reallıqlardır. İslamafob və hay havadarları kimi çıxış edənlərin isə hesabat adıyla sırıdıqları cızma-qaraların necə hazırlandığı, nə məqsəd güddükləri də çoxumuza bəllidir".

 

Füzuli

Olaylar.- 2019.- 20 noyabr. S. 5.