Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevrilib

 

Müstəqil Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndikcə dünya dövlətlərinə verdiyi mesajların əhəmiyyəti artır. Artıq Azərbaycan dünya ölkələri üçün bir tolerantlıq nümunəsi olmaqla yanaşı, həm də bəşəriyyəti cənginə almaqda olan humanitar fəlakətdən qurtulmaq yollarını ixrac etməkdədir. Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Məhz bunun nəticəsidir ki, ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Dünyanın ən müxtəlif ölkələrindən çoxlu sayda nüfuzlu elm adamlarının, dövlət və din xadimlərinin qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Belə ki, Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Ölkəmizdə keçirilən bu kimi tədbirlər Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha təsdiq edir. Paytaxt Bakıda təşkil olunan Dünya Dini Liderlərinin II Sammiti də məhz belə tədbirlərdəndir. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycanın beynəlxalq nüfuzu artmaqda davam edir. Baxmayaraq ki, ölkəmizin inkişafını istəməyən qüvvələr var, onların cəhdləri hər zaman iflasa uğrayır. Çünki Azərbaycanın yolu haqq yoludur. Nəzərə almaq lazımdır ki, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi sanki cəmiyyətlərdəki etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib çıxarmaqdadır. Belə neqativ halların Azərbaycana sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür.

Milli Məclisin deputatı Kamilə Əliyeva hesab edir ki, Azərbaycan dünya dini liderlərinin II Sammitinə uğurlu ev sahibliyi etməklə, bu tədbiri ən möhtəşəm şəkildə gerçəkləşdirməklə özünün imzalar içində imzasını bir daha var və əbədiyaşar etdi: "Bəlkə də bu məsələlər, ölkəmizin son illər ərzində demək olar ki, hər ay, hər həftə dünya miqyaslı, taleyüklü məsələlərin müzakirəsinə həsr olunmuş beynəlxalq və regional forumlara, sammitlərə ev sahibliyi etməsi kimlərəsə, diletantlara adi, sıradan məsələlər kimi görünə bilər. Amma əsla və əsla belə deyil. Bunlar illər ərzində, istər ikinci müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin, istərsə bütün məsələlərdə və sahələrdə onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə həyata keçirilən siyasətin, inkişafın, tolerantlığın bəhrələri, töhfələri, nəticələridir. Bunlar uzun illər zərgər dəqiqliyi və uzaqgörənliklə düşünülürək reallaşdırılan böyük bir prosesin həlqələri, elementləridir. Bunlar heç cür sıradan, adi məsələlər deyil. Bunlar əslində fərx edilməli, qürur duyulmalı hadisələr, məsələlərdir. Hər birimiz bunlardan qürurlanmalı, fəxr və iftixar hissi keçirməliyik. Əslində ölkə vətəndaşlarının mütləq əksəriyyəti də məhz bu cür davranış sərgiləyirlər, bu mövqedən çıxış edirlər.Eyni zamanda, əgər inkişaf, təhlükəsizlik, sabitlik, tolerantlıq olmasaydı,  ölkəmizə də bu qədər etibar və etimad edilməz, güvənilməzdi, ölkəmiz görməzdən gəlinərdi. Çünki dünya miqyaslı, dünyanı narahat edən məsələlərin müzakirəsi, ev sahibliyi o ölkələrə etimad və etibar edilir, o ölkələrdə reallaşdırılır ki, orada sabitliyin, təhlükəsizliyin, inkişafin, tolerantlığın bütün şərtləri təmin edilmiş olsun. Yalnız bu şərtlər daxilində dövlətlərə üstünlük verilir, etimad edilir. Çox sevindirici və əlamətdar haldır ki, bu şərtlərin hər biri ölkəmizdə var, ölkəmiz bu şərtlərin hər birinə cavab verir. Ona görə də son illərdə  dünya üçün önəmli məsələlərin müzakirəsi üçün nəzərdə tutulan siyasi, iqtisadi, mədəni, humanitar, hərbi, dini təbdirlər məhz ölkəmizə salınır, ölkəmizin uğurlu və layiqli ev sahibliyi ilə müzakirə edilir, reallaşdırılır. Bu gün ölkəmizdə əsl nümunə və örnək  dini- milli tolerantlıq mühiti hökm sürür. Bu, hər zaman, min illiklər boyu mövcud olub, bu gün də belədir, bundan sonra belə olacaq. Kimsəyə, heç bir gücə ölkəmizin milli və dini tolerantlıq düzənini pozmaq müyəssər ola bilməz və olmayacaq. Heç kim hansısa məkrli ssenari ilə ölkəmizdə milli və dini zəmində öz murdar niyyətini gerçəkləşdirə bilməyəcək, necə ki, indiyə qədər gerçəkləşdirə, bacara bilməyib. Belələri  hər dəfə xəyal qırıqlığına, fiaskoya uğrayıblar. Çünki Azərbaycan xalqı və dövləti ilk növbədə buna imkan verməyib və bundan sonra da imkan verməyəcək.Cənab Prezidentin də Sammit zamanı çıxışında bəyan etdiyi kimi, Bakıda, Azərbaycanda  belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri var. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar, yaşayırlar, yaşamaqdadırlar və bundan sonra da birgə yaşayacaqlar.  Bir sözlə, ölkəmiz hələ uzun illər və əsrlər boyu  dünyanın milli, həm də dini tolerantlıq mərkəzi kimi olaraq qalmaqda davam edəcək".

Qeyd edək ki, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Hazırda da ölkəmizdə ayrı-ayrı dini konfessiyaların nümayəndələri birlikdə yaşayırlar və bundan sonra da aparılan siyasət nəticəsində sülh şəraitində yaşayacaqları heç kimdə şübhə doğurmur.

 

Nurlan

Olaylar.- 2019.- 20 noyabr. S. 6.