Müstəqil KİV söz və fikir azadlığının təminatıdır

 

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Siyasi mədəniyyətin formalaşmasında, siyasi plüralizmin dərinləşməsində müstəsna rola malik medianın əsas funksiyası məhz ictimaiyyətin obyektiv informasiyaya olan tələbatını ödəməkdir. Mediya bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları toplayıb hazırlamaq və yaymaqla həyata keçirməlidir. Bu səbəbdən deyə bilərik ki, Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir".

Hazırda ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Mətbuatda fikir söyləmək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur.

İnformasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi üçün çox vacibdir. Bu məsələlərdə KİV-in xüsusi rola malik olduğu hamıya bəllidir. Media bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə böyük töhfələr verir. Eyni zamanda, KİV-in bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin yaradılmasına xidmət edir. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.

Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Kütləvi informasiya vasitələri ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır. Məhz bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir. Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, söz və mətbuat azadlıqları təmin olunub.

Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə müsbət təsir göstərib. Hələ Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb. Bütün bunların göstəricisidir ki, bu gün Azərbaycanda 5000-dən artıq KİV qeydiyyatdan keçmiş, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən də dəstəkləndi.

Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönələn bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının yaradılması, jurnalistlərin sosial vəziyyəti və mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması, həmçinin digər tədbirlər mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən imzalanan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini özündə ehtiva edir və dövlətin mətbuat siyasətini tam mənada ifadə edir. Bu konsepsiyadan irəli gələrək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, ötən illərin təcrüəbəsi artıq sübut edib ki, bu qurum vasitəsilə mətbuat orqanları dövlətin dəstəyindən bəhrələlənərək müstəqil maliyyələşmə sistemini yarada və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edə, mətbuat orqanlarının müxtəlif siyasi dairələrin asılılığından azad edə, mətbuatın ifrat siyasiləşməsinin qarşısını ala bildi. Bütün bunlar isə, nəticə etibarilə özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Bunun nəticəsi olaraq ölkəmizdə fikir, söz, mətbuat azadlığı və plüralizm daim inkişaf edir və yüksək səviyyədə qorunur.

Mətbuat Şurası və burada birləşən media qurumlarının dəstəyi ilə medianın özünütənzimləmə prosesi, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə verdiyi töhfələr daha da genişlənir.

Mətbuatın və burada çalışan jurnalistlərin fəaliyyəti nəticəsində cəmiyyətimiz üçün vacib olan söz və məlumat azadlığı genişlənməkdədir. Bütün dünyada olduğu kimi Azərbaycanda da söz və məlumat azadlığının inkişafını mətbuatsız, jurnalistlərsiz təsəvvür etmək mümkün deyil. Böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı tarixi ənənəsinə sadiq qalaraq bu gün də öz töhfəsini verir, sürətli inkişaf nəticəsində gələcəkdə də bu sahədə daha böyük uğurlara imza atılacağı aydın olur.

Bu gün Azərbatcanda media mənsublarının azad söz deməsi üçün qanuni imkanlar yaradılıb. Ölkə mətbuatı fikir plüralizmi ilə bir çox ölkələrə nümunədir.

 

Olaylar.- 2019.- 21-22 noyabr. S. 15.