Dövlət fikir, söz və məlumat azadlığının təmin olunması üçün bütün zəruri addımları atıb

 

XIX əsrin 70-ci illərindən formalaşmağa, təsis olunmağa başlayan milli mətbuatımız aradan keçən 145 ilə yaxın müddətdə çox böyük, böyük olduğu qədər də şərəli bir yol keçib. Tarixin müxtəlif dövrlərində Azərbaycan dövləti, xalqı kimi, onun mətbuatının da tarixi, keçdiyi yol heç də hamar olmayıb. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə Azərbaycanda milli mətbuatın əsası qoyulsa da, lakin bu tarix heç də uzun sürmədi. Çünki "Əkinçi"nin nəşri ilə xalqın maarifləndirilməsi istiqamətindəki fəaliyyəti getdikcə milli şüurun oyanmasına, daha azad, daha müstəqil şəkildə, mərkəzdən asılı olmadan yaşamaq kimi fikirlərin genişlənməsinə gətirib çıxarırdı. Ona görə də qısa bir aradan sonra, 1878 -ci ildə sözügedən qəzetin nəşri dayandırıldı. Sonradan müxtəlif adlar altında qəzet və jurnallar çap edilsə də, ancaq həmin nəşrlərin də işıq üzü görməsi o zamankı mərkəzi hakimiyyəti qane etmədiyi üçün onların da nəşri dayandırıldı.

Azərbaycan mətbuatının növbəti oyanış mərhələsi Azərbaycan Xalq Cümhuriyyət dövrünə təsadüf etdi. 1918-ci ildə Şərqdə ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın fəaliyyətində bir canlanma yarandı.  Bu gün Qərbin, Birləşmiş Ştatların dünyaya diqtə etdiyi demokratiya, fikir, söz , məlumat və ifadə azadlığı hələ Azərbaycan Xalq Cümhuriyyətinin zamanından Azərbaycanda tətbiq edilməyə başlamışdı. Müasir dövrümüzdə olduğu kimi həmin dövrdə də Azərbaycanda yaşayan bütün xalqlar azad və demokratik şəraitdə özlərinin mətbu orqanlarını nəşr edə bilirdilər. Azərbaycan Xalq Cümhuriyyəti illərində Azərbaycanda işıq üzü görən kütləvi informasiya vasitələrinin yönümü, onların fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə aydın təsəvvür formalaşır.

Burada bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təkcə fikir, söz, məlumat və ifadə azadlığı deyil, eyni zamanda digər demokratik prinsiplər də ən yüksək səviyyədə təmin olunurdu. Belə ki, demokratik prinsiplərin ən başlıca meyarlarından sayılan siyasi plüralizm də Azərbaycan Xalqı Cümhuriyyət zamanında ən yüksək səviyyədə özünü göstərirdi.

Həmin dövrdə Milli Şura adlanan Azərbaycan parlamentinin tərkibində ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr, partiyaların nümayəndələri təmsil olunurdu. Hətta Xalq Cümhuriyyətinin parlamentində daşnaklar da müəyyən sayda yerə sahib idilər ki,  bu da Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün demokratik prinsiplər kimi siyasi plüralizmin də ən yüksək səviyyədə təmin edildiyindən xəbər verirdi  Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki; necə ki, XIX əsrin 70 -80-cı illərində o zamankı mərkəzi hakimiyyət xalqın milli kimlik şüurunun formalaşması, onun oyanmasına qarşı çıxır, bunu özünə təhlükə sayırdı, eyni ilə də XX əsrin əvvəllərində, 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman eyni mənfi tendensiya müşahidə olunurdu.

Ona görə də 1920-ci ildə imperialist güclərin birgə fəaliyyəti nəticəsində Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu. Beləliklə, Azərbaycan yenidən əsarət altına düşdü. Bu həm də Azərbaycanda əsas demokratik prinsiplərin yenidən boğulması,  onların təmin edilməməsi demək idi. Beləliklə, 70 il boyunca Azərbaycanda nə fikir; söz, məlumat və ifadə azadlığı, nə də siyasi, yaxud digər plüralizmlərdən danışmaq yersiz idi. Bütün proseslər yalnız mərkəzi hakimiyyət, keçmiş SSRİ  rəhbərliyinin diqtəsi ilə cərəyan edirdi. Sovetlər Ittifaqının bütün respublikalarında olduğu kimi, Azərbaycanda da bir partiya, bir qəzet, bir ideologiya prinsipi hökm sürürdü. Belə bir şəraitdə nəinki fikir, söz, məlumat və ifadə azadlığı, hətta ən xırda belə insan hüquq və azadlıqlarından danışmaq yersiz idi. Hər şey mərkəzin diqtəsi əsasında olmalı idi. Ancaq buna baxmayaraq müəyyən işartılar da vardı ki,  bu da az da olsa ümidlər yaradırdı.

Bu ümidlər isə ümummilli lider Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlı idi. Belə ki, ümummilli lider həm Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işləyəndə, həm də SSRİ rəhbərliyində məsul vəzifədə çalışan illərdə mətbuata xüsusi diqqət və qayğı ilə yanaşır, hər zaman jurnalistlərə xüsusi rəğbət hissi ilə seçilirdi. Təsadüfi deyil ki, o illərdə Heydər Əliyev yeganə rəhbərlərdən idi ki, Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin iclaslarını məhz jurnalistlərin iştirakı ilə reallaşdırırdı. Ittifaqın digər respublikalarında isə belə bir hala rast gəlmək demək olar ki, mümükün deyildi. Həmin ittifaq respublikalarında keçirilən bu kimi tədbirlərin qısa kronikası, rəsmi məlumat xarakteri daşıyan hissəsi SSRİ zamanında o dövrün ən nüfuzlu qəzeti sayılan "Kommunist" qəzetində dərc edilirdi. Ancaq Heydər Əliyev tamamilə başqa bir xətt yürüdürdü ki, bu da ümummilli liderin media, kütləvi informasiya vasitələrinə olan diqqət və qayğısından irəli gəlirdi. Həmçinin bu müsbət tendensiya keçmiş sovetlərin zamanında Heydər Əliyevin timsalında fikir, söz, məlumat və ifadə azadlığına verilən dəyərin göstəricisi idi. Bu ənənəsinə sadiq qalan ümummilli lider Heydər Əliyev XX əsrin sonlarında, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da media ilə sıx işləməyə başladı.

Tam səmimi şəkildə deyə bilərik ki, Azərbaycan mediası 1993-cü cü ildən sonra Heydər Əliyevin timsalında özünün əsl himayədarını qazandı. Kifayət qədər azad fikirli bir lider olan Heydər Əliyev azad söz və fikir azadlığına da olduqca böyük önəm verirdi. Bu mənada ümummilli liderin Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində atmış olduğu ən mühüm addım ölkədə senzuranın ləğvi edilməsi oldu. O dövrdə senzuranın ləğv edilməsi müstəqil Azərbaycanın demokratik prinsiplərə sadiqliyinin göstəricisi idi. Ən əsası senzuranı ləğv etməklə Azərbaycan dövləti və şəxsən dövlət başçısı Cənab Heydər Əliyev ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsində maraqlı olduğunu ortaya qoyur, siyasi iradə nümayiş etdirirdi.

Sonrakı illərdə ölkədə nəşr edilən kütləvi informasiya vasitələrinin üzləşdikləri problemlərin öyrənilməsi məqsədilə qəzet rəhbərləri ilə ümummilli lider arasında görüşün keçirilməsi, həmin problemlərin ümumiləşdirilərək onların həlli istiqamətində müvafiq addımların atılması, qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə onlar üçün stimullaşdırıcı qərarların verilməsi və həmin dövrdə qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması məhz media, mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğının əyani göstəricisi idi. Bütün bunlar həm də fikir, söz, məlumat və ifadə azadlığının daha da möhkəmləndirilməsinə xidmət edən amillərdən idi.

Ölkədə uğurlu media siyasəti və fikir, söz, məlumat və ifadə azadlığının daha da möhkəmləndirilməsi məqsədilə atılan addımlar ümummilli lider Heydər Əliyevin siyasətinin davamçısı Cənab İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndi və çoxşaxəli xarakter aldı desək yanılmarıq. Ümummilli lider Heydər Əliyev tərəfindən qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının müvəqqəti dondurulmasının həmin borcların tamamilə ləğv edilməsi ilə əvəzlənməsi, qəzetlərin, ümumilikdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə onlara birdəfəlik yardımların ayrılması, jurnalistlər üçün fəxri adların verilməsi prosesinin bərpası, eləcə də qəzetlərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi prosesinin kifayətqədər sadələşdirilməsi dövlətin media siyasətinin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması demək idi. Heç şübhəsiz ki, bu da ölkədə fikir, söz, məlumat və ifadə azadlığının daha da inkişaf etdirilməsi, onun möhkəmləndirilməsinə xidmət edirdi. Artıq kütləvi informasiya vasitələri dövlət tərəfindən bütün qayğılarla əhatə olunduğundan onlar üçün heç bir maddi-texniki problem qalmamışdı. Yalnız xırda məqamlar, həllini gözləyən bəzi detallar var idi ki, o da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə həllini tapdı. Belə demək mümkünsə dövlətin mediaya yönələn dəstəyi, yardımı nəticəsində kütləvi informasiya vasitələri əksəriyyət problemləri həll etmiş oldu. Yalnız bu sahədə çalışan insanların sosial-mənzil şəraitinin yaxşılaşdırılması problemi qalırdı ki, onu da Cənab İlham Əliyev bu sahədə mövcud olan digər prolemlər kimi qısa müddətdə həll etdi və dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında jurnalistlər üçün ard-arda bir neçə hündürmərtəbəli yaşayış binası tikilərək tam təmirli formada onların ixtiyarına verildi. Qeyd etmək lazımdır ki, hazırda da daha bir yaşayış binasının tikintisi davam edir və milli mətbuatımızın 145 illiyində sözügedən bina media nümayəndələrinin ixtiyarına veriləcək.

Bütün bunlara nəzər yetirdikdə tam əminliklə belə bir qənaətə gəlmək olur ki, Azərbaycan dövləti ölkədə mətbuatın inkişaf etdirilməsi, eləcə də fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması üçün bütün zəruri addımları atıb. Və proses getdikcə bir qədər inkişaf edir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 23-25 noyabr. S. 15.