Mehriban
Əliyeva "Moskva ilə Bakının münasibərləri
nümunəvi xarakter daşıyır"
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. O, Prezident Vladimir Putin ilə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Mehriban Əliyeva səfər müddətində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib. Birinci vitse-prezident TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfərinin yekunları barədə danışıb. "Report" müsahibəni təqdim edir.
- Hər vaxtınız xeyir, Mehriban xanım. Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin Moskvaya, Rusiyanın paytaxtına rəsmi səfəriniz başa çatır. Səfərinizin proqramı son dərəcə zəngin olub, çoxlu görüşlər, o cümlədən Rusiyanın rəhbərliyi ilə görüşlər keçirmisiniz. Səfərin yekunlarını necə qiymətləndirirsiniz? Bu günlər ərzində Moskvada Sizin üçün ən çox yadda qalan nə olub?
- Hər vaxtınız xeyir, hörmətli Mixail Solomonoviç. Sizi görməyimə çox şadam. Yenidən Moskvada olmağıma çox şadam. Mən, ilk növbədə, Rusiya Federasiyasına rəsmi səfərə dəvətə, səmimi qəbula, maraqlı görüşlərə və danışıqlara görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Hökumətin başçısı Dmitri Anatolyeviç Medvedevə, Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenkoya dərin minnətdarlığımı bildirmək istəyirəm.
Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.
Qeyd etdiyim kimi, Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.
- Mehriban xanım, Siz tamamilə haqlı olaraq dediniz ki, Rusiya ilə Azərbaycanın münasibətləri həqiqətən heç vaxt indiki qədər sıx olmayıb və bu münasibətlərin kökləri doğrudan da uzaq keçmişə gedib çıxır. Lakin digər tərəfdən, bugünkü münasibətlərə görə biz, əlbəttə, ilk növbədə, - bunu Siz də qeyd etdiniz, – ölkələrimizin liderlərinin, Prezident Vladimir Vladimiroviç Putinin və Prezident İlham Heydər oğlu Əliyevin sıx qarşılıqlı əlaqələrinə borcluyuq. Onlar bu əlaqələri daha da möhkəmləndirirlər. Bununla belə, - Siz çoxvektorluluq barədə danışdınız, – Sizin fikrinizcə, bizim əməkdaşlığımız hansı sahələrdə daha perspektivlidir? Hansı sahələrdə bu əməkdaşlıq daha real bəhrələr verir və harada, ola bilsin, Sizin fikrinizcə, hələ reallaşdırılmamış potensial var?
- Qeyd etdiyim kimi, Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. Buraya iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26 faizə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.
Konkret nümunələr kimi “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərə bilərəm.
Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək.
- Mehriban xanım, mənim bildiyinə görə, Siz Birinci vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu sahələr Sizin ciddi maraq obyektinizdir. Mənim fikrincə, bu da Rusiya-Azərbaycan əməkdaşlığının çox mühüm amilidir. Bu baxımdan, bizim qarşılıqlı münasibətlərimizin bu sahəsi necə inkişaf edir? Axı bu humanitar sahə bütün insanlara, mənəvi həyata, bizim, bir daha deyirəm, tarixi köklərimizə aiddir. Bu mənada, indi Siz nəyi daha vacib hesab edirsiniz?
-Siz tamamilə düzgün vurğuladınız. Humanitar sfera, humanitar sahə dövlətlərarası münasibətlərdə belə adlandırıldığı kimi şəxsiyyətlərarası ünsiyyətdir. Bunu qeyd etməyə çox şadam ki, humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bizim paytaxtımızda Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur. Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir, 14 dövlət ali məktəbində rus dili kafedraları və rus bölməsi fəaliyyət göstərir. Keçən il 130 mindən çox orta məktəb şagirdi və 25 mindən artıq ali məktəb tələbəsi rus dilində təhsil alıb.
Ali məktəblər arasında əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycanda, bizim paytaxtda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birlikdə icrasına başlanıb.
Azərbaycanda çoxminli rusdilli icma var, bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə verir, çoxsaylı sərgilər keçirilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn il qarşılıqlı tədbir – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır. Dediyim kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir. Bu, çox vacibdir, çünki bu sahə həqiqətən insanları, xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub saxlamaqda maraqlıyıq.
- Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev dəfələrlə deyib, – biz bunu müxtəlif tribunlardan kifayət qədər tez-tez eşidirik, – təəssüf ki, bir sıra Avropa ölkələrində özünü doğrulda bilməmiş multikulturalizm Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, üstəlik, bu gün Azərbaycanda onu real olaraq müşahidə edirik. Belə adlandırılan çoxkonfessiyalılıq da multikulturalizmlə qarşılıqlı bağlıdır. Lap yaxın vaxtlarda Bakıda Dünya dini liderlərinin ikinci Sammiti keçirildi. Həmin tədbirdə dünyanın ən müxtəlif dinlərinin nümayəndələri iştirak edirdilər. Onlar hamısı Azərbaycanda heyrətamiz çoxkonfessiyalılığı qeyd etdilər. Buna nəyin hesabına nail olursunuz? Bu, yalnız tarixi köklərdən irəli gəlir, yoxsa, bugünkü Azərbaycan iqtidarının məqsədyönlü fəaliyyətinin nəticəsidir? Bu baxımdan, Siz gələcək inkişafı necə görürsünüz?
- Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarının birində qeyd edib ki, “multikulturalizm” sözü bizim leksikonumuzda yetərincə təzə sözdür, lakin bu sözün arxasında dayanan ənənələrin çoxəsrlik tarixi var. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşir və sözsüz ki, bu, onun çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə də təsir göstərir. Müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanlar əsrlərboyu ölkəmizdə sülh, həmrəylik və dostluq şəraitində yaşayıblar və yaşayırlar, bu gün də bu ənənə dövlət siyasəti ilə dəstəklənir. Buna görə Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Siz bu yaxınlarda bizim paytaxtda Dünya dini liderlərinin ikinci Sammitinin keçirilməsini qeyd etdiniz.
Siz tamamilə düzgün olaraq vurğuladınız ki, müasir dünyada, təəssüf ki, ümumi gərginlik artır. Biz irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası qarşıdurmanın qızışdırılmasında dindən istifadə edilməsi kimi təhlükəli meyillərin artmasının şahidləriyik. Bu gün bütün bu məsələlər ümumbəşəri əhəmiyyət kəsb edir və Azərbaycanda bu məsələlərin ən yüksək dövlət səviyyəsində qaldırılması, zənnimcə, təsadüfi deyil, ona görə ki, mənim dediyim kimi, Azərbaycanda qədim ənənələr var. Bununla bərabər, belə beynəlxalq tədbirlərdə səslənən bu cür ismarıcların bütün dünya ictimaiyyətinə çatdırılması vacibdir. Dünya dini liderlərinin ikinci Sammitində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də iştirak və çıxış etdi. Hesab edirəm ki, onun bütün ismarıcları, müraciətləri bu gün aktualdır, bəlkə də həmişəkindən daha aktualdır, ona görə ki, dünyada bu təhlükəli hadisələrin artması meyili təəssüf doğurur. Mən əminəm ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm dövlət başçıları səviyyəsində, həm də adi vətəndaş cəmiyyəti arasında səylərlə dayandırmaq olar.
- Mənim
daha bir sualım var. Sizin Moskvada keçirdiyiniz çox
mühüm görüşlər arasında, zənnimcə,
bir görüş xüsusi fərqlənib və Rusiya mətbuatında
geniş işıqlandırılıb. Mən əvvəllər
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi
adlandırılan məkanda yeni “Azərbaycan” pavilyonunun
açılışını nəzərdə tuturam.
Bu pavilyonun da öz tarixi var və Siz
açılışda bu barədə çox yaxşı
danışdınız. Lakin mən bir məqama diqqət
yetirdim ki, pavilyonun yenilənməsi, faktiki olaraq yenidən
yaranması Sizin başçılıq
etdiyiniz Heydər Əliyev Fondu ilə bağlıdır. Bu
işdə çoxları, o cümlədən Moskvanın
hakimiyyət orqanları, Moskva təşkilatları da
iştirak ediblər, lakin mən belə başa
düşürəm ki, bütün bunlara Sizin
başçılıq etdiyiniz Heydər Əliyev Fondu himayədarlıq
edib. Bununla əlaqədar mən sərginin ərazisində,
digər tərəfdən moskvalılar üçün də
tamamilə nadir məkana çevrilmiş pavilyon mövzusuna
bir daha qayıtmaq istərdim və xahiş edərdim ki, Siz
Fond barədə bir neçə kəlmə deyəsiniz.
Çünki o, iri beynəlxalq ictimai humanitar
xeyriyyə təşkilatlarından birinə çevrilib.
Bu gün o, dünyada çox nüfuzlu humanitar
təşkilat imicinə malikdir və bütün bu illər ərzində
Fonda Siz başçılıq edirsiniz. Siz
bu Fondun gələcək inkişafını, deyək ki, bu
pavilyon prizmasından necə görürsünüz?
- Mən,
ilk növbədə, Rusiya Federasiyasının rəhbərliyinə,
Moskva şəhəri hökumətinə Azərbaycan
dövləti üçün Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin ərazisində milli “Azərbaycan”
pavilyonumuzun bərpasında iştirak etmək imkanı
yaratdıqlarına görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Çox şadam ki, bu əlamətdar
hadisə mənim rəsmi səfərim çərçivəsində
baş verdi. Bizim milli
pavilyonun açılışında iştirak etməkdən
qürur duyurdum. Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi bu gün dünyanın ən iri
sərgi mərkəzlərindən biridir. Hər il Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinə çoxsaylı qonaqlar gəlir və
Moskvanın bu memarlıq-mədəniyyət mərkəzinin
tarixi həqiqətən çox maraqlıdır. Bizim “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa
edilib, sonrakı illərdə başqa pavilyonlar kimi o da
çoxsaylı dəyişikliklərə məruz qalıb.
1966-cı ildə pavilyon bütöv metal qutu ilə
örtülüb, onun siması tamamilə dəyişib və
o, öz funksional və milli identikliyini, demək olar ki, itirib. Bərpa işləri 2017-ci ildə başlandı.
Təbii ki, bu, Azərbaycan dövlətinin qərarı
idi və Heydər Əliyev Fondunun rəhbərliyi altında
həyata keçirilirdi. Qeyd etməliyəm
ki, Fondun komandası bu işə çox böyük
qayğı və məsuliyyətlə yanaşıb,
çünki pavilyonun ilkin simasını bərpa etmək,
onun milli autentikliyini qaytarmaq məqsədi qarşıya
qoyulmuşdu. Böyük işçi
qrupu yaradıldı, həm Rusiyadan, həm də Azərbaycandan
ən yaxşı mütəxəssislər cəlb edildi.
Orijinal simanı bərpa etmək
üçün hər incəliyə, hətta
naxışlara da diqqət yetirilirdi. Əlbəttə,
bizim bu gün gördüklərimiz çox sevindiricidir, əminəm
ki, bu, hər bir azərbaycanlını sevindirir. Yenilənmiş “Azərbaycan” pavilyonu öz
qapılarını paytaxtının qonaqlarının da
üzünə açır. Bununla bərabər
o, bizim əlaqələrin - ölkələrimiz arasında,
xalqlarımız arasında, o cümlədən humanitar sahədə
əlaqələrin möhkəmlənməsinə xidmət
edəcək daha bir məkandır.
Fonda gəldikdə isə, Heydər Əliyev Fondu
2004-cü ildə yaradılıb. Onun fəaliyyətinin
əsas istiqamətləri təhsilin, səhiyyənin, gənclərin,
ölkəmizin əhalisinin ən imkansız təbəqələrinin
dəstəklənməsi, o cümlədən qaçqınlara
və məcburi köçkünlərə kömək kimi
mühüm sahələrdir. Zənnimcə,
belə desəm yanılmaram ki, Fond 15 illik fəaliyyəti ərzində
həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda böyük hörmət
qazanıb. Fondun əsas ideologiyası ondan ibarətdir
ki, irimiqyaslı layihələri reallaşdırmaqla bərabər,
bu illər ərzində ölkəmizdə Fondun xətti ilə
həqiqətən çox işlər görülüb,
yüzlərlə məktəb və uşaq
bağçası tikilib, tarixi abidələr bərpa edilib,
çoxsaylı tədbirlər təşkil edilib. Biz həmişə bir məqamı unutmamağa
çalışırıq ki, bütün bu işlər
ölkəmizdə insanların daha yaxşı
yaşamasına yönəlib, biz konkret vətəndaşı
görməyə və eşitməyə
çalışırıq. Ona görə Fondun
hamıya məlum olan, yaxşı işıqlandırılan
işindən əlavə, bizim elan etmədiyimiz işlər
də var. Yəni, bu gün Azərbaycanda bizim vətəndaşlarımız
bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün
olan hər cür kömək edilməsi üçün
maksimum səy göstəriləcək. Mən
fəxr edirəm ki, Fondda bu cür vətənpərvər,
yaxşı təhsil görmüş, artıq müstəqil
Azərbaycanda böyümüş gənclər komandası var
və bizim uğurlarımız, əlbəttə ki, komanda
şəklində işin uğurudur. Buna
görə mənim fikrimcə, Heydər Əliyev Fondunun əsas
nailiyyəti ondan ibarətdir ki, o, Azərbaycan xalqının
bu cür hörmətini və sevgisini qazanıb.
- Hörmətli Mehriban xanım, söhbət
üçün Sizə təşəkkür etmək istəyirəm. Artıq Yeni il
yaxınlaşır. Onu həm Azərbaycanda, həm
də Rusiyada qeyd edəcəklər. Sizinlə
sağollaşmağa çox təəssüflənəcəyəm,
çünki Yeni ilə qədər bu sözləri eşidə
biləcəyimizə əmin deyiləm. Ona
görə sağollaşmaqdan əvvəl Sizdən xahiş
etmək istərdim, qarşıdan gələn ildə
rusiyalılara və öz həmvətənlərimizə
arzularınızı bildirəsiniz.
- Mən
həm Rusiya xalqına, həm də Azərbaycan xalqına,
ilk növbədə, əlbəttə, sülh arzulamaq istəyirəm.
Dövlətlərimizin uğurlu
inkişafını, onların qarşısında duran
planların həyata keçməsini arzulamaq istəyirəm.
Tamamilə adi insani istəklərimi - möhkəm
cansağlığı, nurlu və xeyirli günlər
arzulamaq istəyirəm. İstəyirəm
ki, uğurlar kədərlərdən çox olsun. Kədər bizdən yan keçsin. İnsanlar müəyyən çətinliklərin
öhdəsindən gəlmək üçün
özündə qüvvə tapsınlar. Ona
görə ki, həyatda çətinliklər, kədərli
günlər də olur, amma istərdim ki, şad, parlaq,
işıqlı günlər daha çox olsun.
- İcazə verin, bu arzularınıza görə Sizə
təşəkkür edim və öz növbəmdə, Sizə
də onları arzu edim. Sizə cansağlığı, uğurlar
arzulayır, ən xoş diləklərimi bildirirəm.
Çox sağ olun.
Olaylar.- 2019.- 26-27 noyabr. S. 8;10.