Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas faktorlardan biri
Qonşu dövlətlərlə siyasi-iqtisadi və humanitar
əlaqələrin genişləndirilməsidir
Azərbaycan istər yaxın qonşuları, istərsə də uzaq region ölkələri ilə bir qayda olaraq qarşılıqlı faydalı əməkdaşlığa, normal münasibətlərə üstünlük verir və bu əlaqələri daha da inkişaf etdirməkdə daim maraqlı görünür. Eyni zamanda Azərbaycanın bu təşəbbüsü də qarşılıqsız qalmır və dünya ölkələri yerlışdiyimiz coğrafiyada daha çox Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı görünürlər.
Rəsmi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə maraqlı olan ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Günümüzdə sürətlə inkişaf edən Rusiya-Azərbaycan əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hər dəfə həyata keçirilən qarşılıqlı səfərlər bu əlaqələrin bir qədər də inkişaf etməsinə, yüksəlməsinə təkan verir. Elə bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində də bunun şahidi olduq.
Azərbaycanla Rusiya arasında mövcud olan yüksək səviyyəli əlaqələrə diqqət çəkən millət vəkili Tahir Rzayev deyir ki, Rusiya-Azərbaycan münasibətləri tarixi köklərə və qarşılıqlı əməkdaşlığa, dostluğa söykənməklə hər iki xalqın gələcək inkişafı üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm verir və bunu xarici siyasətimizin başlıca istiqamətlərindən biri hesab edir: "Qonşu olmaqla bərabər dünyanın ən böyük və aparıcı dövlətlərindən biri olan Rusiya ilə əlaqələrin möhkəmlənməsi əlbəttə ki, həm iqtisadi, həm də təhlükəsizlik, eləcə də milyonlarla soydaşımızın qonşu ölkədə yaşamasını nəzərə alsaq onların gələcək firəvan həyatı üçün önəmlidir". Millət vəkilinin qənaətincə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri, səfər zamanı Prezident Vladimir Putinlə, Baş nazir Dmitri Medvedevlə görüşləri, səmimi danışıqlar, keçirilən mühüm əhəmiyyətli tədbirlər deməyə əsas verir ki, dövlətlərarası əlaqələr möhkəmlənməkdə davam etməkdədir: "Bunu ölkəmizin başçısına, eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən hörmət, ehtiram, uğurlarımıza, iqtisadi və sosial sahədə inkişafımıza verilən qiymət bir daha sübut edir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında genişlənən ticarət, iqtisadi, investisiya, elmi-texniki, kənd təsərrüfatı, humanitar əlaqələr keçirilən görüşlərin mövzusu olmaqla bərabər həm də gələcək mühüm istiqamətlərin araşdırılması bir daha sübut edir ki, dövlətimiz rus şirkətlərinin sayının çox olmasında, sərmayə qoyuluşunun artırılmasında, turizmin inkişafında maraqlıdır. Mehriban xanım Əliyevanın çıxışlarında mədəni əlaqələrin genişlənməsinə verilən önəm də çox əhəmiyyətlidir. Mədəniyyətlərin, sivilizasiyaların qovuşması əlbəttə ki, intellektual səviyyənin yüksəlməsi, milli mənəvi dəyərlərin mənimsənilməsi, qorunması, təbliğ edilməsi baxımından vacib olduğu kimi həm də humanizmə, vətənpərvərliyə, xeyirxahlığa yollar açır. Mehriban xanım Əliyevanın xeyirxahlığı, vətənpərvərliyi nəinki ölkəmizin vətəndaşları, eləcə də Rusiya, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir çox xarici ölkələrdə inşa etdirdiyi məktəblər, saldığı parklar, təmir etdirdiyi mədəniyyət ocaqları, tibb müəssisələri göstərir ki, xeyirxahlıq unudulmur, yaddan çıxmır. Sözsüz ki, bu insani keyfiyyətlərin əsasında Azərbaycan xalqının milli dəyərlərə sadiqliyi, sahibliyi, bütün xalqlara, millətlərə hörmət və ehtiramı, Vətənə şərəf gətirmək inamı, inadı, bacarığı dayanır. Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfərinin nəticələri xalqımızı tanıtmaq, ölkəmizə şöhrət qazandırmaq və iki dövlət arasında əlaqələri möhkəmləndirmək baxımından uğurludur. Məhz buna görə, istər Rusiya, istərsə də yerli KİV-də, informasiya şəbəkələrində bu səfərin nəticələri geniş şərh olunmaqdadır".
***
Millət vəkili Pərvin Kərimzadə isə deyib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas faktorlardan biri də qonşu dövlətlərlə siyasi-iqtisadi və humanitar əlaqələrin genişləndirilməsidir: "Beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın mühüm tərəfdaşlardan biri, dost və mehriban qonşusu Rusiya Federasiyası ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir. İki dövlətin başçıları arasında dostluq əlaqələri ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlığın dinamik inkişafına müsbət töhfəsini verir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də yüksəliş mərhələsində olan Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələr səmərəli və dinamik inkişafına xidmət edib. Səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Federasiya Hökumətinin sədri Dmitri Medvedyevlə keçirilən görüşlər, hərtərəfli əlaqələrin getdikcə daha da şaxələnməsinə xidmət edən ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi, X Rusiya - Azərbaycan regionlararası forumu, imzalanan sazişlər iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyıb".
Pərvin Kərimzadə deyib ki, Rusiya Federasiyasının ali mükafatının "Dostluq" ordenin Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmdə təbliğində əvəzsiz rol oynayan Mehriban xanım Əliyevaya təqdim edilməsi hər iki ölkə arasında mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlərin yeni inkişaf mərhələsində olduğunun təsdiqi oldu: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri cərçivəsində Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu da beynəlxalq arenada bir-birini dəstəkləyən Azərbaycan və Rusiya dövlətlərinin əməkdaşlığı genişlənməsi baxımından əhəmiyyətli olub. Mehriban xanım Əliyevanın Forumda çıxışı zamanı qeyd etdiyi kimi: "Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək. Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri, səfər çərçivəsində keçirilən görüşlər, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradan X Rusiya-Azərbaycan Regionlararası Forumu hər iki ölkə arasında dialoqun genişləndirilməsinə, dostluğun, strateji tərəfdaşlığın möhkəmlənməsinə yeni təkan oldu".
Füzuli
Olaylar.- 2019.- 28-29 noyabr. S. 4.