İlham Əliyev: “Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir”

 

Etiraf edilməlidir ki, Azərbaycan Xalq Cumhuriyyəti tarixinin ən parlaq səhifələrindən biri Bakı şəhərində universitetin açılması oldu. Bakıda universitet təsis edilməsi niyyətində olan Fətəli xan Xoyskinin Zaqafqaziya Respublikası hökumətində xalq maarif naziri kimi mövqeyi Cümhuriyyət dövründə də dəyişilmədi. Sadəcə onun hökumət başçısı olduğu dövrdə bu niyyəti reallaşdıra bilməsə də, universitet təsis edilməsi məsələsində daima qərarlı olub, dəstək vermişdir. Azərbaycanın mütərəqqi ziyalıları, ictimai-siyasi xadimləri ali məktəbin təsis edilməsi niyyətlərini 1919-cu ildə reallaşdıra bildilər. Artıq Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi qeyd olunur və bu ölkənin elmi, eləcə də mədəni həyatı üçün böyük hadisəyə çevrilib. Universitetin ilk rektoru Razumovskinin sözləri ilə desək, 100 il öncə "Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı". Azərbaycan elmi, cəmiyyət və dövlətimiz, mədəniyyətimiz, ziyalılarımız, dünya şöhrətli ailimlərimiz bu məşəlin gur işığından bəhrələniblər və faydalanmaqda davam edirlər. BDU-nun yaradılması ilə bağlı parlament müzakirələrində maarif naziri R.Qaplanov qeyd edirdi ki, "böylə darülfünunu açdıqdan sonra get-gedə bizim tələbələrimiz çoxalacaq və 5-6 sənə təhsil dəvamından sonra bizim də icad edən alimlərimiz mükəmməl surətdə oradan çıxacaqdır və bəlkə professorlarımız da kəndimizdən olacaqdır". 3 ildən sonra, 1922-ci ildə onun arzusu gerçəkləşdi, 30 nəfər gənc ali təhsili uğurla başa vuraraq həkim adına layiq görüldü. Məzunlardan ikisi-azərbaycanlı qızlar, Ədilə xanım Şahtaxtılı tibb üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, Cənnət xanım Sultanova tanınmış həkim oldu. Bakı Dövlət Universitenin bir əsrlik fəaliyyəti, uğurları barədə çox danışmaq olar, bu barədə tədqiqatlar da aparılıb, elmi əsərlər də yazılıb. Mənim anlamımda BDU yalnız özünəməxsus missiyası olan elm məbədi deyil, həmçinin sosiomədəni fenomendir. BDU bizi Xalq Cümhuriyyətinin idealları ilə bağlayır, elmi potensialımızın lokomotivi və əsas aqreqatoru kimi çıxış edir. Ən vacibi odur ki, BDU istər Cümhuriyyət ideyalarının, istərsə də ötən əsrdə 20-50-ci illərdə sovet quruluşu çərçivəsində Azərbaycanda milli kimliyin qorunması uğrunda mübarizə aparanların, 50-80-ci illərdə Azərbaycanın modernləşməsi, sənayeləşməsi, 80-ci illərin əvvəlindən milli müstəqilliyin bərpası, güclü, inkişaf etmiş dövlət qurulması uğrunda çalışan nəsillərin ruhunu, əzmini özündə yaşadır. Gəncliyin enerjisini, yaradıcı başlanğıcını, orta və yaşlı nəslin təcrübə və müdrikliyini özündə birləşdirir, sintez edir və inkişaf məqsədlərinin əldə olunması üçün yönəldir. Ümummilli lider Heydər Əliyev də BDU-nun fəaliyyətini hər zaman bu kontekstdən dəyərləndirirdi. O, BDU-nun 1999-cu ildə keçirilən 80 illik yubileyindəki tarixi çıxışında demişdi ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir.

 

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə qeyd edib ki, Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir: "Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir".

 

Birmənalı şəkildə qeyd etmək olar ki, BDU yalnız ali təhsil müəssisəsi deyil, Azərbaycanın inkişafında bu elm ocağının xüsusi missiyası var. Elmi potensialımızın avanqardı BDU-da cəmləşib, həmçinin innovasiyalar və ən yeni, müasir elmi tədqiqatların bazası da oradadır. BDU-da şəffaflıq, hesabatlılığın təmin olunması istiqamətində mühüm işlər görülüb. BDU ictimaiyyətlə, dövlət strukturları, digər elm ocaqları ilə  sıx əlaqədədir. Bu isə öz növbəsində  BDU-nun fəaliyyətinin müasir standartlar əsasında qurulması, demokratik idarəçilik prinsiplərinin, elmi-tədiqiqatların aparılmasında innovasiyaların tətbiqi, təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetin işində iştirakçılığın genişləndirilməsi üçün geniş imkanlar yaradıb.  Bakı Dövlət Universitetinin 100  illik fəaliyyəti dövründə hazırladığı yüksək ixtisaslı mütəxəssislər istər respublikamızda, istərsə də ölkə xaricində Azərbaycan elmini, mədəniyyətini, təhsilini layiqincə təmsil edib və bu gün də davam etməkdədir. O da faktdır ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Bakı Dövlət Universitetinin nüfuzu və beynəlxalq əlaqələri genişlənmişdir. Hazırda universitetdə yüzlərlə xarici ölkə vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetinin uğurları göstərir ki, müstəqil Azərbaycan dövlətinin ilk ali məktəbinə 100 il öncə deyildiyi kimi, "istiqbali-milliyyəmizi təmin edici bir məbəd, elm nəzərilə" baxmalıyıq və baxacağıq.

 

Alim

Olaylar.- 2019.- 28-29 noyabr. S. 6.