Uğurlu diaspora fəaliyyəti, əldə
edilən nəticələr və qarşıda duran hədəflər
Son illərdə əksər sahələrdə
olduğu kimi diaspora sahəsində də müsbət
tendensiya müşahidə edilir desək yanılmarıq.
Xüsusilə qeyd etdiyimiz istiqamətdə müsbət dəyişikliklər
bu sahəyə sorumlu olan dövlət qurumunda həyata
keçirilən kadr islahatlarından sonra müşahidə
edilir. Məlumat
üçün qeyd edək ki
Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin aprel
ayında Diasporla Iş üzrə Dövlət Komitəsinin
rəhbərliyində dəyişiklik edildi və sabiq millət
vəkili Fuad Muradov sözügedən Komitəyə rəhbər
təyin olundu. Etiraf edək ki,
o vaxt bir çoxları bu təyinatı heç də
uğurlu hesab etmədi, buna ağız büzənlər də
oldu. Təvazökarlıqdan uzaq olaraq
açığını etiraf edim ki, jurnalist fəaliyyətimun
mühüm bir hissəsini diaspora fəaliyyətində
baş verən prosesləri işıqlandırmaq, onu
çalışdığım media qurumu vasitəsilə cəmiyyətə
çatdırmaq olduğundan mən özüm də yeni rəhbərliyin
diasporaya bir yenilik, ən əsası canlanma gətirəcəyinə
şübhə ilə yanaşırdım. Çünki cənab Fuad Muradovun
diaspora sahəsinə yad bir kadr olduğu düşüncəsində
idim. Ancaq.....
Diaspora həyatında yeni mərhələ
Ancaq sonradan, daha dəqiq desək
Fuad Muradovun qısa bir müddət ərzində diaspora sahəsində
atdığı uğurlu addımlar düşüncələrimdə
yanıldığım qənaətini
formalaşdırdı. Və haqlı olaraq belə bir qənaətə
gəldim ki, Fuad Muradov nəinki millət vəkili, hətta
bir vaxtlar ölkənin gənclər sektorunun əsas lokomotivi
sayılan Gənclər Təşkilatları Milli
Şurasına rəhbərlik edərkən diaspora işini mənimsəyib,
bu sahənin incəlikləri, problemləri, həmin problemlərin
həlli istiqamətində atılması vacib olan
addımları zərgər dəqiqliyi ilə öyrənib.
Ötən bir ildən artıq müddətdə Fuad Muradovun
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri
kimi gördüyü uğurlu işlər, atdığı
addımlara nəzər yetirdikdə belə qənaətə
gəlmək mümkündür
Hətta bir qədər də irəli gedib ötən
müddət ərzində görülən işləri
diaspora həyatında baş verən yeni mərhələ
kimi də dəyərləndirmək olar. Bəs ötən
bir ildən artıq müddət ərzində diaspora sahəsində
hansı müsbət tendensiyalar
baş verdi?
17 illik fəaliyyət tarixinin
uğurlu addımı
Bu zaman kəsimində atılan
addımlar, görülən bütün işləri bir kənara
qoysaq, təkcə Ukraynada diaspor təşkilatlarının
birləşməsi, uzun illər
parçalanmış vəziyyətdə olan
diasporumuzun bir mərkəzdə cəmləşməsi
istiqamətində atılmış tarixi addımı qeyd etmək kifayət edər ki,
yeni Komitə rəhbərliyinin ötən müddətdəki
fəaliyyətinə müsbət qiymət verək. Məlumat
üçün qeyd edək ki, nə qədər acı da
olsa əvvəlki rəhbərlik Ukraynada diasporumuzun birləşməsi, güc mərkəzinə
çevrilməsində maraqlı deyildi. Hətta bəzi
hallarda Komitənin bilərəkdən və ya bilməyərəkdən
atdığı addımlar sözügedən ölkədə
təşkilatlar arasında ziddiyyət, fikir
ayrılıqlarını daha da genişləndirirdi. Lakin Diasporla Iş üzrə
Dövlət Komitəsinin yeni rəhbərliyi vəzifəsinin
icrasına başladığı ilk gündən əsas diqqəti
bu sahədə mövcud olan problemi aradan qaldırmağa,
Ukraynadakı soydaşlarımız arasında birlik və bərabərliyi
təmin etməyə yönəltdi
Etiraf edək ki, görülən işlər də
öz müsbət nəticəsini verdi və Ukraynadakı
diaspor təşkilatları arasında ziddiyyət, fikir
ayrılıqları aradan qalxdı. Mənim qənaətimcə,
Ukraynada əldə edilən bu nailiyyət müstəqillik
illərində Azərbaycanın diaspor sahəsində
atmış olduğu ən uğurlu addım və nailiyyət
oldu. Hətta mən Ukraynada əldə edilən nailiyyəti
Diasporla İş üzrə Dövlət Komitəsinin 17
illik tarixinin ən uğurlu addımlarından biri kimi
xarakterizə edərdim.
Erməni təbliğat
maşınına vurulan zərbə
Diasporla Iş üzrə Dövlət
Komitəsinin yeni rəhbərliyinin bu sahədə
atdığı daha bir uğurlu addım dünyanın
müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
Koordinasiya Şuraları tərkibində birləşdirilməsi
oldu. Ayrı-ayrı təşkilatların müstəqilliyinə
toxunmadan onların Koordinasiya Şuralarında birləşdirilməsi
ümumi işin xeyrinə xidmət edən, həmçinin
milli maraqlarla bağlı məsələ
gündəmə gələndə səsimizin daha gur çıxmasına
hesablanmış addım idi Və
ötən müddət ərzində müşahidə
etdiyimiz mənzərə ondan ibarətdir ki, Ukraynada olduğu
kimi, ayrı-ayrı ölkələrdə Koordinasiya
Şuralarının yaradılması prosesi də uğurla nəticələndi
və hazırda da bu müsbət tendensiya davam etməkdədir
Günümüzdə erməni
lobbisi və Ermənistan dövlətinin maksimum imkanlardan
istifadə edərək Azərbaycana qarşı informasiya
mübarizəsi apardığının fərqindəyik. Və onu da müşahidə edirik
ki, Avropadakı uğurlu fəaliyyətlərimizdən sonra
erməni lobbisi əsas diqqəti Rusiya Federasiyasına və
İsrailə yönəldib. Zaman-zaman adlarını qeyd
etdiyimiz ölkələrdə hansısa
üçüncü qüvvələrin Azərbaycana qarşı təxribatçı
addımlar atmasına nail olurlar. Bu mənada Diasporla Iş
üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu
günlərdə İsrail dövlətinə həyata
keçirdiyi səfərə diqqət çəkməmək
mümkün deyil. Rəsmi məlumatlardan da bildiyimiz kimi Komitə
sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə
heyəti bu ölkədə bir neçə vacib
görüşlər keçirib, müzakirələr
aparıb Keçirilən
görüşlər və əldə edilən
razılaşmaları bir kənara qoyaraq deyə bilərik ki,
Diasporla Iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin
Israil dövlətinə səfəri həm də erməni təbliğat
maşınına vurulan zərbə idi.
Qarşıdakı hədəflər
Qarşıdakı hədəflər
isə daha böyük və bir qədər də vaxt tələb
edəndir. Diasporla İş üzrə Dövlət Komitəsinin
rəhbərliyinin açıqlamalarından aydın olur ki,
növbəti hədəf Rusiyadakı Azərbaycan diaspor təşkilatları
ilə işin qurulmasıdır. Əslində şimal
qonşumuzda fəaliyyət göstərən ayrı-ayrı
diaspor təşkilatları ilə Komitə yaxından əməkdaşlıq
edir. Sadəcə Ukraynada olduğu kimi Rusiya Federasiyasında
da bu sahədə mövcud olan əsas problemlərdən biri
diaspor təşkilatları arasında vahid mövqe, birlik və
bərabərliyin olmamasıdır. Bir sıra hallarda bir təşkilat
digər təşkilata qarşı antitəbliğat, onu
gözdən salmaq kimi hərəkətlərə yol verir ki,
bu da ümumi işə əngəl olur. Təbii ki, belə
bir vəziyyət isə şimal qonşumuzda fəaliyyət
göstərən erməni lobbisinə ölkəmizə
qarşı Rusiyada daha geniş spektrdə mübarizə
aparmasına imkan yaradır. Ona görə də Dövlət
Komitəsinin rəhbərliyinin Rusiya istiqamətinə ciddi
diqqət ayırması başadüşüləndir və
zamanında atılan addımdır. Bildiyim qədər
yaxın vaxtlarda Komitə rəhbərliyinin Rusiya Federasiyasına
səfər edərək burada fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları ilə
görüşlər keçirəcəyi nəzərdə
tutulur. Ümid etmək olar ki, Ukraynada bu prosesi uğurla
başa vuran Diasporla İş üzrə Dövlət Komitəsinin
rəhbərliyi eyni nəticəni Rusiya Federasiyasında da əldə
edəcək və nəhayət, şimal qonşumuzda fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları da
birlik, bərabərlik şəraitində fəaliyyət
göstərəcəklər.
Süleyman
İsmayılbəyli
Olaylar.- 2019.- 28-29 noyabr.
S. 10.