“Qızıl Palma” mükafatçısı: “Kannda mənə dedilər ki...”

 

Olaylar.az Bakı Qısa Filmlər Festivalının beynəlxalq münsif heyətinin üzvü, "Qızıl Palma" mükafatçısı rejissor Rezan Yeşilbaşla müsahibəni təqdim edir.

 

- Rezan bəy, Azərbaycana ilk səfərinizdir. İlk olaraq, Bakı haqqında fikirlərinizi bilmək istərdik.

 

- Mən şəhərinizi çox sevdim.Tarixi binaları qorumağınız, geniş küçələriniz diqqətimi çəkdi. Türkiyəyə nisbətən insanları burada daha xoşbəxt və rahat gördüm. Bizim insanlar gündəlik həyatlarında daha gərgindilər. Təəssürat olaraq çox gözəl hisslər yaşadım. Düşünürəm ki, Bakıya yenidən gələcəm.

 

- Festival haqqında düşüncələriniz necədir?

 

- Dünyanın bir çox ölkələrində film festivalları keçirilir. Bakıdakı festivalın məhz qısa filmlərdən ibarət olmasını çox bəyəndim. Qısa film mənə görə müəllifin öz düşüncələrinin ifadəsidir. Bu festival olmasaydı, Azərbaycana gəlməyəcəkdim. Burada eyni sənətdən olan insanları, yeni dostları tanımayacaqdım. Festivallar yeni mədəni birliklər yaradır. Film çəkmək istəyən gənclər xarici ölkələrdən gələn rejissorlar, prodüsserlər, yaradıcı insanlarla tanış olurlar. O mənada festivallar çox önəmlidir. Ümid edirəm ki, bu festivalın ömrü uzun olar və hər il davamlı keçirilər. Qurumların və tamaşaçıların dəstəklərini əsirgəməmələrini çox istərdim. Çox festivallarda olmuşam. Festivallara, filmlərə tamaşaçı dəstəyi vacibdir. Avropada keçirilən festivallarda tamaşaçılar təşkilatçılara, yaradıcı insanlara böyük dəstək olurlar.

 

 

 

- Festivalın beynəlxalq filmləri dəyərləndirən münsiflər heyətindəsiniz. Bir çox filmləri artıq izləmisiniz. Bu gün dünya gənclərinin filmlərə, problemlərə baxışlarını necə dəyərləndirərsiniz?

 

- İzlədiyimiz hər bir film ayrı bir problem, dünyanı göstərməyə çalışır. Təbii ki, yaşadığımız dünyanın problemlərindən də yan keçməyiblər. Məsələn, Suriyadakı müharibədən bəhs edən filmdə Kanadadakı ailəyə bu müharibənin necə təsir etdiyini, insan olaraq bu dünyaya niyə gəldiyimizi, hara doğru gedəcəyimizi sorğulayan filmlər də izləyirik. Filmlərdə fərqli düşünmə tərzləri görürük. Bütün bunları heyrətlə izləyirik və bizə təsir edən filmlər hər hansı  düşüncəmizin dəyişməsinə səbəb olur. İzlədiyim filmlərin bir çoxunda dünyadakı müharibələr, şiddətlər və bunların insan həyatına təsiri ilə bağlı maraqlı məqamlar çoxdu. Bu gün dünyamızın ümumi mənzərəsi ürəkaçan deyil. Hər yerdə müharibə, tərəflərin bir-birini anlamaq istəməməsi, hər kəsin öz gücünü aşkar şəkildə nümayiş etdirməsinin ən böyük əzabını sivil insanlar çəkir. Bunlar da təbii ki, filmlərdə öz əksini tapır. İzlədiyim filmlər haqqında onu deyə bilərəm ki, çox gözəl filmlər göndərilib və hər birini çox bəyəndim.

 

- Tv proqramlarında, filmlərdə, seriallarda hər zaman şiddətə geniş yer verilir. Real həyatımızda şiddət var və bu filmlərdə nümayiş olunmalıdırmı?

 

- Burada əsas məsələ şiddəti necə təqdim etməkdən asılıdır. Əgər məqsəd şiddəti təbliğ etməkdirsə, burada artıq bir problem var. Amma şiddəti göstərməklə izləyici düşünəcəksə və bunun yanlış hərəkət olduğunu göstərə biləcəyiksə, o zaman burada qəbahət yoxdur. Təəssüf ki, bəzi seriallarda şiddət səhnələrinin heç bir düşündürücü təsiri olmur. Və buna normal, belə olmalıymış kimi yanaşırlar. Bu da serialları izləyən insanlara, uşaqlara mənfi təsir edir. İndi olmasa da, gələcək həyatlarında mütləq bir iz buraxır. Seriallarda vəziyyət daha açınacaqlıdı.  Çünki serial hər bir evə daxil ola bilir. Amma bədii filmlərdə vəziyyət bir qədər fərqlidi. İlk olaraq bədii filmlərin hər evə daxil olma imkanları yoxdu və ən əsası da biz kinoteatrlarda izlədiyimiz film haqqında ilkin xəbərdarlığı alırıq. Şiddət var və ya yoxdu, hansı yaş aralığında izləmək mümkündür. Düşünürəm ki, yaxşı rejissor bütün bunları nəzərə alır. Bir daha qeyd edim ki,  şiddəti necə təqdim etməkdən çox şey asılıdır. Şəxsən mən televiziya kanallarını izləmirəm. Bu gün televiziyalar, seriallar çox çirklidirlər. Mənəvi dəyərlərdən çox uzaqdırlar. Bu gün serialların və ya verilişlərin bir məqsədi var: reytinq və izlənilmək.

 

 

 

- "Səssiz" filminizdə bir kürd qadının həyatdakı çətinliklərini göstərirsiniz. "Hökm" filminiz də qadın həyatından bəhs edir. Və festivalın açılış mərasimində təşkilatçılardan gələcəkdə münsiflər heyətində qadınlara da yer verilməsini məsləhət gördünüz. Rezan bəy, nədən qadınlar?

 

- Mən 3 qadının böyütdüyü, tərbiyə etdiyi bir insanam. Qardaşlarım yatılı məktəbdə təhsil alırdılar. Atam da həbsxanada idi. Mən atamın anası, kiçik bibim və anamla birgə böyümüşəm. Uşaqlığımdan qadınlara qarşı həssasam. Hər zaman onlara qarşı olan haqsızlıqları görmüşəm. Münsif məsələsinə gəldik də isə biz münsiflər heyətində 5 kişiyik. Heç qadın yoxdur. Qadın rejissorlar, ssenaristlər, aktyorlar əlbəttə var. Məsələn, biz 5 kişi filmləri izlədikdə, eyni nöqtədən baxacağıq, amma qadın hər zaman fərqli bir yerdən baxır. Qadın münsif biz də yeni fikirlər yarada bilərdi.

 

Qadınlar hər zaman çox çətinliklərlə yaşayırlar, hər bir işə böyük əmək sərf edirlər. Bunu öz anamdan, digər qadınlardan bilirəm. Yaxın Şərqdə qadın hər zaman arxa planda olur. Avropalı qadınlar da zamanla eyni çətinliyi yaşayıblar. Amma sonradan birlik olmağı, bərabər hüquqlu olmağı bacardılar. Ən inkişaf etmiş cəmiyyətdə belə qadın problemi var. Müqayisə etdikdə bizə nisbətən onların haqları qorunur. Bizi var edən qadınlardı. Anamın bərabərhüquqlu olmaq anlayışı olmasaydı, mən də bu gün başqa biri olardım. Bu baxımdan özümü çox şanslı hesab edirəm. Təbii ki, insan bunu sonradan anlayır. Bir çox qadınlar övladlarını bərabərhüquqlu böyütmürlər. Çünki onları da elə tərbiyə etdilər.

 

 

 

- "Səssiz" filminiz Kann film festivalında mükafat alıb. Hansı filmlər Kann və digər nüfuzlu festivallarda diqqət çəkir?

 

- Hər festivalın bir dili var. Mənim filmim seçilən ili Kanna 5000 film göndərilmişdi.5 min film 5 min fərqli fikir, düşüncə deməkdir. Amma günün sonunda hansı film sənin duyğularını tərpədibsə, o film  artıq qalibdir. Bakı Qısa Filmlər Festivalında 17 film izlədim. Və bu filmlərdən mənə duyğusal olaraq təsir edən film daha fərqlidir. Bir film insana mütləq təsir edir.

 

Kann film festivalı kimi digər beynəlxalq film festivallarında təkcə hekayə, bəhs edilən hadisə mükəmməl olmamalıdır. Burada ssenari, texniki imkanlar, aktyor işi də gözəl təşkil olunmalıdır. Filmimdə Diyarbəkirdə yaşayan kürd bir qadının hekayəsində bəhs edirəm. Bunu bir fransızın, bir azərbaycanlının izləyib təsirlənməsi insanların ortaq duyğularının olması deməkdir. Yaxşı filmlər dünyanın hər hansı yerində bu hissi yaşada bilən filmlərdir. Kannda dünyəvi hissləri, üslubu olan filmlər maraqlıdır. Mənim filmim seçilən zaman sonuncu mərhələdə 10 film vardı. Hər biri çox gözəl filmlər idi. Kannda mənə dedilər ki, biz burada yeni rejissorlar, yeni fikirlər axtarırıq. Həqiqətən də orada izlədiyim filmlərin hər biri nəyisə, kimisə  təkrarlayan filmlər deyil, özünəməxsus, fərqli düşüncəsi, hekayəsi olan filmlər idi. Demək ki, mənim də filmimdə yeni nəsə tapdılar.

 

- Siyasətçilərin, yoxsa mədəniyyətin dili insanlara daha çox təsir edir?

 

- Bu günə qədərki vəziyyətə baxanda siyasətçilərin dillərinin insanlara təsir etdiyini görürük. Çünki bu zamana qədər insanlıqla bağlı, müharibələrlə bağlı yüzlərlə film çəkildi. Amma insanlar hələ də eyni problemləri yaşayır. Tarkovskinin gözəl bir fikri var: "Film insanları dəyişə bilməz. Çünki insanlıq son 4min ildir ki, dəyişməyəcəyin artıq göstərib."

 

Bizi həvəsləndirən isə heç olmasa çəkdiyimiz filmin bir insanın duyğusuna yaxşı anlamda təsir etməsidir. Ondakı hisslərə toxunmaqdır. Ümidimiz o bir insanı tapmaqdır. Bir filmi yüz nəfər izləyir, bir nəfər təsirlənir və onun həyatında yeni dönəm, səhifə açılır. Bu az və asan  iş deyil. Bu yoldan çəkilməyəcəyik. Bizi yaşadan da bu hissdir.

 

 

 

- Son illər Azərbaycanda Nuri  Bilgə Ceylanın "Ahlat ağacı" filmi çox müzakirə olundu və bəyənildi. Ceylan "Ahlat ağacı" filmində istədiyi mesajı verə bildimi? Sizin bu film haqqında düşüncələrinizi bilmək maraqlı olardı.

 

- Nuri Bilgə Ceylan Türkiyənin ən yaxşı rejissorlarından biridir. Filmlərin bir xüsusiyyəti var ki, bəzilərini özünə yaxın hiss edərsən, bəzilərini isə sadəcə seyr edərsən. Yaxşı rejissorların, sənətkarların çəkdiyi filmlərin hər zaman bir fikri və bir dəyəri vardır. Mən Ceylanın "Bir zamanlar Anadoluda" filmini daha çox sevirəm. "Ahlat ağacı" filmində nə demək istədiyini anladım, amma mənim üçün "Bir zamanlar Anadoluda" filmi deyil. Çox sevənlər oldu bu filmi.  "Ahlat ağacı" filmində sevdiyim ayrı-ayrı hissələr oldu. Amma bütünlüklə yaxınlıq hiss etmədim.

 

- Zeki Demirkubuz bəylə birgə çalışırsınız. Əməkdaşlığınız necə yarandı?

 

- Zeki hoca ilə 2008 -ci ildən tanış olduq. Yeni türk filmlərini izləyəndə Nuri Bilgə Ceylan və Zeki Demirkubuzla birgə çalışmaq, onların assisenti olmağı hədəflədim. Mənəvi olaraq özümü Zəki bəyə daha yaxın hiss edirdim. Tanış oldum. "Yeraltı, "Kordo" filmlərində bir yerdə çalışdıq. Çox dəyər verdiyim və Türkiyənin ən yaxşı rejissorlarından biridir. Ondan şox şey öyrəndim. Kimsə bizə "bunu belə et" demir. Mən sadəcə çəkiliş zamanı onu izləyirdim. Bəzən mənə çox çətin olan məsələləri onun çox sadə yolla həll etməsi mənim üçün bir dərs olurdu. Amma onun kimi film çəkməyi də heç düşünmədim. Üslublarımız çox fərqlidir. Zəki bəyin proqramı ilə üst-üstə düşməyəcəyi zaman hər an və hər filmdə yanındayam. Hocam dediyim tək insandır. Bu arada onu da qeyd edim ki, ikimiz də yeni film üzərində işləyirik.

 

- Yeni filminiz qısametrajlı olacaq?

 

- Yeni filmim uzunmetrajlı film olacaq. Türkiyə Mədəniyyət Nazirliyi filmim üçün artıq  maliyyə yardımı ayırıb. Uçmaqda olan aşpazın həyatını anladacaq. İlk baxışdan komediya filmi təsiri bağışlayır. Təbii ki, filmdə komedik məqamlar olacaq, amma sırf komediya janrında deyil. Burada da insanın azadlığı, toplum qarşısında başına gələn hadisələrdən bəhs ediləcək. Əsas rollardan birini Engin Günaydın canlandıracaq. Sentyabr ayında çəkilişlərə başlayacağıq.

 

- Sizcə, hansısa roman əsasında film çəkmək daha uğurludur, yoxsa tamamilə yeni insanlar, yeni həyatdan bəhs edən ssenari əsasında film çəkmək?

 

- Bunu dəqiq demək mümkün deyil. Bəzən hansısa roman əsasında çəkilən filmlər daha uğurlu olur. Məsələn, Stenli Kubrikin filmləri romanlar əsasında çəkilib. Və çox önəmli filmlərdir. Əsasən rejissorlar öz fikirlərindən ibarət olan ssenari əsasında filmlər çəkməyi sevirlər. Çəkməkdən çox şey asılıdır. Onu deyə bilərəm ki, ədəbiyyatla filmin çox böyük bir bağlılığı var.

 

 

 

- Siz rejissor olaraq hansı yazıçını izləyirsiniz və kimlərin əsərlərini çəkmək istərdiniz?

 

- Mən Türkiyə ədəbiyyatından Yaşar Kamalı çox sevirəm. İlk dəfə Türkiyədə yayaımlanan bir romanın film haqlarını aldım. Mehtap Ceylan adlı yazarın  90 -cı illər Türkiyədə yaşayan bir qızın həyatından bəhs edən romanını oxudum və çox təsirləndim. Kitabı bitirən kimi yazarı tapdım və ona fikrimi dedim. Könül rahatlığı ilə romanın bütün film haqlarını mənə verdi. Livanlı yazıçı Amin Malufun "Şərqin limanları" adlı bir romanı var. Roman 2 hissədən ibarətdir. Birinci hissəni yox, amma ikinci hissəsini çəkməyi çox istərdim. 2013-cü ildə Fransada onunla görüşdüm. Fikrimi dedim. O zaman Hollivud əsərin 5-6 illik film haqlarını almışdı. Mənə müqavilədə qeyd olunan zaman bitəndə əsərin haqlarını mənə verəcəyinə dair söz verib. Mən hər il bu əsəri oxuyuram. Nə xoş təsadüf ki, əsərin baş qəhrəmanın adı da Bakıdır.

 

Nigar Adil

Olaylar.- 2019.- 28-29 noyabr. S. 12.