Ulu Öndər Heydər Əliyev: "Mətbuat cəmiyyətin güzgüsüdür"

 

Azərbaycanda mətbuatın azad fəaliyyəti və inkişafı üçün hər cür şərait və imkanlar yaradılıb. Mətbuatda fikir demək, hadisələrə münasibət bildirmək üçün geniş imkanlar mövcuddur. Təbii ki, mətbuatın inkişafına təkan verən amillərdən biri də qanunvericilik bazasının yaradılmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır". Qüvvədə olan qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə, qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla, məhdudlaşdırıla bilməz.

 

Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Bu nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır.

 

Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf meyilləri müşaiyət olunmağa başladı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.

 

O dövrdə ulu öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlandı. Kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları parladı. O illərdə mətbuat sosial ədalət uğrunda apardığı mübarizədə Heydər Əliyevin ən yaxın və etibarlı silahdaşına çevrilmişdi.

 

"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsil, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. Ümummilli Lider söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmiş, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoymuşdur. O, "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir", söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi.

 

Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən medianın inkişafına yönəlmiş əhəmiyyətli addımlar atmaqla bu siyasətə sadiq olduğunu təsdiqlədi. Son on beş ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına nəzər salmaq yetərlidir ki, mətbuatın daha da gücləndirilməsi, inkişaf etdirilməsi, peşəkar fəaliyyət göstərməsi üçün görülən böyükmiqyaslı işlərin şahidi olaq. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etdi və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz önəmli töhfələrini verir. "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar, mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması atılan addımlar sırasındandır. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir və "Azərbaycan" qəzeti müstəqilliyimizin qeyri-rəsmi atributu olaraq daim bu inkişafın təqdimatında başlıca tribuna kimi öz vəzifəsini uğurla yerinə yetirməkdədir.

 

İndi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

 

Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Azərbaycanda yazılı və elektron KİV-lərin müstəqil inkişafına hər cür şərait yarandığından bu sahənin üzərinə də böyük məsuliyyət düşür. Azərbaycanda fikir və söz azadlığının olmasından bəziləri sui-istifadə edir, bu ifadənin nədən ibarət olduğunu dərk etmədən şəxsi mənafeləri üçün istifadə edirlər. Təbii ki, bu da sonda həm dövlət, həm də dövlətçiliyin inkişafına, ölkədə fikir və söz azadlığının normal təbliğinə mane olur. Müstəqil mətbuatda müstəqil fikir yürütmək azadlığı qazanan bəziləri bu fürsətdən sui-istifadə edərək ayrı-ayrı şəxslərə, vəzifə mənsublarına, dövlətə və dövlətçiliyə qara yaxmaq kimi çirkin əməllərə də əl atmaqdan çəkinmir. Bəziləri müstəqil fikir yürütməyi kimlərisə təhqir etmək, onların şərəf və ləyaqətinə toxunmaqla səhv salır. Yazılı və elektron KİV qlobal problemlərin işıqlandırılmasına, dövlətçiliyin inkişafına mane olan amillərin aradan qaldırılmasına, müstəqil Azərbaycanın inkişafına dəstək verir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 28-29 noyabr. S. 15.