Çexovun tənha
cütlüyünün harmoniyası
“İt gəzdirən xanım”
90-cı illərdə Azərbaycan
teatr prosesinə yeni bir forma gəldi.
Xalq artisti Bəxtiyar Xanızadə Azərbaycana pantomima
(sözsüz teatr, qısaca olaraq "mim") janrını
gətirdi və öz teatrını yaratdı.
Teatrımızın
tarixində ilk pantomima tamaşası "Bir aktyor
üçün him-cim oyunu"dur (Semuel Bekket. Rej. Bəxtiyar
Xanızadə. 1993-cü il). Sonralar bu tamaşanı
"Ümid" adlandırdılar. Bu Azərbaycan teatrı
üçün yeni sənət hadisəsi, ilk sözsüz
tamaşa idi. 1994-cü ilin mayında Bəxtiyar Xanızadə
"Dəli yığıncağı" pantomima
studiyasını yaratdı. Aktyorlar Bəxtiyar Xanızadənin
öz tələbələri idilər. Qısa zaman
içində Azərbaycan Teatr Xadimləri
İttifaqının və "Dəli
yığıncağı" pantomima studiyasının təşəbbüsü
ilə Bakıda "Him-cim" adlı I və II Beynəlxalq
pantomim festivalları keçirildi. Sonralar da onlar
dünyanın bir çox ölkələrində
keçirilən festivallarda iştirak edib mükafatlar
qazandılar. 2000-ci ildən dövlət teatrı statusu alan
Pantomima Teatrında nəsillər bir-birini əvəzləyir
və teatr tərkib etibarilə gənclərin teatrı olaraq
qalır...
Payız
həm də , mədəniyyət aləmi üçün
bütün teatrların ənənəvi səhnə əsərləri
və yeni premyeralarla tamaşaçıların
görüşünə gəldiyi əlamətdar fəsildir.
Onlardan
biri də Dövlət Pantomima Teatrıdır. 27 - ci
mövsümündə sentyabr ayını 4 tamaşayla
başa vuran "Mim", oktyabr repertuarına A.P.Çexovun
"İt gəzdirən xanım" hekayəsi əsasında
hazırlanmış tamaşası ilə başladı.
Öyrəndik
ki, tamaşanın əslində sentyabrın 28-i təqdim
olunması nəzərdə tutulsa da, teatr binasının təmiri
ilə əlaqədər ertələnib.
Nəhayət
oktyabrın 5 - də sahildə təzə adam - "İt gəzdirən
xanım" peyda oldu. Tamaşaçılar da xəbəri
eşidər-eşitməz başladılar Anna Sergeyevnanın
(it gəzdirən xanım) ardınca "Mim"ə
yürüməyə...
Leyla
Atayevanın quruluşunda izlənilən tamaşada rəsmlərin
quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli
isə xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Səhnə
əsərində rolları Əməkdar artist Bəhruz
Əhmədli, aktyorlar Nurlan Rüstəmov (Dmitri Dmitriç
Qurov), Leyla Atayeva (Anna Sergeyevna), Nuridə Musabəyli, Elxan
Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov
canlandırıb.
Hekayə
belə başlayır: "Söhbət gəzirdi ki, sahildə
təzə adam peyda olub - it gəzdirən xanım. Yaltada
yaşamasının iki həftəsi tamam olmuş,
üzü-gözü buralara alışan Dmitri Dmitriç
Qurov da başladı təzə gələnlə
maraqlanmağa".
Kimdir
Qurov? Hekayənin özündə olduğu kimi daim xiffət
çəkən iki personajdan biri. Yaşı qırxı
haqlamış, filologiya üzrə təhsil almış, hələ
tələbə ikən imkanlı ailənin qızı ilə
evlənmiş, qadınlarla macəralarından, yemək-içməkdən,
klubda gecələməkdən vaxtsız qocalmış, on iki
yaşlı qızı, iki gimnazist oğlu olan bank
işçisi. Lakin hər şey bundan ibarət deyil. Qurovun
iki həyatı var: Üzdə olan və hamıdan gizlətdiyi.
Onun üzdən olan həyatının dost-tanışından
heç bir fərqi yoxdur. Bu həyatı hamı görür
və normal qəbul edir. Digər həyatı isə onun
daxili aləmini ifşa edir. Qurovun Anna Sergeyevna ilə
münasibətində bu daha çox sezilir.
Bəs
kimdir Anna Sergeyevna? Peterburqda doğulsa da, Saratovda
ruslaşmış almanın, lakey məmur Didderitsin
xanımı, qisməti ilə barışmış, ailə
sədaqətini qoruya bilmədiyi üçün peşiman
olan, Qurovun deyimi ilə bununla bəlkə də özünə
bəraət qazandırmağa çalışan, günaha
batmaqdan qorxan fağır qadın.
Hekayədə
olduğu kimi səhnədə də 1860-cı illərin rus mədəniyyəti,
rus elitasının ruhu hiss olunur. Tamaşa qaranlıq zalda
qatarın səsi ilə başlayır. Gözlərini yuman
tamaşaçı özünü qatarın içində
hiss edir. Hər saniyə qatar sanki səhnəyə daha da
yaxınlaşır...
Verne
pavilyonunda oturmuş Qurov (Nurlan Rüstəmov) bəstəboylu,
başına beret qoymuş bir qadının sahildə itiylə
gəzişdiyini görür. Aktyor Qurovun özündən
razı, qadınlara yuxarıdan aşağı
"alçaq irq" kimi baxan obrazını qüsursuz
canlandırır. Lakin bütün bunlara baxmayaraq hekayədə
də yer aldığı kimi Qurovda özünü
qadınlara sevdirən onları yoldan çıxardan sezilməz
bir cazibədarlıq vardı. Bunun səbəbini özü də
anlamırdı. Düşünürdü ki, qadınlar ona
deyil, xəyallarında yaratdıqları adama aşiqdirlər.
Qurov (N.Rüstəmov) qadın irqinə qarşı çox acımasızdır. Lakin başda
daha bir macəra başa çatdı kimi qəbul etdiyi sərbəst
sevgi münasibəti, sonradan onun ən yüksək faciəsinə
çevirilir. Anna Sergeyevnanın həlim, həssas, zərif
ruhu Qurova təsir edir, onun kübarlığı və incəliyinə
vurulur. Anna Sergeyevna onun yuxusuna girmir, kölgə kimi onun
arxasınca gəzir, onu izləyir. Gözünü yumanda onu
diri kimi görür, kitab şkafından, küncdən ona
baxır, Qurov Anna Sergeyevnanın nəfəsini duyur, onun
paltarının xoş xışıltısını
eşidir. Leyla Atayeva Anna Serqeyevanın hekayə irəlilədikcə
özünü daha da büruzə verən, durumun get-gedə
ciddiləşdiyinin fərqinə varan, natamam xarakterini peşəkarlıqla
tamaşaçıya çatdırır. Onun səs tonundan,
mimikalarından nə qədər narahat və nə istədiyini
tam anlamayan bir qadın olduğunu estetik ifadə edir. Səhnədə
Anna Sergeyevnanın ağzından eşitdiyimiz son söz
"gəlirəm", Qurovun isə "gözləyəcəm"
olur. Amma, nə Anna Sergeyevna gəldi, nə də Qurov gözlədi...
Bu
nüansları ilə "İti gəzdirən xanım"
dünya ədəbiyyatının məhəbbət
haqqında ən yaxşı hekayələrindən biri hesab
olunur.
Qadınları
"alçaq irq" adlandıran Qurovun bəsid macərası
çarəsiz məhəbbətə dönüşür.
Bir-birlərinə kədər bəxş edən və bu kədərdən
xoşbəxt olan cütlük necə davranmalı
olacaqlarını bilmirlər. Əslində isə həm
birlikdə, həm ayrılıqda yenə də bədbəxtdirlər.
Səhnənin sonunda Anna gələcəyini söyləyib
geri dönməyəndə, Qurov isə qısa bir müddət
ərzində çarəsiz gözlədiyi zaman bütün
kədərini və aldanmışlığını
tamaşaçıya sadə və kiçik bir
baxışla ötürməyi bacarır. Bu
baxışın arxasında qəfil haqlanmış sevgi,
daxilinə hakim kəsilmiş, onu məhvə sürükləyən
faciəvi məhəbbət dayanır.
Sonda onu
da onu qeyd edim ki, əksər teatrlardan fərqli olaraq, Pantomima
da tamaşaçı ilə aktyor arasındakı məsafə
çox yaxındır. Belə olduğu halda aktyorun
ağrılarını, əzablarını, hiss-həyacanını
daha yaxşı duyursan. Özünü sanki
tamaşaçı deyil, hər an səhnəyə
çıxıb oynamağa hazır olan bir aktyor, yaxud aktrisa
kimi hiss edirsən. Səhnədə
rəqs edən qəhrəmanların küləyi sənə
də vurur. Gördüklərini özünküləşdirir,
daha da anlayırsan. Pantomima səhnəsində aktyorla
göz-gözə gəlmək çox sadədir. Bu zaman
tamaşanın inandırıcılığının
qorunub saxlamasında əhəmiyyətli rol oynayır.
Tamaşaçı üçün maraqlı olsa da yaxın
məsafə aktyorun məsuliyyətini birə-beş
artır. O peşəkarlıqla
tamaşaçını oyunda olduğuna
inandırmağa çalışır. Peşəkar sənətçi
tamaşada bir xarakterə həyat verərkən həm həqiqətən
o xarakter olur, həm də bunun sadəcə tamaşa
olduğunun fərqindədir...
Nigar Orucova
Olaylar.- 2019.- 8-9 oktyabr.- S.10.